SEVGİSİ SOLMAZ
ÇİÇƏKDİR, YADİGAR QALIB...
Görüş
Biz ki, unutmuşduq ilk məhəbbəti,
Ah, bu qəfil görüş
kaş olmayaydı!
Mənim gözlərimdə
eşqin həsrəti,
Sənin gözlərində
yaş olmayaydı.
Sən də bəxtiyarsan, mən
də bəxtiyar,
Bəs bu həsrət nədir, bu
məlal nədir?
Dayanma, qoy gedim, gözləyənim
var,
Gedimmi? Bir hə de, o sual nədir?
Dayanma önümdə günahkar
kimi,
Mən ki, günahını
bağışlamışam.
Hələ qəlbi geniş adamlar
kimi,
Sənin toyunu da
alqışlamışam.
Bil ki, sevgilimdən sənə
salam var,
İstəsən ərinlə
qonaq gəl bizə.
Mənim ciyərparam bircə balam
var,
Açar qapımızı əlbəhəl
sizə.
Peşiman olmağın nədir əlacı,
Yüz fikir bir borcu ödəməz
indi.
Mən sənə qardaşam, sən
mənə bacı,
İlk eşqə tapmısan bir əvəz
indi.
Yanmasın, ulduzum tez yanıb
sönsə,
Vədəsiz
şadlığı istəmərəm mən.
Özgənin eşqinə göz
dikməkdənsə,
Həsrətin qoynunda can verərəm
mən.
Sevin hərarətlə
bir-birinizi,
Ayrılıq diləsəm, dilim
lal olsun.
Qolboyun, mehriban görəndə
sizi
Mənim şair könlüm qoy
xoşhal olsun.
Bilirəm ev nədir, birlik nədir
mən,
Görsəm ev yıxılır,
gedib quraram.
Əl-əldən üzülsə,
ürək-ürəkdən,
Sizi eşqinizə qovuşduraram.
Şirin söz eşitsəm
dodağınızdan
Bilin ki, sədası ürəyimdədir.
Gəlsə körpə səsi
otağınızdan,
Hər xeyir-düası ürəyimdədir.
Qoy bu ürək sözüm getməsin
hədər;
Məni sevirsənsə, ismətini
sev.
Mən öz sevgilimi sevdiyim qədər
Sən də oz eşqini, qismətini
sev.
"...Atamın ədəbiyyata,
musiqiyə, xüsusən muğamlarımıza böyük məhəbbəti
var idi. Əmircan kəndindəki evimizə tez-tez tanınan
söz-sənət ustaları gələrdi. Ağlım kəsəndən
şeir, qəzəl eşitmişəm. Xalqımızın
milli iftixarı, qüdrətli fırça ustası Səttar
Bəhlulzadənin saatlarla xəyala dalmasını, etüdlər,
eskizlər çəkdiyini görmüşəm.
Uşaqlıq çağımdan düşdüyüm ədəbi
mühit əlimdən tutub məni poetik aləmə
apardı".
Hər
görüşümüzdə çiçək kimi zərif,
qaya qədər sərt xarakterli insan, şair Tofiq Bayramın
xatirələrini maraqla dinləyərdik. Onun imzası
yaşımın hansı vədəsində ürcahıma
çıxmışdı, xatırlamıram.
Tanışlığım, dostluğum,
yoldaşlığım isə elə dünən olubmuş
kimi yadımdadır: qırx il əvvəl "Ədəbiyyat
və incəsənət" qəzetinin redaksiyasına
getmişdim, onu orada gördüm. O zamanlar elə təsəvvür
edərdim ki, yazıçı-şairlərin bəmbəyaz
saçı, hündür boy-buxunları, qamətləri
olar. Səməd Vurğun, Süleyman Rəhimov, Əli Vəliyev
kimi. Ancaq Tofiq Bayramda bu əlamətlər yoxuydu. Əvəzində
Yaradanımız ona həssas ürək, kövrək, zərif
qəlb vermişdi. Səsi qalın olsa da, əməli, ətrafındakı
insanlara müraciəti, münasibəti mülayim idi. Bu
sözlər də dilinin əzbəriydi: "Təbii olan
eyib deyil..." Onun üçün təmiz, ülvi məhəbbət
müqəddəs idi. Deyərdi: "Qaya
parçasını, daşı da ürəkdən sevsən
- üzünə gülər. Şirin, xoş nəvazişdən
quruyan budaqlar da cana gələr". Bəlkə
qarşılıqlı əzizləməni, sevgini belə
urvatlı bildiyi üçün "Ay gecikən məhəbbətim"
şeiri şairin obrazını yenə də göz
önündə canlandırır, yaddaşlarda
yaşadır:
Saç ağartdım bu
yollarda,
Harda idin, söylə, harda?
Bir yarpağam, son baharda
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!..
