"ƏLİ İSAYEV ERMƏNİ
GÜLƏŞÇİSİNİN KÜRƏYİNİ
YERƏ VURDU"
Bu sözləri bizimlə söhbətində Güləş
Federasiyasının vitse-prezidenti Elçin Cəfərov dedi
- Elçin müəllim,
bu gün idmançılarımızın və eləcə
də pərəstişkarların sevincinin həddi-hüdudu
yoxdur. Axı asan deyil, Azərbaycan güləşçiləri
Vilnüsdə möhtəşəm qələbə
qazanıb.
- Bu qələbəni
biz asanlıqla əldə eləməmişik. Çünki
qələbəyə gedən yolun çox
enişli-yoxuşlu anları olub.
- İrandan Dünya kubokunu Azərbaycana gətirən güləşçilərimiz
Vilnüsdə xarüqələr
yaratdılar. 5 qızıl,
2 gümüş, 2 bürünc
medal. Bundan böyük sevinc ola bilməzdi.
- Sərbəst
güləşçilərimiz komanda hesabı ilə Vilnüsdə keçirilən Avropa çempionatında birinci
yerə çıxdı.
5 qızıl medal
qazandıq. Bunun özü bilirsiniz nə deməkdir? Yəni biz sübut
elədik ki, Dünya kubokunun təsadüfən sahibi olmamışıq.
- Avropa çempionatının canlı yayımla verilməsi döşək üzərinə çıxan hər bir güləşçimizin tamaşaçılar tərəfindən maraqla izlənməsinə şərait yaradırdı. Hər bir güləşçimiz qələbə uğrunda son saniyəyə qədər mübarizə aparırdı. Bizcə, bunların arasında Əli İsayevin erməni güləşçisinin kürəyini yerə vurmağı çox möhtəşəm bir qələbə oldu.
- Əli İsayev İranda da son saniyələrdə qazandığı
qələbə ilə
Dünya kubokunun ölkəmizə gətirilməsinə
əsas təkan vedi. Burda da iki dəfə püşk erməni güləşçisinin
xeyrinə çıxsa
da, son saniyələrdə
Əli İsayev gözəl fənd işlədərək möhtəşəm
bir qələbə qazandı. Bu qələbənin sevinci bizim hər birimizin ürəyində
qürur yaratdı ki, ermənilərdən qat-qat güclüyük
və istənilən
vaxt da onların
kürəyini yerə
vurmağı bacarırıq.
Allah qoysa, Qarabağı da belə bir güclə
geri qaytaracağıq.
- Qızıl
medal qazanan digər sərbəst güləş
üzrə idmançılarımız
da əsl kişilik göstərərək
rəqiblərinə üstün
gəldilər.
- Əlbəttə, Zəlimxan
Hüseynov, Camsulvara Camsulvarayev, Xetak Qazyumov qızıl medal qazanıblar. Onların son ana qədər
döşək üzərində
inamlı mübarizə
aparması hər şeyi həll edib.
- Qadın
güləşçilərimiz də Vilnüsdə keçirilən Avropa çempionatında yaxşı
güləşiblər. Bizcə, onların
da əməyi qiymətləndirilməlidir.
- Qadın
güləşçimiz Mariya
Stadnik rəqibini məğlub edərək
qızıl medal qazandı.
Onun inamlı mübarizəsi bizim hər birimizi sevindirirdi. Çünki Mariya görüşün
ilk anından rəqibindən qat-qat güclü olduğunu göstərə bilirdi. Ondan sonra Zümrüd
Qurbanhacıyeva da finala çıxdı. Düzdü, o, finalda rəqibini məğlub edə bilmədi, amma Zümrüd də yaxşı güləşdi.
O, gümüş medalı
əldə elədi.
- Elçin
müəllim, Azərbaycan
güləşçiləri Vilnüsdə keçirilən
Avropa çempionatında
görünməyən bir
qələbə qazandı.
Amma yunan-roma güləşi üzrə mübarizədə
idmançılarımız bir o qədər də yaxşı nəticə əldə etmədi.
- Əvvəllər Dünya, Avropa və Olimpiya yarışlarında yunan-roma güləşçilərimiz qızıl, gümüş medal qazanıblar. Ancaq son vaxtlar bu sahədə bir balaca problemlərimiz var. Vilnüsdə keçirilən Avropa çempionatında yunan-roma güləşi üzrə yarışda Şalva Qadavidze bürünc medal qazandı. Təbii ki, bizim imkanlarımız daha böyük idi. Yəni sərbəst güləşçilərimiz kimi, yunan-roma üzrə güləşçilərimiz də yaxşı nəticələr əldə etməli idi. Elə oldu ki, buna nail ola bilmədik.
- Avropa çempionatında yüksək yer tutmağımız güləşçilərimizdə
arxayınçılıq yaratmayacaq ki?
- Xeyr. Əksinə hər bir qələbə güləşçilərimizdə yüksək ovqat hissi yaradır. Çünki Azərbaycan Güləş Federasiyası və onun rəhbərliyi idmançılarımızın yüksək nəticə qazanması üçün hər cür şərait yaradıb. Elə bu şəraitin nəticəsidir ki, güləşçilərimiz həm Avropa, həm Dünya, həm də Olimpiya yarışlarında yüksək yerə sahib çıxırlar. Qarşıda güləşçilərimizi daha mötəbər sınaqlar gözləyir. Çalışacağıq ki, həmin yarışlarda da idmançılarımız öz uğurlarını təkrar eləsin, qələbələrinin sayını artırsın.
Söhbəti yazdı: Faiq QİSMƏTOĞLU
Ədalət.- 2009.- 7 aprel.- S. 8.