Dünyanın ən mərd qatili...
Gecələrimizin Dolusu – “Dolu”
GİRİŞSİZ-FİLANSIZ:
Aqil Abbasın
"Dolu" romanını oxuyanda AZƏRBAYCANI ADAMIN ƏN
MÜQƏDDƏS İSTƏK KİMİ ARZULAMAĞI GƏLİR: ölkəyə dolu
yağsın! Fərq eləməz ki,
yağanda "çölə tökülən (...) camaat
onun gətirdiyi soyulmuş baldırğan qoxusuna bənzər
bir qoxunu ləzzətlə ciyərlərinə çəkib
xoşhallanar, əllərini onun altına tutub göylərə
- buludların arasından süzülən Tanrı
işığına tamaşa eləyə-eləyə
bu dolunun damları, torpağı, ağacları, pəncərələri
döyəcləməsindən YARANAN, Tanrıdan başqa
heç bir bəstəkarın bəstələyə bilmədiyi
qeyri-adi bir musiqiyə qulaq kəsilər", yoxsa da ki... DOLU onların dünyasını viran eylər!
İstənilən halda Azərbaycan BİRCƏ ŞƏRT
DAXİLİNDƏ ehtiyaclıdı: dərmanı araq olan
dolu əvvəl yağsa yaxşıdı - yağı
yağ üstə çıxıb ayranı ayranlıq olacaq
millətin YAŞAMAQ HAQQINI QAZANANLAR öz xoşuna -
onların evinə-ürəyinə-canlarına düşüb hər şeyi viran qoyan evlərini bərpa edəndən
sonra - EVLƏRİNDƏN ÇIXIB DAMLARININ ALTINDA dolu dənələrini
öz xoşuna öz ağzına atarlar, oradan da içlərinə
ötürərlər: axşamlar yanlarını şillələyə-şillələyə
təpitmə qoyulması əzabının gözləndiyi
qaçılmaz olsa da!!!
... Bayram gecəsi dədəm Məmmədin Aqil
Abbasın ANS-də Qədir Rüstəmova Saranı aparan sellərin
mahiyyətini açmasını (gör eyyy! - mən jurnalist
ola-ola tutmamışam, fəhlə dədəm nəzərimə
çatdırdı!), azərbaycanca başa düşüb
danışa bilməyən anamın "Etiraf"da
xanımıyla münasibətini ifadə edən
("dözürəm, dözürəm, birdən
partlayıram, ağzıma gələni deyirəm") fikrini
dilə gətirməsi "Dolu"nun nədənini mənə
anlatdı: "Dolu" "üstlərində göz
yaşlarından başqa heç nəyi olmayan şəhid
analarına" EHTİRAMIN çox yüksək səviyyədə
ifadəsidir - müharibə mövzusunda yazılmış əsərlərin
içində də İLKİDİR ki, alver və xaltura
yoxdur!
Üstəlik və həm
də bu müharibənin mahiyyətini bilən Aqil Abbasın
Allaha hirsini tökməsidir, Əzrayıla istefa ərizəsi
yazdırmasıdır, eyzən hirsini xanımına
tökdüyü kimi, eynən Allahı Qədir Rüstəmova
qulaq asdırdığı kimi!!!
EŞQ OLSUN, müharibəyə
qapalı, döyüşdən uzaq, yiyəsiz millətin don
vurmuş qəlblərini LAZIM MÜƏLLİM GƏLMƏMİŞ
DƏ doluya tutan, doluyla döyəcləyən Aqil Abbas!
Dolu "MÜHARİBƏNİN
İÇİNDƏ OLAN VƏ İÇLƏRİNDƏ
MÜHARİBƏ GEDƏNLƏRİN" əsəridir!!!
Bir əsər ki,
adamı varından yox eləmədi, "qribki"yə
tutulmuş xəstələr kimi, adamı ürəyinin
başınacan qaşındırmadı, apar qaytar -
"Dolu" həm də ona görə dəyərlidi ki,
adamı ürəyinin başınacan
qaşındırır!!! Adamın
qışqırmağı gəlir ki, Aqil Abbas, Allahın
yoxdumu?!? Təbii ki, bu əsər bu reaksiyanı o
oxucu-adamlarda yaradır ki, onlar "divarın bir addım o
üzündəki azadlığın dadını
çıxara bilirlər"...
