Obama Türkiyəni ayağa qaldırdı

 

ABŞ prezidentinin tarixi səfərinə sevinənlər alqışlandı, kədərlənənlər təpikləndi

 

Barak Obama: "ABŞ-ın islam dünyası ilə savaşı yoxdur"

 

Soruşan olmadı:  niyə tualet, niyə içməli su?

     

   Tarixi səfərindən öncə istifadə edəcəyi əşyaları, cangüdənlərini, yükünü daşımaqdan ötrü istifadə ediləcək yük maşınlarını Türkiyəyə göndərən ABŞ prezidenti Barak Obama bu hərəkətlərinin qarşılığında qardaş ölkənin mətbuatının məzəmmətinə tuş gəldi. Obamanın əşyaları içərisində istifadə edəcəyi ayaqyolu və xüsusi olaraq qablaşdırılmış içməli su isə daha çox diqqət çəkən faktlardan idi ki, Türkiyə mətbuatı bu görüntülərin xoş niyyətdən xəbər vermədiyinə işarə edirdi. Buna baxmayaraq, ABŞ prezidentinin səfəri zamanı heç bir media orqanı bu faktın növbəti dəfə səslənməsinə imkan yaratmadı.

     

Obama Klinton və Buşdan daha tələskəniymiş

 

ABŞ prezidentinin özündən əvvəlki dövlət başçılarından, daha dəqiqi, Klinton və Buşdan fərqli olaraq seçildiyi gündən 75 gün sonra Türkiyəyə səfər etməsi isə onun islam ölkəsinə yaxşı münasibət sərgiləmək arzusu ilə əlaqədar olduğu deyilirdi. Ümumilikdə isə ekspertlər belə hesab edirdi ki, Barak Obamanın səfəri Əfqanıstan məsələsində Türkiyədən dəstək almağa hesablanıb.

     

ABŞ prezidentini Türkiyə prezidenti qarşılamadı

     

Nəhayət aprelin 5-i Türkiyə vaxtı ilə saat 21.15-də ABŞ prezidentinin uçağı Ankaranın Esenboğa hava limanında yerə endi. Martın 6-7-də bu ölkədə səfərdə olacaq dövlət başçısı təyyarənin qapısı açılandan 20 dəqiqə sonra trapda göründü. ABŞ prezidentini hava limanında dövlət naziri Mehmet Şimşək, Türkiyənin Vaşinqtondakı səfiri Nəbi Şensoy, ABŞ-ın Ankaradakı böyük elçisi Ceyms Jeffri, Ankara valisi Kamal Önal, Ankara qarnizonunun komandanı Mehmet Əmin Alpman, Ankara bələdiyyə başqanı Melih Gökçek qarşılayıb. Maraqlıdır ki, dünyanın birinci dövləti hesab edilən ABŞ-ın birinci şəxsini Türkiyənin birinci şəxsi Abdulla Gül qarşılamayıb. Belə izah olunur ki, Türkiyə prezidentinin hava limanına getməməsi protokol qaydasından irəli gəlir.

 

Qara ağa necə oxşaya bilərmiş?

 

Türkiyə mətbuatı konkret olaraq "Hürriyyət" qəzeti ABŞ prezidentinin səfərinə "VELKOM MR.PREZİDENT" başlıqlı manşetlə reaksiya verib. Qəzetin yazdığına görə, Obama onu qarşılayan dövlət adamları ilə görüşündən həmən sonra onu gözləyən limuzinə minərək qalacağı otelə doğru yola çıxıb. Türkiyənin "Habertürk" televiziyası isə ABŞ prezidenti üçün iki limuzin hazırlandığı, onlardan birində Obamanın oxşarının gedəcəyi barədə məlumat yayıb. "Habertürk"ün iddiasına görə, ABŞ prezidentinin oxşarı hesab edilən şəxs əslində Obamanın əksi olub. Yəni bu adam ağ dərili birisi imiş.

