Afaq Məsudun eksklüziv
müsahibəsi
Müstəqil İnformasiya Agentliyinə (mia.az)
Afaq xanım, "Xəzər"
jurnalının çap olunma zərurətini necə izah
edirsiniz?
Hazırkı kitab
bolluğunda intellektual oxucunun aclığını doyuracaq əsərlər
çox azdır.Bu gün ölkədə gedən bədii tərcümə
prosesinin keyfiyyəti də çox zəifdir. Dünya ədəbiyyatının
əsas istiqamətlərini, sənət nümunəsi kimi bədii
dəyər kəsb edən ədəbiyyatları peşəkar
səviyyəli tərcümədə Azərbaycan oxucusuna
çatdırmaq vacib və zəruri əhəmiyyətli bir
məsələdir. Bu missiyanı bu gün "Xəzər"
jurnalı öz üzərinə götürüb.
Bəs jurnal niyə
birbaşa dövlət büdcəsindən maliyyələşmir?
1993-cü ildə
Yazıçılar Birliyinin sədri Anar, mərhum
prezidentimiz Heydər Əliyevə, Birliyin aparatının və
ədəbi orqanlarının maliyyələşdirilməsi
ilə bağlı müraciət etmişdi. Lakin bu müraciətdə
nə Tərcümə Mərkəzinin, nə də "Xəzər"
jurnalının adı yox idi və təbii olaraq, Mərkəz,
Birliyin və onun ədəbi orqanlarının maliyyələşməsi
ilə bağlı qərardan kənarda qaldı.
Mərkəz,
bildiyiniz kimi, özfəaliyyət səviyyəli kommersiya təşkilatı
deyil. Bu qürum, vaxtı ilə, Heydər Əliyevin irəli
sürdüyü ideya əsasında - 1989-cu ildə Azərbaycan
Nazirlər Sovetinin qərarı ilə dünya ədəbiyyatının
Azərbaycanda və Azərbaycan ədəbiyyatının
dünyada tanıdılması məqsədi ilə
yaradılmışdı. Lakin, yaradılma dövrü
ölkənin qeyri-stabil siyasi dönəminə təsadüf
etdiyindən, qürum maliyyəsiz və baxımsız bir vəziyyətdə
fəaliyyət göstərməli oldu və bu səbəbdən
tam qüvvəsi ilə işləmək imkanı
qazanmadı. Biz də, təki yaşamaq xatirinə, fal
kitabları, yaxud detektiv ədəbiyyatları nəşr edib
başımızı dolandırmaqla kifayətlənə bilməzdik.
Bildiyiniz kimi, Mərkəz yarandığı gündən
ciddi bədii ədəbiyyatların tərcüməsinə
və nəşrinə üstünlük verib və bu illər
ərzində ölkədə ilk dəfə F.Kafka, Q.Markes,
U.Folkner, C.Selincer və bu kimi dünya
yazıçılarının əsərlərini tərcümə
və nəşr edib.
Bədii tərcümə
hər bir xalq üçün milli varlıq məsələsidir
və mədəniyyətimizin bir sütunu olaraq, dövlətə
və xalqa gərəklidir.
Bu, olduqca
mürəkkəb sahədir. Əvvəlcə əsərin
orijinaldan sətri tərcüməsi edilməlidir. Daha sonra sətri
tərcümə, bədii duyumla bədii tərcüməyə
çevrilməlidir. Ən axırda isə mətn, peşəkar
redaktor qələmindən keçməlidir. Bizim isə,
bütün bunları müvafiq səviyyədə həyata
keçirməyə imkanımız yoxdur. Nə bu prosesi
lazımi qaydada həyata keçirməyə, nə qanorar
verməyə, nə sonrakı texniki tərtib məsələlərinə.
Söhbət, hələ tək bir "Xəzər"dən
gedir. Mərkəzin kitab nəşrlərini isə biz
çoxdan dayandırmışıq. Jurnalın üz
qabığının tərtibini də özümüz
veririk.
