Xəzərdə möhtəşəm kurort adası yaradılacaq

 

"Zirə adasında qurulacaq layihəyə 4,5 mlrd dollar xərclənəcək"

 

Dünən Azərbaycanın "Avrositi Holdinq" Şirkətlər Qrupu "Zirə Sıfır İxrac Adası" layihəsinin təqdimatını keçirib.

Şirkətin maliyyə meneceri Kamran Quliyev bildirib ki, layihə Xəzər dənizində yerləşən Zirə adasında qurulacaq və 1 mln. kv. metr sahəni əhatə edəcək. Layihənin icrasında Danimarkanın "BIG Architects" şirkəti, "Ramboll" mühəndis şirkəti və "Pihl & Son" tikinti idarə edilməsi üzrə mütəxəssis şirkətlərinin dizaynerləri iştirak edir. "BIG Architects" şirkətinin memarı Kai Uve Berqmann isə bildirib ki, adada yaradılacaq yaşayış kompleksi külək enerjisindən qidalanacaq: "On min əhalinin yaşayacağı adada Danimarka istehsalı olan 16 külək dəyirmanı qurulacaq. Tikinti işləri zamanı yerli şirkətlərlə əməkdaşlıq ediləcək. Zirə adasında layihə çərçivəsində 4 və 5 ulduzlu otellər, 300 lüks villa, əhali üçün yaşayış binaları inşa olunacaq. Bakıdan adaya taksi gəmilər və vertolyotlar vasitəsi ilə gəlmək mümkün olacaq. Adada benzin və qazla işləyən avtomobilləri elektriklə işləyən minik maşınları əvəz edəcək. Memar bildirib ki, layihədə "Yeddi zirvə" konsepsiyası həyata keçirilir. "Yeddi zirvə"dən hər biri Azərbaycanın məşhur dağlarından birini simvollaşdırır. Hər bir zirvədə xüsusi və ictimai funksiyalar birləşir. Birlikdə dağlar adanın təbii topoqrafiyası ilə ahənglə qovuşan üfüqü formalaşdırır. Sıx və parlaq şəhər cəmiyyəti xüsusi kurortlar, qolf meydanları və çimərlikləri olan mərkəzi ictimai vadi ilə birləşir. Layihə 6-8 il ərzində tamamlanacaq. Bu müddətdə layihədə hər hansı dəyişikliyin aparılması da istisna olunmur. Hazırda dizayn sənədləri hazırlanır və yaxın bir il ərzində tikinti işlərinə başlamaq planlaşdırılır".

Layihə müəllifləri 1918-20-ci illərdə burada bolşeviklər və ermənilər tərəfindən qətlə yetirilmiş türk və Azərbaycan əsgərlərinin xatirəsinə abidə də yaradacaqlar. Danimarkalı mütəxəssis APA-ya açıqlamasında möhtəşəm abidənin adanın mərkəzi istirahət parkında quraşdırılacağını, adada ötən əsrin 30-cu illərində qətlə yetirilmiş insanların qalıqlarının isə başqa yerlərə köçürüləcəyini söyləyib.

Layihənin ilkin məbləğinin 4-4,5 mlrd. ABŞ dolları dəyərində qiymətləndirildiyini bildirən isə mütəxəssislər gələcəkdə məbləğin dəyişməsini istisna etmirlər. "Maliyyə böhranı işlərə təsir göstərməyəcək. Bu layihənin maliyyələşdirilməsində özəl sektorun, dövlətin və xarici investorların iştirakı mümkündür. Bu ada dövlətə məxsusdur və layihənin həyata keçirilməsi üçün "Avrositi" şirkətinə verilib. Layihə reallaşdıqdan sonra adada tullantılar xüsusi qurğularda utilizasiyadan keçəcək, çirkab sular təmizləndikdən sonra yaşıllıq sahələrinin suvarmasında istifadə olunacaq. İçməli su təchizatında isə dənizin təmizlənmiş suyundan istifadə olunacaq. Adadakı binalar Xəzər dənizi ilə əlaqələndirilən istilik nasosları ilə qızdırılıb soyudulacaq. Arxitekturaya birləşdirilmiş günəş istilik panelləri davamlı isti suyu təmin edəcək", - deyə K.U.Berqmann vurğulayıb.

 

 

V.Məmmədli

 

Ədalət.- 2009.- 8 aprel.- S. 7.