 

Sui-qəsdin qarşısı alınıb?

 

Bu arada ABŞ prezidenti Barak Obamaya qarşı sui-qəsdin qarşısının alınması ilə bağlı xəbərlər yayılıb. Türkiyə mətbuatına istinadən verilən xəbərdə deyilir ki, Türkiyə təhlükəsizlik xidmətinin əməkdaşları İstanbulda Suriya vətəndaşını həbs ediblər. O, sorğu-sual zamanı etiraf edib ki, "Əl-Cəzirə" telekanalının müxbiri kimi Türkiyədə keçiriləcək "Mədəniyyətlər İttifaqı" sammitinə daxil olmalı və orada Barak Obamaya bıçaq atmalıymış.

 

Olayla bağlı hələlik rəsmi açıqlama verilməyib

 

ABŞ prezidenti Barak Obama Türkiyəyə gözlənilən səfəriylə bağlı təhlükəsizlik tədbirləri bir neçə dəfə gücləndirilib. İstanbulun mərkəzi magistrallarında avtomobillərin hərəkəti günün ikinci yarısından etibarən dayandırılıb. Şəhər üzərindən mülki təyyarələrin uçuşu qadağan edilib. İstanbulda Obamanın təhlükəsizliyini 9 minə yaxın hüquq-mühafizə orqanlarının əməkdaşları qoruyub.

 

"Atatürkə sayğılarımı ifadə etdiyim üçün çox xoşbəxtəm"

 

Səfəri çərçivəsində ABŞ prezidentinin ilk səfər etdiyi yer Türkiyə Respublikasının keçmiş prezidenti Atatürkün uyuduğu movzeley olub. Obama Atatürkün mavzoleyinə çələng qoyub və xatirə dəftərinə ürək sözlərini yazıb. Televiziyaların kameraları xatirə dəftərini yana əyərək və sol əli ilə 5 dəqiqəlik ürək sözlərini yazan Obamanın bu pozasını diqqətdən kənarda qoymayıb. ABŞ prezidenti isə movzeleyin xatirə dəftərinə bu sözləri yazıb: "Ona sayğılarımı ifadə etdiyim üçün xoşbəxtəm. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk böyük bir dünyagörüşünə sahib olan, demokratiyaya doğru addımlayan, özündən sonra gələn nəsillər və bütün dünya üçün ilham mənbəyi olan çox önəmli bir liderdir". ABŞ prezidenti ürək sözlərinə Atatürkün məşhur "Yurdda sülh, cahanda sülh" sözlərini də əlavə edib.

 

Obama türk əsgərinə  "Mərhəba" dedi

 

Atatürkün məzarını ziyarətdən sonra Barak Obama Çankaya Köşkünə yola düşüb.Türkiyə prezidentinin iqamətgahı olan Çankaya Köşkündə B.Obamanın rəsmi qarşılanması mərasimi olub. ABŞ və Türkiyənin dövlət himnləri oxunduqdan sonra prezidentlər birlikdə əsgərləri salamlayıblar. ABŞ prezidenti türk əsgərlərini "Mərhəba, əsgər" deyə salamlayıb. Maraqlı məqamlardan biri də Obamanı mərasimdə xanım zabitin müşayiət etəmsidir.

 

Ermənistanla sərhədlərin açılma tələbini ABŞ prezidenti də səsləndirdi

 

