DAŞBULAQ VƏ
BADARA CAMAATI DOĞMA YURDA QAYITDI
Deyirlər ki, köhnə yurdun qədrini təzə yurdda bilirlər. Bu mənada
yurda dönmək, ocağa qayıtmaq özü də
Allahın insanlara bəxş etdiyi gözəl bir xoşbəxtlikdir.
Özü də bu xoşbəxtliyi insanlar beş il, on il deyil, düz otuz ildən
çox gözləyiblər. Onun üçün insanda öncə böyük səbr,
vətən sevgisi və sabaha olan ümid lazımdır.
Heç bir insan ümidsiz yaşaya bilməz. Ac qalmaq olar, susuz qalmaq olar, amma ümidsiz qalmaq
insanın diri-diri ölməsi deməkdir. Bunu da ən
çox çətin vəziyyətdə və çətin durumda olan,
yurd-yuvası yağmalanmış insanlar hiss edə bilərlər.
Onlar hiss edə bilərlər ki, dərd nədir, kədər
nədir, vətənsiz olmaq insanı hansı vəziyyətə
gətirib çıxarır.
Bax, beləcə dözümlü insanlar, səbrli
adamlar gec-tez öz vətənlərinə qovuşa bilirlər.
Xocalılıların başına
açılmayan oyun, baş verməyən faciə
qalmayıb. Yəni daşürəkli erməni faşistləri
Xocalını işğal edəndə onun daşını daş üstə
qoymadılar. İnsanları, qocaları, qadınları,
uşaqları, hətta xəstə adamları belə erməni cəlladları gülləbaran
etdilər, qətlə yetirdilər. Bununla da onların
kini-küdurəti soyumadı. Qətlə yetirilmiş yaşlı insanların,
qadınların və uşaqların dərisini soydular, gözlərini çıxartdılar. Biz bu səhnələri
məşhur jurnalist rəhmətlik Çingiz Mustafayevin
Xocalıda çəkdiyi və dünyaya
yaydığı kadrlardan
görmüşük. Görmüşük ki, o,
hönkürə-hönkürə ağlayır və
ölmüş uşağı qucağına alıb aparan əsgərimizə deyir ki,
onun başını qaldır,
qoy dünya görsün ki, ermənilər hansı vəhşiliyi törədib.
Bu dərdin, kədərin hamısını
xocalılılar yaşayıblar. Amma bu gün isə
onların həyatına, ömrünə günəş
doğub. Və o günəş onların 30 illik don vurmuş
duyğularını, hisslərini və istəklərini
oyadır. Heç şübhəsiz,
xocalılılar Vətənə qayıdanda ilk növbədə
qətlə yetirilmiş doğmalarını, əzizlərini
xatırlayırlar. Bir anlıq da olsa o ağır günləri,
ağır anları gözlərinin önünə gətirirlər.
Xocalının Daşbulaq və Badara kəndlərinə ilk
köç bir neçə ay bundan əvvəl olub. Həmin
günlərdə Daşbulaq kəndini 91 nəfərdən ibarət 21 ailə,
Badara kəndinə isə 117 nəfərdən
ibarət 31 ailə köçürülüb. Təbii ki,
onların hansı hisslər, hansı sevinclər
keçirdiyini çoxları yaxşı hiss edir. Amma
görünən odur ki, bu insanlar çox möhkəm iradəli,
dözümlü adamlar olublar. Çünki onlar inanıblar
ki, nə vaxtsa onların həyatında günəş yenidən
doğacaq, onlar yenidən doğma yurda, doğma ocağa
dönəcəklər. Bax, bu
istək və sevgi də onları daim yaşadıb və
ruhlandırıb.
Noyabrın 13-də isə Xocalının Daşbulaq və
Badara kəndlərinə ikinci köç baş tutub. Həmin
insanların çöhrəsində təbəssüm, ürəklərində
böyük sevgi hiss olunur. Daşbulağa 50 nəfərdən
ibarət 15 ailə köçürülüb. Onlardan biri ilə
- Nadir Namazovun ailə üzvləri ilə tanış oluruq.
Nadir qardaşımız deyir ki, biz hər axşam yatanda dua
edirdik ki, Allah-Təala bizə Vətənə dönməyi
qismət eləsin. Yuxularımızda o qədər kəndimizi
görmüşük ki. Hər dəfə yuxularımda kəndimizi görəndən
sonra hönkür-hönkür ağlayardım. Deyirdim görəsən,
ilahi, mən və ailəm Daşbulağa qayıda biləcəyikmi?
