XATİRƏLƏRİMİN
DİRİLDİYİ SƏFƏR
əvvəli ötən sayımızda
Bəli, illərlə LAZIMı gözlədik, illərlə
içimizdə “Allah qoysa” dedik, “İnşallah” dedik. Allaha
sığınıb dualarımızı etdik ki, yurdumuza,
ocağımıza, torpaqlarımıza qayıdaq. Və
günlərin birində Allah səsimizi eşitdi,
dualarımızı qəbul etdi. Ali Baş Komandanımız
əmr verdi, dəmir yumruğunu qaldırıb “İrəli!”
– dedi. İgidlərimiz bayrağımızı
işğaldan azad etdikləri yurd yerlərimizə sancdı.
Torpağımız bütövləşdi. Qanla suvarılan
torpaq sahibinə qayıtdı. Bu artıq nə yuxudur, nə
xəyal, nə də nağıl. Bu, günümüzün
Qarabağ dastanıdır. Mən də o dastanı elə
Qarabağın Xan kəndində gecə saatlarında
öz-özümə xatırlayır və
pıçıldayıram. Artıq dan yeri ağarır.
Düzünü deyim ki, mən bu gecə Xankəndində
kiminsə yuxuya getdiyini təsəvvür etmədim.
İnanmadım ki, kimsə belə gecəni gözdən
qaçırıb yata bilər. Çünki şəhərdə
normal bir həyat qaynayırdı. Adamlar gəzir,
danışır, gülür, gecə aptekləri, marketləri
də öz müştərilərinə xidmət göstərirdi.
Təbii ki, şəhər polisi də iş başında
idi.
Mən təkbaşına gəzirdim şəhəri.
Gedib ermənilərin bu şəhərə yamaq etdikləri
kilsənin də qarşısında dayandım. Dua etmək
üçün yox, Allahdan bu torpağın düşmənlərinə
cəza istəmək üçün. Və sökülən
dan yeri ilə elə o istəyin işığında həmsöhbət
oldum:
Xankəndinin dan üzü
Mənə elə gəlir ki,
burda səhər -
tamam fərqli açılır...
Yarıyuxulu şəhər
gözəlliyinin
özəlliyini
Göz də gözdən qaçırır -
Xankəndində!
Mənə elə gəlir ki,
Şuşanın
ovuc-ovuc səpdiyi
ulduzlar -
Səmasına çəkdiyi,
ürəyində əkdiyi
Və
Hər səhər azanında
çinar tək dikəltdiyi
oğullardı, nur saçır-
Xankəndində!
Mənə elə gəlir ki,
bu geniş, həm kəsişən
küçələr
Büründüyü yaşıllığın -
gül-çiçək qoxusunu
içindən
Gecələrin
bal kimi yuxusunu
Açılan səhərin nağılına
daşıyır!
Adamlar da,
elə şəhər də -
NAĞIL ÖMRÜ YAŞAYIR -
Xankəndində!
30.10.2025
Şəhəri gəzib dolaşdıqca məni sanki
əllərində qürur yerimiz olan üçrəngli
bayraq tutmuş Azərbaycan əsgəri müşayiət
edir. Açığını
deyim ki, qəlbimə hopmuş bu hiss məni tez-tez inzibati
binaların üstündə, eləcə də
yaşayış binalarının balkonlarında dalğalanan
bayrağımıza baxmağa məcbur edir. Bu bir
könüllü məcburiyyətdir, içimin, ürəyimin
istəyidir. Mən də o istəyə canla-başla tabe
oluram.
Xankəndinin bayraq meydanında dayanmaq, o
bayrağın altında son 35 ili bir anın içində
yaşamaq mənim yuxuma da gəlməyən bir gerçəklikdir.
Və mən o gerçəkliyin indi nə qədər əlçatan
olduğunu bütün varlığımla duyuram, hiss edirəm,
yaşayıram. Sizə bəlkə də qəribə gələcək.
Ya da düşünəcəksiniz ki, bütün bunlar bir
söz adamının, bir şairin xəyalının diqtəsidir.
Amma yox, bunlar gerçəklikdir.
Və bu gerçəklik üçün şəhid
qanı axıdılıb, oğullar gözlərini də
qırpmadan işğalçıların üzərinə
yeriyiblər. Haqqımız olanı geri alıblar. Ona görə
də Bayraq Meydanındakı bu qürurverici an heç nə
ilə əvəz oluna bilməz. Və bu anı heç nə
ilə də qiymətləndirmək mümkün deyil. Onun dəyəri,
qiyməti qiymətsiz olmağında, yeri Tanrı dərgahında
olan şəhidlərimizin ruhunun sönməyən
işığındadır.
