BİRİNCİ OLMAQ SƏADƏTİ
Valideynlərimin dediyinə görə, danışmağa başlayanda ilk sözüm "Qaqarin" olub. Təbii qarşılayın, 1961-ci ilin aprelində yaş yarımlıq bir körpə ətrafında hər kəsdən "kosmos", "kosmonavt", "sputnik", "Qaqarin" kəlmələri eşidərsə, nə ola bilər? O vaxtlar Moskvada oxuyan atamın qucağında ölkə paytaxtının küçələrini gəzərkən coşqu, sevinc içində bir-birini salamlayan insanlardan eşitdiyim sözlərin içindən məhz "Qaqarin"i seçmişəm. Bəlkə də uşaq dilinə yatımlı söz olduğu üçün. Və təbii ki, nə ilk sözlərimi, nə də həmin o ilk uçuşu xatırlamıram. (Bir dəfə mənə danışmışdılar ki, Qaqarin uçanda bütün radiolar Levitanın səsi ilə bu xəbəri verdiklərindən ilkin olaraq "Vnimanie! Vnimanie! Qovorit Moskva! Rabotayut vse Radiostansiyi Sovetskoqo Soyuza!" sözünü eşidəndən sonra çox adam qorxub ki, yəqin müharibə başlayıb). Amma düşünürəm ki, Qaqarin seçim məsələsində hər zaman şanslı olub. Əslində o, həm taleyin, həm tarixin, həm də planetin seçilmişi idi. İndi kimsənin tükünü də tərpətməyən Kosmonavtika günü ərəfəsində mən həmin təqvim tarixinin təntənə ilə qeyd olunduğu vaxtları da yada salıram. Bir vaxtlar uşaqların kosmonavt olmaq arzularını yada salıram. Hamının əzbər bildiyi familiyaları yada salıram. Kosmosu ilkin fəth eləmiş böyük Sovet xalqının sülhə inamını yada salıram. Təbliğat vasitələri o qədər effektli işləyirdi ki, müharibədən ən böyük itkilərlə, dağıntı ilə çıxmış vətəndaşları inandırmışdılar ki, Kosmosun kimin nəzarətində olması həm də sülhə təminatdır. Yəqin ki, yalan da deyildi. Və o vaxtlar birinci kosmonavtı alqışlayan insanlar əslində gələcəkdə hər raketin uçuşu ilə azadlıqlarının nə qədər qısıtlandığının fərqinə varmırdılar. Heç kosmonavtlar özləri də fərqinə varmırdılar. Birinci kosmos fatehləri guya nəyə görə uçduqlarını bilirdilərmi? Bildikləri bir həqiqət vardı - bu sahədə amerikalıları keçmək. Hətta 12 aprel tarixinin seçilməsi də Amerika ilə bağlı idi. Gizli məlumatlar okeanın o tayında uçuş hazırlıqlarından xəbər verirdi. Baş konstruktor Sergey Korolyova "Vostok" gəmisini fəzaya amerikalılardan daha tez buraxmaq əmri verilmişdi. Aprelin 11-17-si arası uçuş gerçəkləşdirilməli idi.
İlkin
olaraq müxtəlif aviasiya polklarından 20 cavan pilot
seçilmişdi. Ümumi cəhətləri qısaboylu
olmaqları imiş. Bu parametr Korolyovun istəyi idi. Kosmik
raketin içində kosmonavtın oturacağı yer çox
da böyük deyildi. Raket insan uçuşu üçün
yox, nüvə başlığını daşımaq
üçün nəzərdə tutulmuşdu. 20 nəfərin
içindən 6-sı ilk kosmonavt dəstəsinin
siyahısına düşür. Bu altılığın
içindən isə 2 nəfər axıra qalır.
