O, olduğu kimi də
görünürdü...
Eldar Sadıqov
haqqında çox eşitmişəm.
Sağlığında da, dünyasını dəyişəndən
sonra da. Təəssüf ki, onunla şəxsi
tanışlığımız olmayıb. Bununla belə,
Eldar müəllim haqqında eşidib-bildiklərimə
güvənərək onun işıqlı xatirəsini bir
yazı ilə yad etmək çoxdankı arzum idi. Unudulmamaq,
xatırlanmaq, yeni-yeni nəsillərə nümunə göstərilmək
haqqını isə qısa ömründə zəhməti və
qeyrəti ilə Eldar müəllim özü qazanıb.
Belələrinə xalq
arasında əməli-saleh insan deyirlər. Bəlkə elə
bu səbəbdən də Eldar Sadıqov haqqında yazı
öz-özünə yarandı. Onu unuda bilməyənlərin
- doğmalarının, dostlarının, keçmiş tələbələrinin
xatirələri bir-birinə calandı. Beləcə, Eldar
müəllimin ömürnaməsi vərəqləndi,
yüksək insani keyfiyyətləri bir-bir yada düşdü.
O, müəllim, dilçi və tərcüməçi
kimi, dost, qardaş və ata kimi, ziyalı və vətəndaş
kimi xatırlandı.
Eldar Sadıqov Tovuz
rayonunun Sarıtala kəndində meşə təsərrüfatı
işçisi İsmayıl kişinin ailəsində
boya-başa çatıb. Burada yeddiillik məktəbi bitirib. Orta
təhsilini qonşu Keşişkənddə tamamlayıb.
(Sonralar Keşişkənd Gədəbəy rayonunun inzibati ərazisinə
daxil edilib).
Ömür yolunun
başlanğıcı qardaşı, istefada olan polis polkovnik
leytenantı Bəxtiyar Sadıqovun yaddaşında belə
qalıb:
- Eldar əla qiymətlərlə
oxuyurdu. Bununla yanaşı, idmanla müntəzəm məşğul
olurdu, xüsusilə voleybolu sevirdi, rayon mərkəzinə
yarışlara gedirdi. Anamız Xatın idmanın onu
üzdüyünü güman edərək tez-tez
acıqlanırdı. Eldar musiqini də çox sevirdi.
Atamızın sazı var idi. Qardaşım Həsənə
tar, Eldara isə qarmon almışdılar. Eldar bu alətlərin
hamısında gözəl musiqilər ifa edirdi. Yaşca
kiçik olduğumdan alətlərə əl vurmaq mənə
qadağan edilmişdi. Lakin qardaşım evdə olmayanda mən
bu qadağanı pozurdum. Bir gün Eldar qəflətən gəlib
qarmonu əlimdə görəndə, doğrusu, qorxdum. Lakin
o, məni danlamadı. Demə, bayaqdan dayanıb dinləyirmiş
və "Cəlili" havasını necə ifa etdiyimi bəyənibmişg
Ömrü boyu belə olub: yaxşı işi həmişə
alqışlayıb. Səhvə qarşı isə
barışmaz olub. Bu səhvi doğma qardaşı etsə
belə...
Eldarın
uşaqlıqdan həyat yolunu müəyyən edən bir
marağı da vardı. Bu, dil öyrənmək həvəsi
idi. Lakin ucqar bir dağ kəndində o zaman xarici dili necə
öyrənmək olardı? Söhbət hələlik rus
dilindən gedir. O zaman rayonun heç də bütün kəndlərində
bu dildən dərs deyən müəllimlər yox idi. Amma
buraya bir rus qızı, cavan bir müəllimə gəlmişdi.
Eldar ondan əlavə tapşırıqlar alır, rus dilində
söz ehtiyatını günü-gündən
artırırdı.
