ŞANLI QƏLƏBƏYƏ
GEDƏN YOL
Biz bu yolu nə az, nə çox düz 30 ilə
yaxın gözləmişdik. Biz bu yol uğrunda olmazın əzab-əziyyətin,
çətinliyin, iztirabın yaşamışdıq. Bir milyondan çox məcburi
köçkün evsiz-eşiksiz qalmış, çətin
anlar yaşamışdı. O çətin anlar ki bir
çox insanlar bu dərdə-kədərə, bu ələmə
dözə bilməyib həyatla
vidalaşdılar. Amma Allah-Təala bizim xalqı, bizim
milləti, bizim ölkəni sınmağa qoymadı.
Düzdür, dərddən-kədərdən, ələmdən
əyildik, amma sınmadıq.
Və bir də bizi sınmağa qoymayan hər an, hər
dəqiqə xalqın, millətin, xüsusən də məcburi
köçkünlərin
arasında olan Ulu Öndər Heydər Əliyev idi.
O, 1994-cü ilin əvvəllərində
məcburi köçkünlərlə İmişlidə olan
görüşündə demişdi ki, biz nəyin
bahasına olursa-olsun Füzuliyə, Cəbrayıla,
Qubadlıya, Zəngilana,
Laçına, Kəlbəcərə, Ağdama,
Şuşaya qayıdacağıq. Bəli, bunu Ulu Öndər Heydər Əliyev hələ
o vaxtlar demişdi və xalq da
Ümummilli Liderin dediyinə inanmışdı və güvənmişdi.
Çünki Azərbaycan xalqı yaxşı bilirdi ki, Ulu
Öndər bir söz deyəndə onun məsuliyyətini
hiss edir və birmənalı olaraq millətə verdiyi
sözü yerinə yetirir.
Bu da 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ
savaşı. Yer-göy, aləm bir-birinə dəydi. Millət
və Ordu 30 il içində gəzdirdiyi dərdi, kədəri
artıq bir dəmir yumruğa çevirmiş və
yağı düşmənin üstünə hücuma
keçmişdi. Əlbəttə, bu mübarizəni, bu
gücü, bu qüvvəni toplamaq üçün müəyyən
zaman kəsiyi lazım idi. Və
30 ilə yaxın müddətdə də Azərbaycan
Ordusu Ulu Öndər Heydər Əliyevin və prezident
İlham Əliyevin rəhbərliyi ilə öz hərbi
arsenalını daha da gücləndirmişdi. Dünyanın ən
müasir döyüş
texnikası və silahları Azərbaycan Ordusunda mövcud
idi. Təbii ki,
döyüşün ilk günlərində də erməni
işğalçıları bunu çox yaxşı hiss
etdilər. O vaxt Qarabağda olan Ermənistanın sabiq
prezidenti Robert Köçəryan deyirdi ki, mən müharibənin
üçüncü günü
hiss etdim ki, biz məğlub olacağıq.
Çünki Azərbaycan Ordusunun ildırım sürətli hücumunun
qarşısını almaq
heç cürə mümkün deyildi. Bizim hərbi hissələrin
komandirləri, hətta generalları müharibənin
üçüncü günü başlarını
itirmişdilər. Mənim özüm də gördüm ki,
vəziyyət çox mürəkkəbdir,
Qarabağdan Ermənistana getdim.
Bu düşmənin sabiq prezidenti Robert Köçəryanın dedikləridi. Ən azından ona
görə ki, onlar uzun müddət
belə bir mif yaratmışdılar ki, erməni ordusu
çox qüdrətlidi və onun qarşısına
heç bir qüvvə çıxa bilməz. Xüsusən
də Tovuz istiqamətində
aparılmış döyuşlər zamanı general Polad Həşimovun
öldürülməsi onları çox
ruhlandırırdı. Və həmin vaxtlar Ermənistanın
baş naziri Nikol Paşinyan tərəfindən həmin
döyüşdə iştirak edənlərə medal da
verilmişdi. Amma bu medal onlara baha başa gəldi.
Çünki Azərbaycan ordusu Tovuz istiqamətdə
mövqelərimizi geri qaytardı və eyni zamanda 2020-ci
ilin sentyabrın 27-30 arasında
Füzuli və Cəbrayılın 8-ə yaxın yaşayış məntəqəsi
erməni işğalından
azad olundu. Bir neçə günün içində 30
il ermənilərin qurduğu müdafiə xəttinin
darmadağın edilməsi və yaşayış məntəqələrinin
azad olunması onu göstərirdi
ki, qüdrətli ordumuz çox qısa zaman kəsiyində
işğal altında olan bütün torpaqlarımızı
azad edəcək.