Kosmodromda dövlət komissiyasının iclasında iki
familiya səslənir: Qaqarin və Titov. Bu iki nəfər isə
son ana qədər kimin adının ilk kosmonavt kimi tarixə
keçəcəyindən xəbərsiz olub. Mənə elə
gəlir ki, ruslar tarixə keçəcək soyadın həm
də tarixi olması faktorunu nəzər alıblar. Qaqarinlər
Rusiyada məşhur knyaz nəslidi. Amma kosmonavtın bu nəslə
aid olub-olmadığını bilmirəm.
Yuri Qaqarin 1934-cü ilin 9
martında Smolenski ətrafı əyalət kəndlərindən
birində doğulub (burda da bir şans məsələsi var.
8 Mart Qadınlar bayramında doğulsaydı bəlkə də
şöhrətinə kölgə düşərdi). Uşaqlığı
alman işğalı dövrünə təsadüf etdiyindən
orta məktəbi doğru-düzgün oxuya bilməyib. Bu səbəbdən
peşə məktəbinə getməli olub. Aviasiya məktəbinə
daxil olanda isə boyunun balaca olması tibb komissiyasını tərəddüddə
qoyub. Sonralar məşq uçuşlarında təyyarəni
yerə endirən zaman zolağı daha yaxşı görmək
üçün oturacağını döşəkçə
ilə hündürləşdirirmiş. Həmin döşəkçəni
də hər zaman özü ilə gəzdirirmiş. Qəribədir
ki, uçuşa mane olan bu keyfiyyət sonra onun seçilməsində
məziyyət olur. Qaqarin bəxti gətirən adam idi.
Bu gün milyonlar ödəyib
turist kimi Kosmosa çıxmaq şansı olan insan
övladı üçün hər şey adiləşib. Amma
o vaxt 1961-ci ilin aprel günlərində insanın Kosmosda
özünü necə aparacağını kimsə bilmirdi.
Psixoloqlar və həkimlər Korolyovu
inandırmışdılar ki, Yerdən uzaqlaşan və
öz doğma planetinə kənardan baxacaq insan
ağlını itirə bilər, gəmidəki idarəetmə
sistemini qarışdıra bilər. Məhz bu səbəbdən
sistemi blok edirlər və şifr yazılmış paketi
kabinəyə qoyurlar. Əgər pilotun ağlı yerində
olsa paketi aça biləcək və əlahiddə vəziyyətdə
sistemi idarə edəcək. Əvvəlcədən ilk
uçuş haqqında SİTA-nın üç məlumatı
hazırlanır. Birinci variantda təntənəli, uğurlu
uçuş məlumatı. İkinci halda raket orbitə
çıxa bilməsə, tayqa və ya okeanda harasa
düşsə kosmonavtın axtarışı
üçün müxtəlif ölkələrə
müraciət və üçüncü variant
kosmonavtın faciəli şəkildə həlak olması
haqqında məlumat. Xoşbəxtlikdən ikinci və
üçüncü variant lazım olmur.
108 dəqiqə çəkən uçuş və ondan sonra sadə kəndli balasının başına yağan şöhrət yağışı. XX əsrdə kimsənin şöhrətini onunla müqayisə etmək olmur. Onu tanıyanların dediyinə görə, Qaqarin şöhrət imtahanından üzüağ çıxa bilmişdi. Dünyanın çox məşhur adamları onunla görüşüb əlini sıxmağı şərəf bilirdilər. Dünyanı idarə edən Tanrı başçılar da dünyaya kənardan baxmış insana Tanrı kimi baxırdılar. Bu şöhrətin ağırlığını daşımaq böyük igidlikdi. Ətrafında hər kəs sənə heyranlıqla, müqəddəs bir kimsə kimi baxırsa, ağlın çaşa bilər. Sənin təbəssümün dünyanı məftun edirsə, sən özün də bu cazibəyə qapıla bilərsən.