Mən Xankəndində dalğalanan bu bayrağın
yenidən qayıtdığı bu şəhərdə təkcə
simvol, təkcə atribut kimi yox, həm də dövlətimin,
millətimin özü kimi görürəm. Və baş əyərək
bu bayraq yerinə qayıdanda yazdığım ürəyimdə
göyərmiş misraları xatırlayıram:
Xankəndinə Sancılan BAYRAĞIMA
SƏCDƏLƏRLƏ
Bu payız ömrümün Baharı oldu,
Gözü aydın olsun torpağın,
daşın!..
QƏLƏBƏ!- əbədi vüqarı oldu -
Sildi Qarabağım, gözünün yaşın!..
Səksəndi bu yurdun kövrək ürəyi,
Açdıq müjdə ilə nurlu sabahı!
Çıxardıb əynindən işğal
köynəyin -
Xanın kəndi oldu İLHAM şəhəri!
Axır ki, duruldu yurdun səması -
Dualar selləndi şəhid adına!
Əsgər oğulların Vətən anası -
Təbəssüm sarıdı yaralarına!
Qürura bələndi Vətən büsbütün
,
Ürəyim fərəhdən dalğa
yarırdı...
Bayraq da yerinə qayıtdığıyçün -
Sonsuz fəxarətlə dalğalanırdı!!!
15 oktyabr 2023
Səhər günəş oyananda biz şəhəri
gəzə-gəzə Xocalıya tərəf gedirdik.
Oranı ziyarət edib Ballıcadan keçib Ağdərəyə
doğru gedəcəyik...
Xocalının 30 il izlədiyim görüntüləri
və burada qətlə yetirilən doğmalarımın xatirələri
hamı kimi məni də o qədər üzmüşdü
ki, bura necə qayıdacağımı və qayıdıb
gördüklərimə necə dözəcəyimi heç
cür təsəvvür edə bilmirdim. Çünki həm
işimlə bağlı, həm gündəlik
informasiyaların təsiri, həm də Xocalıdan olan qan
qohumlarımın demək olar ki, hər gün eşitdiyim,
xatırladığım ağrı-acıları, nisgilləri,
hətta xatirələri içimdə sözün
böyük anlamında bir Xocalı xarabalığı
yaratmışdı. Elə bir xarabalıq ki, mən orda ancaq
fəryad səsi, inilti, sızıltı və bir də
düşmənin iblis gülüşlərini eşidirdim.
Buna görə heç cür özümü orda təsəvvür
edə bilmirdim. Düşünürdüm ki, ayağım o
torpağa toxunanda həm həyəcandan, həm qəhərdən,
həm hikkədən, həm də sevincdən ürəyim
dayanacaq. Görünür, insan bəzən ağrılara o qədər
alışır ki, ya müəyyən hissləri
korlaşır, ya daşlaşır, ya da artıq dərk etməyə
gücü qalmır. Amma burda bir nüansı da qeyd edim. Bu
nüans da ondan ibarətdir ki, mən Xocalıya gələnə
qədər artıq bir neçə dəfə bərpa
olunan Füzulini, Hadrutu, Şuşanı, bu gün isə Xankəndini
gördüm. Bu yenidən həyata qayıdan yurd yerlərimizdəki
yaşam ovqatı içimə bir həyat havası hopdurdu,
qürur bağışladı, yaşamaq istəyimi ayağa
qaldırdı.
Görünür, elə bu səbəbdəndir ki,
Xankəndindən Xocalıya gedəndə yenidən çəkilən
o möhtəşəm yol, aparılan tikinti-abadlıq
gözlərimdəki qəhəri sevinc yaşlarına
çevirdi. Ürəyimin ağrısı elə bil ki,
uçub getdi. Və mən ancaq həyata qayıdan
Xocalını acgözlüklə seyr etməyə
başladım. Yolun kənarında maşını
saxlayıb düşdüm və işğaldan öncə
yüz dəfələrlə olduğum bu qəsəbənin
dünənini xatırlamağa çalışdım.
Doğmalarımın yaşadığı məhəlləni
təxmin etməyə, evlərini gözümün
önünə gətirməyə çalışdım.
