ÜZÜ QİBLƏYƏ
QİBLƏSİZ KİMİ GÖRÜNƏN YAZI
Mən də
müsəlmanam, a şirvanlılar...
M.Ə. Sabir
Dünən
"Şərq" qəzetində
həmkarım Məlahət
Rzayevanın "Paytaxt
məscidlərinə ziyarət"
başlıqlı yazısını
oxudum. Allah ziyarətini
qəbul eləyə!
Mətbuatda Məkkədə
bir neçə, əslində bir neçə yox, filan qədər məscidin minbərinin sırf qiblə tərəfdə olmadığı
haqda gedən yazılardan sonra Məlahət xanım çox xeyirxah və gərəkli bir iş görüb,
əlinə kompas (qiblənüma) götürüb
Bakıda əlçatan
məscidləri ziyarət
eləyib və balaca bir təftiş
aparıb. Əvvəl
başdan deyirəm ki, xanımın getməyə imkanı olan bütün məscidlərdə qiblənin
istiqaməti düzgün
olub. Yəni möminlər arxayın ola bilərlər ki, duaları ünvana düzgün yönəldilib. Daha çatıb-çatmadığı dua edənin səmimiyyətindən, inancından,
dərgahın dua qapısının açıq
olub-olmamasından və
Tanrının məsləhətindən
asılıdı. Deyək
ki, Allah qəbul eləyə!
Mən şəriət
sahəsində çox
bəsit bilgiyə malikəm, amma bəzən din xadimlərindən
də eşidirəm ki, "Allah rəhmət eləsin" "Allah qəbul
eləsin" kimi ifadələr bir növ hökm, sifariş kimi səslənir, gərək
bunları arzu edənlər onu elə arzu kimi
də bildirələr,
yəni "Allah rəhmət
eləyə" "Allah qəbul
eləyə" kimi,
ya da "Kaş Allah qəbul eləsin", "Kaş
Allah rəhmət eləsin"
kimi arzu bildirmək gərəkdir.
Amma məclislərdə
elə mollaların özü sifariş verir ki, "Allah rəhmət eləsin",
biz qara camaat üstünə bir "amin" də qoyub sifarişi təkrar eləyirik. Əslində buna bir aydınlıq gətirilsə, heç də ziyanı olmaz. Bunlar sözgəlişidi,
başqa məqamlar da var.
Həmkarımın yazısında
gəzdiyi bütün
məscidlərdə ibadət
edənlərin demək
olar ki, olmaması vurğulanır.
Mən qətiyyən
bunu dinə sayğısızlıqla bağlamıram.
"Xidməti roman və
ya işdə məhəbbət macərası"
filmində belə bir epizod var:
iş gününün
qızğın vaxtında
inventar yazanlar kabinetə girib başlayırlar təftişə.
Müdir əsəbiləşəndə
köməkçi deyir
ki, onlar da bizim kimi
saat 9-dan 6-ya qədər
işləyirlər. Yəni
onların da iş vaxtıdır. Ola bilsin ki, Məlahət
xanım məscidlərdə
olan vaxt möminlərin də iş vaxtına düşüb, maşallah,
indi işsiz axtaranda hər yerdə əlin boşa çıxır.
Amma məscidlərin bəzilərində oğurluqların
olması oraya gələnlərin hamısının
heç də həqiqi, imanlı mömin olmadığından
xəbər verir. Yenə bir misal
çəkim: Deyir sovet hökumətinin vaxtında bir yaxşı vəzifəli
əyalət adamı
Moskvada, Kremldə bir məmura rüşvət aparıbmış.
Əlində həm də özünə lazım əşyalar, pulu olan çemodan
da var imiş.
Daha kabinetə çemodanla girməyəcəkdi
ki. Arxayın olur ki, Kremldi,
burada oğurluq olmaz - çemodanı koridorda qoyub girir içəri. Rüşvəti verib çıxanda görür
ki, çemodan yoxdur. Hay-küy salır, nəzarətçi
gəlir və onu "başa salır". Qolundan tutub koridorun başındakı heykəlin
yanına aparır:
- Bu kimin
heykəlidi?
- Əlbəttə
- Bəs
onun əlindəki nədir?
- Şapqası!
- A kişi,
görürsən Lenin özü
şapqasını əlindən
qoymur ki, əkişdirərlər, koridora
çemodan qoyarlar?
