SARAY ŞÜŞƏDƏKİ
CİN DEYİL
İki minilliyin, iki əsrin qovşağında
dövlət müstəqilliyimizə
qovuşmuşuq. İki
yüz illik müstəmləkəçilik həyatında kimlərinsə
himayəsində olmaq
əziyyətindən xilas
olmuşuq. Siyasi qadağalar, tabular aradan götürülüb. Dövlətin
siyasi, iqtisadi və mədəni dayaqlarını möhkəmləndirmək
üçün əlverişli
şərait yaranıb.
Bu fürsətdən maksimum
faydalanmaq, xalqın milli təfəkkürünü,
milli şüurunu formalaşdırmaq üçün
belə bir tarixi şərait heç vaxt olmayıb. Sovet hakimiyyətinin mövcud olduğu 70 il müddətində xalqımızın
tarixi keçmişini,
milli adət-ənənələrini
unutdurmağa çalışıblar.
İmperiyanın çox
böyük və nəhəng siyasi-ideoloji sistemi bu istiqamətə
yönəldilib. On illər
boyu gənc nəsli öz keçmişindən, dədə-babalarının
şərəfli tarixindən
uzaqlaşdırıblar. Yaranan
boşluğu doldurmağın
artıq vaxtı çatıb. Bu mənada
ağıllı və
müdrik siyasətçilərə,
elm və mədəniyyət
xadimlərinə ehtiyacımız
böyükdür. Cəmiyyəti
həmişə irəliyə
aparan ağıl, zəka və təfəkkür sahibləri
olub. Xalq, millət, toplum öz dahisinin, siyasi xadiminin, fədakar və igid sərkərdəsinin,
bacarıqlı dövlət
rəhbərinin çiynində
yüksəlir.
İndiyə kimi xalqımızın fəxri
ola biləcək sərkərdələrimizə, şahlarımıza, saray
xadimlərimizə barmaqarası
baxmışıq. Hətta
həqiqətinə şübhə
etmədiyimiz, ətəyində
namaz qıldığımız
şair və yazıçılarımızın onların haqqını tapdamasına, həqiqəti
təhrif etməsinə
əhəmiyyət verməmişik.
Təəssüf ki, bu stereotip, daşlaşan
düşüncə tərzi
bu gün də davam edir.
Sanki çoxları həqiqəti
deməkdən çəkinir.
Boşboğazların, heç
nə bilməyib hər şeydən danışanların, haqqı
nahaqqın ayağına
verənlərin sayı
da az deyil.
Bir dəfə mərhum tənqidçi ədəbiyyatşünas Şamil
Salmanovdan soruşdum ki, niyə çağdaş
ədəbi proses haqqında məqalə yazmırsınız? O, ani
fikirləşəndən sonra
dedi ki, indiki gənc şair və yazıçılar həqiqəti
eşitmək istəmir.
Birinin əsərini tənqid etsəm, mətbuata çıxıb
nəsil-nəcabətimi söyəcəklər.
O vaxt professorla həmrəy olmadığım
bu sözlərin həqiqət olduğunu bu gün açıq-aydın
dərk edirəm. Bu yaxınlarda MEA-nın müxbir üzvü, tənqidçi və ədəbiyyatşünas, millət
vəkili Nizami Cəfərovun APA informasiya
agentliyinə müsahibəsini
oxudum. Son illərdə
çağdaş ədəbi
tarixi proseslə bağlı bu səviyyədə nəzəri
təfəkkür səpkili
fikir və mülahizələrə rast
gəldiyimi xatırlamıram.
Bu yazı, birmənalı
şəkildə deyə
bilərik ki, müasir ədəbiyyat elminin, bədii düşüncənin metodoloji
istiqamətlərini müəyyənləşdirən
proqram sənədidir.
Bu barədə öz
fikirlərimi baş redaktorumuz İradə Tuncayla da bölüşdüm.
O da mənimlə eyni fikirdə olduğunu bildirdi. Mən bir ədəbiyyat
tədqiqatçısı və filologiya mütəxəssisi kimi öz həmkarım və yaxından tanıdığım Nizami
Cəfərovun aydın
təfəkkürünə, analitik təhlillərinə,
bədii faktı nəzəri fikrin tədqiqat predmetinə çevirmək istedadına
sözün həqiqi
mənasında qibtə
etmişəm. Ancaq məqalə çıxandan
bir neçə gün sonra müxtəlif qəzetlərdə
bu nadir istedadlı qələm sahibinə qarşı kompaniya xarakterli hücumlar başlandı. Səbəb
çox sadə və aydın idi. N.Cəfərov həmin müsahibəsində
xalq şairi Zəlimxan Yaqub, yazıçı-publisist, millət
vəkili Aqil Abbas, yazıçı Hüseynbala Mirələmovun
yaradıcılığı haqqında öz müsbət fikirlərini
bildirmişdi. Bu dəyərləndirmə
obyektiv həqiqətə
əsaslanır. O, müsahibəsində
deyir ki, müqayisə etsək
1990-cı, 2000-ci illərin ən populyar şairi Zəlimxan Yaqubdur. Ona görə
ki, söz etnoqrafik səmimiyyətdən
və birbaşa deyilir. Daha burada
Ramiz Rövşən,
Vaqif Cəbrayılzadə,
Ələkbər Salahzadə
kimi mürəkkəb
obrazlardan danışmaq
dövrü keçib.
