Sərhəd məsələsi
Türkiyəni qarışdırır
Turqut Ər: "Azərbaycanın hər halında Türkiyə bu ölkənin yanında olmalıdır"
Dünən Türkiyə Böyük
Millət Məclisinin
(TBMM) xarici əlaqələr
komissiyasında Ermənistanla
sərhədlərin açılması
məsələsi ilə
bağlı müzakirələr
aparılıb.
Türkiyə mətbuatının məlumatına
görə, müzakirələr
zamanı millət vəkilləri arasında
ciddi mübahisələr
olub. Komissiyanın müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat
Partiyasından (MHP) olan
üzvləri sərhədlərin
açılmasına etiraz
ediblər.
CHP-dən
olan millət vəkilləri "Ermənistan
Azərbaycana təcavüzünü
dayandırmadan, işğal
etdiyi Azərbaycan torpaqlarını boşaltmadan,
qondarma "soyqırımı"
iddialarından vaz keçmədən, Türkiyənin
ərazi bütövlüyünü
tanımadan sərhədlər
açılmamalıdır", - deyə bildiriblər.
Deputat Canan Arıtman "AKP tələsik
sərhədləri açmaq
istəyir, Azərbaycanı
küsdürmək olmaz",
- deyib.
Onlar bununla bağlı hazırladıqları layihənin komissiyada səsverməyə çıxarılmasını istəyiblər. Komissiyanın sədri Murad Mərcan isə belə bir səlahiyyətinin olmadığını deyib. Onlara MHP millət vəkilləri də dəstək verib. Millət vəkillərinin israrından sonra komissiya sədri əsəbiləşərək iclası tərk edib.
"Kimsə sərhəd
açılması addımını
atsa, Türk insanı bundan geri döndərər"
Bu sözləri
Türkiyənin Azərbaycandakı
səfirliyinin sabiq mətbuat katibi Turqut Ər ölkəsinin son vaxtlar Ermənistanla sərhədlərin
açacağına dair
müzakirə edilən
xəbərlərlə bağlı
lent.az-a eksklüziv müsahibəsində
deyib.
"Azərbaycan və Azərbaycan ictimaiyyəti təbii ki, Türkiyə üçün fövqəladə dərəcədə önəmlidir. Ancaq Türkiyə və Türk dünyası üçün daha da önəmli olan Türk dünyasının birlik və bərabərliyidir. Bu birlik və bərabərlik isə Türk dünyasını meydana gətirən dövlətlərin milli mənfəətlərinin daima öndə tutulmasıdır. Bu milli mənfəətlər bütün Türk dövlətlərinin və Türk toplumlarının milli siyasətləri olmalıdır. Azərbaycanın illərdir haqsız yerə torpaqları işğal olunaraq evindən, yurdundan, obasından edilmiş 1 milyon insanı var. Onlar hələ də öz yerlərinə dönməyiblər. Hansı ki, bu iş belə qalacaq da deyil. Türkiyə bir milli siyasət olaraq onların öz torpaqlarına dönmələrini ermənilərə bir şərt olaraq qoyub. Nə üçün? Ona görə ki, bu, haqsızlıqdır, dünyada ən böyük cinayətdir. Türkiyənin Ermənistanla əlaqələr qurması üçün bu və başqa şərtlərin yerinə yetirilməsi lazımdır. Türkiyənin başqa şərtləri isə Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı torpaq, "soyqırım" iddialarından vaz keçməsi və Türk dünyası ilə normal davranmalarıdır. Türkiyə bunları şərt olaraq qoyub və bu şərtlər hələ də qüvvədədir - mənim gördüyüm, bildiyim qədər bu belədir. Türkiyənin bundan vaz keçməsi mümkün deyil, imkan daxilində deyil. Çünki Türkiyə Cümhuriyyətini meydana gətirən toplum buna hər zaman qarşı olub, bundan sonra da qarşı olacaq. Türkiyə iqtidarının belə riskə gedəcəyi qənaətində deyiləm. İstər ABŞ desin, istər İngiltərə desin, istər Avropa Birliyi desin - ümumiyyətlə, kim deyir-desin - bu, Türk dünyasına qarşı edilən bir cinayət olar. Azərbaycan dövləti, Azərbaycan xalqı açıq şəkildə buna qarşı çıxmalıdır ki, Türkiyədəki buna qarşı olanlar, vətənsevərlər də qalxaraq bu işə, bu siyasətə qarşı olsunlar. Uzun zamandır Türkiyədəki qəzet qurumları, iqtidar partiyası da daxil olmaqla siyasi qurumlar, millət vəkilləri buna qarşı çıxıblar. Həmçinin, mən də şiddətli şəkildə buna qarşıyam. Hər zaman, Azərbaycanın hər halında Türkiyə bu ölkənin yanında olmalıdır, bu milli siyasəti davam etdirməlidir".
