Salam Sarvan poeziyasında sözün rəqsi və
zamanın palitrası
Fransız tənqidçisi və semiotiki Rolan Bart
yazırdı ki, müasir şeirdə mənanı müəllif
yox, oxucu yaradır. Şeir artıq tək bir məna
daşımır — hər oxunuşda yeni anlamlar doğur. Biz
Rolan Bartın nəzərdə tutduğu oxucunu iki fərqli
şəxsiyyət kimi təsəvvür edə bilərik:
biri yüksək ədəbi-intellektual hazırlığa
malik oxucu, digəri isə tənqidçidir. Çünki
yalnız simvolizmlə zənginləşmiş və
düşünməyə təşviq edən şeirlərin
mənasını dərk etmək, onları sorğu-suala
çəkmək bacarığı məhz bu iki oxucu tipinə
xasdır. Bu baxımdan müasir poeziya ilə klassik poeziya
arasında nəzərəçarpacaq fərqlər
mövcuddur. Müasir poeziyanın başlıca xüsusiyyəti
onun insan xarakteri ilə sıx bağlı olmasıdır.
Postmodern və metamodern insan azadlığa və sərbəst
həyata meyillidir. Bu meyil poetik janrların sərhədlərinə
də təsir göstərir — ənənəvi forma və
qaydalardan uzaqlaşma müşahidə olunur, qafiyənin
hökmü isə yeni mənalar axtarışına yol verir.
Fəlsəfə, psixologiya və tarix yenidən ədəbiyyatla
qovuşur; məhəbbət mövzusu isə əvvəlki mərkəzi
yerini nisbətən itirir. Bunun səbəbi meta-insanın yeni
həyat forması axtarışına çıxması, sevgidən
yorulması, təkliyə alışması və
duyğularını məntiqin hökmünə tabe etdirməsidir.
Qeyd etdiyimiz bu cəhətləri Salam Sarvanın
yaradıcılığında aydın şəkildə
müşahidə etmək mümkündür. O, ədəbiyyatımızda
spesifik üsluba malik şairlərdən biridir. Əksər
şeirləri intertekstuallıq üzərində
qurulmuşdur; bəzi şeirlərində isə müəllif
sanki sözlə rəqs edir: ən incə çalarlı
sözləri tədrici qradientlə seçir və onları
misralara çevirir. Bu zaman əvvəlki misraları
sonrakılarla həm zidd, həm də oxşar palimpsest
yaradır.
Saatın əqrəbləri
Biri-birinin üstə:
Qıfılnan bağlanıblar,
Üçü də “bir”in üstə.
Bu şeirdə saatın əqrəbləri bir
nöqtəyə toplanaraq həm fiziki, həm də məcazi
mənada bağlılıq və məhdudiyyət ifadə
edir. Başqa bir şeirində isə realizmin üzərinə
yüngülcə “proletariat” sığalı çəkir,
şaquli formada mənalar arasında ziddiyyət yaradır:
Daha nələr?..
Kötük postamentlər üzərində
Həmişəyaşıl abidələr.
Daha kimlər?..
Pəncərəsi kamera divarından
Təqvim kimi asılmış məhkumlar.
“Təqvim kimi asılmış məhkumlar” bənzətməsi
yaradıcı təsəvvürün metamodern dünyaya
istiqamətlənmiş ən kulminativ və intellektual mərhələsidir.
“Daha nələr?..” və “Daha kimlər?..” sualları
poetik nitqin ritorik üsullarındandır. Şair burada cavabdan
çox təəssüf, heyrət və narahatlıq hisslərini
ifadə edir.
“Kötük postamentlər üzərində həmişəyaşıl
abidələr” bənzətməsi ilə şair ölüm
və ölümsüzlük dualizmini ədəbi mərkəzə
gətirir. “Kötük” (kəsilmiş ağac) bitmiş həyatın
anlamını əxz edirsə, “həmişəyaşıl
abidə” daimi yaddaş, əbədi hörmət mənasındadır.
Şeir azadlıq və məhkumluq, yaddaş və
unudulmaq, varlıq və yoxluq mövzularını əhatə
edir. Eyni zamanda şəhidlik, müqavimət, tarixi travmalar (məsələn,
repressiyalar, müharibə, işgəncə dövrləri)
kimi mətnaltı məzmunlar verir.
Lakin “həmişəyaşıl” ifadəsi eyni
zamanda qıclığın da əlamətidir. Yerində
sayan, iflic düşüncə, manqurt mənasında da bu
ifadə omonim məna daşıyır. Şeirdə isə
kötük postamentin üzərində həmişəyaşıl
abidə zamanın kütləşdiyini, iflic olduğunu
göstərir.
