Aydın yolun
yolçusu
“Yeni təfəkkür” qəzetinin baş redaktoru
Şəmsiyyə Kərimova (Musaqızı) ilə illərdir
eyni binada çalışırıq. Vaxtilə minlərlə
insanın iş yeri kimi qədəm qoyduğu “Azərbaycan” Nəşriyyatının əsas bir
giriş-çıxışı olduğu üçün
onunla tez-tez üz-üzə gəlirik. Sadə, mehriban
xanımdır. O qədər təvazökardır ki,
yaxından bələd olmasan, heç baş redaktor
olduğunu hiss etməzsən. Adama elə gəlir ki, binaya
daxil olan bu xanım haradasa çalışan sadə peşə
sahibidir...
İnsanları yaxşı tanıyır.
Qayğıkeş olduğundan son tikəsini bölməyə
hazırdır. Səbrli və təmkinlidir. Bu illər ərzində
onun kiminləsə, nəyə görəsə mübahisə
etdiyinin şahidi olmamışam. Ən gözəl
xüsusiyyəti isə odur ki, insanlarda mənfi yox, müsbət
xüsusiyyətlərə önəm verir...
Müəllifi dəqiq yadımda qalmayıb, kimsə
deyib ki, şairlər böyük şəhərlərin “cəhənnəm”indən
bəs deyincə danışıblar. Bodler iri şəhərə
“ölümün kölgələr ölkəsi” deyib...
Doğrudan da gün keçdikcə böyük şəhərlər
üzərində daha az ulduz görünür. Günəşi
belə unutmaqda olan şəhər insanının ulduzlara
tamaşa etmək heç ağlına gəlməz. Hərçənd
ulduzlar öz varlığının fərqinə varanlar
üçün ümid işığıdır - insana daim
var olduğunu xatırladar. Ancaq ulduzların səpələndiyi
göylər aləmiylə əhatəli kənd adamından
fərqli olaraq şəhər adamı ulduzlu səmanı
seyr edə bilmir. Yəqin bu üzdəndi, artıq sevməyi
də bacarmır... Günəşin, Ayın, ulduzların...
Allaha səcdə etdiyini görmədən necə sevsin?..”
Allahın sevdiyi və Allahı dərin məhəbbətlə
sevən Şəmsiyyə xanım üçün
tarazlıq çox böyük əhəmiyyət kəsb
edir. Həyatda nəyinsə həddindən artıq
olmasını xoşlamır. Tarazlığın,
ölçünün pozulduğu yerdə harmoniya və
mütənasibliyi bərpa etməyə can atır. Çox həssas
insandır. Özündən əvvəl
başqalarının reaksiyalarına diqqət yetirməyə
meyllidir. Estetik hislərinin inkişafı, ictimai sahədə
fəal olması onu sevilən, hörmətli insan kimi
tanıtdırır... Xarakterik xüsusiyyətlərindən
biri də budur ki, cazibədarlığı ilə münasibətlərdə
son dərəcə təsiredici ola bilir. Dərin hislərə
qapılmamağa üstünlük verir. Azadlığına
önəm verməyi, müstəqilliyini qoruyub
saxlamağı bacarır. Amma tənhalıqdan da zəhləsi
gedir. Komandada çalışmağı xoşlayır...
O, çox prinsipial xanımdır. Jurnalistikanın mənafeyinə
çox ciddi yanaşır, qlobal və taleyüklü məsələlərdə
nadir hallarda güzəştə gedir. Əslində isə
Şəmsiyyə Kərimova sadə qəlbə,
düzgün dəyərlərə əsaslanan prinsipial
xarakterə malik xanımdır və bir dəyərli qələm
sahibi kimi həmişə həqiqət
daşıyıcılarının - əsl yazarların,
söz sərraflarının yanında durur.
