“GECƏ YARISI
DÖYÜLƏN QAPILAR” AÇILDI
Yazıçı-publisist Əlövsət Bəşirlinin
DOĞUM GÜNÜNƏ
Bu bir həqiqətdir ki, insanın dayaq nöqtələrindən
biri də onun yaddaşıdır. Bu mənada əhvalımın
bütün məqamlarında hər şey üçün
yaddaşıma güvənmişəm – qəfil sorğuda
da, söz sözü çəkəndə də, nəyinsə
acısını və ya sevincini yaşayanda da. Odur ki,
“yaddaş kartı”nı yeniləmək, ona söykənib
dünənə boylanmaq həm xoş təəssürat
yaradır, həm də insanın özünü özü
ilə üz-üzə gətirir. Bu qarşılaşma da təkcə
bir an içində baş verməklə bərabər, həm
də o bir an bir ömrün bir parçası olur. Onda
özün özünlə danışdıqca həm də
o anın içərisində olanları sanki sıfırdan
başlayırsan yaşamağa. Doğrudur, bəzən bu
yaşamaq cəhənnəm əzabı
olur, bəzən isə…
Bəli, mən indi “yaddaş kartı”nın
işığında dayandığım nöqtədən
dünənə baxıram və baxdıqca da o məsafə
gah uzaqlaşır, gah da yaxınlaşır. Bu, xaotik hərəkət
deyil, nizamlı bir xatirədir. Məndən dünənə,
dünəndən mənə yol gəlir. Bu yolu hər iki
istiqamətdə gedib-gələn isə Onunla mənəm. O,
yəni haqqında yazdığım adam yaşda da,
dünyagörüşdə də, dünyaya baxışda
da, hətta sözün təzə-tərini yaratmaqda da məndən
öndədi. Mən onu izləyir, ondan öyrənir, həm
də onu dinləyirəm. Axı, o məni gecə yarı
qovulduğum kəndimə aparır. Özü də heç
nəyə, heç bir təhlükəyə əhəmiyyət
vermədən üzü Tuğa istiqamət
götürüb onun idarə etdiyi maşın. Bu gecə
yarı maşını Tuğ kəndinə sürən
yazıçı-publisist, dünyanın bir çox üzlərini
görmüş, bir çox nəhənglərini
tanımış, bir çox nurlu ziyalılarımızla
çiyindaş olmuş və ümumiyyətlə, bir
çoxlarından bir çox mətləblərdə fərqlənmiş
Əlövsət Bəşirlidir…
Az qala 10 günə yaxındır ki, tez-tez
xatırlayıram onu. Təbii ki bu da səbəbsiz deyil.
Çünki gözümün qabağına
yaşadığım həyatı gətirirəm,
başıma gələnləri xatırlayıram və həmin
anda öz-özümə sual verirəm:
- Bunun özümdən başqa kiməsə bir dəxli
varmı? Kimsə bundan iynə ucu boyda təsirlənibmi? Kimsə
buna bir əks-səda veribmi? Və nəhayət, kimsə
bunun necə bir yaşam olduğunu hiss edibmi?
Bax bu suallar ayrı-ayrılıqda cavabı ilə
birlikdə böyük bir mövzudu, lakin bütünlükdə
mənim həyatımdı və eyni zamanda da mənim
tamaşaçı kimi oturub baxdığım səhnədi.
Orda baş verənləri təkrar yaşamaq həm
ağırdır, ikiqat acıdır, amma həm də bu
günə şükürlər üçün bir dayaq
nöqtəsidir, güvəncdir. Deməli, bütün
bunların da ən maraqlı məqamı məhz əvvəldə
səsləndirdiyim sualların birinə söykənən bir
gerçəklikdir. Həmin sual da mənim
yaşamımın ifadəsini qələmində,
sözündə oxucuya çatdıran bir ağsaqqal dostumun
həm bədii, həm də gerçək anlamda yanımda
olmasıdır. Təbii ki, söhbət müqtədir qələm
sahibi, yazıçı-publisist Əlövsət Bəşirlinin
mənim həyatımı ədəbi müstəviyə gətirən
“Gecə döyülən qapılar” sənədli-publisist
yazısıdır...
Bu gün ailəvi dost olduğum
yazıçı-publisist Əlövsət Bəşirlini əvvəllər
mən ancaq imzası ilə tanımışdım. Və təbii
ki, bütün tanıdığım imzalar içərisində
olan bu imzada bir sanbal var idi, çəki var idi. Oxuyanda hiss
edirdim ki, sözün, qələmin sahibi həyatın
içindən çıxıb bərkə-boşa
düşməyin, sözü qəlpə-qəlpə
cümləyə çevirməyin bütün
qaydalarını bilir və keçib gəlib onlardan. Ona
görə də oxuduğum publisist yazıları, məqalələri
məndə bir əminlik yaratmışdı. Bu əminlik də
Əlövsət Bəşirli imzasının və
sözünün gerçəkliyi ifadə etməsi,
fantaziyadan daha çox, yaşanmış həyatın
inikası olması idi. Və...