“Pəncərəsi kamera divarından təqvim kimi
asılmış məhkumlar” – burada məkan və zaman
anlayışları çarpazlaşır. Məhkumun həyatında
“pəncərə” artıq azadlığa yox, təqvimə
baxış nöqtəsidir — zamanın axışı və
gözləmə rəmzidir. Məhkumun pəncərəsi
artıq fiziki çıxış yox, təqvimdə dəyişən
günlərin rəmzidir — bu da ekzistensial tənha qalma
halının göstəricisidir.
“Daha kimlər?..” sualı həm faciənin davam
etdiyini, həm də gələcəkdə də bu
qurbanların ola biləcəyini göstərir. Bu sual həm
fərdi kimlik, həm də kollektiv yaddaş üzərində
düşünməyə çağırır.
Bu mənada, şair üçün zamanın hərəkəti
də tükürpədicidir — eynilə qatar relsinin döngələrə
tuş gəldiyi zaman sürtünmədən
çıxardığı ət ürpədici səs
kimi...(!)
Başqa bir şeirində də zaman dirənib, yerində
sayır:
Söndür ekranları, ta bundan belə
Nə filmə, nə də ki həyata baxaq.
Deyirlər, saatda yaxşı vaxt gedir —
Gəl, gedək oturub saata baxaq.
Amma xüsusilə qeyd etməliyik ki, Salam Sarvanın
düşüncəsindəki zaman daha çox yetişkin
insanın təsəvvüründəki zamandır. İnsan
ömrünə görə zamanın leksikası da nisbidir.
Bu cəhətdən Salam Sarvanın zaman anlayışı
moldovalı şair Qriqore Vyerunun zamanından fərqlənir.
Zamanın ilk körpə tərifi ağlımda
süpürgə səsi kimi qalıb. Bahar günəşinin
atmosferində kəndin qu quşunun, qaranquş səsinin
şəfəqlə rənglənmiş mavi səmasının
tərkibində assosiasiya olunmuş halı ilə
yaddaşıma hopub zaman.
Böyük rumın şairi, Moldovanın görkəmli
ədəbiyyat nümayəndəsi Qriqore Vyerunun da
şüurundakı zamanın qeyri-xəyali tərifi onun
poeziyasını öz səmtinə salıb. Bunu
aşağıdakı misrada rəngə doymuş koloritlə
duymaq çətin deyil:
Yetişmiş moruq kimi
Üfüq alışıb-yanır.
Bir qoca sübh səhərdən
Süpürür xiyabanı.
Vaxt başlanğıcdır – körpə uşaq
beyni, ağappaq vicdan kimi(!)
Zaman tərifi yalnız mənim Qafqazlı zehnimdə
səhərin şehə bulaşmış, uzaqdan günəş
parıltısına boyanmış şəkilində
qalmayıb, eyni zamanda qədim qitənin poeziya insanının
da zehninə sübh qızartısı – səma mavisi rəngində
həkk olunub. Qitənin tarixi qədimliyini kölgəsinə
alıb.
Ay oğul, vaxtı
Soruşmursan?
Al qırmızıdı!
Al qırmızıdı!
...
Avar çəkir dayanmadan,
Yorulmayır da bircə an:
Söylə, sən vaxtı
Soruşmursan?
Mavidi, mavi!
Mavidi, mavi!
Salam Sarvan əksərən bizim
yaşadığımız, sevdiyimiz,
gördüyümüz, amma fərqində
olmadığımız gözəlliklərə və ya
reallıqlara pıçıltı ilə işıq tutur,
ömrün bəri başından o biri başına prolepsis
edir:
Bax ha...
Uşaq vaxtı yıxılarkən
ağlamadığın ağrılara
Əlli yaşdan sonra başlarsan ağlamağa.
Uşaq vaxtı yaşanan fiziki ağrıların
acısı candan saniyələr, uzağı dəqiqələr
içində çəkilir, amma insan yaşa dolduqca
ömrü mənəvi ağrıların çəkilməyən
giziltisi ilə çırpınır. Yaş artdıqca insan
həyatın mənəvi və psixoloji
ağırlığını daha dərindən dərk
edir. Uşaqlıqda bədənə dəyən zərbələr
unudulur, amma yaşlandıqca həmin anların mənəvi
yükü ortaya çıxır. İnsanın
yaşadığı günlərin sayı
çoxaldıqca səsi batır, dünyasının sonunda
isə təkrar uşaqlaşır, əvvəlki saf, kövrək
qəlbinə geri dönür.
Və yaxud:
Guya tənhalığa çəkilmisən —
Gizlətmisən dünyanı dörd divarın o
üzündə...
Ətrafa baxmırsan —
Dülgərin satmaqçün düzəltdiyi pəncərədən
Heç yerə baxmadığı kimi.
Lirik qəhrəman özünü dörd divarın
arxasında gizlədib, ətraf aləmdən təcrid
olunmuşdur.
