Əkrəm Babayev:
“Bu döyüş təkcə torpaq uğrunda deyildi, Vətənimizin
şərəfi, şəhidlərimizin ruhu uğrunda idi”
Vətən Müharibəsində iştirak edən qəhrəmanlardan
biri də hazırda Qəbələ–Oğuz Regional Meşə
Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində
çalışan Əkrəm Kərəm oğlu Babayevdir.
Onun həyat yolu və döyüş salnaməsi gənclər
üçün nümunə, vətənə sədaqətin
parlaq göstəricisidir.
Əkrəm Babayev 1976-cı il aprelin 24-də
İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.
1982-ci ildə kənd məktəbində birinci sinfə gedib,
orta təhsilini fərqlənmə ilə başa vurub. Daha məktəbdə
oxuyarkən – 1992-ci ilin noyabr ayında – I Qarabağ müharibəsinə
könüllü olaraq yollanıb. 1993-cü ilin mayında
döyüşlərdən qayıtdıqdan sonra həm
buraxılış, həm də ali məktəb
imtahanlarında iştirak edib və elə həmin il Azərbaycan
Dövlət Aqrar Universitetinin (keçmiş Kənd Təsərrüfatı
Akademiyası) Meşəçilik fakültəsinə qəbul
olunub. 1997-ci ildə ali təhsilini bitirərək
İsmayıllı rayon Meşə İdarəsində əmək
fəaliyyətinə başlayıb.
1998-ci ildə Yeni Azərbaycan Partiyasının
üzvü seçilən Əkrəm müəllim,
sonrakı illərdə peşəkarlığı ilə fərqlənərək
nazirliyə işə dəvət alıb, burada baş
mütəxəssis vəzifəsində
çalışıb. O, 2010-cu ildən Oğuz, 2013-cü
ildən Qusar rayon Meşə İdarələrinin müdiri vəzifələrində
çalışıb. 2021-ci ildə Şəki–Qax Regional
Meşə Təsərrüfatı Mərkəzinə
direktor, 2023-cü ilin fevralından isə Qəbələ–Oğuz
Regional Mərkəzinə direktor təyin olunub.
İki dəfə müharibə
iştirakçısı olmuş Əkrəm Babayevin
döyüş yolu qəhrəmanlıq və vətənpərvərlik
nümunəsidir. O, I Qarabağ müharibəsində Mərzili,
Ergid, Əmralı və Ağdam şəhəri uğrunda
gedən döyüşlərdə iştirak edib. II Qarabağ
müharibəsində isə leytenant kimi döyüşlərə
qatılıb, Murov istiqamətində göstərdiyi
şücaətə görə baş leytenant, daha sonra isə
kapitan rütbəsinə yüksəlib.
Əkrəm Babayevin qəhrəmanlığı
dövlət tərəfindən yüksək qiymətləndirilib.
O, “Kəlbəcərin azad olunmasına görə”,
“Suqovuşanın azad olunmasına görə”, “Vətən
Müharibəsi iştirakçısı” və
“Döyüş xidmətlərinə görə”
medalları ilə təltif olunub.
Ailəlidir, 4 qızı, 2 oğlu və 3 nəvəsi
var.
– Zəfər
Gününün 5 illiyini qeyd etdik. İlk olaraq, həmin
dövrü necə xatırlayırsınız?
—Zəfər Günü bizim üçün ən
müqəddəs tarixlərdən biridir. 44 günlük Vətən
Müharibəsində qazandığımız Qələbə
həm xalqımızın, həm də dövlətimizin
iradəsinin təntənəsi oldu. O günləri
xatırlamaq həm qürurverici, həm də kövrəldicidir,
çünki biz bu zəfəri çox böyük itkilər
hesabına qazandıq.
– Necə oldu ki, müharibəyə getməyə qərar
verdiniz?
— Vətən Müharibəsi başlayan ilk günlərdə
mənim kimi minlərlə gəncin və orta yaşlı
insanın ürəyində yalnız bir fikir vardı – Vətəni
qorumaq!. Bu çağırış bizim qanımızda,
ruhumuzdadır. Mən də tərəddüd etmədən səfərbərlik
elan olunan kimi könüllü olaraq hərbi
komissarlığa müraciət etdim.
Biz bilirdik ki, bu döyüş sadəcə torpaq
uğrunda deyil. Bu, şəhidlərimizin ruhu, milli ləyaqətimiz
və gələcək nəsillərimiz üçün bir
mübarizə idi. Ailəm və dostlarım qərarımı
anlayışla qarşıladılar, çünki bu, hər
bir azərbaycanlının Vətən borcudur.