Deyirlər ki, insanların bir-biri ilə
bağlanmamağı, ünsiyyət saxlamamağı, təmas
qurmamağı və könüldaş olmamağı əslində,
əsrarəngiz tərzdə “Tanrıdan uzaq” olmağın
özüdür. Amma Ş.Kərimova Ucadan uca olan Allaha da,
Onun yaratdığı insanlara - qohumlara da, dost-tanışa
da, yerlilərinə də bağlı bir ziyalıdır. Təbiətdən
bir an olsun belə ayrı qala bilmir. Hərdən elə mənəviyyatı
zəif, könül dünyalarında dərin boşluq
yaranan və kim olduğunu unudanlara - o məşum dərin tənhalıq
duyğusuna qapılanlara rast gəlirəm ki, həyatdan
küsmək istəyirəm. İnsani hislərdən məhrumiyyətin,
parçalanmışlığın gətirdiyi qorxu
içində isə heç hansı dəyərə
bağlı qalmadan, həyata məna vermədən çox
da uzun yaşamaq olmur. Amma Şəmsiyyə xanımla
ünsiyyət quran, onunla söhbət edən insan tamamilə
dəyişir: saflığa, paklığa, təmizliyə,
yüksək mədəniyyətə, xoş rəftara
doğru...
Bəli, haqqında söhbət
açdığım, şanlı yubileyinə xoş ürək
sözlərimi ünvanladığım Şəmsiyyə
Musaqızı maraqlı və məzmunlu xanımdır. Onu
tanımaq, ünsiyyətdə olmaq böyük şərəfdir.
Onu tanıyandan sonra insanlara sevgin, məhəbbətin,
ehtiramın artır.
Şəmsiyyə xanımın şirin
danışıqları, maraqlı söhbətləri mənə
güc verib, inam duyğusu aşılayıb. O, bir dost kimi
gerçəklikləri üzə çıxarmaqda mənə
yardım edib, əlindən gələni əsirgəməyib.
Doğru-düzgün yolda olduğumu dönə-dönə
bildirib. Gördüyüm işləri, yaradıcılıq
uğurlarımı dəyərləndirməyi də
unutmayıb. Yoluma su səpməkdən heç zaman çəkinməyib;
“toz-tozanaq” olmasın deyə. Xeyirxahlığını, nəcibliyini
dəfələrlə görmüşəm...
Böyük düşüncə adamı Mövlanə
Cəlaləddin Ruminin ayrı-ayrı dillərə
çevrilmiş “Məsnəviyi Şərifi” əsəri
yeddi yüz ildən artıqdır ki,
aktuallığını bu günədək qoruyub
saxlayıb və bəşər tarixinin ölməz əsərləri
sırasında yer tutub. Ortaq türk mədəniyyətinin
parlaq və əvəzolunmaz şəxsiyyəti olan Rumi
müdrikyana formada söylədiyi fikri elə bil ki, Şəmsiyyə
xanıma şamil edib: “Ya olduğun kimi görün, ya da
göründüyün kimi ol”. Bu sözlər böyük
anlam daşıyır. Dərindən düşündükdə
bəlli olur ki, dünya, Şəmsiyyə xanım kimi
insanların üzərində qurulub, belə insanlara güvənir,
duruş gətirir, yaşayır. Deyirlər ki, belə
insanlar azdır. Olduqca az. Ola bilsin. Nə mən
saymışam, nə də başqa birisi. Çünki bu,
gerçəkdən də zor bir iş. Görünür,
qızılın başlıca dəyərlərindən biri
də onun azlığı və çətin
tapılmasındadır. Odur ki, gerçək dəyərinin
yüksək olması da elə bununla bağlıdır.
Gerçək yaşamda olduğu kimi! Ancaq az da olsa, belə
insanlar yaxşı ki, var. Onlara mən də rast gəlmişəm.
Yaşam və yaradıcılığımın
ayrı-ayrı dönəmlərində. Haqqında
ağızdolusu və fəxrlə söz
açdığım Şəmsiyyə xanım da o
sıradan insanlarlandır...
Yaşlı nəsil qələm sahiblərinin
sevimlisi, gənc bilim insanlarının yetişməsində və
sonrakı gəlişməsində əlindən gələni
əsirgəməyən dəyərli jurnalist. Ən
başlıcası isə, “ya olduğun kimi görün, ya da
göründüyün kimi ol” fəlsəfəsinin klassik
örnəyi.