“Ədalət” qəzetində bir yazı
yazmışdım özüm haqqında,
yaşadıqlarım barəsində. Orda yazmışdım
ki:
Yandı evim-eşiyim,
Yandı divarım-daşım...
İsit, qoyma üşüyüm,
İsit məni, göz yaşım.
Bəli, həmin yazını bu gün adını fəxrlə
çəkdiyim, ruhuna dualar oxuduğum görkəmli
yazıçımız Nahid Hacızadə oxuyub mənə
zəng etdi:
Mədətoğlu, düş yanıma.
Və mən də başımı aşağı
salıb düşdüm Nəşriyyatın 5-ci mərtəbəsində
Nahid müəllimin iş otağına. Onunla üzbəüz
bir nəfər oturmuşdu. Çöhrəsi mənə
tanış gəldi. Hardasa gördüyümü
düşündüm. Nahid müəllim məni həmsöhbətinə
təqdim etdi:
Əlövsət, Mədətoğlu həm də yaxşı
şairdi. Bəxtiyar Vahabzadə ona çox yüksək qiymət
verib, - dedi.
Tanımadığım bir şəxsin yanında bu
cür tərif, təbii ki, biraz məni sıxdı. Amma
Əlövsət adı yaddaşıma işıq saldı.
Xatırladım Əlövsət Bəşirlini. Bax, beləcə
başladı bizim üzbəüz
tanışlığımız. Nahid Hacızadə bizim
dostluğumuzun özülünü qoydu. Həmin özül
üzərində Bəşirli ailəsi ilə dostluq,
bir-birinə ehtiram və etibar boy göstərməyə
başladı. Ən vacibi isə həmin ailənin çox
incə ruhlu yazarları Dilarə xanım Vəkilova Bəşirli
və bir də Aynur xanım Bəşirli artıq mənə
yeni yaradıcılıq imkanları üçün bir
növü yardımçı oldular. Çünki Dilarə
xanımın yazılarım barəsində fikirləri, təklif
və iradları bir oxucu və redaktor yanaşması idi. Təbii
ki, bu da məsuliyyət deməkdir.
Həmin o görüşdən sonra Əlövsət
Bəşirlinin “Ədalət” qəzeti ilə canlı
ünsiyyəti demək olar hamıya sirayət etdi. İstər
operatorumuz Gülər xanım, istər dizaynerimiz Şamxal bəy,
istərsə digərləri Əlövsət Bəşirlinin
redaksiyamıza gəlişini həmişə açıq
üzlə, xoş ovqatla gözlədilər və
qarşıladılar. Çünki Əlövsət Bəşirli
redaksiyaya müsbət aura gətirirdi. Onun təması, irad və
təklifləri, hətta “balalarım” deyə müraciəti
hamı üçün səmimiyyətin gül çələngi
idi. Bir gün də Əlövsət müəllim telefonda mənə
dedi ki, Mədətoğlu, yaman kövrəltmisən məni.
Bu şeirin çox düşündürür. Deyəsən,
nəsə yaranır içimdə. Həmin şeiri təkrar
dedi mənə telefonda:
Qayğılı çəkdiyim, dərdli çəkdiyim,
Bu boyda Bakıda dərddi çəkdiyim!
Mənim azadlıqda şərti çəkdiyim –
Cəzanın adını çəkənlər bilər!
Mədətoğlu, nə çəkdiyini,
qaçqınlığın, yurdsuzluğun sənə nə
yaşatdıqlarını ürəyimə od sala-sala
hopdurursan mənə. Hər şeydən məlumatım var.
Erməni azğınlığını da, Xocalı faciəsini
də, Qaradağlı qətlliamını da bilirəm, mətbuatdan
da, efirdən də, tanış-bilişdən də
eşidib öyrənmişəm. Amma sən bütün
bunları öz yazılarınla, söhbətlərinlə
sanki mənə diqtə edirsən. Elə bil əlimdən
tutub məni doğulduğun Tuğ kəndinin məhəllələrində
gəzdirirsən. Ermənilərin harda güllə
atdığını, harda pusqu qurduğunu göstərirsən
mənə. Artıq bütün bunlar mənim masamın
üstündəki vərəqlərdə qeydlərə
çevrilib. Yaxın günlərdə sənə ithaf
etdiyim və sənin həyatından bəhs edən “Gecə
yarısı döyülən qapılar” sənədli-publisist
oçerkimi redaksiyaya təqdim edəcəm.
