Bayat

 

  YUMUL, BƏNÖVŞƏM, YUMUL...

 

   Hava yaman sazaqdı,  

   Günəş səndən uzaqdı,  

   Bir ac quzu mələyib  

   Sənə boylandı, baxdı;  

   Yumul, bənövşəm, yumul.

  

   Çəmənlərə iz düşür,  

   Bir deyil ki, yüz düşür,  

   Niyə sənin payızın  

   Hər çiçəkdən tez düşür;  

   Yumul, bənövşəm, yumul.

    

   Göydə bulud görünür,  

   Bulud qara bürünür.  

   O dağda bir duman var  

   Sənə tərəf sürünür;  

   Yumul, bənövşəm, yumul...

    

   Qalarsan baxa-baxa,  

   Kağız gül səndən baha.   

   Arı yaman çoxalıb  

   Gülü də sancır daha;  

   Yumul, bənövşəm, yumul.

     

    Ömrün bircə həftədir,  

   Ətrin min cür həbdədir.  

   İndi sevgili üçün   

   Beş qərənfil dəbdədir;  

   Yumul, bənövşəm, yumul.

    

   Yum gözünü, çən görmə,  

   Vaxtsız gələn qəm görmə.  

   Dünya yaman qarışıb  

   Mən görəni sən görmə;  

   Yumul, bənövşəm, yumul!..

  

  

   GÖRÜRDÜM BU GÜNÜ...

 

   ... Bu da sonuncu gün, sonuncu vida,  

   Bu da ayrılığın sonuncu tini.  

   Quzum, hər görüşün son ucu vida,  

   Görürdüm bu günü,  

   Sənnlə görüşün birinci günü...

    

   Yolun uğur olsun, - deyirəm sənə;  

   Qarşıda ömür-gün sınağı durur.  

   Nə deyim, bəlkə də yolunda yenə  

   Mənimtək bir sevda qonağı durur.  

   Gedirsən,

   bu günü saxla yadında,  

   yaddaşın mən verən dərsi pozmasın.  

   Sən elə alış ki,  

   sənin odunda  

   ötəri qonaqlar qoy qızınmasın.

    

   Qarşımda nə çəpər, nə də ki, barı...  

   Mənim də ömrümə beləcə gəldin.  

   Qəlbində bir çınqı od saxla barı  

   Bəlkə bir çırağı yandıra bildin.

    

   Əyil!..  

   Məhəbbətin önündə əyil,  

   Bəlkə bu dünyadan qopara səni. 

   Taleyin estafet ağacı deyil  

   Hərə bir mənzilə apara səni...

    

   Bir gün də sərbəstlik taxtı devrilib  

   Ömrünə gəlinlik illəri gələr.  

   Dünənin bir namərd dosta çevrilib  

   Sabah kəndirini doğraya bilər.

    

   Bu da sonuncu gün, sonuncu vida,  

   Bu da ayrılığın sonuncu tini.  

   Quzum, hər görüşün son ucu vida,  

   Görürdüm bu günü,  

   Səninlə görüşün birinci günü...

     

 

   GETMƏK İSTƏYİRSƏN...

     

   Getmək istəyirsən, bəhanəsiz get,  

   Oyatma mürcülü xatirələri,  

   Səsin həmin səsdir, baxışın ögey  

   Gedirsən, səsin də yad olsun barı.

    

   Sən dəniz qoynuna tullanmış çiçək,  

   Üstünə dalğalar atılacaqdır.  

   Saxta məhəbbətin, saxta sənədtək  

   Nə vaxtsa üstündə tutulacaqdır...  

   Yollar tək döşənib ayaqlarına  

   Sənə yalvarımmı...  

   Bu mümkün deyil,  

   Qoymaram qəlbimtək vüqarım sına,  

   Alçalıb yaşamaq ömür-gün deyil...

    

   Demirəm, sən uca bir dağsan, əyil,  

   Demirəm, qalıbdır əlacım sənə,  

   Nə səndə məhəbbət qara pul deyil,  

   Nə mən dilənçiyəm əl açım sənə.

    

   Getmək istəyirsən,  

   O, yol, o da sən,  

   Bir cüt göz baxacaq arxanca sənin.  

   Getdinmi,  

   Haçansa dönmək istəsən  

   Tikanlı yasdığa dönəcək yerin.

   

   Getmək istəyirsən,  

   danış, nə din,  

   yox ol, uzaqlartək dumanda, çəndə.  

   Nəyimi sevmişdim, deyə bilmədin,  

   İndisə yüz eyib görürsən məndə...

    

   Getmək istəyirsən,   

   bəhanəsiz get,  

   oyatma mürgülü xatirələri.  

   Səsin həmin səsdir, baxışın ögey,  

   Gedirsən, səsin də yad olsun barı...