Turqut Ər bildirib ki, hazırda Türkiyədə iqtidarın sərhədlərin açılması ilə bağlı addım atması bir rəvayətdir. "Ancaq digər tərəfdən, belə bir addımın atılacağı görünür kimidir. Sizin dediyiniz, yəni səsini duymadığınız, mövqeyini eşitmədiyiniz əhali buna qarşıdır. Küçələrdə, şəhərlərdə, kəndlərdə hansı insandan soruşsanız, hansı yaşda, hansı təhsildə olmasından asılı olmayaraq, sərhədin açılmasına qarşı çıxarlar. Türkiyədəki əhalinin durumu, mövqeyi budur. Yəni, mövqe belədir ki, hər zaman, Azərbaycanın hər halında Türkiyə xalqı, Türkiyə ictimaiyyəti yanında olacaq".
Ər onu da bildirib
ki, Azərbaycanlı qardaşlarımız, o böyük,
gözəl insanlar narahat olmasınlar. Türkiyə
Cümhuriyyətini yaradan
insanlar, Türk insanları Azərbaycanın
bu milli məsələsində onların
yanındadır. Bundan
narahat olmasınlar. Sərhədin açılması
kimi addımı heç kim ata bilməz, əgər edərsə, bundan geri döndərərlər.
Türk insanı döndərər.
"Türkiyə həssas bir ölkədir. Azərbaycanda bəzi qurumlar və bəzi mətbuat belə yazılar yazır ki, əgər Türkiyə sərhəd məsələsində belə bir addım atarsa, bu ölkəyə qaz, neft və neft məhsulları verilməsi dayandırılacaq. Belə təhdid kimi şeylər əks reaksiya verə bilər. Mən bunu Azərbaycanın bir dostu kimi söyləyirəm. Azərbaycandakı mətbuat və xəbər orqanları, həmçinin, ictimaiyyət buna çox diqqət etməlidir".
Bu arada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərə dair yeni bəyanat verib.
Cənab Ərdoğan bildirib ki, əgər Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesi bir nəticə verməsə, Ankaranın Yerevanla yaxınlaşmasından söhbət gedə bilməz.
İstanbulda jurnalistlərlə söhbət zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycanla Ermənistan arasındakı problem öz həllini tapmayana qədər Türkiyə ilə Ermənistan arasındakı prosesi inkişaf etdirmək çətindir.
Baş nazirin sözlərinə görə, hal-hazırda əgər aşağı səviyyədə bəzi texniki danışıqlar aparılırsa, bu danışıqların səbəbi - Azərbaycan və Ermənistan arasındakı prosesi bir qədər qabaqlamaq üçün hazırlıq aparmaqdır.
Cənab Ərdoğan münaqişənin indiyə qədər həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun səylərinin nəticə verməməsini təəssüflə qeyd edib.
O, eyni zamanda, Türkiyənin Qafqazda sabitlik naminə bir çox müsbət addım atdığını bildirib.
Baş nazir müxalifət partiyalarının məsələyə
yanaşma tərzini də çirkin yanaşma və böhtan kampaniyası kimi qiymətləndirib. O deyib:
"Əgər Ermənistan
ilə Azərbaycan arasındakı proses nəticə verməsə,
heç vaxt Ankaranın Yerevanla yaxınlaşmasından söhbət
gedə bilməz".
O əlavə
edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
yolunda heç bir addım atmamaq çıxış
yolu deyil, Türkiyə dövləti
münaqişənin həllinə
çalışmalıdır.
Lakin Rəcəb Tayyib Ərdoğan aprelin 16-da Ermənistanla Türkiyə
arasında sərhədin
açılıb-açılmaması məsələsinə dair
hər hansı konkret fikir söyləməyib.
Səbuhi
Ədalət.- 2009.- 10 aprel.- S. 5.