ALEKSANDR QORİN 30 İLDƏN
SONRA YENİDƏN BAKIDADI
Tanınmış musiqiçi Bakı Musiqi
Akademiyasında öyrəndiklərini tələbələrə
ötürmək istəyir
"Yol polisi əməkdaşlarının
hamısı "BMW"-də gəzir. Deməli, Azərbaycan
iqtisadi cəhətdən inkişaf edib"
Bakıya daha bir tanınmış
musiqiçi qonaq gəlib. Digərlərindən fərqli
olaraq, bu qonağın səfəri o qədər də səs-küy
yaratmayıb. Əslində Aleksandr Qorinə qonaq deməyə
adamın heç dili də gəlmir. Hər halda
ömrünün müəyyən bir dövrünü - tələbəlik
illərini Azərbaycanda keçirib. İndi Bakı Musiqi
Akademiyası adlanan o zamanki Konservatoriyanın tələbəsi
olub. Tələbəlik demişkən, musahibimizi gələcək
musiqiçilərin əhatəsində tapdıq. Bakıya gəldiyi
gündən işlətdiyi müvəqqəti mobil nömrəsinə
zəng vurub görüşmək üçün vədələşdik.
Hərə öz adətinə əməl elədi. Biz
gecikdik, o isə yəhudilərə məxsus dəqiqliklə
təyin olunan vaxtdan Bakı küləyinin altında bizi
gözləməli oldu.
Tanınmış orqan
ifaçısı Aleksandr Qorin "Ədalət"in
suallarını belə cavablandırdı:
- Ukraynada anadan olsam da Azərbaycanın
mənim həyatımda önəmli yeri var. Axı, 1975-80-ci
illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil
almışam. Rauf Atakişiyev və Zərə Cəfərova
kimi pedaqoqların sinfində oxumuşam. Ötən əsrin
90-cı illərindən İsraildə yaşayıram. Təl-Əviv
Musiqi Akademiyasında orqanda dərs deyirəm.
- Uzun fasilədən
sonra Bakıya qayıtmaq imkanı qazanmısız. Bu fürsətdən
necə yararlandız?
- Yenidən Azərbaycanda
olmaq mənim üçün xoşdur. Saatlarla Bakının
küçələrini gəzib-dolaşmaq istərdim. Axı,
gəncliyimin ən maraqlı dövrünü bu şəhərdə
keçirmişəm. Amma gəzib-dolaşmağa zamanım
yoxdu. Həm də mən turist kimi gəlməmişəm, səfərimin
başqa məqsədi var. Bakıda olduğum qısa müddətdə
konsert verdim, Musiqi Akademiyasının tələbələrinə
ustad dərsləri keçdim. Onu da deyim ki, konsert
dahi bəstəkar Mendelsonun anadan olmasının 200 illiyinə
həsr edimişdi. Səfərimin təşkilində
əməyi keçən
hər kəsə təşəkkür etmək
istəyirəm. İki
şəxsin adını
isə xüsusi vurğulamaq yaxşı olardı. Bilirəm ki, Bakı Musiqi
Akademiyasının rektoru,
professor Fərhad Bədəlbəyli
və professor Tahirə
xanım Yaqubova bu işdə böyük əmək sərf ediblər.
- Bakılılar
konsertinizi necə qarşıladılar?
- Çox gözəl. Musiqi Akademiyasının
böyük zalında
boş yer yox idi. İsrailin
Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Artur Link də öz xanımı ilə konsertdə iştirak etdi. Konsertin əlamətdar olan daha bir cəhəti
ondan ibarət idi ki, Musiqi
Akademiyasının belə
yüksək səviyyədə
təmirindən sonra
ilk dəfə böyük
konsert keçirilirdi.
Bu fakt məni sevindirməyə bilməz.
Azərbaycan muğamlarını
dünyada tanıtdıran
xalq artisti Alim Qasımov da konsertimi dinləyənlər
arasında idi. Konsertdən sonra onunla
- Alim Qasımovla birgə layihələriniz ola bilərmi?
- Niyə
də olmasın. Amma ilk görüşdən
bu barədə danışmaq hələ
tezdir. Əməkdaşlığımız
barədə bəzi söhbətlərimiz oldu.
Lakin yenə deyirəm, bunlar hələlik yalnız ideya şəklindədi.
- Səfəriniz
müddətində ustad dərsləri keçdiyiniz tələbələrin
səviyyəsi sizi qane etdimi?
- Bakı
Musiqi Akademiyasında istedadlı tələbələr
həmişə çox
olub. Bu ənənə
indi də davam edir. Tələbələrin
bacarığı, klassik
musiqiyə marağı
məni qane etdi. Ümumiyyətlə,
Bakıda klassik musiqiyə həmişə
böyük maraq olub. Musiqi Akademiyasının
rəhbərliyi gənc
nəsildə klassik musiqiyə marağı yaşatmaq üçün
böyük əmək
sərf edir. Hələ mən xərclənən pulları
demirəm. Axı, Bakıda yeganə orqan aləti indi yalnız bu akademiyanın binasındadı və onun işlək vəziyyətə gətirilməsi,
saxlanılması böyük
vəsait, diqqət tələb edir. Bu gün dünyanı iqtisadi böhran bürüdüyü bir zamanda heç kim klassik musiqinin
təbliğinə pul
xərcləmək istəmir.
Axı, biz şou-biznes
nümayəndələri deyilik.
Bizim səfərlərimiz,
konsertlərimiz gəlir
gətirmədiyindən sponsorlar
daha çox şou-biznesdəkilərlə əməkdaşlıq
etmək istəyirlər.
- Keçmiş tələbə
yoldaşlarınızla görüşə bildinizmi?
- Aradan xeyli vaxt
keçdiyindən onları tapmaq o qədər də asan
deyil. Bəziləri də mənim kimi xarici ölkələrdə
yaşayırlar. Amma tanışım Adil Minbaşı ilə görüşmək mənim
üçün xoş
oldu. Hüquqşünas
və ziyalı kimi Adil bəyə
böyük hörmətim
var.
- Bayaq dediyiniz kimi, indi
zaman başqa zamandı, hər şey dəyişib. Elə
sizin bir vaxtlar gördüyünüz Bakı da...
- Doğrudan da Bakı
inanılmaz şəkildə dəyişib və inkişaf
edib. Düzdü, aradan bir cavanın ömrü qədər vaxt keçib. Amma ötən bu illər ərzində
Bakı böyük inkişafa nail ola bilib. Şəhəri tanımaq mümkün deyil. Göydələnlər,
uzun-uzadı avtomobil tıxacları, xarici şirkətlərin reklam
lövhələri... Axundov
adına kitabxana ilə Hökumət Evini görən kimi tanıdım. Müşahidə etdiyim bir mənzərə isə məni əməlli-başlı təəccübləndirdi.
Yol polisi əməkdaşlarının hamısı
"BMW"-də gəzir.
Deməli, Azərbaycan
iqtisadi cəhətdən
inkişaf edib.
Aleksandr Qorin sabah Bakını
tərk edib özünə vətən seçdiyi İsrailə
yollanacaq. Bir vaxtlar təhsil almaq istədiyi şəhərə yenə
gəlmək istəyir.
Deyir ki, təki budəfəki ayrılıq 30 il çəkməsin.
Etibar CƏBRAYILOĞLU
Ədalət.- 2009.- 10 aprel.- S. 6.