Deyirlər deyir ki,
Yazıçılar Birliyi özünə ayrılan vəsait
ilə sizi də maliyyələşdirir.
Xeyr, elə
deyil. Büdcədən Mərkəzə ayrılan vəsait,
təyinatı üzrə Yazıçılar Birliyinin
hesabına köçürülür. Birlik də, bizə
çatacaq vəsait barədə hər ilin əvvəli Mərkəzə
rəsmi məktub göndərir. Məsələn, bu il
üçün Birlik Mərkəzə 45 min manat
ayırıb. Mən isə Mərkəzə ayrılmalı
olan vəsaitin həcmini dəqiq bilirəm. Biz bu pula ildə
dörd jurnal buraxmalıyıq. Üstəlik, Tərcümə
Mərkəzinin 2 mərtəbəli binası var. Biz bu
binanın kommunal xərclərini ödəməliyik, Mərkəzin
əməkdaşlarına maaş verməliyik, tərcüməçilərimizin
qonararını ödəməliyik. Bu məbləğ isə
bu ehtiyacların üçdə birini belə ödəmir.
AYB
jurnalları azərbaycanlı müəlliflərin əsərlərini
çap edir. Jurnala əsər təqdim edən
yazıçı və şairlər öz əsərlərinin
çap olunmasında maraqlıdırlar və burda qanorar məsələsi
bir o qədər də vacib əhəmiyyət kəsb etmir.
Bizim işimiz isə daha çətindir. Biz, tərcüməsini
və nəşrini planlaşdırdığımız əsərləri
tərcüməçilərə sifariş verməliyik.
Buna imkanmız çatmadığından, məcbur olub bəzən
tərcüməçilərin gətirdikləri ortabab, yaxud
tərcüməsi zəif əsərləri çap edirik.
Bizim gənc tərcüməçimiz var, Ülkər Nəsibbəyli.
Bu qız 150-200 manat arasında məvacib alır. Lakin bu məvacibin
müqabilində, jurnalın az qala, yarısını təşkil
edən əsərlərin ingilis dilindən tərcüməsini
həyata keçirir. Özü də bu işi yüksək
peşəkarlıqla edir.
Büdcə kəsirimiz
aradan qaldırılarsa, biz ilk növbədə jurnalın
dövrliyini və tirajını artırardıq. Jurnala
hədsiz böyük tələbat var. Jurnal əldə edə
bilməyən oxucular Mərkəzə gəlib bizdən
jurnal istəyirlər. Tərcüməçilərə, nəşrini
vacib saydığımız əsərlərin tərcüməsini
sifariş verərdik. Kitab nəşrlərmizi bərpa edərik.
Bir vaxtlar elədiyimiz kimi, bədii tərcümə
mövzusunda beynəlxalq səviyyəli forum və konfranslar
keçirərdik. Bu işləri görmək
üçün kifayət qədər potensialımız var.
Afaq xanım, AYB ilə
münasibətləriniz nə yerdədir?
Mənim nə AYB ilə,
nə də şəxsən Anarla heç bir konfliktim yoxdur. Ortada
böyük narazılıq var. Bu da sosial ədalətin
pozulması faktıdır. Birliyə, dövlət tərəfindən
ayrılmış 1 milyondan çox vəsaitdən Onun,
(Birliyin) inadla özününkü elan etdiyi ən iri
strukturu olan Mərkəzə cəmi 45 000 manat vəsait
ayırması, bu qurumun (Birliyin) Mərkəzi ya məhv etmək
niyyətindən, yaxud, onun taleyinə və fəaliyyətinə
hədsiz laqeydliyindən xəbər verir. Neçə ildir
biz narazılığı birliyin rəhbərinə
bildiririk. Birliyin sədri isə öz bildiyini edir.
Rusiyada bu yaxınlarda "İnostrannaya literatura" jurnalının yubileyi keçirildi. Bu yubiley özü hər şeyi
deyir. Ruslar üçün bu jurnal böyük mənəvi
dəyərdir. Və həqiqətən də, dünya ədəbiyyatını
millətinin dilində yaşatmaq milli mədəniyyətin
dirçəlişi üçün görülən ən
vacib işlərdən biridir.