O, gerçək dəyərindən də artıq dəyərlidir
mənə. Çağı yetişdikcə,
yaddaşımın dərin qatlarına baş vurur,
gördüklərimi, bildiklərimi, eləcə də
eşitdiklərimi tələsmədən,
ardıcıllıqla sayğılı oxuculara – Şəmsiyyəsevərlərə
çatdırmağa çalışıram. Bilənlər
bilirlər, qoy bilməyənlər də bilsinlər.
Haqqında söz açdığım insanı çoxu
tanıyır. Tanımayanlar isə bu fani dünyada çox
şey itiriblər. Çünki ulu Tanrının
yaratdığı belə insanları, düşünürəm
ki, hər kəs tanımalıdır. Odur ki, bir daha
tanış olaq:
Şəmsiyyə Musa qızı Kərimova 24 noyabr
1955-ci ildə Azərbaycanın dilbər guşələrindən
biri olan Tovuz şəhərində dünyaya göz
açıb. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli
orta məktəbi bitirib, elə həmin ildə
sürücü-mexaniklik peşəsinə yiyələnmək
üçün Saatlı rayonundakı 109 saylı texniki
peşə məktəbinə göndərilib. Həmin məktəbi
də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı
ildə Azərbaycan Respublikası Komsomolunun Mərkəzi
Komitəsi ona Bərdə rayonuna təyinat verib və burada
“Bakı” kolxozunda sürücü-mexanik kimi
çalışıb. 1977-ci ildə respublikada ilk dəfə
sükan arxasına keçən gənclər arasında
3-cü yeri tutub. Hələ orta məktəbdə oxuyarkən
respublika mətbuatında məktəbli olaraq tez-tez
çıxış edən Şəmsiyyə xanımın
müxtəlif məzmunlu yazıları “Azərbaycan gəncləri”
qəzetində və o vaxt rayonda çıxan “Həqiqət”
qəzetində dərc olunurdu. Azərbaycan mətbuatında
ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan
gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsi ilə birgə
açdığı “Jurnalist... Jurnalist... Jurnalist!” müsabiqəsinə
göndərdiyi “Çərkəz qızı Tellinin
nağılı” oçerki ilə tanınıb, oçerk
müsabiqənin qalibi olub. Bu məqamı həmişə fərəhlə
xatırladan Şəmsiyyə xanımın uşaqlıqdan
yazıya böyük marağı olub.
O, 1979-cu ildə Bakıya gəlib, o vaxtkı “Komunist”
nəşriyyatında işə başlayıb. Eyni vaxtda iki
illik Jurnalist Sənətkarlığı İnstitutunda təhsil
alıb və 1980-ci ildə Azərbaycan Dövlət Radio və
Televiziya Verilişləri Komitəsində radionun “Gənclik”
baş redaksiyasında müxbir kimi fəaliyyətə
başlayıb. Eyni zamanda ölkə mətbuatında mütəmadi
olaraq çıxış edən Ş.Kərimova 1987-ci ildən
“Azərbaycan gəncləri” qəzetində
çalışıb. 1987-ci ildə Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsinə daxil olub və
1993-cü ildə universiteti bitirib. Respublikada baş verən məlum
ictimai-siyasi proseslərdən sonra “Azərbaycan gəncləri”
qəzeti fəaliyyətini dayandırdı. Məhz buna
görə də taleyini mətbuata bağlamış bu qələm
sahibi 1996-cı ildən “İki sahil”, 2003-cü ildə
“Naxçıvan” qəzetində jurnalistlik fəaliyyətini
davam etdirib. 2005-ci ildən isə “Yeni təfəkkür” qəzetinin
təsisçisi və baş redaktorudur. 2007-ci ildən Azərbaycan
Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi
olduğu "Yeni təfəkkür" qəzetinin baş
redaktorudur.