Əsəri
oxuduqca istəyirsən ki, tez oxuyub qurtarasan! Ki, bu müharibə
də qurtarsın - Komandir əsgərlərinə dediyi kimi:
ya döyüşə girin, ya da girib qaçsanız,
özüm güllələyəcəm! Bu, Aqil Abbasın
yazıçı kimi böyüklüyüdü: adam roman
kimi də yazdığı bu müharibədə adamı
axıracan döyüşdürür - Komandiri, əsgərlərini
pırıl-pırıl balıqların dalına salıb
varından yox etdiyi kimi! Oğulsan, getmə arxasınca -
"arxada ana-bacılarımızdı!!!"
Romanın hər iki fəslində
o qədər saysız-hesabsız məqamlar var ki, fikirləşməli
olursan: deyəsən, Aqil Abbas heç Milli Məclisin
deputatı deyil, elə bil, "Ədalət" qəzetinin
baş redaktoru olmayıb, ƏSL XALQ YAZIÇISIDIR Kİ, VAR!
Çünki "Dolu"da
"çolum-çocuğun baxışları adamı
dışardakı Doludan da bərk döyür", həyatda
Aqil Abbasın deputatı olduğu Milli Məclis! Bunları da
öz əsərinin qəhrəmanı Komandir kimi elə Aqil
Abbasın özü qələmə alır!
Bax, bu kişiliyə
EŞQ OLSUN!
Daha bir məqam:
"Amma Qeyrət bədbəxt oğlu neyləsin? Qeyrətin
gücü pulemyotun, avtomatın güllələri
qarşısında çox aciz idi. Qeyrət nə qədər
özünü öldürürdü, gücü BMP-nin
gücünə çatmırdı..."
Yazıçı Aqil
Abbasın böyüklüyü SİYASƏTÇİ Aqil
Abbasdan da dərs almağa yetərlidi: Düşmənə
qalib gəlmək üçün nə lazımdırsa
(topdan-tüfəngdən tutmuş Böyük Saraylardakı
ssenaristlərə qədər) deyən Aqil Abbas siyasilər
üçün də QƏLƏBƏ İNSTRUKTAJI
cızır: söz danışmaq, qeyrətli olmaq bəs eləmir!!!
Silahınızı tapın!!!
Roman işıq
üzü görəndən sonra "ədəbi tənqid cəngavərləri",
"ştatlı məddahlar", "amansız qələm
sahibləri"nin təqdimatları düz
çıxsaydı, indiyə gərək ya Aqil Abbasın ili
çıxaydı, ya da əsərin! Əsərin ili
çıxdı və sanki... heç nə olmamış
kimi keçdilər ayrı söhbətlərə! Lap elə
Şuşanın, Laçının, Ağdamın
çıxan illərini yola saldığımız kimi.
Məni indidən
"Dolu"yla bağlı daha bir dolu vurur: biz o müqəddəs
torpaqlar kimi bu əsərin də necə əziz olduğunu
bilsək də, onu da unudacağıq, yaddan
çıxaracağıq! Fəqət BORCLUYUQ: gecələrimizin,
ölkəmizin, dövlətimizin, vətənimizin DOLUSUNU
görmək istəyiriksə, "Dolu"nun DOLU qiymətini
verək ki, ömrümüzü DOLULAR dağıtmasın,
viran qoymasın!!!
II
Roman süjet və
kompozisiyasına görə cəmiyyətin müəyyən
zaman kəsiyini ifadə edən həyatıdır, eyni
zamanda, xarakterlər toplumunun personajlar
mehmanxanasıdır!
Aqil Abbas Azərbaycan həyatının
müharibə dövründəki yaşamının ssenari
müəllifi olmasa da, romandakı personajların
toplaşdığı mehmanxananın sahibi kimi çox unikal
"müştəri qalereyası" toplayıb!
Burada oğraş
oğraş kimi, düşmən düşmən kimi,
kişi kişi kimi elə verilib ki, İlham Musaoğlu
şeirlərinin birində yazdığı sayaq,
"tapılmaz özündən oğraşın
(düşmənin, kişinin) biri".
Ləzzət eləyən
odu ki, obrazların hər biri mükəmməl işlənib!
Ləzzət eləyən
odu ki, hər personajın özünün dili var!
Ləzzət eləyən
odu ki, şişirtmə və bayağı dialoqlar yoxdu -
bizim adını dəqiq bildiyimiz Dünyanın Ən
Varlı Şəhərinin portreti belə ən incə
ştrixlərinə qədər bədii təsvir və ifadə
vasitələrinin bütün imkanlarından peydərpey
yararlanmaqla verilib!