Düzünü deyim ki, hər
şey qarışmışdı mənimçün. Səmti
təxmin etsəm də, tam arxayın deyildim dəqiqliyinə.
Bu vaxt yolu keçən cavan
oğlanı söhbətə tutdum. İstədim
dayımgilin, xalamgilin evlərinin yerini soruşum. Amma təəssüf...
Bu cavan oğlan Xocalını həyata qaytaran tikinti
işçilərindən idi, üzrxahlıq etdi. Mən isə
ona “işin avand olsun”, - dedim.
Bu da Ballıca kəndi. Kəndin adı kimi,
özü də adama şipşirin təsir
bağışlayır. Demək olar ki, burda əməlli-başlı
həyat var, adamlar işə tələsir. Yol kənarındakı
evlərin abadlığı, həyətlərdəki meyvə
ağaclarının barı, hətta çəpərlərdən
görünən bostanlar belə, adama elə təsir
bağışlayır ki, sanki burda düşmən izi
olmayıb. Məncə, bu təəssüratı yaradan yurdun
əsl sahibləridir. Çünki ocaq sahibləri öz
ocaqlarını əvvəlki kimi yandırıblar.
Saxladıqları mal-qara, toyuq-cücə elə
arxayınlıqla örüşə aparılır ki, elə
rahatlıqla onlara dən səpilir ki, adamın ürəyi
dağa dönür. Burda da maşını saxlayırıq.
Kəndin içərisinə daxil olanda yolun kənarında
dayanmış adamlara “gününüz uğurlu olsun”, - deyirəm.
Onlar da eyni səmimiyyətlə “xoş gəldiniz”,- söyləyirlər.
Hətta bura ilk dəfə gəldiyimizi biləndə evlərinə
də dəvət edirlər. Mən də bu torpağın
halal sahiblərinə təşəkkür edib öncədən
məlumat almaq üçün Ağdərəyə gedən
yolun vəziyyətini soruşuram. Orta yaşlı bir kişi
arxayın-arxayın deyir:
- Əmioğlu, heç narahat olma. Ağdərənin
özünə qədər çox rahat bir yoldur. Mənzərəsi
mənzərə, rahatlığı da rahatlıq. Qorxma,
maşını sür, ruhun da inciməyəcək.
Həqiqətən də Ballıcadan
çıxıb meşənin içindən keçən
və dünyanın bütün rənglərini özünə
hopduran bu mənzərəni seyr edə-edə üzü
Ağdərəyə gedirik. Hətta arada maşını
saxlayıb əlimlə yarpaqlara toxunuram. Bu bir sadəlövhlük
deyil. Bu, rəng çalarlarının məni məndən
almasıdır. Çünki rənglər o qədər təbii,
o qədər çoxçalarlı və mənalıdır
ki, bəzən gördüyümə inanmıram. Ona görə
yarpağı əlimlə silirəm ki, bəlkə burda
sünilik var. Amma yox, üstünün tozunu sildiyim də,
gözümə sürtdüyüm də Vətən
torpağında könlümü sevindirən gözəllikdir,
möcüzəli gözəllik. Onu görməyən, onu
seyr etməyən ola bilsin ki, məni hisslərə
qapılmaqda, pafoslu sözləri yazıma əlavə etməkdə
qınasın. Amma nə olur-olsiun, kim nə deyir-desin,
Qarabağın bu gözəlliyini ancaq və ancaq vəsf etmək,
yaşamaq lazımdır. Onda mənim gördüklərim
sizin də könlünüzü oxşayacaq.
Yol boyu Ağdərənin hələ Birinci Qarabağ
müharibəsi dövründən gəzib
gördüyüm kəndlərinin adları
yazılmış yol
nişanlarına baxıram. Sırxavəndi, Güneytəpəni...
Və burda bir məqam xüsusilə diqqətimi çəkir.
Yurda qayıdan kənd sakinləri yol boyu hələ Birinci
Qarabağ müharibəsində şəhid olmuş, ermənilərin
bu ərazilərdə qətlə yetirdikləri
soydaşlarmızın şəkillərindən ibarət
xüsusi tablolar düzəldiblər. Orada şəhidlərin
ad və soyadları göstərilməklə yol adamıyla həmsöhbət
olan şəkillər stendi yaradıblar. Şəhidlərin
şəkilləri bu yurdu tərk etməyən
ruhlarının işığında mənimlə Birinci
Qarabağ savaşından danışırlar.