    

 

   AÇILMA SABAH, AÇILMA...

   

   Göydə ulduz dənə-dənə,  

   Saydım onu dönə-dönə,  

   Xatirələr dindi yenə,  

   Açılma, sabah, açılma.

    

   Göydən yerə endi günəş,  

   Toy şamına döndü günəş.  

   Mənim üçün söndü günəş,  

   Açılma, sabah, açılma.

    

   Bilmirəm yolum haradı,  

   Küsübdü, könlüm, yaradı.  

   Onsuz da günüm qaradı  

   Açılma, sabah, açılma.

   

   Çox da göydə çoxdu ulduz,  

   Daha mənə yoxdu ulduz,  

   Hər şeyi unutdu o qız  

   Açılma, sabah, açılma.

   

   Kim deyir bu qəm uyudu,  

   Hicran bir dərin quyudu.  

   Sabah o qızın toyudu  

   Açılma, sabah, açılma...

    

 

   QAYITMA

  

   İndi ki, gedirsən son bahar kimi,  

   Qayıtma geriyə durnalar kimi,  

   Yaşa zirvələrdə, yaşa qar kimi,  

   Çevrilib yağışa, selə qayıtma.  

  

   İllərim nahaqdan ötdü səninlə,  

   Demirəm ömür-gün bitdi səninlə,  

   Getdin, nəğmələrim getdi səninlə,  

   İndi qəmli ötən telə qayıtma.

    

   Sən gəldin ömrümə duman, çən kimi,  

   Yaşarsan saçıma düşən dən kimi,  

   Barı bundan belə yaşa mən kimi  

   Qoxlayıb atdığın gülə qayıtma.

     

 

   MƏHƏBBƏTDƏN KÜSƏNDƏ

  

   Yazırıq sevgidən, yazırıq ancaq  

   Elə sətirlərdə alışırıq biz,  

   Məhəbbət olubdur oyun-oyuncaq,  

   Hansı məhəbbətdən danışırıq biz.

     

   Odlara qalanmaq ötəri hissdir,  

   Kəlmələr biçimli,  

   Sözlər biçimli...  

   Çoxları diplomsuz mütəxəssisdir,  

   Eh, ürək aldatmaq bir sü içimi,

    

   Sevimmi?!  

   Tərəddüd qət edə bilmir,  

   Bəzən itiririk inam, ümidi.  

   Ürək var duyğular fəth edə bilmir,  

   Ürək var həndəsi fiqur kimidir.    

   Bir qəlbə girəndə boyalı sözlər,  

   Görən öz sözünü ürək dedimi?!   

   Axtarır,  

   Axtarır,  

   Axtarır gözlər;   

   İşləyir bir saat kəfkiri kimi.

   

   Təbəssümlər saxta söz qiymətlidir,  

   Yalanı yalanla alqışlayırlar.  

   Çoxları könüldən səxavətlidir,  

   Hər qıza bir könül bağışlayırlar...

    

   Elə məhəbbətdən yazırıq, ancaq  

   Elə sətirlərdə alışırıq biz,  

   Məhəbbət olubdur oyun0oyuncaq,  

   Hansı məhəbbətdən danışırıq biz?!

     

 

   SƏN GƏRƏK...

    

   Sən gərək özünü tanıtmayaydın,  

   Mənə bu üzünü tanıtmayaydın.  

   Yenə də həyatı səndən umaydım,  

   Elə biləydim ki, dünyada təksən.

    

   İllərin ömrümdən apardığını  

   Elə biləydim ki, gətirəcəksən.  

   Bahar gözləyirdim, yenə də qışdı,  

   Bir arzu, bir ümid öldürməkdənsə

   Aldanma-aldana yaşamaq xoşdu;  

   Sən gərək özünü tanıtmayaydın...

     

   Sənə baxa-baxa sənin üzündə   

   Görünür özgəni sevmişəm onda.  

   Hər titrək sözümü sənin gözündə   

   Yəqin özgəsinə demişəm onda.  

   Hissin xumarında yumub gözünü  

   Onda məhəbbətim yuxulu imiş.  

   Sonradan oyanıb,  

   Onda bilib ki,  

   Suyun lal axanı qorxulu imiş;   

   Sən gərək özünü tanıtmayaydın.  

   

   Sən gərək özünü tanıtmayaydın;  

   Ömür də beləcə keçib-gedəydi.  

   Sən demə marala atdığım güllə  

   Maral dərisində tülküyə dəydi...  

   Sadəlövh qəlbimdən,  

   məhəbbətimdən,  

   keçdiyim yollardan utanıram mən;   

   yuxulu gözümdən ağrılar keçir,  

   yanımdan sevgisi doğrular keçir,  

   Səndən yox,  

   onlardan utanıram mən...  