Məşhur təbəssümü ilə bərabər alnındakı çapıq da onun sifət cizgilərini bənzərsiz edirdi. Bu çapıq haqqında da o dövrün qəzetçiləri müxtəlif cür yazırlar. Deyirlər ki, Krımda dincələn kosmonavt dənizdə batan uşağı xilas edəndə alnı qayaya dəyib parçalanır və həkimlər onun həyatını xilas eləməli olurlar. Bir başqaları da yazırlar ki, sanatoriyada bir tibb bacısı ilə özəl münasibətləri olur. Görüşdükləri otağa qəfildən kimsə girəndə qadını pis vəziyyətdə qoymamaq üçün ikinci mərtəbənin pəncərəsindən tullanmalı olur. Eniş bu dəfə uğursuz alınır. Gül ləklərini çevrələyən kərpiclər alnını dağıdır. Birinci kosmonavt dəstəsinin kuratoru Kamanin xatirələrində yazır ki, "Qaqarini qan içində görəndə qorxumdan intihar haqqında da düşündüm. Onu xilas eləmək mümkün olmasaydı, yəqin ki, edərdim də". Az sonra partiya qurultayının qonağı olan Qaqarin və Titovun şəkillərini çəkmək qəzetçilərə qadağan olur və KQB əməkdaşları buna xüsusi diqqət edirlər.
Yenə deyilənlərə
görə, öz "Volqa"sı ilə
qırmızı işıqda keçib bir təqaüdçünün
köhnə "Pobeda"sını vurur. Hadisə
yerinə gələn milis işçisi təbii ki, Qaqarini
tanıyıb farağat durur və "günahkarı" cəzalandıracağını
söyləyir. Qaqarini başqa maşınla hadisə yerindən
uzaqlaşdırırlar. Amma özünün yox,
günahsızın cəzalanacağından ehtiyat edən
Qaqarin yenidən ora qayıdır və günahlarını
yumağa çalışır. Maşını
dağılan təqaüdçünün pulunu verir, onu cəzalandırmağa
qoymur. Bu olaydan sonra xarakterində çox şeylər dəyişməyə
başlayır. Şöhrətin məstedici havasından
ayılmağa çalışır.
Kosmonavt Vladimir Komarovun həlak olması isə bütün kosmonavtları, ilk növbədə Qaqarini silkələyir. Komarovun uçuşunda dublyor o olmalı idi. Yəni həmin vaxt Komarovun yerinə Qaqarin də uça bilərdi. Kosmosdan ölüm qoxusu gəlməyə başlayır. Bəşəriyyətin ilk kosmonavtını belə hadisələrdən sığortalamaq qərarı alınır və ona uçuş yasağı qoyulur. Kosmonavtların hazırlıq mərkəzinə rəis vəzifəsini Qaqarinə tapşırırlar. Bu Qaqarin isə artıq uşaq təbəssümü ilə hamıya baxan leytenant deyildi. Hamıya cavabdeh olan, məsuliyyət daşıyan polkovnik Qaqarin idi. Yeni eksperimental stansiyanın proyekti üzərində qızğın iş gedir. Və onu sakitləşdirmək üçün adını ekipajlardan birinin siyahısına salırlar. Yeni uçuşa hazırlıq həyatının mənasına çevrilir. Dünyanın bütün ölkələrində gül-çiçək, sevgi heyranlıqla qarşılanan dünya oğlunun həyatında adi günlər başlayır. Hər dəfə Kosmosa çıxan yoldaşlarına uğurlu uçuş arzulayan Qaqarin özünün də yenidən uçacağına inanır. Amma yuxarıların qərarı qəti idi. Ölkənin simvollarından birinə çevrilmiş bu cavan oğlanı hər vəchlə qorumaq lazım idi. Yenə deyilənlərə görə, həmin dövr onun həyatında depressiya başlayır və içkiyə meyllənir. Sağlığında müqəvvaya çevrilmək qorxusu onu təqib edir...
Bəzən
mənə elə gəlir ki, hər şey yadımdadı. 1961-ci ilin aprel ayı, Moskva
küçələri. Atamın boynuna sarılıb ətrafdakı
adamların coşqusunu seyr edirəm. "Kosmos",
"kosmonavt", "Qaqarin" sözlərini eşidirəm.
Birinci sözümü seçirəm - Qa-qa-rin! Təbii ki,
yaşyarımlıq uşağın bunları
xatırlaması mümkün deyil. Mənə
danışılmış söhbətlərin təəssüratıdı.