Ləzzət eləyən
odu ki, süni patriotizmin və millətçiliyin, pafosla
mayalanan partizanlığın, geydirmə qəhrəmanlığın
heç bir peyzajı yoxdur, iyi-həniri gəlmir!
Komandirin jurnalistlə həm
hərbi hissədə, həm də həbsdən sonrakı
qarşılaşmada portret ştrixlərinə həyat verərkən
KİŞİLİYİN-ZİYALININ-QƏHRƏMANIN ƏDƏBİ
TƏRİFİNİ düşüncələrdə
formalaşdırdığı üçün Aqil Abbasa minnətdarlığım
sonsuzdur: harada oxumaqla, hansı diplomu almaqla deyil, kimdən dərs
almaqla, harada diploma layiq görülməklədi!
Komandirin dilindən səslənən
Nitsşenin dahiyanə sözləri elə Aqil Abbasın
özünə də, qəhrəmanlarına da aiddir:
"Qulaq as, Nitsşe deyir ki, ölsəm, məni bu
torpağa basdıracaqsınız, sonra bu torpağı mənə
görə daha çox sevəcəksiz" Doğrudan da, indi Aqil Abbası
çoxları etdiyi xeyriyyəçiliyə, ona-buna
tapşırmalarına, aşırtdığı işlərinə
görə sevsələr də, vaxt gələcək, Onu
yazdığı "Dolu"ya görə arzulayacaqlar: mənim
indi istədiyim kimi!!! Həm də
Dünyanın Ən Mərd
Qatili sayılacaq Aqil Abbas!
Pələngin Drakonun
pencəyi üstündə canını tapşıran
ölüsünü Dünyanın Ən Gözəl
Ölüsü kimi təqdim etdiyinə görə rəğbətim
artdı - adam KİŞİNİ DÖYÜŞDƏ
ÖLDÜRƏR! Və mən Pələngin -
dünyanın bütün gözəl qızlarını
görən Rəşid Behbudovun papağını-xəncərini
həm oğurlayan, həm də ondan hədiyyə alsa da,
"mən qız görmədim ey" deyib ölən igidin
ayağında bir ömür boyu hönkür-hönkür
ağlamağa yox, onun qisası üçün hər an
döyüşməyə hazıram!!!
Ədəbi əsərlər
məhz bu qənaətlər üçün
yazılmalıdır!
Fantastikaya, o cümlədən
Qarabağ döyüşlərindəki məğlubiyyətlərə
özlərimizinkini-döyüşçülərimizi ləkələyib
don geyindirməklə düşmən əlaltılarının
dudkasına meylli şayiəbazlarımıza Pələngin döyüşdə
ölməyini şübhə altına almağa imkan vermədiyi
üçün Aqil Abbasa "əhsən" deyirəm!
Ölmək ehtimalı
sıfır tam milyardda bir faiz də olmayan Drakonu təzədən
döyüşə atıb öldürmək DÜNYANIN ƏN
GÖZƏL QATİLLİYİDİR!
"İçində
ağlamağa bircə damla da göz yaşı qalmayan"
Komandiri Azər Hüseynin kababxanasının altındakı
kəhrizdə pırıl-pırıl balıqlara qoşub
AYDINLIQLARA ÇIXARMAĞI adamın içinə bir QARABAĞ
DOLUSU yağdırır - ağlamağa bir ömür boyu
göz yaşı olsun!!!
Bu Vətən
uğrunda döyüşənləri bu vətənin At
Üstündə Olan Adamlarının əliylə yox,
İlahinin adıyla onların öz öhdəsinə
buraxdığı üçün, daha doğrusu,
öldürdüyünə görə də Aqil Abbasa təşəkkürlər
etməyə dəyər!
Sizləri deyə bilmərəm,
bu boyda faciələrdən bu qədər AQİLANƏ, TƏMKİN
VƏ HEYRƏTLƏNDİRİCİ üslubda yazmaq məni
dəhşətli dərəcədə üşəndirdi -
Aqil Abbas, doğrudan da qatildir! Yalnız qatil belə eləyə
bilər - haqsızlığın, düşmənçiliyin,
ədalətsizliyin qatili!
Amma həm də necə
də gözəl və mərd qatil!
