Bir cənub rayonunda
Dünyanın
coğrafi xəritəsində məmləkətimiz -
doğma Azərbaycanımız elə də böyük
deyil. Ancaq yerləşdiyi, min illər qərarlaşdığı
tarixi türk yurdu qədim və sivil dünyanın daim diqqət
mərkəzində dayanmışdır. Çox zəngin, əsrarəngiz
təbiəti ilə yanaşı, təbii sərvətləri
daim bu qədim diyarın həm şöhrəti, həm də
güvənc yeri olmuşdur. Azərbaycan tarixində, taleyində
isə cənub bölgəsinin öz yeri, öz məqamı
var. Bu bölgənin bənzərsiz təbiəti, zəngin
flora və faunası tamam başqadır. 1930-cu ildə təşkil
edilmiş ümumi sahəsi 721 kvadrat kilometr olan Masallı
rayonu bu bölgədə öz çəkisi ilə
seçilir.
Ərazicə nisbətən
kiçik olan bu rayonun füsunkar dağları ilə birgə
Xəzər dənizinin sahilində yerləşən aran kəndləri
də kifayət qədərdir. 190 minə qədər əhalisi
olan Masallı aqrar-sənaye rayonudur. Əhali əsasən
taxılçılıq, tərəvəzçilik,
tütünçülük, qismən də
çayçılıqla məşğul olur. Ancaq kifayət
qədər kənd təsərrüfatı və sənaye məhsulları
istehsal edən konserv zavodları, süd emal sexləri, dəyirmanları,
mebel fabrikləri, kərpic zavodları, metal konstruksiyaları
hazırlayan digər müəssisələri var. Şöhrəti
uzaqlara yayılan, ildə 8 milyon manatlıq məhsul istehsal edən,
320 nəfərin çalışdığı
"Embawood" mebel fabriki haqqında Azərbaycan prezidenti
İlham Əliyev cənabları demişdir: "Mən
Masallıda yerləşən "Embawood" mebel fabrikinə
baş çəkdim, orada istehsalla tanış oldum. Çox
sevinirəm ki, Azərbaycanda, Masallıda ən yüksək
standartlara uyğun istehsal müəssisəsi mövcuddur və
onun məhsulları nəinki daxili bazarın tələbatını
ödəyir, eyni zamanda ixrac olunur və xaricdə də
satılır".
Cənub bölgəsinin
zəngin təbiəti haqqında bir qədər ətraflı
söz açmağımız təsadüfi deyil. Çünki
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq dağlı-aranlı Masallıda
görülən işlər təbiətin gözəlliyinə
əlavə bir rəng, bir çalardır. Dağlıq əraziyə
daha yaxın olan rayon mərkəzi Masallı şəhərində
isə son vaxtlar salınan parklar, inşa edilən müasir
binalar doğrudan təbiətin qoynunda bir ayrı cür
görünür. Şəhərin mərkəzinə uzanan
səliqəli, rahat H.Əliyev prospekti elə Ulu Öndərə
ucaldılmış əzəmətli heykəlin
yaxınlığındakı H.Əliyev muzeyi şəhərə
bir gözəllik, yaraşıqdır. 2007-ci ilin 9 aprelində
açılışında ölkə Prezidentinin iştirak
etdiyi Olimpiya İdman Kompleksi, elə həmin ilin noyabrında
sakinlərin ixtiyarına verilmiş Şah İsmayılın
adını daşıyan park göz oxşayır. Masallı
Rayon İcra Hakimiyyətinin inzibati binası təmirdən
sonra hətta paytaxtdakı inzibati binalarla müqayisə oluna
bilər. Masallıdakı digər inzibati və sosial binalar,
yaşayış evləri, park və bağlar insanların tələbatına
cavab verməklə bərabər həm də şəhərin
bugünkü simasıdır.
