Mübariz Əliyev: "Kişinin bir borcu da əsgər getməkdir"

 

Tanınmış cərrah , tibb elmləri doktoru Mübariz Əliyevlə həmsöhbət olarkən, masanın üstündəki "Tarixin gedişini dəyişən 100 adam" həftəlik nəşrinin Nikolay Kopernikə aid olan buraxılışını əlinə alıb dərhal da sözə başladı:  

- Allahsızlar 70 il bizə təlqin ediblər ki, Kopernik allahsız olub, Allahı inkar edib. Amma görün özü nə deyir: "Alimlər həqiqət axtarışı ilə yalnız Allah tərəfindən insan idrakına verilən imkan daxilində məşğul ola bilərlər". Yaxud bu: "Həkimlər xəstəyə yalnız Allahın izni olarsa, kömək edə bilərlər". Baxın, bu böyük alimin dedikləri heç allahsız, dinsiz adamın dediklərinə oxşayırmı?  

Bizdə əksər sahələrdə, lap elə elmin özündə də həmin o allahsızlıqdan qalma bürokratik yanaşmanın bəzi əlamətləri qalmaqda davam edir. Eynşteyn bir vərəq kağızda bir düsturu tapıb və onunla da Nobel mükafatını alıb. Bizimkilər deyirlər ki, get fikrini 500 vərəqdə yaz gətir. Mənim fikrim üçün bir vərəq də kifayətdir. Bu elmdə yenilikdir, kəşf dir, inqilabdır. Amma ola da bilər ki, 500-1000 vərəq yazım, içində də heç nə olmasın. Avropa ölkələrində dissertasiyanı dissertasiya şəklində yazmırlar. Alimə dünyada çap olunmuş əsərlərinə və elmə verdiyi töhfələrə görə, elmi ad verirlər. Daha ondan kağız istəmirlər.   

- Elə isə keçək Sizin şəxsi tərcümeyi-halınızla elmə verdiyiniz töhfələrə...   

- 1959-cu ilin 16 aprelində Füzuli rayonunun Yağlıvənd kəndində müəllim ailəsində anadan olmuşam. Sumqayıtda 16 nömrəli orta məktəbi bitirmişəm. Birinci haqsızlığı onda hiss eləmişəm. Tam əla qiymətlərlə bitirsəm də, qızıl medal vermədilər. Məktəbin direktoru 2000 manat istədi. Atam razılaşmışdı, mən razı olmadım. Tibb Universitetinin müalicə-profilatktika fakultəsində oxuyarkən ikinci haqsızlıqla üzləşdim. Əla oxuduğuma görə, Nərimanov təqaüdünə təqdim olunsam da onu da vermədilər. İnstitutu qurtaranda daha bir haqsızlıqla rastlaşdım. Bütün qiyməitlərim əla idi. Yalnız ən yaxşı bildiyim farmakologiyadan "4" vermişdilər. Buna baxmayaraq institutu fərqlənmə diplomu ilə başa vurdum. Üç il Sumqayıtda cərrah işlədim. 1986-cı ildə Moskva Tibb Akademiyasının aspiranturasına uğurla imtahan verib, əlaçı aspirantı, aspirant şurasının sədri oldum. Şəklim şərəf lövhəsində birinci vuruldu. İki il yarıma - vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi adına layiq görüldüm. 1989-1997-ci illərdə ATU-da assistent, 1997-ci ildən isə dosent vəzifəsində çalışıram. 1990-1997-ci illərdə Azərbaycan Gənc Tibb Alimləri Şurasının sədri olmuşam. 5 monoqrafiyanın, 2 dərsliyin , 1 metodik tövsiyənin, 7 səmərələşdirici təklifin və dünyanın bir sıra ökələrində çap olunmuş 120-dən çox elmi məqalənin müəllifiyəm. 2005-ci ildə "Kəskin bağırsaq keçməzliyinin kompleks müalicəsində cərrahi detoksikasiya probleminin həlli yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsini almışam. Ailəliyəm, bir övladım var. 1992-ci ildən YAP-ın üzvüyəm. YAP Nəsimi rayon təşkilatında rəhbər heyətdə olmuşam. Partiyanın 15 illik yubileyində məni konfransa və digər tədirlərə dəvət etdilər. Təntənəli sürətdə fəxri fərman, qiymətli hədiyyələr verdilər. Yada saldılar ki, sizin YAP-ın yaranmasında və inkişafında xeyli xidmətləriniz olub, biz onları unutmamışıq.   