Tofiq Bayram "dərdsizlikdən dərd
axtaran" yazan-yaradan deyildi. Amma görəndə,
eşidib-biləndə ki, dost-tanışından kiminsə
ayağına daş dəyib, onun ağrısını
öz varlığında hiss edərdi. O, iki gəncin səadətə,
vüsala qovuşmalarını ən böyük hadisə
kimi qarşılayar, bu izdivaca ürəkdən sevinər,
münasibətini bildirərdi:
Bir evdən, bir evə səadət
gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin
gözləyir...
Onu görməyəndə, səsini
eşitməyəndə darıxardım. Kitablarını, qəzet-jurnallarda
dərc olunan əsərlərini dönə-dönə
oxuyardım. Misraları, bədii təfəkkürü xəyalımda
obrazlaşar, özü səmimiyyətdə, qiyafədə
dayanardı gözlərim önündə. Görüşəndə
də deyərdi: "Ayə, a zalım, dünya beş
gündür ey, Səməd Vurğuna qalmayan dünya nə sənə,
nə də mənə qalacaq". Sonra da bu misralarını
astadan pıçıldayardı:
Ömrün son anları gəlib
yetəndə,
Son qətrə su kimi inam
içilir.
Fəqət, bir ürəkdə
inam itəndə,
İnsan dağ olsa da, birdən
kiçilir...
O, Bakıda - 75 il əvvəl Əmircan
kəndində dünyaya göz açsa da, sözünün
əvvəli-axırı Qarabağ, Gəncə, Mil-Muğan,
Şəki-Şirvan olardı. Deyərdi ki, Üzeyir bəyin
anadan olduğu ünvan mənim qibləgahım, məzarı
ziyarətgahımdı. Səməd Vurğun mənim əlçatmaz,
ünyetməz dağım, Mehdi Hüseyn ucalığım,
Rəsul Rza görən gözümdür. Bu fikri də ondan
dəfələrlə eşitmişdik: "İnsanın
insana qənimliyini, dönüklüyünü
bağışlamaq günahdır".
Onu bəzən duymur,
anlamırdılar. Ünvanına böhtan, şər-şəbədə,
qərəzli fikirlər yazardılar. O, ömrünün gənclik
çağlarında qeyri-səmimi münasibətlərə
dözsə də, ahıl çağlarında daha bu
didişmələrə tab gətirə bilmirdi. Zərif, həssas
duyğularla döyünən ürəyinin yersiz, məkrli
"hücumlara" artıq gücü çatmırdı.
Belə çətin, ağrılı anlarında əli
ürəyinin üstündə olardı. Lal-kar kimi dinməz-söyləməz
uzaqlara baxardı. Vəziyyətini, halını görənlər
soruşardı: "Tofiq müəllim, bəlkə
könlünüzdən bir şey keçir?" Cavab verərdi:
"Məni tək buraxın!" O, xarakter etibarilə aciz,
zavallı deyildi. Ona qarşı əks mövqedə olanlara
layiqincə cavab verməyi bacarırdı.
Yetmişinci illərin sonları
idi. Tofiq müəllimlə dayanmışdıq
Yazıçılar İttifaqının önündə. O,
təklif etdi: "Gəl gedək Əmircana. Axşam ata
yurdumu yuxumda görmüşəm". Onun göy rəngli
köhnə, sınıq-salxaq "Moskviç"inin mühərrikini
güc-bəla ilə işə salıb, yola düzəldik.
Şəhərin mərkəzindən təzəcə
aralanmışdıq ki, başladı "Keç
günahımdan" şeirini oxumağa:
Ruhumu oxşadın gizli, xəlvəti,
Mən oldum könlünün son əmanəti.
Qadın nəvazişi
ömrün zinəti,
Ölümdən betərmiş
qadın nifrəti,
Bunu öz gözümlə
gördüm
yaxından,
Sənə yalvarıram,
Keç günahımdan...
Gəlib çatdıq Əmircan kəndinin
girəcəyinə. Ata-baba yurd yerlərini - evlərini əvvəlcədən
tanıdığımdan onun birdən-birə
maşını saxlamasından heyrətləndim. O,
sükanın arxasından düşüb, güclə
eşidilən səslə pıçıldayıb, əlini
üzünə çəkdi. Nə fikirləşdi, nə
düşündü bilmədim:
- Əmircana giriş buradan
başlayır - deyib, bir müddət susdu. Sanki taqəti kəsilmişdi.
Hiss edirdim ki, acılı-şirinli xatirələr onu
çox-çox uzaqlara apardı. Handan-hana: - Burda
çoxları uyuyub, vaxt olub, heç onların da qədir-qiymətləri
bilinməyib... Onlardan biri də böyük rəssamımız,
qüdrətli fırça ustası Səttar Bəhlulzadədir.
