QAPISINDAN BƏLLİ OLAN TEATR
Lənkəran Dövlət Dram Teatrı
"Ezop"u da götürüb Bakıya
gəlir
Deyirlər ki, teatr
asılqandan başlayır. Bu fikri aksioma kimi
qəbul etməyənlər
də yetərincədi.
Hər halda Azərbaycanda öz binası, səhnəsi, asılqanı olmadan da baxımlı tamaşalar hazırlayan teatr var. Yəqin
ki, söhbətin Bakı Kamera Teatrından getdiyi məlum oldu. Deyəsən teatr asılqandan başlamır
fikrini dəstəkləyənlərin
cərgəsinə qoşuluram.
Yazının girişində
uzağa getmədim ki? Amma yazını
hazırlamaq üçün
uzağa getməli oldum. Axı Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrı paytaxtdan nə az, nə azacıq,
270 kilometr uzaqda fəaliyyət göstərir.
Mənim
üçün doğma olan bu kollektivdə teatral mühit
qapıdakı səliqə-səhmandan başladı. İşgüzarlıq, intizam,
aktyorların bu şəraitdə özlərini
rahat hiss etməsi məni yaxşı mənada təəccübləndirdi. Bir
gün əvvəl yaradıcı kollektiv yeni bir tamaşanı
təhvil vermişdi. Bu barədə bir qədər sonra da yazmaq
olar. Onsuz da teatrın direktoru İslam Həsənov görülən
və görüləcək
işlər barədə
həvəslə danışacaq.
Amma yaxşısı
budu əvvəlcə
müsahibimi oxuculara təqdim edim.
İslam Həsənov
1973-cü il dekabrın 5-də fəaliyyətə başlayan
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrının sayca dördüncü direktorudu. Onu bu teatra
Bakıdan göndəriblər.
Lakin gəlmə direktor əsl yerli adamdı. Bu teatrın yetişdirməsi kimi ali təhsil aldıqdan sonra doğma Lənkəran səhnəsinə qayıdaraq
müxtəlif rollar oynayıb. Sonra bir müddət Teatr Xadimləri İttifaqında çalışıb.
Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayevin
2007-ci il 29 yanvar tarixli əmri ilə Lənkərana göndərilib. Bu dəfə teatrın direktoru kimi.
- Teatr daha bir
yeni tamaşanı təhvil verib. İndi hamı "Sezarın qətli"ndən danışır...
- Arif Mədətovun "Sezarın qətli" tamaşasına ictimai baxış oldu. Əsərə teatrın
baş rejissoru, əməkdar incəsənət
xadimi Baba Rzayevlə mən birlikdə quruluş vermişik. Müəllifin iştirakı ilə
keçirilən ictimai
baxışda tamaşa
müsbət qarşılandı.
İnanıram ki, tamaşaçılarımız Əlibala Əsgərovun
(Sezar), Qızılgül
Quliyevanın (Kleopatra),
Adil Zeynalovun (Brut), Sücəddin Mirzəyevin (Antoni), Allahverən Babayevin (Siseron) və Elnur Əkbərovun (Kimvar) ifasından razı qalacaqlar.
- Repertuarda "Şah
Edip", "Ezop" kimi necə deyərlər, ağır əsərlərin
olması teatrın səviyyəsi barədə müəyyən
bilgi verir...
- Biz klassik əsərlərə
müraciət etməkdən
qorxmuruq. Çünki
belə mürəkkəb
rolları ifa etmək üçün aktyorlarımızın potensialı
var. Klassik əsərlər aktyorların
bütün imkanlarını
açır, onların
inkişafına müsbət
təsir göstərir.
Ona görə də tez-tez belə əsərlərə
müraciət edirik. Bu yaxınlarda repertuarımız daha bir klassik tamaşa
ilə zənginləşəcək.
Mikloş Hubayenin "Neron
oynayır və ya İblisin yeddi komediyası" əsərinin məşqlərinə
başlayacağıq. Əsərə
quruluş vermək üçün Gürcüstanın
tanınmış rejissorlarından
biri, Kutaisi Gənclər Teatrının
bədii rəhbəri
Zurab Pxekadzeni Lənkərana dəvət
etmişik. Zurab Pxekadze əməkdaşlıq
etdiyimiz yeganə əcnəbi rejissor olmayacaq. Türkmənistanın
xalq artisti Xakacan Aşurov teatrımızın sənhəsində
Çingiz Aytmatovun
"Gün var əsrə bərabər"
əsərinə quruluş
verəcək. Sentyabrdan
tamaşanın məşqlərinə
başlamaq istəyirik.
- Yarandığı
gündən yalnız Özbəkistan qastrolu ilə
öyünən Lənkəran teatrının sorağı
indi tez-tez beynəlxalq festivallardan gəlir...
