Türkiyəni necə dayandıraq?

 

Qoy, Türkiyə Ermənistan, Azərbaycan isə Türkiyə sərhədinə doğru irəliləsin

 

 Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda keçirilən "Mədəniyyətlər İttifaqı" toplantısına qatılmaması əməllibaşlı hay-küyə səbəb olub. Nəinki ölkə mətbuatı, eləcə dünya mətbuatı bu faktı diqqətdə saxlamağa çalışır.  

Azərbaycan mətbuatının iddiasına görə, İlham Əliyevin sammitdə iştirakdan imtina etməsi son zamanlar Türkiyənin Ermənistanla qurduğu sıcaq münasibətlə bağlıdır. Azərbaycanın dövlət başçısı bu jesti ilə demək istəyir ki, qardaş qardaşa badalaq gəlməz.  

Qəzetlərin yazdığına görə, İlham Əliyevi Türkiyə prezidenti Abdulla Gülün telefon zəngi belə razı sala bilməyib. Hadisənin ardından prezidentin Təhlükəsizlik Şurasının iclasını çağırması isə mətləbin daha dərində olmasından xəbər verir. Analitiklərin dəyərləndirməsinə inansaq, Azərbaycanın dövlət başçısı bununla Qarabağla bağlı vəziyyətin ürəkaçan olmadığına işarə edib. Səbəb kimi isə Türkiyəni göstərib.   

Dünən Türkiyə xarici işlər nazir Əli Babacanın Azərbaycan prezidentinin İstanbuldakı toplantıya qatılmamasının səbəblərini əks etdirən fikirləri yayılıb. Əli Babacan deyib: "Prezident İlham Əliyev proqramının sıxlığını səbəb göstərərək bu toplantıda iştirak etməyib. Biz rəhmətlik Heydər Əliyevin sözü ilə desək "tək millət, iki dövlətik". Hal-hazırda Cənubi Qafqaz önəmli bir transformasiya mərhələsindən keçir. Xüsusilə Rusiyanın Gürcüstanı işğalından sonra regional siyasətlərə yenidən baxmaq zərurəti meydana çıxdı. Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan Gürcüstan "Qafqaz sabitlik əməkdaşlıq platforması" yaratdıq. İndiyə qədər xarici işlər nazirləri müavinlərinin iştirakı ilə 2 iclas keçirmişik. Azərbaycan bu prosesdə yaxından iştirak edir. Əliyev proqramının sıxlığını əsas göstərərək burada iştirak edə bilməyəcəyini dedi. Biz Cənubi Qafqazın sülh rifah bölgəsi halına gəlməsini istəyirik. Biz Azərbaycanın Ermənistanla apardığı danışıqlara dəstək veririk. Əliyev bizim prezidentimizə baş nazirimizə proqramının sıx olduğunu bildirərək gəlməyəcəyini deyib, amma Azərbaycanın dövlət komitəsinin sədri burada iştirak edib".  

İstanbulda keçirilən "Mədəniyyətlər İttifaqı" toplantısından sonra jurnalistlərə açıqlama verən Türkiyənin xarici işlər naziri Əli Babacan belə deyib.  

Azərbaycan ilə Türkiyə arasında xüsusi münasibətlər olduğunu xatırladan Əli Babacan sözlərinə belə davam edib: "Yeni Müsavat" qəzetinin yazdığına görə, xarici işlər naziri jurnalistlərin bu mövzudakı təkidli suallarına cavab vermək istəmədiyini bildirib.   

Bu fakt bir daha göstərir ki, Rəsmi Ankara yürütdüyü ermənipərəst siyasətin düzgün olmadığı qənaətindədir. Bəs onda niyə türk qardaşlarımız inadlarından əl çəkmir, hər iki ölkənin jurnalistlərinin verdikləri "Türkiyə Ermənistanla sərhədləri açacaqmı" sualına konkret cavab vermirlər? Əslində məsələnin mahiyyəti aydındır. Bu proses başlamamışdan öncə Türkiyəni qardaş dövlətə qarşı səhv mövqe tutmağa Amerikanın vadar etdiyi deyilirdi. ABŞ-ın yeni prezidenti Barak Obamanın sələflərindən fərqli olaraq tələm-tələsik Türkiyəyə gəlməsi rəsmi Ankaranı rəsmi Ermənistanla daha sıcaq münasibətlər qurmağa səsləməsi bütün qaranlıq məqamlara aydınlıq gətirmiş olur.   

