BİR MİLLƏT, İKİ DÖVLƏTİN PROBLEMLƏRİ

 

 Siyasi manevrlər dalana dirənib. Amerikanın Avropa Birliyinin təkidləri nəticəsində Türkiyə Ermənistanla sərhədləri açmaq məsələsində təkidlidir. Hələ bir müddət bundan əvvəl bu məsələ ilə bağlı Türkiyə rəsmiləri açıqlama verməkdən yayınırdı. Çox ustalıqla söhbəti fırlatmağa nail olurdular. Elə o vaxtdan Azərbaycan rəsmiləri bu məsələ ilə bağlı öz kəskin etirazını bildirirdi. Artıq cin şüşədən çıxıb. Türkiyə rəsmiləri birmənalı olaraq sərhədlərin açılmasının vacibliyinə bizi inandırmağa çalışırlar. Onların dediyindən belə nəticə çıxır ki, sərhədlərin açılması Qarabağ probleminin çözülməsinə şərait yaradar.

Müxtəlif televiziya kanallarında bu məsələ ilə bağlı Azərbaycan rəsmilərinin çıxışından Türkiyə rəsmiləri vaxtında düzgün nəticə çıxara bilmədi. Elə bir neçə gün bundan əvvəl Türkiyədə keçirilən "Mədəniyyətlər İttifaqı" gərginliyin hansı mərhələyə çatdığını ortaya qoydu. Əvvəlcədən məlum idi ki, Ermənistan prezidentinin dəvətli olduğu bu zirvə toplantısında Ermənistanla sərhədləri açmaq məsələsi gündəmə gələcək. Türkiyəyə Azərbaycan prezidenti İlham Əliyev dəvət olunmuşdu. Amerika prezidenti Barak Obamanın da qatılacağı bu tədbirdən İlham Əliyevin imtina edəcəyini Amerika prezidenti, Türkiyənin prezidenti baş naziri gözləyirdi. Prezidentimizin qətiyyət göstərərək toplantıya qatılmaması yəqin ki, onlarda şok terapeyası yaratdı. Qəzetlərin yazdığına görə, Türkiyə prezidenti Abdulla Gülün, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycan prezidentinə zəng etməsinə baxmayaraq, o, siyasi qətiyyət göstərərək toplantıya qatılmayıb. Əvəzində Təhlikəsizlik Şurasının iclasını çağıraraq milli təhlükəsizlik məsələləri ilə bağlı məsələləri müzakirə edərək deyib: "Həm regional müstəvidə, həm dünyada hər kəsə bəllidir ki, Azərbaycan etibarlı tərəfşdaşdır öz müstəqillik siyasətini davam etdirir. Bu siyasət ölkəmizin inkişafına xidmət göstərir. Eyni zamanda digər ölkələrlə münasibətlər uzunmüddətli əsaslar üzərində çox düzgün qurulur. Azərbaycanın siyasəti proqnozlaşdırıla bilən siyasətdir. Azərbaycanın siyasəti bölgədə sülhün, əmin-amanlığın təhlükəsizliyinin təmin olunması yönəldilib".

Dünən bir neçə iqtidar qəzeti ilə birlikdə müxalifət qəzetlərini vərəqlədik. Müxalifət qəzetləri ölkə prezidenti İlham Əliyevin bu qətiyyətini təqdir etməkdədir. Şübhəsiz ki, bunu milli həmrəylik yolunda ilk addım kimi qiymətləndirmək olar. Milli məsələlər olan yerdə siyasi iddialara, çəkişmələrə, mövqe döyüşlərinə yer yoxdur. Əgər bir olmasaq, milli mənafeyi şəxsi mənafelərə qurban versək, Qarabağ probleminin həllində müs bət nəticə əldə edə bilmərik. Ümummilli liderimiz Heydər Əliyevin "bir millət, iki dövlət" siyasətinə Türkiyədə hakimiyyətdə olan AKP rəsmiləri kölgə salmaq istəyir. Qarabağ problemi həll olunmadan Azərbaycanın başı üstündən, onun mənafeyinə zidd olaraq Ermənistanla iqtisadi əlaqələr yaratmaq genişləndirmək Türkiyənin üzərinə götürdüyü missiyanı - türk xalqlarının iqtisadi, mədəni birliyini yaratmaq məsələsini şübhə altında qoyur. Əgər Azərbaycan qol qoymasa, Türkiyənin keçmiş ittifaqdakı türkdilli xalqlarla hər hansı əlaqələr yaratması mümkün olan şey deyil. Artıq gərginlik özünün yeni mərhələsinə qədəm qoyur. Qəribədir ki, Ermənistan rəhbərliyi zirvə toplantısına qatılmaqdan boyun qaçırıb.