Amma Allah arzumuzu eşitdi və
bizi Vətənə döndərdi.
Bizi Vətənə döndərən həm də Ali
Baş Komandan, prezident İlham
Əliyev və Azərbaycan əsgəri oldu. Elə hər
gün də onlara dua edirəm. Şəhidlərimizə dua
edirəm, qazilərimizə dua edirəm.
Bizə üçotaqlı mənzil verilib, hər
cür şəraitimiz var. İnanın, birinci axşamı
yeni mənzilimizdə elə rahat yatdıq ki, heç otuz ildə
bir dəfə olsa belə xoşbəxt gecə
yaşamamışdıq. Əlbəttə, gərək sənə
verilən dəyəri, diqqəti
də qiymətləndirməyi bacarasan. Dövlətimiz və
hökumətimiz çox sağ olsun ki, bizim kənddə
onlarla ailəni doğma kəndə köçürüb.
İndi biz rahat nəfəs alırıq. Çünki
yaşadığımız Daşbulaq kəndində hər
cür infrastruktur inşa edilib. Yollar, işıq, qaz, su xətti
və sosial obyektlər. Bütün bunlar bizim kənddə
daha rahat yaşamağımıza kömək edir. Üstəlik
də söz veriblər ki, məni
və ailəmin bir üzvünü
işlə təmin edəcəklər. Adamın işi olandan sonra təbii
ki, dolanışığı da normaldır. Əlbəttə,
öz kəndimiz, öz evimiz dünyanın ən gözəl
yeridir.
Onun oğlu Natiq də
söhbətə qoşulur. Deyir ki, atam həmişə bizə təsəlli verirdi ki, səbrli
olun, Allahın köməkliyi ilə vaxt gələcək kəndimizə
qayıdacağıq. Onun Ulu Öndər Heydər Əliyevə
və prezident İlham Əliyevə çox böyük
inamı vardı. Deyirdi ki,
Ümummilli Lider Heydər Əliyev biz qaçqınlarla
görüşəndə bildirirdi ki, gec-tez öz yurdunuza
qayıdacaqsınız. Bu sözləri prezident İlham
Əliyev də dəfələrlə səsləndirmişdi.
İndi şükür Allaha, ailəmiz öz doğma
Daşbulaq kəndindədir. Buranın havası da, suyu da
çox gözəldir. Tək mənim deyil, kənd
camaatının hamısı yaradılmış şəraitdən
razılıq edir. Bütün bunlar onu göstərir ki, hələ
bizim xoşbəxt və yaxşı günlərimiz
qabaqdadır.
Badara kəndinin sakini Nəzirə Məmmədova
da sevincini gizlədə bilmir. O
da kəndə qayıdan 15 ailə
üzvündən biridir. Nəzirə xanım deyir ki, düzdür, bizim
kəndi ermənilər od vurub yandırdılar, daşı
daş üstə qalmadı. Amma yeni tikilmiş Badara da
heç də əvvəlki kəndimizdən geri qalmır.
Əksinə, burda bizim hərtərəfli
yaşamağımız və işləməyimiz
üçün gözəl şərait yaradılıb.
İki, üç, dördotaqlı mənzillər inşa
edilib. Bax, bundan gözəl nə
ola bilər?
Əlbəttə, günəş o yerdə isti və
hərarətli olur ki, orda Vətən olur. Qərib ölkədə
günəş çıxsa da, kefin ala buluddan nəm alsa da
yenə rahatlığın olmur. Amma kasıb ol, dilənçi
ol, heç nəyin olmasın, Vətənin olsun,
ocağın olsun, yurdun olsun. Adamın Vətəni, ocağı,
yurdu olanda özünü daha rahat və xoşbəxt hiss
edir. Bax, Xocalının
Daşbulaq və Badara kəndlərinə ikinci dəfə
köçən insanlar özlərini çox rahat və
xoşbəxt hiss edirlər. Allah sizin ocağınızı
bundan sonra da isti eləsin, ruziniz bol olsun, həyatınız
şən keçsin. Həmişə doğma ocaqda,
Daşbulaq və Badara camaatı!
Emil Faiqoğlu
Ədalət .- 2025.-21 noyabr(¹).- S.15.