“Varlığın
Aynasında İnsan”
Bəzi şeirlər vardır ki, onların içində
gizlənən mənaları anlamaq istəyərsən.
Oxuyarsan, sonra bir daha oxuyarsan kəlimələri idrak etməyə
çalışarsan. Bəzən səni dərindən
sarsıdan misraların niyə bu qədər qəlbə
toxunduğunu anlaya bilməzsən. Bir ifadə insanı bənzərsiz
düşüncələrə götürər. O
düşüncələrdəki mənaları anlamaq
üçün başqa mənbələrə üz
tutmalı olursan.
Xar içində bitən qönçə gülə
minnət eyləməm,
Ərəbi, Farisi bilməm, dilə minnət eyləməm.
Sirat-i Müstəqim üzrə izləyərəm
Rahimi
İblisin təlim etdiyi yola minnət eyləməm…
Bir əcaib dərdə düşdüm, hər kəs
gedər karına,
Bu gün buldum - bu gün yerim, Haq kərimdir
yarına,
Zərrəcə tamahım yoxdur bu dünyanın
varına
Ruzimi verən Xudadır, qula minnət eyləməm...
Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,
Yarın şəfaətlərim əhmədi-muxtar ikən,
Cümlənin ruzisin verən ol qəni səttar ikən
Yeryüzünün xəlifəsi hünkara minnət
eyləməm.
Məşhur Hürufi şairi Nəsimiyə məxsus
bu misralar insanı düşündürməyə bilməz.
Hürufiliyin əsası, qədim çağlardan bəri
mövcud olan, hərflərlə rəqəmlərin müqəddəsliyinə
inanan və onlara müxtəlif rəmzi mənalar yükləyən
bir düşüncə tərzinə dayanır.
Hürufiliyin tam olaraq nə vaxt və necə
yarandığı dəqiq bilinmir. Lakin onun eramızdan əvvəl
IV–III əsrlərdən etibarən Yaxın Şərqdə
ortaya çıxdığı düşünülür.
Sufizmin bir qolu da Hürufilikdir. İnsan nəyi bilməlidir? -
sualının cavabı sufi düşüncəsinin
üç mərhələli fəlsəfəsində
gizlidir: Özünü bilmək, Özündəki
“öz”ü, yəni batini varlığı tanımaq və “Haqq”ı bilmək, onunla bir
olmaq.
Bu üç mərhələ, insanın bilməkdən
“olmağa” doğru keçdiyi mənəvi yolun xəritəsidir.
Sufilər, Qurandakı açıq mənaların altında
gizlənən batini anlamların olduğunu və bütün
varlıqların tək bir varlığın təzahürü
sayıldığını irəli sürürlər. Bu
anlayış Vəhdətül-Vücud, yəni
“Varlığın Birliyi” fəlsəfəsidir. Vəhdətül-Vücuddan
söz düşmüşkən, İbn Ərəbinin
adını çəkmədən keçmək olmaz. XIII əsrdən
etibarən yaşamış bir çox sufilərə görə,
onun əsərləri tasavvuf nəzəriyyəsinin zirvəsini
təşkil edir. İbn Ərəbi, Qərb
düşüncəsində İslam panteizminin ən
mühüm təmsilçisi kimi qəbul edilir. Onun
baxışına görə kainatda görünən hər
şey, Allahın varlığının təcəllisidir,
varlıq çoxluğunun arxasında duran yeganə həqiqət
- Haqqın özüdür. Azərbaycan ədəbiyyatında
Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Şah
İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə
Şəfi Vazeh kimi sufi şairlər tasavvuf sahəsində
ölməz əsərlər yaratmışlardır.
Özümüzü tanıdığımız,
varlığımızın mahiyyətini dərk etdiyimiz, kəlimələrin
susduğu, amma mənaların danışdığı
sükutda bəzən durmaq gərəklidir…
Fikrət Əkbərli,
Türkiyə üzrə
araşdırmaçı-yazar
Ədalət .- 2025.- 7 noyabr (¹42) .- S.13.