Bizə belə gəlir ki, bu gün Türkiyənin hakimiyyətdə olan AKP partiyasının ilderləri müəyyən itkilər hesabına Avropa Birliyinə can atır. Hələ bir neçə il bündan əvvəl Şimali Kiprlə bağlı müəyyən gərginliklər yaranmışdı. Şimali Kipr Türk Cümhuriyyətinin siyasi liderləri Türkiyənin öz dövlət marağını əsas tutaraq Yunanıstan dövləti ilə barışığa can atmaq niyyətindən əndişələnirdilər. Əndişə bununla bağlı idi ki, Türkiyənin həmin niyyətində Şimali Kipr Türk Cümhuriyyətinin xeyrinə olmayan məsələlər ortaya çıxmışdı. İndi eyni problem Azərbaycanla bağlı yaranıb. Sərhədləri açmaq məsələsində Ermənistandan çox Türkiyə tələsir. Ermənistandan yaxşı başa düşürlər ki, Türkiyə bu məsələdə siyasi manevr edir. Bir tərəfdən Ermənistanın "erməni soyqırımı" ilə bağlı iddialarını səngitmək istəyir, digər tərəfdən isə Avropa Birliyinə qatılmaq üçün birliyin üzvü olan dövlətlərin son bəhanələrini əllərindən almaq istəyir.

Tarix nəyisə yada salıb, ağlamaqdan kövrəlməkdən ibarət deyil. Tarix keçmişə baxıb gələcəyi qurmaqdan ibarətdir. XX əsrin əvvəllərində osmanlı türklərinin vəziyyəti ağırlaşmışdı. Bir neçə əsr əvvəl bizans imperiyasını darmadağın edərək mərkəzi şəhəri Konstantinapolu İstanbul şəhərinə çevirən osmanlı türkləri öz tarixlərinin amansız dövrünü yaşayırdı. Avropa Rusiyanın osmanlılara qarşı apardıqları ardıcıl müharibələr nəticəsində türklər öz imperiya iddialarından əl çəkməli olmuşdur. Hətta öz tarixi ərazilərini belə güzəştə getməkdən yayına bilməmişdilər. Belə bir çətin bir dövrdə onların siyasi ideoloqları "Turan" məsələsini ortaya atdı. Məsələ belə idi ki, I Dünya Müharibəsindən sonra dünyanın yeni siyasi xəritəsində türk dövlətlərinin vahid dövləti yaransın. Ancaq tarix çox vaxt sürprizlərlə dolu olur. Heç kəsin, heç bir dövlətin gözləmədiyi halda müharibənin qızğın dövründə Rusiyada inqilab baş verdi. Tarixdə yeni ictimai quruluş adı ilə çıxış edən sovet hakimiyyəti yarandı. Bir neçə türk xalqı ilə birlikdə Azərbaycan xalqı da yeni imperiyanın ərazisinə daxil oldu. Özü müstəqil respublika kimi. Şübhəsiz ki, bu müstəqilliyin adı var idi, özü yox. Bir neçə il keçəndən sonra Türkiyədə Atatürkün rəhbərliyi ilə yeni türk Cümhuriyyəti yarandı. Atatürk turançılıq iddiasından imtina etdi. dövlətin ideologiyasında turançılıqdan əsər-əlamət qalmadı. Çünki o vaxt Türkiyənin dövlət marağı bunu tələb edirdi. Əgər turançılıq iddiası ilə çıxış etsəydi həm Avropa, həm sovet hökuməti müstəqil türk cümhuriyyətini elə beşikdə ikən boğardılar. Qəribədir ki, həmin illərdə sovet hakimiyyətinin kəshakəs vaxtında türk cümhuriyyətindən Azərbaycana gələn ideoloqlar burada turançılıq ideologiyası yayırdılar. Nəticədə 37-ci ildə Azərbaycanın yüzlərlə ziyalısı, alimi, şair yazıçısı pantürkist panislamist ilə güllələndi, sürgünlərə göndərildi. Türkiyədə mühacirətdə olan müsavat hakimiyyətinin siyasi liderlərini 1931-ci ildə Rsiyanın təkidli tələbindən sonra türk qardaşlarımız Avropaya ikinci mühacirətə göndərdi, onları pərən-pərənə saldı. İndi onlar bizə ikinci müsibət yaşatmaq istəyir. Türkiyənin hakimiyyətdə olan AKP partiyası öz siyasi karyerası xatirinə ancaq Türkiyənin dövlət maraqlarına cavab verən addımlar atmağa başlayıb. Bir millət, iki dövlətin maraqları arxa plana keçməkdədir. Bizi bu vəziyyətdən ancaq ölkə prezidentinin siyasi iradəsi xalqımızın birliyi qurtara bilər. İlham Əliyevin son qərarı gələcəyə nikbin gözlə baxmağa imkan verir.

    

 

MƏHƏMMƏDƏLİ MUSTAFA

 

Ədalət.- 2009.- 8 aprel.- S. 6.