Mən demirəm ki,
Yazıçılar Birliyinin digər jurnalları pisdir. Amma
axı niyə jurnallar arasında bu boyda ayrıseçkilik
olmalıdır? Bu gün bizim Yazıçılar Birliyindən
istədiyimiz budur ki, "İcazə verin, yaşayaq".
Amma, baxın, biz nə vəziyyətdə
yaşayırıq? Bina qəza vəziyyətindədir.
Elə bil ucqar dağ kəndində
yaşayırıq. İl uzunu tavanından süzən
yağış döşəmələri, divarları nə
günə salıb. Elə bir həftə, ya ay olmur ki, ya su
borusu partlamasın, ya elektrik naqili yanmasın. Bizə xarici
ölkələrdən qonaqlar, tanınmış
yazıçılar, elm adamları, tərcüməçilər,
müxbirlər təşrif buyururlar. Bu mənzərəni
görüb dəhşətə gəlirlər. Amma biz bu
şəraitdə işləməməliyik axı?!..
"Alatoran"
jurnalını oxuyursunuzmu?
Düzünü deyim,
ardıcıl izləyə bilmirəm. Əlimə düşən
nömrələrə görə deyim ki, jurnalı bəyənirəm.
Ən əsas da ona görə ki, jurnalın daxili
azadlığı var. Gənclər istədiklərini yaza
bilirlər. Amma bəzən ifrat çılpaq fikirlər,
ifadələr də olur və bu açığını
deyim, orda yazılan istedadlı yazıları gözdən
salır. Bu sayaq ədəbiyyat var. Lakin o ədəbiyyat, həm
də yüksək sənət nümunəsi kimi dəqqət
cəlb edir. Burda isə çılpaqlıq bədiyyata qurban
verilir. Bu pisdi.
Mən gənc ədiblərin
yazılarını qəzet səhifələrində oxuyuram.
Mənim barədə deyilən
tənqidi fikirləri də qəbul edirəm. Vaxtı ilə
mən də kimisə oxuyanda ürəyim bulanıb, amma bu
barədə yazmaq, necəsə ağlıma gəlməyib.
Və düşünürəm ki, yaxşı ki, elə hər
ağlımdan ötəni yazmamışam. Bir də
düşünürəm ki, ümumiyyətlə, gəncliyə
qarşı açıq olmaq lazımdır. Birliyin,
özünə düşmən saydığı bu gənclərin
arasında istedadlı qələm adamları var və bu gənclər
heç də Gənc ədiblər məktəbinin üzvlərindən
istedadsız deyillər. Lakin Birliyin, bu istedad yiyələri ilə
doğma, məhrəm münasibətləri tənzimləyən
sistemi yoxdu. Bunu dəfələrlə demişəm: siz - gənclər
də fikirlərinizi təhqirlə ifadə etməyinizdən
əl çəkin. Bura Amerika deyil. Azərbaycan, üzü qədimdən
bəri, istedadından və hünərindən əvvəl,
böyük-kiçiyini tanıyan ədəbli insanlara daha
çox inanıb.
Gənclik güclü bir
axındır, seldir. Sel torpaq da gətirir, çınqıl
da, gözəl-gözəl balıqlar dag İndi sərraf
lazımdır ki, bunları seçə-ayıra.
Düşünürəm ki, gənclərə səhvi
bağışlamaq olar. Bilmirəm, hansı
yazıçının sözüdü, deyir: "Əgər
o, səhv etmirsə, demək gənc deyil."
Afaq xanım, sizin
babanız - Azərbaycanın xalq yazıçısı Əli
Vəliyev məşhur romançı, atanız Məsud Əlioğlu
- tanınmıq tənqidçi-alim və ədəbiyyatşünas
olub. Sizcə niyə
onlar öz nəsildaşlarından fərqli olaraq, heç tənqid
olunmurlar? Bir də siz nəyə görə, başqaları
kimi onları təbliğ etmirsiniz?