Şeirin başlanğıcındakı “Guya tənhalığa
çəkilmisən” ifadəsində bir ittiham, ya da kinayə
var. “Guya” sözü bu tənhalığın səmimi və
həqiqi olmadığını, bəlkə də
özünü təcrid etməkdə qeyri-səmimi bir istək
olduğunu göstərir – bəlkə də monax həyat tərzi.
“Dörd divarın o üzündə dünyanı gizlətmək”
— burada ev və divar yalnız fiziki məkan deyil, həm də
psixoloji çəpər kimi çıxış edir.
Şair demək istəyir ki, sən guya özünü
dünyadan ayırmısan, amma əslində özünü
dünyadan gizlətməyə çalışırsan; bu da
tənhalıq deyil, qorxu və ya laqeydlikdir. “Dülgərin
satmaqçün düzəltdiyi pəncərədən
heç yerə baxmadığı kimi” ifadəsi möhtəşəm
bir metaforadır, hətta ədəbiyyatımız
üçün əsrarəngiz bədii
tapıntıdır. Dülgər pəncərəni praktik məqsədlə,
satmaq üçün düzəldir — o, onun funksiyasına
baxmır, içindən nə görünür, vecinə
deyil. Şair bu bənzətmə ilə demək istəyir
ki, sən də baxmaq üçün deyil, sadəcə
divarı bəzəmək üçün pəncərə
saxlayırsan, yəni həyata gözlərini qapamısan. Burada
həqiqi tənhalıq ilə süni tənhalıq
arasında fərq qoyulur. Həqiqi tənhalıq insanın
daxili düşüncə, özünüdərk
üçün çəkildiyi səssizlikdir. Ancaq şair
burada bu halı tənqid edir: guya tənhasansa, niyə
dünya ilə rabitəni tamam kəsirsən? Pəncərə
burada həm həyatla rabitə, həm də daxili
baxış rəmzidir. Görmək istəyən pəncərədən
istifadə edir, amma görmək istəməyən
üçün pəncərə mənasız çərçivədir
— dülgər kimi, sadəcə funksional baxır. Bu
baxımdan şeir ekzistensialist fəlsəfəyə
yaxınlaşır: insanın öz seçimləri,
özünü qapaması, dünyanı məntiq və
ağılla görməkdən imtinası onun
varlığının mahiyyətini müəyyən edir.
Beləliklə, insanın daxili dünyası və reallıq
arasındakı ziddiyyət ön plana çıxır.
Şeirin əsas ideyası tənhalığın zahirən
könüllü görünsə də, əslində insanı
içindən məhv etməsi fikridir. Lirik qəhrəman təkliyə
çəkildiyini düşünür, amma bu, ətraf
mühitlə əlaqənin tam kəsilməsi demək deyil –
o, dünya ilə münasibətini dörd divarın
arxasında saxlamağa çalışır, amma çarəsiz
durumda...
Məşhur rus filosofu və ədəbiyyatşünası
Mixail Baxtin müasir şeir haqqında yazırdı ki,
şeirdə səs və mənaların çoxsəsliliyi
(polifoniya) ilə yeni məna qatları formalaşır. Bu mənada
Salam Sarvanın şeirlərində polifonik xüsusiyyətləri
müşahidə etmək mümkündür:
Məsələn:
Qazılan quyulardan
Çıxarılmış torpaq zibildi daha.
Təxminən, sən də yaşamırsan.
Yalnız saçlarının və dişlərinin
Yavaş-yavaş tökülməsidi həyat əlamətləri.
Bir tərəfdə dünya və dəyərsizləşmə
haqqında metafora (torpaq — zibil), digər tərəfdə
insanın tənəzzülü, yaşamın formalara
çevrilməsi (saç və dişlərin tökülməsi),
üstəlik “Təxminən, sən də yaşamırsan” —
bu, həm müraciətdir, həm yarımfikirdir, həm də
mövqedir.
Salam Sarvanın poetik təfəkkürü fərdi
xarakter ölçüləri ilə yaxından-yaxına kəsişir.
Şairin şeirlərini nəzəri cəhətdən təhlil
edərkən onun mövzusu, ideyası, poetik xüsusiyyətləri
və bədii ifadə vasitələri üzərində
xüsusi həssaslıqla dayanmaq lazımdır. Ümumiyyətlə,
Salam Sarvanın bu şeiri üslub və janr xüsusiyyətləri
baxımından lirik-fəlsəfi stilistikada
yazılmışdır və oxucunu öz-özü ilə
tək qalaraq (introspeksiya) ortaya çıxmış suallara
cavab axtarmağa vadar edir.
Elmir Həsən
Ədalət .- 2025.- 14 noyabr (¹43).-S.9.