"NARGİN" ADI GƏLƏNDƏ SÜMÜKLƏRİM SIZILDAYIR

 

Mən babamın sümüklərini harada dəfn edə bilərəm?

 

Niyə məhz "Nargin"? Axı, bu adanın əsl adı Böyük Zirə adasıdır. Bu barədə mətbuatda yazılar gedib. Buna toxunmaq istəmirəm. Amma yəqin bizim ailə üçün bunun səbəbi "Babanız Nargində güllələnib", ifadəsi olub, Böyük Zirə adasında yox. Uşaqlıqdan yadımda qalan o olub ki, babamı (atamın atasını) sovet hökumətinin əleyhinə çıxdığına görə vaxtsa, hardasa güllələyiblər. Heç o zaman həmin adanın harada, qədim adının isə Böyük Zirə olduğunu bilmirdim.   

İndi "Nargin" mövzusu tez-tez mətbuatın gündəminə gəlir. Deyirlər orada yüksək səviyyəli istirahət mərkəzi yaradılacaq. Hətta tikiləcək istirahət kompleksinin başa çatması üçün nəzərdə tutulan işlər o qədər böyükdür ki, layihə beş milyard dollarlarla ölçülür. Bütün bunlara aid bir sözüm yoxdur. Lakin, bu günlərdə yenə mətbuatdan oxudum ki, hal-hazırda adanın "insan sümüklərindən təmizlənməsi" prosesi gedir. Siz bir ifadəyə baxın: "təmizlənməsi". Özü insan sümüklərindən. Bu sümüklərin Stalin repressiyalarının qurbanlarına məxsus olduğu bildirilir. Mən isə bilirəm ki, orada təkcə 30-cu illərin deyil, ondan əvvəlki illərin qurbanlarının da sümükləri uyuyur.  

Bizim camaat arasında "Bağırov çapanda" deyilən konkret bir tarixi hadisəni bildirən ifadə var. Deyirlər ki, Mircəfər Bağırov həmin vaxt cəza dəstələrinə şəxsən başçılıq etdiyinə görə, bu ifadə yaranıb.  

1922-ci ildə sovet quruluşunu qəbul etməyərək, ona qarşı çıxan, əslində isə var-dövlətini yeni hökumətlə bölüşmək istəməyən Qarabağın məşhur Yağlıvənd kəndinin üstünə Mircəfər Bağırovun başçılığı ilə atlı dəstə göndərilir. Camaatı silah gücünə ram etdikdən sonra kişiləri sıraya düzdürən Bağırov yerli qulbeçələrin birindən soruşur ki, bunların hansı bolşeviklərin düşmənidir? O da "yarımallah"a xoş gəlsin deyə əlini sıraya düzülənlərin birinə tərəf uzadaraq, "burdan belə hamısı düşməndir" - cavabını verir. mənim babam Salman onun 16 yaşlı qardaşı Tağı da "düşmən"lərin arasına düşür. "Düşmən"lərin əl-qolunu bağlayıb Bakıya göndərirlər. (Sonralar yerli "təbliğatçılar" Mircəfər Bağırovun necə "ədalətli" adam olduğunu qabartmaq məqsədilə onun həmin satqını hansı formada cəzalandırdığı barədə ağızdolusu danışırmışlar. Yox, Bağırov həmin adamı camaatın gözü qabağında güllələmir, nağıllarda, dastanlarda deyilən kimi şaqqalatdırmır dag Onu "ayağı yalın, qılçası açıq" atdöşü eləyib, qırılmış "qarqu"luğa aparır. Sivri ucları mismar "meşə"si kimi qalxmış, qırılmış qurumuş "qarqu"luqda bu adamı atın döşündə qaranəfəs edib o qədər qovur ki, o da elə oradaca öz qanına boyanıb canını tapşırır. Həqiqətə qədər uyğun olduğunu bilməsəm , deyim ki, elə bu da cəlladlığın bir təzahürüdür.   

Bağırovun bu cinayətlərindən ağlar günə qalan, ailə başçıları həbs olunan kənd camaatı yasa batır. Lakin bununla razılaşmayanlar da olur. Onlardan biri - ulu nənəm (atamın atasının anası) o dövr üçün qədər qorxulu olsa da bu ədalətsizliklə razılaşa bilmir şikayətə gedir. O vaxtlar Qarabağda xalq komissarı olan, məşhur iqilabçı Məmmədxan Məmmədxanov (indi Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan Anar Məmmədxanovun ulu babası) onu qəbul edib dinlədikdən sonra mütləq kömək edəcəyinə söz verir. Ancaq M.Məmmədxanovun cəhdlərinin nəticəsində təkcə atamın əmisi - 16 yaşlı Tağını azad edirlər. O, qayıdıb kəndə gələndə hamı heyrət içindəymiş. "Gedərgəlməz"dən qayıdanı öz gözləri ilə gördüklərinə görə. Həbsdən dönən kimi, "başını yarıb ətəyinə qoz tökən" sovet hökuməti onu kənddə yeni yaradılan komsomol özəyinə rəhbər təyin edir. Ömrünün sonunadək yerli viyyədə müxtəlif rəhbər vəziflərdə çaılşan, həyatını el-obasına həsr edən, kəndi, camaatı üçün xeyli xeyirli görən Tağı dədəm 1970-ci ildə vəfat etdi.   