– Müharibə dövründə keçdiyiniz
döyüş yolu haqqında danışardınız.
— Mən Tərtər, Suqovuşan, Murov və Kəlbəcər
istiqamətlərində gedən döyüşlərdə
iştirak etmişəm. Hər gün, hər saat gərgin
idi. Amma bizim birliyimiz, əsgərlərimizin ruh yüksəkliyi,
zabitlərimizin peşəkarlığı bizə güc
verirdi.
Xüsusilə Cəbrayılın azad olunduğu
gün heç vaxt yadımdan çıxmaz. O an sanki
bütün Azərbaycan əsgərinin qəlbi bir
döyünürdü. Hamı bilirdi ki, bu zəfərin sonu
Şuşa olacaq.
Şuşanın azadlığı xəbəri gələndə
sanki bütün yorğunluq, ağrı, itkilər bir
anlığa unuduldu. Hər kəs göz yaşlarını
gizlədə bilmirdi. Biz bilirdik ki, artıq Azərbaycan qalib gəlir,
30 illik həsrət bitir.
– Qazandığımız Qələbə bizə nə
verdi – istər daxildə, istər xaricdə?
— Qələbə bizə hər şeydən əvvəl
qürurumuzu və birliyimizi qaytardı. Bu,
xalqımızın öz gücünə, öz dövlətinə
inamının bərpası idi. Daxildə həm siyasi, həm
mənəvi həmrəylik formalaşdı. Hər kəs
bir məqsəd ətrafında birləşdi – dövlətçiliyi
qorumaq və inkişaf etdirmək.
Xaricdə isə Azərbaycanın nüfuzu daha da
artdı. Dövlətimizin regional liderə çevrilməsi,
ordumuzun peşəkarlığının dünya
miqyasında tanınması məhz bu Qələbə sayəsində
mümkün oldu.
Bu gün azad edilmiş torpaqlarda yeni həyat
başlayır. Məktəblər, yollar, hava limanları, kəndlər,
enerji xətləri tikilir. Bu, həm şəhidlərimizin
ruhuna ehtiram, həm də gələcəyə inamın rəmzidir.
Biz artıq təkcə döyüş meydanında
deyil, həyat meydanında da qalib gəlirik.
– Əkrəm müəllim, sonda oxucularımıza nə
demək istərdiniz?
— Mən bütün Azərbaycan xalqını
qarşıdan gələn Zəfər Günü münasibətilə
təbrik edirəm. Bu qələbəni bizə bəxş edən
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə,
Ordumuza və xalqımıza minnətdaram. Allah şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə can
sağlığı versin. Biz birlikdə güclüyük,
birlikdə qalib gəlmişik və bu birliyi qorumaq bizim
borcumuzdur.
PS: Əkrəm müəllim keçdiyi
döyüş yolundan, müharibənin
amansızlıqlarından qürurla danışdı.
Müharibədir, təbii ki, şəhid də olacaq,
yaralı da. Amma əsas komandir kimi əsgəri
ruhlandırıb özü ilə döyüşə apara
bilmək, döyüşdən qalib çıxmaq əzmini
yaratmaqdır. Qorxmamaqdır!.. Əkrəm Babayev də
qorxmadı. Geriyə belə boylanmadı. Qoyub gəldiyi 6
övladını düşünmədən
döyüşlərə atıldı. Əslində
yanında olanlar da onun övladları idilər. Əsgərlərini
övladı kimi sevdi, əzizlədi. Hamımız Murov
dağlarında daim qar, şaxta, çovğun və soyuq
olur. Amma Əkrəm kimi mərd və qorxmaz zabitlərimizin, əsgərlərimizin
hesabına yenilməz dağları aşdıq və 30 ilə
yaxın müddətdə işğal altında
qalmış torpaqlarımız geri alındı. Var ol Murov
Qartalı!
Qarşıdan 8 noyabr Zəfər günümiz gəlir.
Bu günü qeyd eləmək ən çox da Əkrəm
müəllimin, müharibədə kişi kimi
döyüşən minlərlə zabit və əsgərin
haqqıdır. Allahdan şəhidlərimizə rəhmət,
qazilərimizə şəfa diləyirik. Vətən sizin
kimi oğulları ilə Vətəndir! Sən də baban
kimi şərəfli döyüş yolu keçdin.
Bu gün övladların və nəvələrin sənlə
qürur duyur Əkrəm Ata, Əkrəm Baba!
Zəfər Günün mübarək olsun Vətən
oğlu!
Ədalət . 2025.- 14 noyabr (¹43).-S.13.