Müsahibənin bir yerində isə bildirir ki, Hüseynbala
Mirələmovun, Yunus
Oğuzun, Aqil Abbasın da kitabları haqqında yazdığım ön sözlər mənim təşəbbüsümlə olmayıb. Onlar mənə müraciət
ediblər və çox istəyiblər ki, kitabları haqqında fikir yazım. Ancaq mən həmin fikirləri məmnuniyyətlə
yazmışam və demişəm. Professor N.Cəfərov
həmin yazıçıların
kitabı haqqında
"məmnuniyyətlə yazmışam və demişəm" - deməklə
yazıçıların halal
haqqını etiraf edir. Onların son illərdə yazdığı
bədii əsərlərin
dəyərini verir. Hər iki dəyərləndirmə
həqiqəti ifadə
edir. Qarabağ savaşı başlayandan
bu günə kimi ədəbi tənqidçi və ədəbiyyatşünaslar bu
müharibənin publisistikada
və lirik düşüncədə kifayət
qədər əks olunduğunu etiraf ediblər. Ancaq irihəcmli əsərlərdə,
nəsr təfəkküründə
müharibə həqiqətlərinin
bədii həqiqətə
çevrilmədiyini təəssüf
hissi ilə qeyd ediblər. Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Dolu"
romanları Azərbaycan
xalqının müharibədə
çəkdikləri əziyyətləri,
maddi və mənəvi itkiləri, xalqın mübarizlik ruhunu və qələbə əzmini
geniş epik lövhələrlə oxuculara
çatdıran ilk bədii
nəsr nümunələridir.
Hətta N.Cəfərov
yazılarının birində
A.Abbasın "Dolu"
romanını Azərbaycan
xalqının "Qarabağnaməsi"
adlandırmışdı. Çünki bu əsərdə Qarabağın
tarixi taleyi kontekstində Azərbaycanın
bu günü və gələcəyi ədəbi düşüncənin
mərkəzinə çəkilib.
Rüstəm İbrahimbəyov
və Çingiz Hyseynovun yaradıcılığı
haqqında əvvəllər
dediyi fikirlərini Nizami Cəfərov bu dəfə də təkrarlayıb. Ancaq görün sonra nə baş
verdi? Hər iki yazıçı mətbuatda Nizami Cəfərovu açıq
şəkildə təhqir
etdilər. Özü
də yazıçı
adına şərəf
və ləyaqət gətirməyən bir tərzdə. Şübhəsiz
ki, bu hücumlardan
xalq şairi Zəlimxan Yaquba da pay düşdü. Müxtəlif qəzetlərdə
açıq və eyhamlı fikirlər səsləndirildi. Əslində
Nizami Cəfərov həqiqəti ifadə etmişdi. Əgər bu gün Zəlimxan
Yaqubun şeirləri xalqın dilindən düşmürsə, el şənliklərində,
rəsmi toplantılarda
aşıqlar, xanəndələr
tərəfindən oxunursa,
bu, ümumxalq sevgisinin göstəricisi deyil, bəs nədir? Belələrinə
qarşı şairin
özü gözəl
deyib:
Çirkab atdı,
palçıq atdı,
lil atdı,
Toz doldurdu gözlərimə kül
atdı,
Çox işlərə,
oyunlara əl atdı,
Dünya məni
bulandıra bilmədi.
Həmin adamlar ictimai rəyi də çaşdırmağa
çalışırlar. Bir
neçə gün əvvəl "Azadlıq"
qəzetində istedadına
hörmət etdiyim Vaqif Bayatlı Odərin müsahibəsi verilib. Müxbir şairə sual verir ki, siz
saray şairi olmaq istərdinizmi? Şair də dərhal cavab verir ki, mən
heç vaxt saray şairi olmaq istəməmişəm.
Vaqif Bayatlı Odər Saray ədəbiyyatı, saray şairi deyəndə şüşədəki cini
xatırlayır. Əslində
saray hökmdarları
da, saray şairləri də bu xalqın övladları olub. Saray olan yerdə,
hakimiyyət, qüdrətli
dövlət olan yerdə böyük ədəbiyyat yaranıb.
Məgər Xaqani Şirvani sarayda yaşamayıbmı? O, sovet
ideologiyası idi ki, bu xalqın
taleyini düşünən
dövlət xadimlərimizi,
sərkərdələrimizi düşmənimiz eləmişdi.
Saray (oxu hakimiyyət) deyəndə
yadımıza Şah
İsmayıl, Ağa
Məhəmməd Şah
Qacar, Nadir şah düşür. Onların
hansı bu xalqın düşmənidir
ki, biz onların sarayını xortdanı xatırlayan kimi yad edirik? Həm
də hər əlinə qələm alanı saraya dəvət etmirdilər. Qələmindən başqa
şairin şəxsiyyətinə,
boy-buxununa, yaraşığına,
oturuşuna-duruşuna, bir
sözlə, hər incəliyə fikir verirdilər. Əgər kiminsə buna şəkki-şübhəsi varsa,
ədəbiyyat mütəxəssislərinə
müraciət edə
bilər.
MƏHƏMMƏDƏLİ MUSTAFA
Ədalət.- 2009.- 10 aprel.- S.6.