- Son iki ildə Gurcüstanda , Qazaxıstanda qastrol səfərlərində olmuşuq. Türkiyənin Konya şəhərində keçirilən "Min nəfəs, bir səs" adlı beynəlxalq teatr festivalında "Məhəbbət və ölüm" əsəri ilə çıxış etmişik. Antalyada düzənlənən festivalda xalq yazıçısı Elçinin "Dəlixanadan dəli qaçıb" tamaşasını uğurla oynamışıq. Dənizlidə keçirilən XXIII Uluslararası Teatr Festivalında çıxışımız da tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Biz həmin nüfuzlu tədbirə Üzeyir Hacıbəyovun əsərləri əsasında hazırladığımız "Olanlardan, keçənlərdən" tamaşası ilə qatılmışdıq. Qonşu İran İslam Respublikasından da dəvət almışıq. Bu dəvətin nə zaman reallaşacağı yaxın zamanlarda məlum olacaq. Qeyd etdiyim kimi, son illər teatrımız nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Bütün bu səfərləri təşkil etmək üçün böyük əmək sərf olunub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Teatr Xadimləri İttifaqının rəhbərliyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu işlərdə teatrımıza yetərincə qayğı və diqqət göstəriblər.
- Teatrın binasını gəzərkən bir neçə paralel məşqlərin aparıldığını
gördüm. Sözün
açığı bu,
məni təəccübləndirdi...
- Burda təəccüblü heç nə yoxdu. Kollektivin bütün gücünü səfərbər etmişik. İstər yaradıcı heyət, istərsə də texniki işçilər işlərinə məsuliyyətlə yanaşırlar.
- Lənkəran Teatrı paytaxtdan xeyli uzaqda yerləşir. Əyalətdə çalışmaqla ölkənin mədəni həyatına təsir etmək imkanınız varmı?
- Əyalət-paytaxt bölgüsünün tərəfdarı deyiləm. Lənkəran Dövlət Dram Teatrı öz dəst-xətti ilə ölkə teatrları arasında həmişə seçilib. Ənənələri olan teatrımızın yerini qorumaq və inkişaf etdirmək üçün çalışırıq. Yeri gəlmişkən, bu günlərdə mənə Teatr Xadimləri İttifaqının təsis etdiyi "Səhnə işığı" mükafatı təqdim olundu. İlk dəfə təsis edilən bu mükafatı tək mənə yox, teatrımızın bütün kollektivinə verilən bir ödül kimi dəyərləndirirəm. Deməli, zəhmətimiz hədər getməyib.
- Desəniz ki, tamaşaçı problemimiz yoxdu, o qədər də inandırıcı görünməz...
- Təbii, bütün tamaşalarımız anşlaq olmur. Amma sevindirici hal odur ki, insanlar kassadan bilet alır, tamaşalarımıza baxmaq istəyir. Əgər zalda cəmi beş tamaşaçı olsa da biz o tamaşanı oynayacağıq. Kənddə yaşayan insanların teatra daha rahat gəlməsini təmin etmək məqsədilə axşam tamaşalarını onlar üçün daha münasib vaxta təyin edirik. Son vaxtlar reklam məsələsinə də ciddi önəm veririk. Yerli "Cənub" telekanalında tamaşalarımızın pulsuz anonsları verilir. Şəhərin müxtəlif yerlərində afişalarımızı vurmaq istəyirik.
- Eşitdiyimə görə, teatrın nəzdində studiya da fəaliyyət göstərir...
- Yerli kadrların, gənc istedadların yetişməsi üçün
bu addımı atmışıq. Aparıcı
aktyorlarımız, rejissorlarımız
gənclərlə məşğul
olur, onlara dərslər keçirlər.
Bunun müsbət nəticəsini də artıq görürük.
Studiyaya cəlb etdiyimiz gənclər tamaşalarda rol oynayır, təcrübə
qazanırlar. Bu onlarda heç də pis alınmır.
- Deyəsən Mədəniyyət
və İncəsənət
Universitetindən teatra
aktyor gəlmədiyindən
bu addımı atmağa məcbur olmusuz. Sonuncu dəfə teatra
nə vaxt yeni aktyor gəlib?
- Səhv etmirəmsə, 1996-cı ildə. Gənc mütəxəssislərin teatra gəlib işləməsi hələ də bir problem olaraq qalır. Bu problemin müxtəlif səbəbləri var.
- Paytaxt tamaşaçıları teatrınızın növbəti çıxışını nə zaman görə biləcəklər?
- Aprelin
20-də Bakıya bir günlük qastrola gəlirik. Musiqili Komediya Teatrının
səhnəsində paytaxt
tamaşaçılarına Q.Fiqereydonun "Ezop" faciəsini təqdim edəcəyik. Ezop rolunda
əməkdar artist Təvəkkül
Əliyev, Ksanf rolunda xalq artisti
Qabil Quliyev çıxış edəcək.
Xalq artisti Böyükxanım
Əliyeva Kleya rolunda oynayacaq. Bu tamaşanı "Zirvə" mükafatına
təqdim etmək istəyirik. İnanıram ki, tamaşaçılar bizim "Ezop"u bəyənəcək.
Teatrın binasını tərk edəndə qapıda maraqlı elana rast gəldim. Lənkəran teatrında bayram gözlənilir. Aprelin 19-da xalq artisti Qabil Quliyevin 60 yaşı qeyd olunacaq. Bu teatrın yaranmasında və inkişafında müstəsna rolu olan tanınmış aktyorun yubileyini bayram kimi qeyd etməyə dəyər.
Etibar CƏBRAYILOĞLU
Ədalət.- 2009.- 11 aprel.- S. 19.