2010-cu ildə Milli Mətbuatın 135 illiyində
ölkə Prezidentinin müvafiq sərəncamı ilə
“Əməkdar jurnalist” fəxri adına layiq
görülüb. “Qızıl qələm” media
mükafatı laureatıdır. “Nailiyyət”, “Fəxri
jurnalist” diplomuna layiq görülüb. Vaxtilə təsərrüfatda
çalışdığı dövrlərdə - 2 il
yarım ərzində hər il “Ən yaxşı
pambıqçı” döş nişanı ilə təltif
olunub. Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vastələrinin inkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi
jurnalist müsabiqələrinin bir neçə dəfə
qalibi olub, keçmiş KİVDF-nin diplomları ilə təltif
edilib.
Yuxarıda Mövlanə Cəlaləddin Ruminin yüz
illər öncə söylədiyi bir fikri xatırlatdım.
Bu düşüncənin günümüzdə də
keçərli olmasının başlıca nədənlərindən
biri, bəlkə də birincisi, düşünürəm ki,
çağdaş dünyamızda Şəmsiyyə Kərimova
kimi hər baxımdan bütöv insanların var
olmasıdır. Özəlliklə Şəmsiyyə
xanıma gəldikdə isə bu düşüncə, məndə
illər boyu etdiyimiz əməkdaşlıq prosesində
formalaşıb və sonucda bütünlüklə
özünü doğruldub. Əməkdaşlığın
çevrəsi isə olduqca geniş olub. Əməkdaşlığımızın,
dostluğumuzun özülü illər öncə qoyulub. Bir
az da aydın və konkret desək, “İki sahil”də.
Şəmsiyyə xanımla bağlı gərəyincə
bilgilərim olsa da, ilk vizual tanışlıq elə qədəm
basdığı “Azərbaycan” nəşriyyatında olub.
Onda heç düşünməzdim ki, bu qısa
tanışlıq sonrakı dönəmdə başlanan, gündən-günə
genişlənən əməkdaşlığın,
böyük dostluğun, insani münasibətlərin,
sirdaşlığın özülünü qoymuş olacaq.
Dost, sirdaşlıq dedim, yenə də yadıma Cəlaləddin
Ruminin sözləri düşdü: “Ey mərd insanlar...,
özünüzə yaxşı dostlar, uyğun yoldaşlar
tapın”. Çünki
“könül hər dostdan bir qida alır”.
Onun yaradıcılığı barədə
çox yazılıb. Elə özüm də müəyyən
detalları zaman-zaman qələmə almışam. Amma bu
yazı tamam başqadır. Odur ki, onunla bağlı nəsə
demək, danışmaq, yazmaq istəyində bulunuram.
Yalnızca onu bildirmək istəyirəm ki, jurnalistikanın
bu günü ilə bağlı danışmalara fəal
qatılan, dəyərli düşüncələri ilə məni
ruhlandıran, bu sorumlu işin olduqca gərəkli olduğunu
dönə-dönə təkrarlayan Şəmsiyyə Kərimovanın
özünün də, sözün gerçək
anlamında, alovlandığını öz gözümlə
görə bilmişəm. Şəmsiyyə Kərimova
intellektinin potensialı, peşə
canıyananlığı göz qabağında olub.
Olduqca prinsipialdır. Qəzetçiliyin öləzidiyi
bir vaxtda qəzetlə nəfəs alan Şəmsiyyə
xanım onun çapını ləmgitmir, oxucu ilə mütəmadi
görüşə gəlir.
Vizual görüşlərimiz az-az olsa da, telefon
bağlantılarımız gərəyincədir. Əməkdaşlığımızın
və dostluğumuzun yenicə qol-qanad açdığı
bir çağda telefon zəng çaldı. Şəmsiyyə
xanımın artıq yaxşı tanıdığım səsini
eşitdim: “Novruz müəllim səni görmək istəyir.
Vaxtını müəyyənləşdir, gedib
görüşək”.
Vədələşdiyimiz vaxtda Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin yerləşdiyi binaya
yaxın ərazidə görüşdük və Novruz
müəllimin qəbuluna getdik. Ondan qabaq görüşsək
də, Novruz müəllimlə yaxından
görüşümüz məhz Şəmsiyyə
xanımın vasitəsilə alındı. İlk
görüşümüz çox yaddaqalan oldu. Bunun da səbəbkarı
xətrini çox istədiyim, şəxsiyyətinə
böyük hörmət bəslədiyim Şəmsiyyə Kərimova
idi. Bir neçə dəfə xeyirxahlığının
şahidi olmuş, nəcibliyini dadmışam.