Göründüyü kimi vəziyyət o həddə çatıb ki, ABŞ, Türkiyə Azərbaycanın aydın haqlı mövqeyini nəzərə alır. Həqiqətən ölkəmiz növbəti təhlükə qarşısındadır. Belə olan təqdirdə Təhlükəsizlik Şurasının iclasının çağırılması təbii qarşılanmalıdır. Belə olan təqdirdə Azərbaycanın Türkiyəni bəyanat yağışına tutmağa haqqı var. Belə olan təqdirdə müxalifət partiyalarının Xarici İşlər Nazirliyinə məktub ünvanlaması məqsədəuyğun olardı. Məktubun məzmunu "Biz hansı səviyyədə dəstək versək , işin xeyrinə olar" sualına cavab tapmağa yönəlsə, qarşı tərəfi birliyimizlə hesablaşmaq məcburiyyətində qoyardıq.  

Həqiqətən Azərbaycan təhlükə qarşısındadır. Qeyri hökumət təşkilatları Prezidentin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını top atəşinə tutmaqdansa, bir araya gəlib orijinal yollarla Türkiyəni mövqeyindən çəkindirməyə çalışsalar, bəlkə vəziyyət dəyişər.   

Təsəvvür edin ki, akademiklər tələbələrin, tələbələr jurnalistlərin, jurnalistlər nəqliyyat sürücülərinin, nəqliyyat sürücüləri həkimlərin, həkimlər müəllimlərin, bir sözlə, müxtəlif peşə sahibləri bir-birinin əlindən tutub kütləvi şəkildə əvvəl ölkəmizdəki Türkiyə səfirliyinin, sonra ABŞ səfirliyinin yerləşdiyi binanın qarşısına toplaşırlar. Aksiya Türkiyə prezidenti Abdulla Güldən konkret cavab gəlməyənə qədər dağılmır.  

Bəlkə Türkiyənin baş naziri Ərdoğanın İsrailin Fələstində qırdığı körpələrin faciəsinə ağlamaqdan göz yaşı tükəndiyi üçün ermənilərin Qarabağdakı azərbaycanlılara divan tutmasına kədərlənə bilmir? Hər halda ortada yekə "bəlkə " tərəddüdü var. Bu tərəddüd aradan qalxmayana qədər oturmaq, hətta bir yerdə dayanmaq belə olmaz. Ancaq irəli getmək lazımdı. Qoy, Türkiyə Ermənistan, Azərbaycan isə Türkiyə sərhədinə doğru irəliləsin.   

... Azərbaycan ictimaiyyətinin Dağlıq Qarabağ problemi haqqında birlik nümayiş etdirməsi ABŞ prezidenti Barak Obamanı da məsələyə ehtiyatla yanaşmağa vadar edib. Qənaətimizə sübut kimi, cənab Obamanın Azərbaycan prezidenti İlham Əliyevə telefon açmasını göstərə bilərik. Evin yaydığı məlumata görə, telefon danışığının əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olub. Ev rəhbəri bu problemin həllinə dəstəyini çatdırıb iki ölkə arasında əlaqələrin güclənməsində israrlı olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidentinin mətbuat xidmətindən isə bildirilir ki, səmimi söhbət zamanı prezidentlər Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində əməkdaşlıq regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.  

ABŞ prezidenti Türkiyə-Ermənistan münasibətləri ilə bağlı ABŞ dövlətinin atdığı addımlar barədə danışıb. Azərbaycan prezidenti bu məsələ ilə əlaqədar Azərbaycan dövlətinin mövqeyini prezident Obamaya çatdırıb.  

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

Ceyhun Musaoğlu

 

Ədalət.- 2009.- 9 aprel.- S. 3.