Xoşbəxtlikdən kəndə
ingilis dili müəllimi də gəldi. Camal adında bir gənc idi. O illərdə ingilis dili müəllimlərini həmin zonada barmaqla saymaq olardı. Bu müəllimlərin kəndə gəlişi zərurətmi, təsadüfmü, yoxsa taleyin böyük bir bəxşişimi idi? Hər halda rus və ingilis dillərinin tədrisi bu obanın yeniyetmələrinin bir neçə nəslinin, onların sırasında Eldar Sadıqovun da həyat və sənət yolunu müəyyənləşdirən güclü bir amilə çevrildi.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev 1958-ci ildə Bakıya ali təhsil almağa gələn gənc Eldarın ürəyində həkim olmaq niyyəti tutduğunu söyləyir. Amma dilləri tez qavramaq qabiliyyəti, səlis tələffüzü onu tamamilə başqa bir səmtə aparırdı. Beləliklə, o, ingilis dili müəllimi olmağı qət edərək M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (ali məktəblərin adı o vaxt olduğu kimi verilir.F.S.) qəbul olundu. 1963-cü ildə ali təhsilini əla qiymətlərlə başa çatdırdığına görə müəllimləri onun institutda qalmasına qərar verdilər. Eldar müəllim 28 ilə yaxın bir dövr ərzində, yəni ömrünün sonuna kimi seçdiyi sahəyə və sənətə sadiq qaldı. 1991-ci ilədək Xarici Dillər İnstitutunun baş müəllimi oldu.
- Eldar gözəl müəllim idi. Onun tələbələrinə qarşı qayğıkeşliyi və tələbkarlığı bir-birini tamalayırdı. O, əsl vətəndaş, bütöv şəxsiyyət idi. Verdiyi sözə dəqiq əməl edirdi. Sözü ilə işi-əməli bir idi. Ziyalı qeyrəti ilə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, dilimizin saflığının keşiyini çəkirdi. Bir neçə xarici dil bilsə də,
ana dilinin vurğunu idi. Adi danışıq dilində belə,
əcnəbi sözlərin işlədilməsinə etiraz
edirdi. - Qəzənfər müəllim əziz dostunu belə
xatırlayır.
Həyat yolları 1970-ci illərin
əvvəlində Eldar Sadıqovu uzaq Afrikaya, Uqandaya, sonunda
isə İraqa aparmışdı. O, ezam olunduğu ölkələrdə
özünü həmişə bir mütəxəssis kimi
doğrultmuş, Azərbaycanı layiqincə təmsil etmişdi.
Ömür-gün yoldaşı, Bakıdakı 283 saylı məktəbin
ingilis dili müəllimi Arifə xanım deyir ki, əslində
onlar İraqda bir il qalmalı idilər. Lakin Eldar müəllimin
oradakı fəaliyyəti rəğbət doğurduğundan
onun iş müddəti daha üç il uzadıldı.
Deyilənləri 1980-ci ildə
SSRİ-nin İraqdakı səfirliyinin Eldar Sadıqova verdiyi
fəxri fərman da təsdiqləyir.
İllər keçir və
bu sənədlər tarixə çevrilir. Ən azı bir
insan ömrünün, bir ailənin, bir nəslin tarixinə.
Amma Eldar Sadıqovun Bakının 7-ci mikrorayonundakı mənzilində
kiçik bir qovluğa sığışmış elə sənədlər
də var ki, onlar artıq bir evin, bir ailənin çərçivəsindən
çıxaraq özünə daha geniş məkan
qazanır, xalqımızın, elmimizin, mədəniyyətimizin
tarixinin bir səhifəsinə çevrilir.
44 il əvvəl və bu
gün arasında "dilmanc"lıq edən sənədlərdən
məlum olur: 1965-ci ilin may ayında M.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram Teatrında M.F.Axundov adına Azərbaycan
Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri
fakültəsinin ingilis dili bölməsi tələbələrinin
iştirakı ilə V.Şekspirin "Otello" əsəri
səhnəyə qoyulur. Baş rolu Eldar müəllim
özü aparır.
