HOROVLUYA QAYIDIŞ BİZİM
HƏYATIMIZI DƏYİŞDİ
Məcburi köçkünlük dövründə
öz yurd-yuvasından didərgin düşmüş bir
milyona yaxın insanın hansı əzab-əziyyət çəkdiyini bir onlar, bir də Allah bilir. Amma onlar nə Allahdan, nə də
ölkə prezidentindən ümidlərini üzməmişdilər
və bilirdilər ki, nə vaxtsa öz doğma yurd-yuvalarına dönəcəklər.1993-cü
il avqustun 23-də Füzuli və
Cəbrayıl rayonları erməni ordusu tərəfindən
işğal olundu. Bax, onda Cəbrayılın
sakinləri də öz dədə-baba yurdlarından
çıxmağa məcbur oldular. Gücləri çatanlar
Horadiz-Füzuli yolu ilə hərəkət edib İmişliyə,
Saatlıya və Sabirabada gəldilər. Təbii ki, o
ağır, o çətin gündə insanlara Azərbaycan
dövləti öz köməkliyini
göstərdi. Yəni yurd-yuvalarından didərgin
düşmüş cəbrayıllılarla yanaşı, digər
rayonlardan olan məcburi
köçkünlər də bir neçə həftənin içində İmişli,
Sabirabad, Şirvan və digər
yaşayış məntəqələrində yerləşdirildilər.
Üstəlik də yerli əhali onları çox
böyük sevgiylə, doğmalıqla qarşıladı.
Əlbəttə, 30 ildən çox el-obadan ayrı
düşmək, çətin vəziyyətdə yaşamaq
elə də asan deyildi. Çünki yaşlı, xəstə
insanlar əzab-əziyyətə dözmür, ya
ağırlaşır, ya da dünyalarını dəyişirdilər.
Amma bayaq dediyimiz kimi, bəzən yaşlı nəslin
arasında da çox iradəsi möhkəm olan adamlar
vardı. Məsələn, Cəbrayıldan olan Nəsib
Babayev deyirdi ki, yaşımın bu çağında
olmağıma baxmayaraq, mən qərib yerdə deyil, öz Vətənimdə
öləcəm. Oranı gedib görüb, sonra rəhmətə
gedəcəyəm.
Aydındır ki, inamlı və güclü insanlar hər
cür çətinliyə, hər cür sıxıntıya
və hər cür problemə qalib gəlməyi bacarır.
Sadəcə bunun
üçün insanda fil səbri və bir də
özünə inam olmalıdır.
2020-ci ildə 44 günlük İkinci Qarabağ savaşından sonra
böyük qələbəmiz imkan verdi ki, yenidən
tikilmiş, inşa edilmiş rayonlarımıza köç
getsin. Əlbəttə, bunu etmək üçün ölkə
prezidenti cənab İlham Əliyev çox böyük
işlər həyata keçirdi. Ərazi
bütövlüyümüzü təmin etdirdi və
işğaldan azad olunan bütün rayonlarda yeni yaşayış
binaları, məktəblər, uşaq bağçaları,
infrastruktur və hər cür şəraiti olan müasir
tipli binalar inşa olundu. Heç şübhəsiz, dövlətimizin
bu cür böyük addımı və insanpərvərliyi
yurd-yuvasından didərgin düşmüş insanların
yaddaşından heç vaxt silinməyəcək. Qısa
müddətdə Zəngilanın
Ağalı kəndində ən müasir tipli və
bütün infrastrukturu olan ağıllı kənd
salındı. Sonra Füzulidə, Ağdamda, Cəbrayılda,
Qubadlıda, Kəlbəcərdə, Laçında unikal və
qeyri-adi bir yaşayış məntəqələri
inşa edildi və əhalinin, daha doğrusu, məcburi
köçkünlərin
istifadəsinə verildi.
Bir neçə gün
bundan əvvəl isə Cənab prezident İlham
Əliyevin iştirak etdiyi Cəbrayıl rayonunun Horovlu kəndinə
də böyük bir köç qayıdıb. Cənab
prezident həmin insanlarla çox səmimi söhbət edib və mənzillərinin
açarlarını onlara təqdim edib. Zarafat deyil, həmin kəndin sakinləri bu günü 30 ildən çox
gözləyiblər. Axı yazımızın əvvəlində
qeyd etdik ki, onlar göydə Allaha, yerdə Ulu Öndər
Heydər Əliyevə və prezident
İlham Əliyevə
ümid bağlamışdılar. Bu ümidlər Zəngilanda,
Füzulidə, Laçında, Cəbrayılda, Ağdamda,
Qubadlıda, Kəlbəcərdə, Şuşada,
Xocalıda, Xocavənddə çiçəklədi. Bu
ümidlər insanları yenidən doğma elinə,
obasına, yoluna, cığırına və ulu
babalarının qəbirlərinə qovuşdurdu.
