"AKP-nin siyasəti Azərbaycana arxadan zərbə vurur"

 

 Deputatlar Türkiyə iqtidarını qınayır

 

Dünən Milli Məclisinin İqtisadi siyasət daimi komissiyasının növbəti dəfə keçirilən iclasında Türkiyənin Ermənistanla sərhədləri açacağına dair yayılan məlumatlar müzakirə olunub. Komissiya sədri Ziyad Səmədzadə və komissiya üzvləri Türkiyənin atmaq istədiyi bu addımın yanlış olduğunu vurğulayaraq, məsələnin Milli Məclis səviyyəsində müzakirə olunması, bununla bağlı parlamentin xüsusi bəyanatla çıxış etməsinin vacibliyini qeyd ediblər.   

Millət vəkili Vahid Əhmədov isə çıxışı zamanı Milli Məclisin bu məsələyə rəsmi münasibət bildirməli olduğunu söyləyib: "AKP iqtidarının apardığı siyasət Azərbaycana arxadan zərbə vurur. Bununla Ermənistan daha da güclənəcək".  

Millət vəkili Xanhüseyn Kazımlı da həmkarları ilə həmfikir olduğunu qeyd edib. Millət vəkilləri təklif ediblər ki, məsələ Milli Məclisin gündəliyinə salınsın və parlamentin bu məsələyə həsr olunmuş xüsusi iclası keçirilsin. 

 

Xaricdə yaşayan soydaşlarımız narahatdırlar

 

Məsələ ilə bağlı xaricdə yaşayan soydaşlarımız da öz narahatlıqlarını bildirirlər. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülə və baş naziri Rəcəb Tayyip Ərdoğana bəyanat ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı xəbərə görə, bəyanatda deyilir ki, son günlərdə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşacağına dair yayılan xəbərlər soydaşlarımızı ciddi narahat edir: "Erməni hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarını tərk etmədikləri halda Türkiyənin Ermənistanla sərhədləri açmasını təkcə Azərbaycan və türk xalqları deyil, dünya ictimaiyyəti Türkiyənin Azərbaycan xalqına xəyanəti kimi qiymətləndirə bilər". 

 

"Ermənistanla sərhədlərin açılmasını istəmirik" 

 

Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşması barədə xəbərlər Azərbaycan və Ermənistan sərhədində yerləşən İğdırda narazılıqla qarşılanıb. APA-nın məlumatına görə, bölgədə önəmli söz sahiblərin biri olan İğdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan da iğdırlı iş adamlarının Türkiyənin Ermənistanla sərhədləri açmağa qarşı çıxdığını bəyan edib.  

Azərbaycanda fəaliyyət göstərən iş adamları və jurnalistlərdə qardaş ölkənin belə bir addım atacağından narahat olduqlarını bəyan ediblər. Türkiyə Radio Televiziya Qurumunun Bakı təmsilçiliyinin rəhbəri Muhsin Yıldırım Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl Londonda verdiyi açıqlamada sərhədlərin açılması məsələsinə kifayət qədər aydınlıq gətirib: "Baş nazir bildirdi ki, Qarabağ problemi bitmədən bizim hər hansı anlaşmamız müzakirə mövzusu deyil. Bu cür açıqlamadan sonra mən hansı fikri söyləyə bilərəm? Türkiyənin baş naziri Azərbaycanın yanından olduğunu söylədi və bunu çox dəqiq ifadə etdi".   

"Zaman Azərbaycan" qəzetinin baş redaktoru Enes Cansevər də Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı xəbərlərdən üzüntülü olduğunu deyib. E. Cansevər Azərbaycanın problemlərini, sıxıntılarını Türkiyə ictimaiyyətinə çatdırmaq üçün bir müddət əvvəl Türkiyədən bir qrup jurnalistin səfərini təşkil etdiklərini də xatırladıb. E. Cansevər deyib ki, erməni məsələsi sadəcə Azərbaycanla bağlı problem deyil: "Erməni məsələsi Qarabağın işğalı ilə yanaşı, qondarma erməni soyqırımı və Türkiyəyə qarşı ərazi iddiaları deməkdir. Bu baxımdan yanaşdıqda, Türkiyə iki məsələdə uduzmuş olacaq. Türkiyə öz xalqına, öz vətəndaşlarına bunu necə izah edəcək? Mən hələ də Türkiyənin erməniləri məmnun edəcək bir addım atacağına inanmıram".   

"Dialoq Avrasiya" təşkilatının rəhbəri Mustafa Saatçı isə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı ilə bağlı yayılan məlumatları Türkiyənin rəsmi şəxsləri təsdiqləmədiyini söyləyib: "Türkiyə prezidenti Abdulla Gül sərhədlərin açılacağı ilə bağlı məlumatları təkzib edib. Baş nazir Ərdoğan da Dağlıq Qarabağ problemi həll olunmadan regionda bu istiqamətdə real addımlar atılmayacağını bildirib. Mən bu bəyanatların arxasında durulmasını gözləyirəm. Məncə, bu bəyanatların əksinə bir durum olarsa, tarixi bir yanlışlıq olar. Dağlıq Qarabağ və digər ərazilər azad edilmədən, qondarma erməni soyqırımı iddialarına son qoyulmadan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçilmədən belə bir mövzunun müzakirəyə çıxarılması düzgün deyil. Bu, AKP hökumətinin atdığı ən yanlış addımlardan biri olardı".  

Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı, Türk Müzik Birliyinin Azərbaycan üzrə təmsilçisi Kamal Cenk İçtenin də Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə münasibəti çox pisdir: "Ermənilərin Qarabağ məsələsi ilə bağlı Azərbaycana verdiyi əziyyətləri unutmaq olmaz. Bir türk olaraq sərhədin açıqlamasına qarşıyam və bu addımı heç vaxt dəstəkləməyəcəyəm. Hər bir türk övladı və müsəlman kimi bu məsələyə etirazımı bildirdim və bildirməyə də davam edirəm".

 

   

VÜSAL

 

Ədalət.- 2009.- 9aprel.- S. 7.