   Sən gərək özünü tanıtmayaydın,  

   Mənə bu üzünü tanıtmayaydın...

    

 

   NƏ BİLƏYDİK...

    

   Nə biləydik bu sevginin sonu yox  

   Nə biləydik dünya belə dönəcək.  

   Nə biləydik sevgi adlı bu qonaq  

   İkimizin aramızda öləcək...

    

   Ulu sevgi göydən yerə endimi,  

   Nə dayandı yolumuzun üstündə?   

   Bu məhəbbət soyuduqca, sən demə,  

   Can verirmiş qolumuzun üstündə.

    

   Hər görüşə sürünürdü ayaqlar...  

   O çəmənlər - bir baharlıq səməni.  

   Dodaqları yandıranda dodaqlar  

   Ürəyimiz üşüyürmüş, deməli.  

   Əyləncələr qoymadı ki, göz açaq;  

   Hər istəyi biz beləcə bitirdik.  

   Payız gəldi toy-bayramla, biz ancaq  

   Yarpaq-yarpaq günümüzü itirdik.

  

    Şirin oldu yalanların zəhəri,  

   Həqiqəti gizləməmişik həmişə.  

   Sevgililər oyaq açdı səhəri,  

   Biz axşamı gözləməmişik həmişə...

    

   Yuxu gördük...  

   Gah qorxulu, gah da şən,  

   Boğdu bizi tərəddüdlər axarı.  

   Yuxularda əllər gördük birləşən,  

   Ha yozduqsa vhicran oldu axırı...

     

   Nə biləydik bu sevginin sonu yox  

   Nə biləydik dünya belə dönəcək.  

   Nə biləydik sevgi adlı bu qonaq  

   Üzümüzə baxa-baxa öləcək...

    

   ***

    

   Vəfalı qızlardan az yazırıq, az,  

   Gileylə doludur şerlərimiz.  

   Şerə ünvan olur sevgisi dayaz,  

   Dərin ümmanları unuduruq biz...

    

   Hey əl-qol atırıq yağış gölündə,  

   Görsən sədaqəti duymurmu ürək?

    Susuruq...  

   Naməlum qəbir önündə   

   Fikirli-fikirli susduğumuztək...

    

   Bilirik hər hissin öz sərhəddi var,  

   Bəlkə bu istəyi vurmuruq üzə.  

   Nədənsə çox zaman vəfa, etibar  

   Vəzifə borcutək görünür bizə.

    

   O bir bulaqdır ki, tutulub gözü,  

   Həmişə oyaqdır onun ümidi.  

   Yaxına getmirik...  

   Sanki bu mövzu  

   Mina basdırılmış sərhəd kimidi.

   

   Vəfalı qızlardan az yazırıq, az,  

   Gileylə doludur şerlərimiz.

   Şerə ünvan olur sevgisi dayaz,  

   Dərin ümmanları unuduruq biz...

  

  

   BİZİM GÖRÜŞÜMÜZ

    

   Sözlər niyə belə qəlbə dəyirlər,  

   Ürəksiz görüşdən doymuşuq daha.  

   Fillər ölümünü duyur deyirlər  

   Biz də ayrılığı duymuşuq daha...

   Görüş yerimizdə yaşıl bürünən  

   O ağac cildini qüştək uçurdu.  

   Son iki yarpağı biz idik dünən  

   Bizi də məhəbbət payızı vurdu.

    

   Külək yarpaqları gəzdirir veyil,  

   Köhnə yurd yerimi, görüş yerimiz?  

   Tökülən yarpaqmı,  

   Yox, yarpaq deyil.  

   Yağır üstümüzə gileylərimiz.

    

   Çoxdan oxumuşuq gözlərimizi,  

   Gözlər istəyini azdıra bilmir.  

   Buz kimi soyumuş sözlərimizi  

   Odlu dodaqlar da qızdıra bilmir.

    

   Ürək ayrılığa bəhanə gəzər,  

   Sürünər görüşə ayaqlarımız.  

   Qəlbimiz küsülü uşağa bənzə,  

   Bəs necə görüşür dodaqlarımız?!

    

   Bir görüş yerinə ayaq döyürük  

   Hardasa sevginin qırılıb səsi.  

   Bazar ertəsinə ağır deyirik,  

   Hər görüş bizimçün bazar ertəsi.

   

   Sözlər niyə belə qəlbə dəyirlər,  

   Ürəksiz görüşdən doymuşuq daha.  

   Fillər ölümünü duyur deyirlər  

   Biz də ayrılığı duymuşuq daha...

 

 

   Nüsrət KƏSƏMƏNLİ

 

   Ədalət.- 2009.- 11 aprel.- S. 20.