Qulu Ağsəsin
“Xankəndi və M.Zəkiyə” şeirinin təhlili
Qulu Ağsəsin “Xankəndi və M.Zəkiyə”
şeiri Qarabağ torpağına həm sevgi, həm ağrı,
həm də qayıdış həsrətinin poetik
etirafıdır. Şeirin ilk misralarında Xankəndi adi
coğrafi məkan kimi deyil, sanki ümumi yurd – binə kimi təsvir
olunur: “Tavanı - göy şüşəli, döşəməsi
- meşəli”. Bu bənzətmə Xankəndinin təbiətini
gündəlik məişət obrazına çevirərək
həm sadəlik, həm də doğmalıq yaradır.
“Ovçunun yuxusunda marala bənzəyir o” misrası
isə daha çox tarix və münaqişə kontekstindən
doğan məna daşıyır. Buradakı “ovçu” –
düşməndir, (burada: erməni tərəf) Maral isə
həm zərifliyini, həm də cazibəsini qoruyan
Qarabağın özüdür. Əsrlər boyu bu torpaq
düşmənin nəzərində belə cəlbedici olub,
ovçunun yuxusuna girəcək qədər dəyərli
görünmüşdür. Bu bənzətmə əslində
Qarabağın, o cümlədən Xankəndinin gözəlliyinin
necə arzuolunan, necə həsəd doğuran bir nemət olduğunu
xatırladır.
“Dağların yaxasında medala bənzəyir o”
misrası isə artıq başqa bir məqamı – Zəfəri
tamamlayan son nöqtəni işarə edir. Medal burada təkcə
bənzətmə deyil, həm də Xankəndinin azad edilməsi
ilə Qarabağ Zəfərinin tamlığı,
bütövlüyü simvolizə olunur. Yəni Xankəndi
dağların qoynunda parlayan, qələbəni təsdiqləyən
son medaldır.
Şeirin ortasında Qulu Ağsəs torpağın
insan yetişdirmə gücünə toxunur: “Burda doğulmur
adam, əkilir şitil kimi”. Bu misra həm poetik, həm də
fəlsəfi anlam daşıyır, belə ki, bu torpaq
insanı yalnız doğmur, həm də yetişdirir,
formalaşdırır. Şair özünü bu
torpağın yazdığı sətrə, bir misraya bənzədir
və “şütüyən sətir kimi” yurd-yurd dolaşsa
da, sonunda yenə öz “Xanım”ına, yəni Xankəndinə
dönür.
Buradakı “Xanım” müraciəti əslində
çoxqatlı simvolik məna daşıyır. Bu söz həm
Xankəndinin adındakı “Xan”a işarədir, həm də
Qarabağ musiqisinin səsini – Xan Şuşinskinin irsini
çağırır. Beləliklə, şair təkcə
torpağa yox, bu torpağın səsinə, musiqisinə,
xatirəsinə də dönür.
Şeirin ən yüklü misralarından biri isə
“Yaşamaq vaxtı öldük, ölmək vaxtı
yaşayaq!” misrasıdır. Burada müəllif şəxsi həyatının
illərini Qarabağın taleyi ilə eyniləşdirir: onun
gənclik illəri Qarabağdan qaçqın
düşdüyü dövrlərə, qocalıq
çağı isə geri dönüşün
mümkün olduğu zamana təsadüf edir. Yəni
yaşamalı olduğu çağlarda – ömrün
baharında itirmiş, ağrı çəkmiş,
ömrün payızında isə yenidən o torpağa
qovuşmaq nəsib olub. Bu misra həm tale acısını, həm
də gec də olsa qayıdış sevincini özündə
cəmləyir.
Bütün bu məna qatları şeiri sırf
nostalji mətn etmədən, həm tarixi, həm mənəvi,
həm də bədii çalarlarla dolu olan çoxqatlı
bir poetik etirafa çevirir. Qulu Ağsəs bu şeirdə
Xankəndini həm maral kimi həzin, həm medal kimi dəyərli,
həm də ev kimi doğma göstərərək
Qarabağın üç halını bir yerdə təqdim
edir: şeirdə itirilən gözəllik, ulduz kimi parlayan Zəfər
və gec də olsa qayıdışın sevinci var.
19.11.2025
*Şeiri oxumayanlar üçün paylaşıram.
Qulu AĞSƏS
Xankəndi və M.Zəkiyə
Tavanı - göy şüşəli,
Döşəməsi - meşəli...
Ovçunun yuxusunda
Marala bənzəyir o.
Dağların yaxasında
Medala bənzəyir o.
Burda bahar payızı,
Qış yayı məst eləyir.
Bu yerlərin havasın,
Bu göylərin yağışın
Üzeyir bəstələyir.
Burda doğulmur adam
Əkilir şitil kimi.
Adladım yurddan yurda
Şütüyən sətir kimi.
Gəzdim düzü, dünyanı
Bu düz-dünya tükəndi.
Sənə dönmüşəm, Xanım,
Sənə dönmüşəm, kəndim.
Dünyada nələr gördük
Həyatımız baş-ayaq:
Yaşamaq vaxtı öldük,
Ölmək vaxtı yaşayaq!
Tavanı - göy şüşəlim,
Döşəməsi - meşəlim...
Adilə Nəzər
Ədalət .- 2025.-21 noyabr(¹).- S.10.