Bir də kinoxronikanın. Sovet hakimiyyətinin tarixində
görünməmiş bir hadisə - gənc bir leytenantın
şərəfinə Moskvada nümayiş keçirilir.
Ölkənin başçısı onunla bir maşında
xalqı salamlayır. Yox, deyəsən, səhv elədim. Mənim
uşaqlığımda dövlət
başçısını Qaqarinin yanında göstərməzdilər.
Brejnevin zamanı idi və Xruşşovun adına yasaq
qoyulmuşdu. Bütün görüntülərdə
Xruşşov kəsilib atılırdı. Böyüklər
danışırdılar ki, bax, təyyarənin trapından
düşən Qaqarini Xruşşov qarşılayıb,
maşında da yanında odu. Amma uzun müddət Nikita
Sergeyeviçin görüntüləri rəfə qoyulur.
Brejnev bu şöhrəti onunla bölüşə bilmir.
Amma tarix tarixdi. Hər şeyi özü öz yerinə qoyur.
Bunları söhbətlərdən xatırlasam da Qaqarinin həlak
olma xəbərinin televizordan oxunmasını unuda bilmirəm.
Bu, bir şok idi. Və o zaman onun ölümünə kədərlənməyən,
təəssüflənməyən Sovet insanının
olduğuna inanmıram. 1968-ci ilin mart ayının 27-si. 2-ci
sinifdə oxuyurdum. Yadımdadır ki, məktəbdə də
söhbət ancaq bu barədə idi. Qaqarin martda doğulub,
martda həlak olub. Bu il Rusiyada Qaqarinin 75 illiyini qeyd elədilər.
Mən düşünürəm ki, hər halda Kosmonavtika
günü bizim, o zamankı Sovet insanlarının hər
birinin günüdü. Ən azından neçə illər
Kosmodromda bütün kosmonavtların hərbi salam verib
qarşısından keçdikləri insan azərbaycanlı
olub.
...İndi bu hadisələrin üstündən uzun illər keçib. Qaqarinin ölümü ilə bağlı çox müxtəlif versiyalar səsləndirilir. Hətta həmin qəzada ölməyib guya sağ qaldığını iddia edənlər də olub. Sınaq uçuşunda qırıcı təyyarəni içkili vəziyyətdə idarə etdiyini də deyiblər. Ancaq bütün bunlar o qədər əhəmiyyətsiz məsələlərdi ki... Görünür, tale onu adiləşib hamıya tay olmaqdan bu şəkildə qorumuşdu. Şəkillərdən bizə baxan xoş təbəssümünü bu şəkildə qorumuşdu. Tale onu Birinci eləmişdi. İndi Kosmosda stansiyalar da var, kosmonavtlar uzun illər orda yaşaya da bilirlər, Yerin ətrafında minlərlə süni peyk fırlanır. Həmin peyklərin vasitəsilə biz dünyanın hər bir ucqar nöqtəsində nələr baş verdiyindən xəbər tuturuq, internetə qoşuluruq, mobil telefonla danışırıq. Xüsusi xidmət orqanları hər hərəkətimizə nəzarət edə bilir, azadlığımız bu şəkildə qısıtlanır. Deyə bilmərəm ilk kosmonavtların bunların olacağından xəbəri vardı, ya yox, onlar öz işlərini yerinə yetirirdilər, dövlətin mənafeyini qoruyurdular. Bəzən canları bahasına. Hər uçuş zamanı kosmik fəza zibillənir, çirklənir. Yer kürəsinin anasını ağlatdı Yer övladı, indi də göylərə əl uzadır. Dua üçün yox, dağıtmaq üçün. Amma xoş təbəssümlü o cavan oğlanın bütün bunlara dəxli yoxdu. Birinci olmaq səadətini tale ona vermişdi, onu seçmişdi. Elə mən də...
İradə TUNCAY
Ədalət.- 2009.- 11 aprel.- S. 6.