Rəsmi qarşılama mərasimindən sonra Çankaya Köşkündə ABŞ və Türkiyə prezidentlərinin görüşü başlayıb. Görüşdən sonra B.Obama və A.Gül birgə mətbuat konfransı keçirib. ABŞ və Türkiyə prezidentlərinin Ankarada keçirdikləri mətbuat konfransının ilk sualı "erməni soyqırımı" iddiaları və Türkiyə-Ermənistan münasibətləri ilə bağlı olub. "Media forum" saytı xəbər verir ki, ABŞ prezidenti "soyqırım" məsələsi ilə bağlı mövqeyinin bəlli olduğunu söyləyib: "Açıqlamalarım qeydə alınıb. Mövqeyimi dəyişməmişəm, amma Ermənistanla Türkiyə arasında müzakirələr gedir. Məni cəsarətləndirən cənab Gülün liderliyi altında bir sıra mövzuda müzakirənin getməsidir. Bu müzakirələri izləyirəm. Bunlar yaxın dövrdə bəhrə verə bilər. Mən bu mərhələdə öz mövqeyimə, baxışlarıma deyil, Türkiyənin baxışlarına diqqət kəsilmək istəyirəm. Bütün dünya bu məsələdə bir nəticəyə gəlinməsi üçün barışdırıcı mövqedən çıxış etməli və Türkiyəni cəsarətləndirməlidir. Bu mövzuda irəliyə gedən yolu sürətlə başa vurmaq təmin olunmalıdır. ABŞ prezidenti olaraq yaxın gələcəkdə veriləcək açıqlamalarla bağlı bir söz demək istəmirəm. İndi ən önəmli məqam Türkiyə və Ermənistanın razılaşmaya gəlməsidir. Mən hörmətli Abdulla Gülə indiyə qədər apardığı son dərəcə uğurlu müzakirələrdə yardımçı olmaq istəyirəm. Kimsənin bu müzakirələri azdırmasını istəmirəm".

 

 

"Kimin haqlı, kimin haqsız olmasını siyasətçi necə biləcək?"

     

   Türkiyə prezidenti də bu suala cavabında "soyqırım" iddialarına münasibət bildirib: "Bu, tarixi bir hadisədir. O zaman bəzi ölkələr tərəfindən təxribat olub. Bir çox insan dünyasını dəyişib. Türklər böyük itkilər veriblər. Türkiyə yeni nəsillərə nifrət aşılamamaq üçün bunları şişirtməyib. Amma indi dünya bunu gündəmə gətirir. Tarixçilər, mütəxəssislər otursunlar, məsələni çözsünlər, biz hazırıq. Buna siyasətçilər qərar verə bilməz ki... Kimin haqlı, kimin haqsız olduğunu siyasətçi necə biləcək? Müştərək bir komissiya qurulsun, komissiya nə qərar verəcəksə, o olsun. Biz arxivlərimizi də açdıq. Hər kəsin gəlib baxa bilməsi üçün. Biz hər kəslə yaxşı münasibətdə olmaq istəyirik. Ermənistan vətəndaşları da Türkiyədə qazancını təmin edirsə, onda düşündük ki, niyə digər münasibətlərimiz də olmasın? Müzakirələrə başladıq və bu danışıqların ən yaxşı şəkildə nəticələnməsini istəyirik".

 

Birgə nahar

 

Ankarada səfərdə olan ABŞ prezidenti Barak Obamanın Türkiyə prezidenti Abdulla Güllə Çankaya Köşkündəki görüşündən sonra Obama ilə Gül birlikdə nahar ediblər. Nahardan sonra isə birgə mətbuat konfransı keçiriblər.Türkiyə prezidenti amerikalı həmkarı ilə görüşdə ikitərəfli münasibətlərin strateji əhəmiyyətinə diqqət çəkdiklərini söyləyib. O, terrorla mübarizənin iki ölkənin də əhəmiyyət verdiyi məsələ olduğunu vurğulayıb. Abdulla Gül əməkdaşlığın daha yüksək səviyyəyə çıxarılacağını bildirib. O, Obamaya Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmasını dəstəklədiyi üçün təşəkkür edib.

 

ABŞ prezidentini  kim həyəcanlandırıb?