Düzü, bunula
bağlı mənə irad tutanlar çox olub ki, "niyə
hamı atasını təbliğ edir, sən yox?.." Açığı
bir müddət mən özüm də buna görə vicdan
əzabı çəkmişəm ki, nəyə görə
babamı, ya atamı təbliğ etmirəm? Mən həmişə
düşünmüşəm ki, bu adamlar öz həyatlarını
Azərbaycanın ədəbiyyatına, elminə azərbaycan
dilinin və mədəniyyətinin zənginləşməsinə
həsr ediblərsə və onların bu xidməti həqiqətən
bu xalq üçün hər hansı əhəmiyyət kəsb
edirsə, onlar da, yaratdıqları əsərlər də
yaşayacaq və heç bir təbliğata da ehtiyac yoxdur.
Yox, əgər bu belə deyilsə, qurama təbliğ
heç bir yazıçını, ya şairi ədəbiyyatın
yaddaşında saxlamayıb. Uzağa getməyək, yaxın
əlli ildə dunyasını dəyişmiş nə qədər
yazıçı şairlərimiz yoxa çıxıb?
Düşünürəm
ki, Əli Vəliyevin də, atamın da tənqidə tuş
gəlməməyin səbəbi - onların xeyirxah və nəcib
xislətləri ilə yanaşı, qurama təbliğat
maşınlarının olmamasıdır.
Yadımdadı,
ömrü boyu yüksək vəzifələrdə işləmiş
Əli Vəliyev 70 yaşında təqaüdə
çıxmışdısa da, nə qüruru, nə əzəməti,
nə də xeyirxahlığı əskilməmişdi. O, indi Prezident
aparatının yerləşdiyi Çkalov küçəsindəki
ikimərtəbəli evdə yaşayırdı. Qapısı
qış, yay açıq olurdu. Ev də daim rayonlardan, uzaq kəndlərdən,
hər hansı xahişlə yanına gələn adamlarla
dolu olurdu. Bura kimi ev dərdiylə, kimi institut dərdiylə,
kimi əsgərlikdən yayınmaq dərdiylə, kimi iş
dərdiylə gəlirdi. Babam da heç kimə "yox"
demirdi, tanıdı-tanımadı, hamının işi ilə
məşğul olurdu. Və bir el ağsaqqal kimi hər yerdə
və hamının yanında böyük hörmətə
malik idi. Yazıçı kimi də, onun ədəbiyyata xidmətləri
az olmayıb. "Budağın xatirələri" əsərini
oxuyun. Bu əsəri Azərbaycanın müəyyən
dövrünün sənədli səlnaməsi adlandırmaq
olar.
Bəs Afaq xanım, digərləri
niyə tənqid olunur?
Mən bunu həmişə
deyirəm: bu təbliğin iki başı var. Bir şey
haqqında çox danışanda, o qiymətdən
düşür. Sizdə bilirsiz ki, hədsiz və qeyri səmimi
təbliğ cəmiyyətdə qıcıq və ikrah
yaradır. Bir də əgər ortada ciddi ədəbiyyat
nümunəsi varsa təbliğə nə ehtiyac var? Məgər
Dostoyevskini, onun oğlu təbliğ edib? Yoxsa, Sabir
övladları tərəfində təbliğ edilib?.. Yazıçını,
şairi, onun əsərindən savayı, heç bir təbliğ
tarixdə saxlaya bilməz. Bunlar müvəqqəti şeylərdir.
Ümumiyyətlə, yazıçının, öz ailə
üzvləri tərəfindən təbliğ olunması təqdirəlayiq
iş deyil. Yazıçının yazdığı dildə
danışan xalq varsa, hər şey öz qiymətini alacaq. Nə
ədəbiyyat tarixində, nə də Ruh Yaddaşı deyilən
zamansız Ərazidə bu sayaq təbliğatlarla qalmaq
mümkün olan iş deyil.
Ədalət.-
2009.- 21 aprel.- S. 7.