Onun ilk kitabı 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında
işıq üzü görüb. “Şəmsiyyənin
kitabı” adlanır. O vaxt mən də bu kitab haqqında fikir
və mülahizələrimi mətbuat vasitəsilə
bildirmişdim. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov kitab haqqında
fikrini ifadə edərkən Şəmsiyyə xanımı məhz
belə səciyyələndirmişdi: “Özü kitab olan
xanım”. Novruz müəllimdən daha bir sitat: “Əsl
jurnalist həmişə yaza-yaza öz işində
böyüyür, özünü narahat edən hansısa
suallara cavab tapır, hansısa hissin dərinliklərinə
enir... Şəmsiyyə xanımın şəxsiyyətindəki
və yaradıcılığındakı bu parametrlər
birləşərək xoş aura, rəngarəng ahəng
yaratdığı üçündür ki, bu kitabı birnəfəsə
oxumaq mümkündür”.
“Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov:
“...Biz Şəmsiyyə xanımı fədakar jurnalist, qələmi
ilə məlhəm olan həmkar kimi tanımışıq”.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin
sabiq sədri, vaxtilə “Azərbaycan gəncləri” qəzetinin
baş redaktoru olmuş mərhum jurnalist Yusif Kərimovun dediklərindən:
“Şəmsiyyənin kitabı” 60 yaşlı yubilyar qələm
sahibinin jurnalist fəaliyyətinin hesabatıdır.
Bu hesabat nədən ibarətdir? Kitabda əsasən
Şəmsiyyə Kərimovanın qələm dostları, həmkarları
ilə bağlı oçerkləri toplanıb. O oçerklər
isə bütöv bir tarixi mərhələyə
işıq salmaq baxımından önəmlidir”.
Ələşrəf Niftiyev, AJB-nin üzvü,
yazıçı-publisist: “Şəmsiyyə Kərimovanın
səhifəyə çıxardığı qəhrəmanların
portret cizgilərini, təsərrüfat göstəriciləri
və maraqlarını, şəxsiyyət və
istedadların fikirlərini götür-qoy edəndə hiss
edirsən ki, belə yazıları yalnız yüksək
peşəkar, intellektual səviyyəsi olan səmimi qəlbə,
geniş ürəyə, dərin təfəkkürə malik
insanın beyni qələmə ala bilər”.
Allahın hər şeyi görən gözlərindən
uzaqda bir cənnətməkan guşə var, Azərbaycanımızın
füsunkar bir elidir bura. Adına Tovuz deyirlər, Şəmsiyyə
xanımın ata-baba yurdudur. Şəmsiyyə Kərimova
üçün dünya Tovuz elindən başlayır...
Şəmsiyyə xanım bütün
yaradıcılığı boyu özünün xarakterini, tədqiqatçı
müşahidəsini qoruyub saxlayıb. Yəqin elə buna
görədir ki, cəsarəti sıyrılmış
qılınc kimi həmişə əlində olsa da,
heç vaxt yıxılana balta çalmağıyla
öyünən yol tutmayıb, özündən müştəbehlərə
isə sərt olub həmişə.
Onun böyüyüb tərbiyə aldığı
ailə öz sadəliyi, xeyirxah şəcərəsiylə
seçilib və Şəmsiyyə xanım da bu ailədə
doğulmaqla, bu şəcərənin
daşıyıcısı olmaqla, çoxuşaqlı ailənin
yükünü atasının yoxluğundan sonra mərhum
anası Xanım xala ilə birlikdə çəkməklə,
onu tanıyan hər kəsdə fəxr edən övlad təsiri
bağışlayıb. Bu, 70 yaşlı Vətən
övladı - bu yurdun, millətin jurnalist qızı, fəxarətli
söz sahibi Şəmsiyyə Musa qızı Kərimovanın
özüdür.
Daşdəmir ƏJDƏROĞLU
Ədalət .- 2025.-21 noyabr(¹).- S.13.