 

B.Obama Türkiyənin ABŞ və dünya üçün önəmli ölkə olduğunu söyləyib. Türkiyənin Qərblə Şərq arasında körpü olduğunu deyən Obama vurğulayıb: "Hörmətli Gül və hörmətli Ərdoğanın liderliyi məni həyəcanlandırır". ABŞ prezidenti Türkiyə prezidenti ilə Əfqanıstandakı vəziyyəti, İraq məsələsini, dünyadakı problemləri, ticarət əlaqələrini müzakirə etdiklərini, strateji məsələlərə diqqət çəkdiklərini söyləyib. Barak Obama bu görüşün Türkiyə və ABŞ üçün faydalı olacağını bildirib. O, terrorla mübarizədə Türkiyəyə dəstək verəcəyini vurğulayıb. Güllə görüşünün çox səmimi atmosferdə keçdiyini bildirən B.Obama Türkiyə ilə münasibətlərin müsəlman dünyası ilə ABŞ-ı bir-birinə daha çox bağlayacağını söyləyib.

 

İstanbuldakı yanğın təxribatdır?

 

ABŞ prezidentinin Türkiyə səfəri bir çox kritik məqamaları ilə də yadda qalıb. Obamanın dünənə təyin olunan səfər proqramının icrasına başladığı ərəfədə İstanbulun Göstəri Mərkəzində böyük yanğın baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Yaşılköy rayonunda yerləşən və əvvəlki adı "Mydonose Showland" olan mərkəzdə səhər saatlarında başlayan yanğının qarşısını almaq mümkün olmayıb. Yanğından əvvəl partlayış səsləri eşidilib. İçəridə mərkəzin əməkdaşlarının olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları hadisənin təxribat olub-olmadığını araşdırır.

 

 "Rədd olsun Obama" deyən ağızlara dəyənək vuruldu

 

Təbii ki, Barak Obamanın Türkiyəyə gəlişinə sevinənlərlə yanaşı, kədərlənənlər də olub. Ankarada və İstanbulda Obamanın səfərinə etiraz edərək küçəyə çıxan türklər polislərin sərt təpgisi ilə üzləşib. Türkiyə televiziyalarındakı görüntülər polislərin etirazçılarla sərt davrandığını açıq-aydın göstərib. Polislər əsasən də gənclərin "Rədd olsun Obama", "Biz Əfqanıstana əsgər vermirik" şüarlarının eşidilməməsi üçün dəyənəklərlə onların ağızlarına zərbələr endirib. Yaralananların və saxlananların olduğu barədə informasiyalar var.

 

"Bəli, Türkiyəyə gəlişim mesajdır"

 

Prezident Abdulla Güllə görüş və birgə mətbuat konfransından sonra ABŞ lideri Barak Obama Türkiyə Böyük Millət Məclisindəki proqramına başlayıb. Burada Obamanı TBMM sədri Köksal Toptan qarşılayıb. Obama ilə Toptanın görüşü 15 dəqiqə çəkib.   

   Səfərdən öncə Türkiyə müxalifət liderlərinin Obama ilə görüşdən imtina etmələri barədə yayılan xəbərlər özünü doğrultmayıb. ABŞ prezidenti parlament müxalifətinin rəhbərləri Dəniz Baykal, Dövlət Baxçalı və Əhməd Türklə 5 dəqiqəlik görüşlər keçirəndən sonra TBMM-də çıxış edib.   

   Obama çıxışa "Məndən bu səfəri mesaj üçünmü həyata keçirirsən deyə soruşurdular. Cavabım çox sadədir - bəli!" sözləriylə başlayıb. ABŞ prezidenti Türkiyənin önəmli bir müttəfiq və Avropanın çox önəmli bir hissəsi olduğunu vurğulayıb. O, Atatürkün məzarını ziyarətdən çox təsirləndiyini deyib: "Atatürk tarixi dəyişdirən liderdir. Demokratik və dünyəvi Türkiyə Cümhuriyyəti Atatürkün ən böyük mirasıdır. Türkiyə Birinci Dünya müharibəsindən sonra fərqli yol seçə bilərdi, amma demokratik bir ölkə olmağı seçdi və bütün dünyanın sayğısını qazandı".   