Nə qədər ki, yaşayırdı, naşılar, səriştəsizlər
ona özgə gözlə baxardılar... Yaxşı ki, bu
torpaq var: xoş niyyətləri, əməlləri pöhrələndirir,
yaşadır, - dedi. Yamanca kövrəlmişdi. Bir müddətdən
sonra: "Vəsiyyət etmişəm, məni də burda
torpağa tapşırsınlar" - deyib, "Əmircan
haqqında nəğmə" şeirini oxudu:
Nə zaman köçsəm də,
qoynuna, kəndim,
Burda son məskənim,
ilk ünvanım var.
Hər yerdə, hər zaman
sənə güvəndim,
Sənsiz nə ürəyim,
nə də canım var...
Tofiq müəllim ata-baba evlərinə
gələndə halı pərişan idi. O,
küskünlüyünü, qəmli olduğunu, nəmli
gözlərini doğmalarından gizlətməyə
çalışırdı. Bəyaz saçlı anası
onu elə mehriban, səmimi qarşıladı ki, sanki illər
boyu əzizinin üzünə həsrət
qalmışdı. Təbii, belə səmimiyətdən,
mehribançılıqdan sonra kədər-qüssə də
unuduldu.
Bir gün onun iş yerinə gəlmişdim.
O, başını almışdı əllərinin
arasına, saçlarını ovuşdururdu. Salamımı həmişəki
kimi yox, elə-belə, dilucu aldı. Bu soyuqluğa heyrətlənsəm
də, səbəbini soruşmadım. Özü dedi:
- Əbülhəsənin (xalq
yazıçısı) milisdə işləyən oğlu qəfildən
rəhmətə gedib... Yazıçının
balasının gözü qabağında dünyasını
dəyişməsi bilirsən nəyə bənzəyir? Min
bir zillətə, təzyiqlərə, təqiblərə,
ehtiyaclara məruz qalıb yazasan, ona da gözün görə-görə
od vurub yandıralar. Yaradıcı valideynin
yaratdığı şah əsər onun
övladıdır...
Sonra uşaq kimi
hönkür-hönkür,
hıçqıra-hıçqıra ağladı.
İş yoldaşları İsi Məlikzadə, Sabir Əhmədov,
Sabir Süleymanov, Nəsib Ələkbərov, Əhəd
Muxtar onu necə kiritdilər, bilmədim. Çünki tab gətirə
bilmədim, ordan uzaqlaşdım.
1970-1980-ci illərdə tərifə,
təqdirəlayiq ənənələrdən biri də ədəbiyyat-incəsənət
xadimlərnin mütəmadi olaraq ayrı-ayrı bölgələrdə
oxucular, tamaşaçılarla görüşlərə
getmələriydi. Belə səfərlərin birində Tofiq
müəllimlə getdik Astaraya. Rayon Partiya Komitəsinin
birinci katibi Çingiz Fərəcovu idarəçi, təşkilatçı
kimi, həm də ədəbiyyata, incəsənətə
böyük marağı olan ziyalı kimi
tanıyırdıq. O, təxminən üç saat ərzində
rayonun mərkəzində və kəndlərində həyata
keçirilən abadlıq işlərindən məlumat
verdi. Nahar vaxtından ötmüşdü. Nəhayət,
Tofiq müəllim dözməyib yarızarafat, yarıciddi
dedi:
- Ay Çingiz müəllim,
bütün bunlara görə çox sağ olun. Məgər
burada işlədiyiniz müddətdə heç restoran, yeməkxana
tikdirməmisiniz? Acından batıb-qırıldıq, nə
olar, onlardan birini göstərin də...
İyirmiyə yaxın kitabı
işıq üzü görən, əsərləri
dünyanın çox dillərinə tərcümə
olunan, xüsusən türkdilli xalqlar arasında böyük
nüfuz qazanan, əməkdar incəsənət xadimi fəxri
ada layiq görülən Tofiq Bayram millətimizin
işıqlı təfəkkürü, geniş qəlbi, vətənsevərlik
amalı ilə yaşayan söz ustalarından,
ziyalılarından biri idi. Qismət payını
yaşayıb, yaradıcılığı dillər əzbəri
olan insanlara həmişəlik əlvida dedi. Lakin
sağlığında həmişəyaşarlıq
qazandığı üçün dönə-dönə
yad olunur. Hər dəfə "Vağzalı" havası səslənəndə
şairin özü təsvir, tərənnüm etdiyi kimi,
"Biri yola salır, biri səsləyir" təntənəsi
ilə vüsala qovuşan gənclərə xeyir-duası
xatırlanır. Çünki o, həmişəyaşar
sevgisini Vətən, el-oba, söz-sənət qədri bilənlərə
yadigar qoyub...
Telman AĞAOĞLU
Ədalət.- 2009.- 16 aprel.- S. 7.