Publisistin düşüncələri

 

Məmmədhüseyn Əliyev -100                                                

 

 

 

Çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti olan, bir neçə romanın, povestin, hekayələrin, poema və şeirlərin, çoxlu publisistik yazıların müəllifi  olan  Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin 100 illik yubileyində mənə söz verilərkən diqqəti ədibin publisistik yaradıcılığına, naşir kimi fəaliyyətinə yönəltmişdir.

Məmmədhüseyn Əliyev Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona bölməsinə  uzun illər rəhbərlik etmiş, ilk dəfə olaraq bölmənin orqanı olan "Şəfəq" adlı məcmuə nəşr etdirmiş və redaktoru olmuşdur. Ədib istedadlı qələm sahiblərini üzə çıxarmış, əsərlərini çap etmişdir. Yazıçı öz bədii və publisistik yazılarını mütəmadi olaraq oxuculara təqdim etmişdir.

Onun redaktorluğu ilə "Şəfəq" jurnalı 1991-ci ildə nəşrə başlamış, bir neçə il fasilədən sonra, 1997-ci ildə bizim tərəfimizdən yenidən nəşrini davam etdirmişdir. Növbətui fasilədən sonra isə AYB Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərlinin diqqət və qayğısı sayəsində yenidən müntəzəm olaraq nəşrə başlamışdır.

Azərbaycanın tanınmış qələm ustası Məmmədhüseyn  Əliyevin ilk yazısı 1942-ci ildə "Düyü" adı ilə lerikdə çıxan "Kolxoz yolu" (indiki "Lerik") qəzetində nəşr olunmuşdur. Əllinci illərdən başlayaraq nəsr əsərləri ilə yanaşı,  müxtəlif publisistik janrda yazıları çap edilmiş, oxucuların diqqətini cəlb etmişdir.

Onun oçerk və məqalələri, resenziyaları "Ədəbiyyat", "Azərbaycan gəncləri", "Sovet kəndi", Leninçi", "Kolxoz yolu", "Bolluq uğrunda" qəzetlərində, "Azərbaycan kommunisti", "Azərbaycan", "Kirpi" "Şəfəq" jurnallarında çap edilmişdir. İraqda çıxan "Əl-Əhram" qəzetində çap olunmuş "Ey ana Bağdad" şeirinə görə poeziya festifalında mükafata layiq görülmüşdür. Bədii əsərlərində olduğu kimi, mətbu əsərlərində də ədalətsizliyə, bürokratlara, rüşvətxorlara, dövlətin malını talayanlara, yerlibazlığa və digər neqativ hallara qarşı çəkinmədən, cəsarətlə haqq səsini ucaltmışdır.

 Oçerk, məqalə və digər analitik yazılarında vətənə, torpağa, təbiətə insana məhəbbət duyğularını tərənnüm edir, gəncləri mübariz olmağa səsləyirdi.

Onun əzəməti, böyüklüyü, müdrikliyi həmişə uzaqdan görünərdi.

Məmmədhüseyn müəllim cəsarəti, mübarizliyi, mətinliyi, humanizmi ələ seçildiyi

kimi, onun məğrur, ağayana yerişi, duruşu, müdrik söhbətləri hamıya nümunə idi.

Yüz illər keçsə də, dünya durduqca əsərlərində, xatirələrdə yaşayacaq, yayaqlarda gəzdiyi cığırlarda ayaq izləri, yovşan ətri, buzbulaqların göz yaşı onu unutmayacaq, o həmişə "Şəfəq"in timsalında parlayacaq!

BU, ONUN HAQQIDIR !

 

"ŞƏFƏQ"lər doğar,

"ŞƏFƏQ"lər sönməz!

 

Bəzən bir ömür sözün işığında keçir. Kimi ömrünü bir damla nur kimi xərcləyir, kimi isə o nuru başqalarına da paylayır. Azərbaycan ədəbiyyatının parlaq simalarından biri - Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev belə ömür sahiblərindən idi. Onun yüz illiyi təkcə bir yubiley deyil, bir qələmin, bir vicdanın, bir millət sevgisinin yubileyi kimi səsləndi.

Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda keçirilən mərasim sanki bir ədəbi yaddaşın qapılarını araladı. Zaman keçsə də, sözün ömrü keçmir. O gün klubun divarları arasında səslənən hər bir xatirə, hər bir fikir Məmmədhüseyn Əliyevin ədəbi varlığının yaşadığını göstərirdi.

Ədibin publisistik yaradıcılığından söz düşəndə, onun qələmindən süzülən hər sətirin ictimai düşüncəni oyatmaq, insanları vətənə, xalqa daha çox bağlamaq məqsədi daşıdığını vurğuladıq. Məmmədhüseyn Əliyev sadəcə yazıçı deyildi - o, həm də sözün naşiri, fikrin redaktoru, insanların düşüncələrinə işıq salan bir maarif fədaisi idi.

Uzun illər Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona bölməsinə rəhbərlik edən ədib, bölgə ədəbi həyatına yeni nəfəs, yeni bir təpər gətirdi. “Şəfəq” adlı məcmuə təkcə bir jurnal deyildi, o, cənub ədəbi mühitinin günəşi idi, istedadlı qələm sahiblərinin səsinə çevrilmişdi. O “Şəfəq” ki, illərin sükutundan sonra yenidən doğuldu, yenidən parlaqlığını qazandı.

Məmmədhüseyn Əliyev təkcə özünü deyil, başqalarını da ədəbiyyata qazandırdı. Onun baxışlarında istedadlı insanlara bir etimad, bir ümid vardı. O, qələmin gücünə inanır, yazının insan ruhunu saflaşdırdığına dərin inam bəsləyirdi.

Ədibin romanları, povestləri, hekayələri, poemaları, şeirləri və publisistik yazıları oxucuya həyatın mənəvi dərinliyini duyurmağı bacarır. O, insanın həm ağrısını, həm də ümidini yazırdı. Onun yazılarında hər bir cümlə bir nəfəs kimi təbii, bir dua kimi saf səslənirdi.

Bu gün onun yüz illiyi qeyd olunur, amma əslində, bu yubiley bir xalqın yaddaşında “sözə sədaqətin” yubileyidir. Çünki Məmmədhüseyn Əliyev yazdığı hər bir  əsərində göstərdi ki, söz təkcə yazılmır - söz yaşanır, hiss olunur, ötürülür.

Ədəbiyyat onun üçün sadəcə sənət yox, vicdanın səssiz dili idi.

Məmmədhüseyn Əliyevin sözü bu gün də oxucuların qəlbində “şəfəq” kimi doğur, parlayır.

 

İdris Şükürlü,

Əməkdar jurnalist

Ədalət .- 2025.-21 noyabr(¹).- S.13.