   Obama ABŞ-ın müstəqilliyinə ilk dəstəyin türklərdən - Osmanlıdan gəldiyini qeyd edib: "Müstəqilliyimizi qazandığımız zaman bizə bir çox dostun köməyi oldu. Bunlardan biri də İstanbuldaydı - Sultan Əbdülməcid bizə üzərinə şeir yazılmış mərmər göndərdi. Sonralar dostluğumuz daha da gücləndi. Prezident Trumen da Türkiyənin müstəqilliyini qorumaq üçün yardım etdi. İki ölkə Koreyadan Kosovoya və Əfqanıstana qədər birlikdə çalışdı".   

   ABŞ prezidenti Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəklədiklərini söyləyib. O, Türkiyənin bir sıra islahatlar həyata keçirdiyini vurğulayıb: "Amma bu, Avropanın deyil, Türkiyənin xeyrinədir. Son bir neçə ildə dövlət təhlükəsizlik məhkəmələrini ləğv etdiniz. Cinayət Məcəlləsində islahatlar apardınız, mətbuat və toplantı azadlığına dair qanunları gücləndirdiniz. Kürdcə təhsil və yayınlardakı qadağaları götürdünüz".

 

"ABŞ-ın islam dünyası ilə savaşı yoxdur"

 

Obama çıxışında Türkiyə-Ermənistan münasibətlərinə toxunub: "Mən bu parlamentdə 1915-ci ildəki qorxunc olaylarla bağlı güclü fikirlər olduğunu bilirəm. Mənim fikirlərim haqqında çox şərhlər olduğunu da bilirəm. Ancaq irəliyə doğru ən yaxşı addım Türkiyə və Ermənistan xalqlarının dürüst, açıq və barışçı şəkildə birlikdə çalışmalarıdır. Türkiyə və Ermənistan liderlərinin tarixi və cəsur addımlar atdığını gördük. Bu müzakirələr yeni bir günün müjdəsini verir. Açıq bir sərhəd Türkiyə və Ermənistan xalqlarının birlikdə sülh və rifah içərisində yaşamalarına yol açar və hər iki ölkənin də mənfəətinə uyğun olar. Bu səbəbdən ABŞ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləməkdə və sərhədlərin açılmasını arzu etməkdədir. Qafqaz və Qarabağdakı problemlərin həllində önəmli rol oynaya bilərsiniz".  

ABŞ prezidenti Qərblə müsəlman dünyasının münasibətlərinə də yer verib. Obama Vaşinqtonun Türkiyəni Əfqanıstanda çox güclü müttəfiq saydığını bildirib. O, son illərdə islam dünyasında fərqli mövqelərin ortaya çıxdığını, lakin ABŞ-ın islam dünyası ilə savaşda olmadığını deyib: "İslam dünyası ilə yaxşı münasibətlərdə olmalıyıq. ABŞ-da çox ailədə müsəlman var. Mən də bunlardan biriyəm. Bilirəm ki, Türkiyənin gələcəyi ilə bağlı müzakirələri sevənlər var. Siz mədəniyyətlərin qovuşduğu bir yerdəsiniz. Ölkəni bu və ya digər yönə çəkməyə çalışanlar ola bilər. Amma Türkiyənin böyüklüyü hər şeyin mərkəzində olmasından qaynaqlanır".  

Çıxışını bitirməsi ilə kürsünü tərk edən Obamanı millət vəkilləri bir neçə dəqiqəlik alqışla müşayət ediblər. Zalda oturanların bəziləri ilə əllə görüşən ABŞ prezidentinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla qucaqlaşması diqqətdən yayınmayıb. O, parlamentarilərin əhatəsində TBMM-ni tərk edib.  

Səfərin ikinci günü Obama İstanbulda olacaq.

  

  

Ceyhun Musaoğlu 

 

 Ədalət.- 2009.- 7 aprel.- S. 1,6.