İkinci Qarabağ savaşında Füzuli və Cəbrayıl
istiqamətində döyüşlərdə iştirak edən
tank komandiri Elçin Tehran oğlu Süleymanov həmin vaxtlar
deyirdi ki, ermənilər bizim güclü hücumumuzun
qarşısını heç cürə ala bilmirdi.
Çünki generaldan tutmuş sıravi əsgərə qədər
hamı çox yüksək döyüş ruhuna malik idi, qələbəmizə
inanırdı. Bizim bir çox tankların üstündə
«Heydər Əliyev uğrunda!», «İlham Əliyev
uğrunda!», «Vətən uğrunda!» sözləri
yazılmışdı. Mən öz tankımla bir neçə
erməni mövqeyini
darmadağın etdim. Sonra elə oldu ki, mənim idarə
etdiyim tankı ermənilər vurdular, amma biz ordan salamat
çıxdıq. Sabahı günü isə yeni tankla və
ekipaj üzvləri ilə biz Cəbrayıl istiqamətində döyüşlərimizi
davam etdirdik. İçi mən qarışıq heç kim ölümdən
qorxmurdu, əksinə biz hamımız döyüşə
düşməni öldürməyə gedirdik və şəhid
olacağımızdan belə çəkinmirdik.
Çünki Vətənin yolunda ya qalib, ya qazi, ya da şəhid olmaq lazımdır. Biz qalib olduq!
sentyabrın 29-da mənim də iştirak etdiyim ağır döyüşdə Cəbrayılın
4 yaşayış məntəqəsini erməni işğalından azad elədik.
Bax, həmin anların sevincini heç vaxt unuda bilmədim.
Bu sözləri mənə Elçin Tehran oğlu
Süleymanov sentyabrın 29-da telefonla danışanda səhər
saatlarında demişdi. Və özü də çox nikbin,
inamlı idi. Hətta deyirdi ki, Faiq əmi, bir-iki həftədən
sonra Allah qoysa Füzulini, Cəbrayılı, Zəngilanı,
Şuşanı azad edəcəyik. Amma Elçin
sentyabrın 30-da səhər saatlarında döyüşdə
qəhrəmancasına şəhid oldu. Düzdür, o,
Füzulinin, Ağdamın, Cəbrayılın,
Şuşanın azad olmasını görmədi, amma onun qırx məclisində Azərbaycan
Ordusu noyabrın 8-də
Şuşanı erməni işğalından azad elədi və
ermənilərin demək olar ki, bellərini qırdı. Bu,
ordumuzun Elçin kimi yüzlərlə
şəhidə və onların valideynlərinə,
övladlarına çox böyük hədiyyəsi idi.
İndiyə kimi
yaxşı yadımdadır, onun qırx məclisində
atası Tehran Süleymanov dedi ki, mən Şuşanı azad
edən oğullarımızla qürur duyuram. Elə bilirəm
ki, onlar Elçindir, çünki bu gün mənim Elçinimin ruhu da sevindi, mən də
sevindim, anası Xalidə də sevindi, qızı balaca Xalidə
də sevindi. İndi bütün Azərbaycan sevinir. Lazım
gəlsə Elçindən sonra bir oğlum qalıb,
Telmanı da döyüşə göndərəcəm. Lap
o yan-bu yan olsa özüm də döyüşə gedəcəm.
Həmin günü Bəhmənlidə yüzlərlə gənc
növbəyə durub cəbhəyə getmək istəyirdilər.
Hərbi komissarlığın qarşısında iynə
atsaydın yerə düşməzdi. Çünki onlar cəbhəyə
gedib torpaqlarımızı azad edərək döyüş
meydanında düşməndən qisas almaq istəyirdilər.
Ermənilərdən fərqli olaraq Azərbaycan ordusu
qisası mülki əhalidən yox, cəbhədə
döyüşən erməni generallarından, erməni
zabitlərindən alırdılar və onlar istəsəydilər
minlərlə mülki əhalini ya əsir götürərdi,
ya da güllələyərdi. Amma Azərbaycan əsgəri
ona görə İkinci Qarabağ savaşına
atılmışdı ki, işğal altında olan
bütün ərazilərimizi ermənilərdən geri
qaytarsın. Və 2020-ci ilin noyabrın 8-dən sonra
bütün torpaqlarımız erməni işğalından
azad edildi və azad edilmiş
yaşayış məntəqələrinə Azərbaycan
bayrağı sancıldı. Bu bir daha bizim böyük qələbəyə
gedən yolumuz idi!
Emil Faiqoğlu
Ədalət.-2025.- 14 noyabr (¹43).- S.15.