Salmanı isə həbsdən buraxmırlar. Deyilənlərə görə, dustqlara ruslar nəzarət etdiyi üçün babamın adını düzgün başa düşməyərək oxşar adlı başqa birisini azad ediblər.   

Uzun illər ailəmizdə babamın taleyindən xəbərsiz olublar. Az-çox xəbəri olanlar, o cümlədən atası tutulanda iki yaşı olan atam ordan-burdan nəsə eşidəndə onu dəqiqləşdirə bilməyiblər.

Sovetin bütün tuhatut, kəshakəs dövrlərində, heç kimin "cınqırını" çıxara bilmədiyi vaxtlarda bizimkilər susublar. Yalnız öz aralarında danışıblar. "Xalq düşməni"nin, "kulak"ın, "qolçomağ"ın ailəsi kimi yenidən cəzalandırılacaqlarından ehtiyat ediblər.   

Yalnız sovet imperiyasında "Antarktida buzları" əriməyə, tabular götürülməyə başlayanda bu barədə danışmağa ürək elədilər. Mən bütün bunlar barədə ata-anamdan onların da özlərindən böyüklərdən eşitdikləri söhbəti eşitməyə başladım.   

... Ötən əsrin 90- illərinin ortalarında hüquqşünas qardaşım oğlu Vüqar Kərimli babamız haqqında dəqiq məlumat almaq məqsədilə bir neçə dəfə MTN-ə müraciət etdi. hər dəfə nazirliykdən bildirirdilər ki, tələsməyin, vaxtı çatanda bu barədə ictimaiyyətə məlumat veriləcək. Verildi . "Sərhəd" qəzetində rus-erməni, sovet-bolşevik repressiyalarının qurbanları barədə MTN məlumatları repressiya olunanların siyahısı dərc edilməyə başladı. Həmin siyahıda Qaryagin (keçmişdə Qarabulaq, indi Füzuli) rayonunun Yağlıvənd kəndindən olan Salman Məşədi Həsənalı oğlunun da adı var idi. Məlumat isə hadisənin üstündən 75 il keçməsinə baxmayaraq çox ağır, kədərli ağrılı idi: "...1922-ci ildə Nargin adasında güllələnib!".  

... İndi Nargin adasını "...insan sümüklərindən təmizləyirlər". O, saysız-hesabsız günahsız sümüklərin arasında mənim babamın da sümükləri var. lakin dərd bununla bitmir. Nargindəki "sümük qəbiristanlığı", son zamanlar dəbdə olduğu kimi bir az mədəni desək, məzarlıq "lay-laydır". Yəni hər beşilliyin, hər onilliyin "sümük qatları" var. Əgər mən mifik bir arzunu həyata keçirmək, babamın sümüklərini götürmək, nəslinin bir nümayəndəsi, nəvəsi kimi hörmətlə dəfn etmək fikrinə düşsəm edə bilərəm? Orda, "sümüklər adasında" hər kəs öz babasının sümüyünü necə tapa, ayırd edə bilər ki? Əslində dərd heç bu da deyil. Dərd odur ki... 

, burda Qəribi yaş boğur...  

Lap tutalım Allahın elə bir möcüzəsi baş verdi ki, babamın sümüklərini tanıyıb, tapıb, seçib verdilər özümüzə. Dedilər ki, alın, necə istəyirsiniz elə edin. Elə bilirsiniz bu bir xoşbəxtlik olacaq? Yox! Biz o sümükləri harada dəfn edəcəyik? Bu gün Nargində istirahət kompleksinin salınmasına Mane olduqlarına görə "sızıldayan", "sızıldadılan" sümüklər sahiblərindən birinin - Salman Məşədi Həsənalı oğlunun ata-anasının, nənə-babasının, sağ ikən onu görmüş qardaş bacılarının, dünyada onsuz böyümüş övladlarının sümükləri uyuyan qəbiristanlıqlardan xəbərimiz varmı? O qəbiristanlıqları da Qarabağda babalarımızı narginlərdə güllələyən, güllələtdirən rus-erməni, daşnak-bolşevik yığnağının xələfləri, nəvə-nəticələri yerlə-yeksan etməyiblərmi?  

Elədirsə, Nargindəki sümükləri, hətta tanınsaydı belə qohumlarınaı qaytarmasalar yaxşıdı...  

... Mən babamın sümüklərini harada dəfn edə bilərəm ki?   

... Əgər Bakıdırsa, elə Nargin Bakıdır .   

... Deyəsən mənə qalan elə təkcə sızıltı olacaq, "Nargin" adı gələndə, sümüklərimi saran sızıltı...  

Sümük sızıltısı...  

    

 

KƏRİM KƏRİMLİ

 

Ədalət.- 2009.- 17 aprel.- S. 6.