Ölkədə
aparılan aqrar islahatların mübaliğəsiz birincilərindən
olan Masallı rayonu təkcə ötən il 16650 ton
taxıl, 68669 ton tərəvəz, 34666 ton kartof istehsal etməklə
mal-qara sayını da 66741 min başa
çatdırmışdır. İqtisadi inkişafı nəticəsində
rayon sakinlərinin pul gəliri 2004-cü ilə nisbətən
2,1 dəfə artmışdır. Son 5 ildə burdakı 14071
yeni iş yerindən 8540-ı daimidir.
Yuxarıda qeyd etdiyimiz
kimi Masallı rayonun çox zəngin təbiəti var. Buna
görə də Masallıda turizmin sürətli
inkişafı təbiidir. Hazırda rayonda 15 turizm və xidmət
müəssisəsi Mədəniyyət və Turizm Nazirliyinin
lisenziyası əsasında fəaliyyət göstərir. Ümumiyyətlə,
qeydə alınmış 36 turizm obyektində ciddi işlər
görülür. Bu istirahət müəssisələrində
1100-dən çox yaşayış yeri daim dincəlmək
istəyənlər üçündür.
Məlumdur ki, cənub
bölgəsində ictimai asayişi lazımınca qorumaq
çox böyük zəhmət və məsuliyyət tələb
edir. Şərqdən uzanan yol qərbə məhz bu regiondan
keçdiyindən burdan müxtəlif məqsədlər
üçün istifadə etməyə çalışan
qüvvələr də az deyil. Buna baxmayaraq, rayonda ictimai
asayiş lazımınca qorunur. Ötən il Masallıda
baş vermiş 251 cinayət hadisəsindən 222-si
açılmışdır. Axtarışda olan 55 nəfərdən
40 nəfəri tutulmuşdur. Narkotik vasitələrə
qarşı mübarizə nəticəsində 42 cinayət
hadisəsi aşkar edilmiş və müvafiq tədbirlər
görülmüşdür.
Kifayət qədər
ziyalı potensialı olan Masallı rayonunda 99 ümumtəhsil
məktəbi, 1 peşə məktəbi, 3 mədəniyyət
və istirahət parkı, 44 klub, 79 kitabxana fəaliyyət
göstərir. Bir çox məktəblər kimi 220
şagird üçün inşa edilən - "Dəfinə"
liseyi də 2008-ci ildə istifadəyə verilmişdir. Bir
sıra çətinliklərə baxmayaraq, daha bir neçə
məktəbdə təmir-tikinti işlərinin
aparılması nəzərdə tutulur.
Torpaqlarımızın
bütövlüyü uğrunda həyatlarını,
sağlamlıqlarını itirmiş igidlərimiz də
masallılar tərəfindən layiqincə qiymətləndirilir.
Onlar üçün tikilmiş 32 mənzilli binada əlil və
şəhid ailələri yaşayır. Onlara olan yüksək
qayğının nəticəsidir ki, təkcə ötən
il 11 nəfərə "OKA" markalı minik
maşını hədiyyə edilmişdir.
Masallı rayonu həm də
dünyəvi islam dininin yaxşı qorunduğu və təbliğ
edildiyi bir məkandır. Rayondakı 117 məscidin tikilmə
tarixi XIX əsrə aiddir. Bu məscidlərin qorunması və
mütəmadi bərpa işləri yerli hakimiyyət
orqanları ilə bərabər rayon sakinlərinin,
dindarların üzərinə düşür. Etiraf etmək
lazımdır ki, masallılar bu missiyanı lazımınca
yerinə yetirirlər.
Rayonun meşələri
indi rahat nəfəs almaqdadır. Rayonun 71 böyük
yaşayış məntəqəsindən 43-ü mavi qaz
alır. 28 kənd isə tamam qazlaşdırılıb. Bu il
Göyəçöl, Lürən, Təzəkənd,
Xıl, Sərçuvar kəndlərinə də qaz xətləri
çəkiləcək. Və onda Masallı müasir,
möhtəşəm tikililəri ilə
yaşıllıqlar qoynunda daha gözəl görünəcək.
Səxavət Məmmədli
Ədalət.- 2009.- 14 aprel.- S. 7.