Bu xəbər məni bir anlıq
çaşdırdı. Deməyə söz tapmadım. Hiss
etdim ki, gözümün dibində şeh var. Ürəyimin
döyüntüsü də biraz dəyişib.
Toparlandım. Sadəcə təşəkkür etməyə
söz tapa bildim. İçimdə isə o yazını
oxuyacağım günün daha tez gerçəkləşməsi
diləyi duaya çevrildi. Çox qısa zamandan sonra
redaksiyada həmin əlyazmanın ilk oxucusu oldum. Bax onda bir
daha Əlövsət Bəşirlinin bir yaradıcı insan
olaraq nə qədər böyük diapazonda diqqətcilliyi, həssaslığı
mənə bəlli oldu. Anladım ki, Əlövsət müəllim
mənim yazılarımı oxuyanda, biz birlikdə olanda etdiyim
söhbətləri, danışdığım xatirələri,
döyüş bölgəsində yaşayan
doğmalarımla əlaqələrimi, bir sözlə, bir nəfərin
timsalında bir kəndin, bir elin həyatını özü
üçün hər gün söz-söz cümlələrə
çevirirmiş, qeydlər aparırmış. Ona görə
də “Gecə yarısı döyülən
qapılar”dakı yaşam reallığı
yazıçı təxəyyülünün məhsulundan
daha çox yazıçının reallıqdan
götürdüyü mövzunun özüdü.
Əlövsət müəllim bir yazıçı kimi həm
də bu əsərində rəssamlıq edib, portret cizgilər
çəkib. Mənim həyatımın cizgilərini...
Əlövsət Bəşirlinin təkcə
yaradıcılığını yox, həm də bir Azərbaycan
İNSANI olaraq şəxsi həyatını, əmək fəaliyyətini,
dostlarını, demək olar ki, bütünlüklə
tanımışam, öyrənmişəm. Tutduğu ən
yüksək vəzifələrdə belə hamının
tanıdığı, sevdiyi kimi qalan, dəyişməyən,
heç vaxt hansısa bir vəzifədə kimlərəsə
tapşırıq verdiyini və yaxud hesabat tələb
etdiyini dilinə gətirməyən Əlövsət müəllim
adi həyatda da, müxtəlif məclislərdə də,
eyni formada, məzmunda qalan insandır. Bir az da açıq desəm
o, heç bir halda dəyişmir, necə var elə də
qalır. Mən içimdə olan müəyyən fikirləri,
barəsində eşitdiklərimi və sözün verdiyi
imkana söykənib hansısa pafoslu sözləri, cümlələri
bu yazıya gətirə bilərdim, amma Əlövsət
müəllimin, eləcə də Dilarə xanımın
gözümün önündə olan sadəliyi, səmimiliyi
məni bu fikirdən daşındırdı. Çünki səmimiyyət
və sadəlik yarınmaq və yaxud pafos sevmir. O, olduğu
kimi görünür və göründüyü kimi də
olur. Əlövsət Bəşirlinin bu həyatda
dostlarına bağlılığı, ailəsinə güvənci,
qələmlə, sözlə yaşaması mənə imkan
verdi ki, ikicə cümlə yazım:
- Əlövsət müəllim, Sizi tanımaq, oxumaq
və dostunuz olmaq mənim üçün böyük şərəfdir.
İstərdim ki, hər zaman telefonunuzdan gələn zəng
“Mədətoğlu, hardasan?” – deyib qayğılardan, xəyallardan
ayırsın məni. Və mən Sizinlə itirdiklərimizi
xatırlaya-xatırlaya sabahkı günlərimizin
yazılarından danışım.
P.S. Kəndimizin girişindəki ilk döngəni
keçəndə həyəcandan səsim titrəyə-titrəyə
pıçıldadım:
-Əlövsət müəllim, ehtiyatlı olun. Burda
nişangaha çevrilirik. Ermənilər istədikləri
nöqtədən bizi vura bilərlər.
O dedi: Narahat olma, bura qədər gəlmişik, sənin
evinə də gedəcəyik. Qapını özümüz
açacağıq…
Maşını ata yurdumun həyətinə
sürdüm. Ermənilər hər tərəfi
talamışdılar. Amma evin qapısı bağlı idi.
Əsl sahib ərkiylə əlini uzadıb qapının
qıfılını qopartdı. Buyur, keç içəri,
- dedi.
Onun səsinə ayıldım və xatırladım
ki, biz Tuğu gəzib qayıtmışıq. Və
bayrağımız da Tuğda
dalğalanır.
Əbülfət MƏDƏTOĞLU
Ədalət .- 2025.-21 noyabr(¹).- S.9.