- Həkim, Sizin müxtəlif özəl xəstəxanalarda çalışdığınızı da bilirəm. Bunun yeganə səbəbi yaxşı qazanmaq imkanıdır, yoxsa başqa səbəb də var?  

- Birinci səbəb odur ki, ATU-nun özəl xəstəxanalar qədər maddi-texniki bazası yoxdur. O cümlədən də, cərrahiyyə sahəsində. Ona görə də, elmi-texniki tərəqqi ilə, müasir cərrahiyyə ilə işləmək, müasir elmi, cərrahiyyəni yaratmaq üçün mən və mənim kimi insanlar məcburdur ki, işdən əlavə vaxtlarında özəl xəstəxanalarda çalışsın. Özəl xəstəxanada elmi kəşf, müasir müayinə, müalicə, cərrahiyyə, həkimin özünü reallaşdırması üçün hər cür şərait var. Eyni zamanda, özəl xəstəxanalarda güclü rəqabət mövcuddur. Bu rəqabətdən də mən qalib çıxmışam və çıxıram. Burada kağız lazım deyil, burada savad lazımdır. Burada istedad, əl qabiliyyəti və elm lazımdır. Mən özəl xəstəxanalara pul qazandırıram - öz savadımla, qabiliyyətimlə. Və ordan təbii ki, özüm də pul qazanıram. Bu, həm elmdir, həm biznesdir, həm də sənətdir. Bu üç sahəni tibb universitetində reallaşdırmaq mümkün deyil. Orada dərs deməyim sadəcə mənim pedaqoji fəaliyyətimdir. Ancaq orada yalnız nəzəri savad verə bilirik. Azərbaycan gündən-günə inkişaf edir, insanların həyat şəraiti, maddi imkanları yaxşılaşır. Azərbaycan vətəndaşlarının tələbatları da artır. Buna görə daha yüksək səviyyədə xidmət, daha keyfiyyətli müalicə, cərrahi müdaxilə, gözəl şərait, yüksək elm və texnologiya tələb edirlər. Özəl xəstəxanaların daha bir vacib özəlliyi də sığorta təminatının olmasıdır. Bu Azərbaycan səhiyyəsinin gələcəyidir. Sığorta təşkilatları öz müştərilərini keyfiyyətsiz müalicə və pis şərait olan yerlərə göndərmirlər. Çünki verdikləri pulun müqabilində tam əksini görürlər. Sığorta təşkilatları müştərilərini keyfiyyətli müalicə və xidmət, gözəl şərait olan xəstəxanalara göndərirlər. Sığortalı xəstələr təkcə imkanlı xəstələr deyil. Onların arasında fəhlələr, kəndlilər, sadə işçilər də var. Onlar sığorta təşkilatlarında sığortalanırlar və biz onları özəl xəstəxanalarda pulsuz müalicə edirik. Xəstə xəstəxanaya və həkimə heç nə vermir. Amma sığorta təşkilatı xəstəxanaya və xəstəxanın həkiminə, o cümlədən, professoruna kifayət qədər yüksək məbləğ ödəyir.   

Mənim səviyyəmdə cərrah üçün lazım olan kitabın birini bəzən 500 avroya alıram. Üç cildlik olanda, 1500 avro edir.O kitabı da oxumasam, bugünkü rəqabətə tab gətirə bilmərəm. İndi Türkiyədən, Avropadan, Rusiyadan, Amerikadan çox savadlı gənclər gəlir. Heç bir fəxri adları, elmi dərəcələri yoxdur. Amma güclü, savadlı həkimdirlər, cərrahdırlar, mütəxəssisdirlər. Mən gərək onlardan üstün olam. Mən professoramsa, öz "marka"mı gözləməliyəm.   

Qeyd edim ki, vəziyyət daha da yaxşılaşır. Çox hörmətli nazirimiz cənab Oqtay Şirəliyev səhiyyə sistemində müntəzəm islahatlar aparılması üçün böyük işlər görür. Hörmətli rektorumuz Əhliman Əmiraslanov da ürəkdən çalışır. Vaxt keçdikcə bütün əngəllər aradan qaldırılacaq.  

- Həkim, ölkəmizin inkişafına, Sizin dediyiniz kimi, problemlərin aradan qaldırılmasına mane olan bir böyük problemimiz də var. Bilirəm ki, torpaqlarımızın hələ də işğal altında qalması Sizə də çox "doğma" bir dərddir...  