Qaraçuxur məscidinin
qapısının yanındakı
elan deyəsən, oranın mollalarının
yumor hissindən məhrum olmadığını
göstərir: "Rəhmətə
gedənlər üçün
hər cür şərait var". Həmkarım məsləhət
görür ki, "Dəfn mərasimi üçün hər cür xidmət göstərilir" yazsınlar.
Olar, amma diriləri o qədər də cəlb eləyən elan deyil, belə çox standartdı ey... Amma olduğu
kimi orijinal və cəlbedicidi. Hətta dəfn olunmaq istəyənlər
üçün də...
Həmkarımın Təzə
Pir məscidində ibadət edənlərin sayı haqda verdiyi məlumat elə onun özünün
də yumor hissinin güclü olduğundan xəbər verir: "Burada da iki-üç qadın, 5-19 kişi ancaq olardı"... Yadıma kriminal xəbərlərdə verilən,
"ölənlərin sayı
1-dən çoxdur, hər
100 nəfərə 16,8 ölü
var" ifadələri
düşdü və
o dəqiqə də çıxdı... Amma bir cümlə heç cür yadımdan çıxmır:
"Cümə məscidində
də qiblə demək olar ki, düz idi".
Bacı, nə danışırsan, "demək
olar ki" nədi? Sən canın, camaatın ürəyinə şəkk
salma, bu, ayıb da olsa,
"bir az hamilədir" cümləsinə
oxşayır. Onun
"bir az"ı olmadığı kimi, bunun da "demək olar ki"si olmur. Bu, ən azından duanın "mimo" keçməsi deməkdir...
Düzünə qalsa, mən Məkkədə bir çox məscidlərdə qiblənin
düz müəyyənləşdirilmədiyinə
inanmıram. Məlumdur
ki, qiblə Kəbənin - Beytullahın
- Allahın evi səmtidir. Əgər şəhərdə digər
məscidlərdən biri
Məscidül-Həramın şimalındadırsa, onun
minbərinin, yəni qibləni göstərən
istiqamətinin üzü
cənuba olması və ya əksinə,
cənubdakı məscidin
qiblə istiqamətinin
üzü şimala olması təbii görünür. O digər,
uzaq yerlərdir ki, məscidin minbəri uzaqdakı - Məkkədəki Kəbə
istiqamətində tikilir
və bütün məscidlərdə eyni cür görünür. Yox, əgər memar, usta minbəri
düz qiblənin istiqamətində tikməyibsə,
məncə, bunun günaha möminlərdə,
namaz qılanlarda yox, minbəri tikənlərdədir. Hər
halda, buna da din alimlərinin aydınlıq gətirməsi
yaxşı olardı.
Bir məqamın
da üstündə dayanmalı oluram. Ziyarətçi-jurnalist yazır
ki, məscidlərin təmirli olub-olmamasından,
möminlərin ibadətə
gəlib-gəlməməsindən, oralarda oğurluğun miqdarından asılı olmayaraq, "Azərbaycanın
əksər məscidlərinin
ayrılmaz "atributu"
- nəzir qutusu cağbacağ yerində -
düz qapının ağzında idi". Daha bu olmadı
ki. "Ayrılmaz"
yox, "vacib, əsas" atributu yazmalıydı. Nəzir qutusuz məscid olar? Hələ bir çox məscidlər möminlər
əziyyət çəkməsin
deyən səyyari qutularını məscidə
yaxın avtobus dayanacağında da yerləşdirirlər. Yəni
birdən məscidə
gəlmək əziyyət
olar, qoy nəzirlərini elə oradaca versinlər. Özümüz də qayğının azlığından
gileylənirik. Yeri düşməsə də,
daha bir misal: Deyir bir
qoca qarı çətinliklə yolu keçib nəzir qutusuna pul atır
və arzulayır ki, canı sağlam
olsun. Qayıdıb yolu keçəndə bir "Kamaz" arvadı vurub yolun qırağına atır. Xurd-xəşil olan qarı görür ki, bir nəfər nəzir qutusuna pul atmağa hazırlaşır. Birtəhər
başını qaldırıb
çığırır: "A bala, atma, o işləmir!"...
Kimsə mənim
şəkkak olduğuma,
dinə sayğısız
yanaşmağıma şübhə
edirsə, çox arzulayardım ki, bacarsın mənim qədər ürəyi Tanrıya bağlı, niyyəti təmiz, imanlı ola bilsin. Əgər danışdıqlarımda məndən
asılı olmayaraq, bilmədən küfrüm
varsa, kaş Allah günahımdan keçsin!
Bəndə nə
karədi ki?..
Oqtay SALAMOV
Ədalət.- 2009.- 10 aprel.- S. 3.