Azərbaycan səhnəsində
ilk dəfə ingilis dilində obraz yaradan həvəskar aktyor
bu debütü ilə kifayətlənmir. Sonralar bu sahədə
də peşəkara çevrilir. Xalq artisti, professor Rza Təhmasibin
təkidi ilə M.A.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun dram və kino
aktyorluğu fakültəsini bitirir. 1970-ci ilin iyun ayında
Eldar Sadıqov Şekspirin "Hamlet" əsərini ingilis
dilində tamaşaya qoyur və baş rolda yenə də
özü oynayır. Azərbaycan Teleqraf Agentliyi bu hadisə
haqqında məlumat yayır.
Azərbaycan Dillər
Universitetinin tərcümə kafedrasının baş müəllimi
Səfər İsgəndərli o günləri belə
xatırlayır:
- Teatrda anşlaq idi.
Yadımdadır ki, tamaşaya Neft və Kimya İnstitutunda təhsil
alan çoxsaylı xarici tələbələr də gəlmişdilər.
Tamaşadan sonra onlar bir yerə toplaşaraq gördüklərindən
vəcdə gəldiklərini ingiliscə bir-birlərinə
söyləyirdilər. İngilis dilində tamaşa. Bu, o
zaman bütün keçmiş SSRİ məkanında analoqu
olmayan bir hadisə idig Bizim Eldar müəllimə Tanrı tərəfindən
hərtərəfli istedad və qabiliyyət verilmişdi. Onun
tələbəsi olmuşam. Virtuoz bir müəllim idi. Hər
dəfə Eldar müəllim mühazirə oxuyub, yaxud seminar
aparıb auditoriyanı tərk edəndə fikirləşirdik
ki, özünün zirvə dərsini o, məhz bu gün
keçdi. Amma ertəsi gün auditoriyaya eyni həvəs və
enerji ilə, daha yeni biliklərlə daxil olurdu.
Olduğun kimi görün,
yaxud göründüyün kimi ol. Bu sözləri
adını xatırlaya bilmədiyim hansısa dahi deyib.
Olduğu kimi görünənlər sözü ilə əməli
eyni olan insanlardır. Eldar müəllimin vicdanı kimi əli
də təmiz, qəlbi kimi alnı da açıq idi.
Biliyinin dərinliyi qədər
gözünün-könlünün toxluğu vardı.
Eldar Sadıqov Vətənini,
xalqını, elini-obasını sevən bir oğul idi. Kənddə
yaşayan böyük qardaşı İslam müəllim
deyir ki, Eldar dünyanın çox yerini tanıyırdı.
Bununla belə, hər yay istirahət etməyə doğma yerlərə
gəlirdi. Gələndə özü ilə bir çamadan
dəftər-kitab da gətirirdi. Axşamlar yazıb-oxuyurdu.
Gündüzlər də əliboş dayanmırdı. Kərənti
götürüb ot çalmağa gedirdi, çəpərin
sökülən yerini düzəldirdi. Bir dəfə
çalışıb bulağın tutulan gözünü
açdı. İndi camaat arasında bu çeşməyə
"Eldar bulağı" deyirlər. Çox sevdiyi bu yerdə
- Sarıtalada indi Eldar müəllimin ruhu əbədi qərar
tapıb...
Eldar Sadıqov
ocağının onun özünə layiq
çıraqyandıranları - üç
ağıllı-kamallı övladı var. İxtisasca ingilis
dili müəllimi olan qızı Könül xanım ata
ocağından pərvazlanıb, xoşbəxt ailə qurub.
Böyük oğlu Fərhan vaxtilə atasının
oxuduğu və işlədiyi ali məktəbi bitirib. Orxan isə
bu il Bakı Dövlət Universitetində təhsilini başa
vuracaq.
Eldar adlı
kökdən təzə pöhrələr boy
qaldırmaqdadır. Bu
ailədə balaca bir Eldar da böyüyür. Arzu edək ki,
bu körpə fidanlar babanın təkcə soyadını,
adını deyil, zəkasını, əqidəsini, saf əməllərini
də yaşatsınlar.
Flora SADIQLI
Ədalət.- 2009.- 9 aprel.- S. 6.