Bu yolun müəyyən bir nöqtəsində fəaliyyət
göstərən sənaye müəssisəsinin mənzərəsi
mənə xüsusi təsir etdi. Həmin müəssisə
qapalı olduğundan mühafizəçilər yaxınlaşmağa
icazə vermədilər. Qanun qanundur, ona əməl etmək
hamı kimi mənim də borcumdur. Mən burda yalnız bir məqamı
xüsusi vurğulamaq istəyirəm ki, Ağdərəyə
səfərim zamanı aparılan abadlıq işləri,
yaradılan iş yerləri birmənalı olaraq məndə
xoş təəssürat, xoş ümidlər yaratdı. Hətta
qaz xəttini təmir edən fəhlələrlə söhbətdə
hiss etdim ki, bura işləməyə gələnlər həm
doğma torpağa qayıdışdan qürürludurlar, həm
də burda işlədikləri üçün daha
ümidlidirlər. Özlərinin də dedikləri kimi, onlar
söndürülmüş ocaqları yenidən
yandırırlar.
Günortaya yaxın Ağdərəyə
çatırıq. Rayon mərkəzində əməlli-başlı
əmək yarışmasıdır. Demək olar ki,
bütün küçələrdə iş gedir,
dağıntıların qalıqları təmizlənir, evlərdə
bərpa işləri aparılır, səkilər səliqəyə
salınır, qaz, su xətləri təmir olunurdu. Demək
olar ki, burda çalışanların böyük əksəriyyəti
cavanlar idi. Çoxlu texniki vasitələr də onların
ixtiyarında olmaqla Ağdərədə yeni dövrün təməli
qoyulurdu. Biz Ağdərənin içərisində magistrala
yaxın olan otelin həyətinə dönürük.
Özünün də dediyinə görə, əslən
Ağdamdan olan cavan bir xanım ailə üzvləri ilə bu
otelin yeməkxanasını işlədir. Bizə bu
torpağın məhsullarından süfrə açır.
Çox dilli-dilavər olan bu xanım mətbuat
işçisi olduğumu biləndə verdiyim suallara ürəklə cavab
verirdi. O dedi ki, bu oteli təmir edəndən sonra ailəmizlə
köçüb gəldik. Həyətdəki evdə məskunlaşmışıq.
Necə deyərlər, həm evimiz var, həm işimiz.
Qonaqlar da get-gedə artır. Şükür, bu günlərə.
Həqiqətən çox şükür bu günə.
Elə Allahıma şükür edə-edə otelin həyətindəki
bağı gəzirəm. Xurma ağaclarının
budaqları yerə dəyir. Hətta bəzilərinin
budaqları meyvənin bolluğundan ağırlığa tab
gətirməyib qırılıb. Bəzilərinə
qırılmaması üçün dayaqlar verilib.
Xanımın icazəsi ilə budaqdan bir xurma qırıram nəvələrim
üçün. Bunu görən həmin xanım dərhal
bir torba gətirir:
-Doldurun aparın nəvələrə. Qarabağ meyvəsidi.
Xanımın bu səxavəti, xüsusilə,
“Qarabağ meyvəsidi” sözü məni mütəəssir
edir. Axı otuz il mən o sözü eşitmədim. İndi
isə həm o sözü eşidirəm, həm də meyvəni
dərirəm.
Sağollaşıb üzü Tərtərə yola
düşürük. Rayonun çıxışında polis
nəzarət postu var. Maşını saxlayırıq, polis
nəfəri yaxınlaşır, sənədlərə
baxır, maşının baqajına nəzər yetirir və
sonra “yaxşı yol”, - deyir. Bu an ağlıma gələn
fikirlə yazımı bitirmək istəyirəm. Bu fikir
“yaxşı yol”la bağlıdır. Kaş bütün
yollar yaxşı, yolçular da o yollardan məmnun olsunlar.
Kaş bizim yaxşı yollarımız Vətən
sevdalı, bizim sevdalarımız da Vətənli olmaqla bizi
bir-birimizlə yaxşı yollarda, yaxşı günlərdə
görüşdürsün. Ona görə də bizi “yaxşı
yol”la uğurlayan polisə də “salamat qal” – deyib
ayrılıram. Bu ayrılmaq indi məni üzmür,
çünki biz bayrağımızı səcdəyə
bundan sonra istədiyimiz vaxt gəlməyi haqq etmişik.
ƏBÜLFƏT MƏDƏTOĞLU
Ədalət . 2025.- 14 noyabr (¹43).-S.8.