Biz Cəbrayıl
rayonunun Horovlu kəndində mənzil
almış bir neçə sakinlə görüşüb söhbət
etdik. İnanın, onların evində, həyətində və
çöhrələrində sanki bir günəş
doğmuşdu. Bu günəş qəriblikdə də
vardı, amma vətəndə doğan günəş, vətəndə
olan hərarət heç vaxt onları elə isitməmişdi.
Hətta ən dərdli adam, yəni Qarabağ savaşında
oğlunu, həyat yoldaşını, doğmasını
itirmiş insan sevincini heç
cürə gizlədə bilmirdi. Onlar deyirdilər ki, bizi bura Azərbaycan prezidenti
İlham Əliyev və Ordumuz gətirib. Bizi bura şəhidlərimizin,
qazilərimizin torpağa axan qanı gətirib. Ona görə
də bu yer, bu torpaq bizim üçün müqəddəsdir.
Horovlu kəndində yeni mənzil alan Şakir Yusifov
deyir ki, ömrümdə indiki kimi sevinməmişdim. Əvvəllər də sevinmişəm,
amma kəndimizə gəlib evimizin açarını alanda elə
bil ki, dünyanı bizə verdilər. O açarı da bizə
ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev təqdim
etdi. Ömrümüzün ən yaddan çıxmaz
qızıl tarixidir desək, yanılmarıq. Bu qızıl
tarixi bizə bəxş edən yenə dönə-dönə
deyirəm, Cənab prezident
İlham Əliyevdir. Övladlarım, nəvələrim
də yanımdadırlar. Verilən mənzil çox yüksək
səviyyədə inşa edilib və hər cür standarta
uyğundur. Əvvəllər deyirdim ki, heç mənə
ev-eşik də lazım deyil, torpağımız
işğaldan azad olunsun, gedib çadır qurub yaşayaram.
Amma indi şükür Allaha, üçotaqlı və hər
bir şəraiti olan mənzilimiz var.
Nəzirə Məmmədova da sevincini gizlədə
bilmir. O da deyir ki, doğma kəndimizə
qayıtdığıma görə özümü
dünyanın ən xoşbəxt insanı sayıram. Əlbəttə,
kəndimizdə hər cür
şərait yaradılıb. Bütün infrastruktur
qurulub, xətsəxana, məktəb, uşaq
bağçası, yaraşıqlı yollar və abadlıq.
Bütün bunlar bizim
üçün yaradılıb, bizim üçün təşkil
edilib. Hara baxıram, cənnətə oxşayır. Vallah,
dünyada bizim kənddən
gözəl yer yoxdur. Bu mənim
üçün belədir ey, bəlkə də gözəl
kəndlər çoxdur, amma bizim
Horovlu kəndi daha gözəldir. Kəndə gələndə
and içmişdim ki, torpağından öpəcəm.
Dizimi yerə qoydum, üzümü daşa-torpağa
sürtdüm və sonra da
öpdüm. Torpaqdan cənnət ətri gəlirdi.
Çünki bu torpağa şəhidlərin qanı
tökülüb.
Cəbrayılda bir kənd də ən müasir
üslubda beləcə inşa edilərək insanların
istifadəsinə verildi. Neçə-neçə məcburi
köçkün sevindi, neçə-neçə evdə
işıq yandı və neçə evin suyu, bərəkəti
oldu. Bu evlərdə, daha doğrusu, Horovlu kəndində
insanlar indən sonra özlərini daha rahat hiss edəcək,
doğma yurdda yaşayıb yaradacaq və firavan həyat
sürəcəkdir. Bütün horovlular bir ağızdan
deyirlər: «Bütün bu şəraitə görə bir
daha Ali Baş Komandan, Cənab prezident İlham Əliyevə,
Azərbaycan Ordusuna, şəhidlərimizə
və qazilərimizə minnətdarıq!»
Emil Faiqoğlu
Ədalət .- 2025.- 7 noyabr (¹42) .- S.15.