III
Oxudum, tənha gecələrimin
birini öldürdüm - çox məsud oldum! Amma içimdə bir göynərti qaldı. Sakitcə
oxuya-oxuya qeydlər apardığım vərəqləri
yenidən çevriməyə başladım:
davranışında da, yaşamında da kifayət qədər
azad insan olan Aqil Abbasın dil bölümündə də sərbəstliyi
çox gözəl idi: ifadələrin səsləniş
tonu belə duyğuluydu, amma və lakin mən heç cür
ağlıma gətirə bilmirdim ki, ŞƏHİD ANASININ
ADI ÇƏKİLƏN əsərdə "qəhbə"
ifadəsi işlətmək olar - mən əminəm ki, vaxt
gələcək, Pələngin anası bütün şəhidləri
öz oğlu bilib uyuduqları qəbiristanda gül əkdiyi
kimi, bütün analar da şəhidləri öz
oğulları biləcək, bu roman-kitab onlara da əziz olacaq
və onlar oxuyacaqlar! Belə anaların
düşüncəsində "qəhbə", "qəhbəlik"
anlamı yoxdur, onların, dünyaya şəhidlik zirvəsinə
yüksəlməyəcən dünyaya oğul gətirmiş
anaların genetikasında bu ifadə tapmaca olduğundan ərşi-əlanı
bir-birinə qatmalı olarlar - eynən Əzrayılın
Bayılda görməli olduğu işin dalınca
Maqadana getməsi kimi!
Mənim yaşım qədər
yazıçılıq bir yana, redaktorluq stajı olan Aqil
Abbasa irad kimi yox, qənaətim kimi çatdırmaq istəyirəm:
"bu"lar o qədər çoxdur ki, onların tay
dadı çıxarılıb. Əsas və köməkçi
nitq hissələrinin bütünü üzrə təsnifləşdirmək
olar - qüvvətləndirici ədat və yaxud da ki, təkrir
funksiyasında qəbul etmək çox çətin olur! Doğrudan da, Aqil müəllim, "bu"lar lap çoxdu ey...
Bir də ki... Kİ məsələsi...
Mən ilk əsərdir
ki, Kİ-ni bitişik görürdüm. Kamil Vəli Nərimanoğlunun
bütün zəhmətini bada vurmaqdı bu. Olmaz -
"düşünəndə ki" ifadəsini
"düşünəndəki" kimi verəndə, nəzərə
almaq lazımdır: bu, beyindəki prosesi yox, o prosesin getdiyi
yerin sahibi də ehtiva oluna bilər!
SÖZARASI:
Aqil müəllimin
romanının dilinə bir arzın qədər də
kölgə salmadığımın sübutu kimi bir
faktı yazıram: Nurəddin adlı
döyüşçü döyüş mövqeyindən
başının qanı axa-axa, pulemyotunu sürüyə-sürüyə
qərargaha gələndə indi Müdafiə Nazirliyində
çox böyük vəzifədə olan general-polkovnik
soruşur:
- Asqar, papaqın
xanı?
Nurəddin:
- Ə, xiyar, papaq
vaxtıdı?
... O boyda faciələri
gözləriylə görən Aqil Abbasın onları qələmə
alanda "bu"nun biri çox, "o"nun biri az ola bilər,
amma... biz də sözümüzü deyib Maqadanda ağ
ayıları görənləri nəzərə
alırıq.
IV
"Dolu"
Qarabağdan çox, Qarabağın adını bildiyimiz Dünyanın
Ən Varlı Şəhərinin rekviyemidir! Ancaq ümid etməyə dəyər
ki, Dünyanın bu Ən Varlı Şəhərinin At
Üstündə Olan Adamının polisdə işləyən
oğlu da, - hərçənd, Aqil Abbas Komandirin diliylə
bunu şübhə altına alır, - illər keçəndən
sonra belə, həbsdən çıxan Komandiri tanıya,
yadına sala, qiymətləndirə bilirsə, ümid etməyə
dəyər: "Dolu"dan dolu yağacaq! Azərbaycan o
günü görəcək!
Dünyanın Ən
Varlı Şəhəri yenə də AĞDAM olacaq!
Buna böyük inamla
yazını bitirirəm və arzulayıram ki, EVLƏRİNİZƏ
DOLU YAĞSIN - gecələrimizin "Dolu"su:
Dünyanın Ən Mərd Qatilinin Allaha tökdüyü
hirsi, Əzrayıla yazdırdığı istefa ərizəsi!
Aydın Canıyev
Ədalət.- 2009.- 11 aprel.- S. 10.