- Mən o torpaqları qiyabi tanımıram. Orada doğulmuşam. Orada və ora ilə yaşamışam, yaşayıram, nəfəs alıram. Bizim o yurdlarda evimiz olub, hər yay getmişik. Bu bizə böyük bir yaradır. Bu bizə böyük bir təhqirdir ki, o torpaqları əldən vermişik. Mən o torpaqlar uğrunda döyüşmüşəm. Tuğ kəndi işğal olunan zaman orada olmuşam. Füzulidə, Tərtərdə döyüşlərdə iştirak etmişəm. Yaralıları nə qədər qəbul etmişəm! Elə Moskvadan Bakıya da müharibəyə görə qayıtmışam. Bakıda da yaşamışam o müharibəni. Bir gündə 40-50 xəstə, yaralı qəbul etmişəm.  

Bu təhqiri hələ də biz öz üzəriimzdə gəzdiririk. Amma bir şeyi dərk etmək lazımdır. Biz təkcə Ermənistanla müharbə aparmırıq. Ermənistan nə dövlətdir ki? İmkan versələr, Ermənistanı məhv edərik! Ermənistanın arxasında ruslar, başqa qüvvələr dayanır. Amerika, Rusiya! İkili münasibət! Üzdə bizə can-can deyirlər, daldada Ermənistanın arxasında dururlar, axı. İmkan vermirlər ki, biz öz torpaqlarımızı işğaldan azad edək.  

İnanıram ki, Azərbaycanın fədakar oğulları möhtərəm prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəklər. Onlardan biri də mənəm. Özü də mən təkcə həkim kimi getməyəcəm, həm də döyüşçü kimi gedəcəyəm və Qarabağın işğaldan azad edilməsində əlimdə silah iştirak edəcəyəm. Oğlumun 10 yaşı var. Ona da demişəm ki, gərək biz bu problemi sizə saxlamayaq. Yerimdə səni qoyub gedəcəyəm.

- Bu gün 50 yaşınız tamam olur. Bu mənada "Vuruşmağa hazıram!" - demək 50 yaşlı bir kişi üçün şüar da ola bilər. Amma sözlərinizdən belə çıxır ki, doktor Əliyev 50 yaşında da özünü gənc və gümrah hiss edir...  

- Gücümün-qüvvəmin artan, inkişaf edən, çiçəkləyən vaxtıdır. Kişi 20 yaşında da, 70 yaşında da kişidir. Kişi olmayan elə 20 yaşında da, 70 yaşında da kişi deyil. İnsanın ruhu cavan olmalıdır. Bədən, cism köhnəlir. Mən indi də özümü 20 yaşımdakı kimi hiss edirəm. Mənə elə gəlir ki, hamı bir nəfər kimi, kimliyindən asılı olmayaraq, əsgərliyini çəkməlidir. Oğluma da demişəm ki, sən əsgər olmalısan. Əsgərlik böyük məktəbdir. Əgər kişisənsə, əsgərliyə getməlisən.   

- Köçkün camatımızın böyük bir hissəsi müntəzəm olaraq Sizə müraciət edir. Sanki köçkünlər həddən çox xəstələnirlər. Bu nəyin nəticəsidir?  

- Stress əlbəttə xəstəlik törədir. Özü də daha çox cərrahi-onkoloji xəstəliklər, sinir sisteminin xəstəliklərini...  

Qaçqınlığın, köçkünlüyün, müharibənin verdiyi stressin nəticələri çox ağır olub. Stress on minlərlə adamın vaxtsız ölümünə səbəb olub. Amma indi vəziyyət dəyişib. Millət o depresiyadan çıxıb. Azərbaycanda inkişaf, tərəqqi var. Gələcəyə inam, ümid artıb, daha yaxşı olacaq. Bütün bunlar da xəstəliklərin azalmasına səbəb olur. Qeyd edim ki, əgər on il-on il dövrlə götürsək, 1989-2000-ci illərlə 2000-ci ildən indiyə qədərki dövrü müqayisədə ııgörərik ki, o zaman xəstəliklər daha çox olurdu. Özü də ağır xəstəliklər. İndi dünyanın inkişaf etmiş ölkələrində - Avropada necədirsə, bizdə də elədir. Sadəcə, bu xəstəliklərin müalicə mexanizmini bir az da sadələşdirmək lazımdır ki, insanlar həkimə gələndə əziyyət çəkməsinlər.

  

  

KƏRİM KƏRİMLİ

 

Ədalət.- 2009.- 16 aprel.- S. 6.