SABİR ƏHMƏDLİ
CƏBRAYILA HƏSRƏT QALDI
Sabir Əhmədli öldü!
Nədənsə əvəzsiz,
böyük insanlar, müqəddəs insanlar öləndə yadıma
həmişə Vaqif
Bayatlı Odərin Səttar Bəhlulzadənin
ölümünə yazdığı
şer düşür.
Çox
Ölüm-ölüm deməyin
Ölsəydi,
Bu dünyanın qara
torpaqları
Doldurammazdı
Qocanın üz
qırışlarını...
Çox ölüm-ölüm
deməyin...
Su kimi çəkilib
torpağa
getdi...
İndi Sabir Əhmədlinin də nə üz qırışlarını, nə
tale qırışlarını bu dünyanın qara torpaqları doldurammaz. O da Səttar Bəhlulzadə kimi suya dönüb
çəkilib torpağa
getdi.
Sabir Əhmədli
XX əsrdə Azərbaycan
xalqının ən əjdaha yazıçılarından
biridi. Biriydi yox, biridi. Çünki
şairlər, yazıçılar,
sənətkarlar, sərkərdələr
cismən ölə bilərlər, amma onları doğuran xalq nə qədər
var olduqca, onlar da var
olacaqlar. Belə şəxslər ailələri,
övladları, nəvələri
üçün ölürlər,
millət üçün
ölmürlər.
Tanrı Əhmədliləri
bu torpağa qurban göndərib. Sabir müəllimin qardaşı Cəmil Əhmədli 19 yaşında
bu torpağa qurban gedib və
azərbaycanlılara son dərəcə
qısqanclıqla verilən
Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülüb.
Az-çox araşdırmışam
və görmüşəm
ki, Sovet İttifaqı dönəmində
bir azərbaycanlı
general-mayor rütbəsi almaq
üçün gərək
general-polkovnik səviyyəsində
olaydı ki, heç olmasa, ona general-mayor rütbəsi
verəydilər. Müharibədə
də. Gürcülərə,
ermənilərə Sovet
İttifaqı Qəhrəmanı
adını xəlbirlə
paylayanda bizimkilərə
cirəylə verirdilər.
Gərək iki Sovet İttifaqı Qəhrəmanı adına
layiq qəhrəmanlıq
göstərəydin ki,
bəlkə birini sənə verəydilər.
Məsələn, Mehdi
Hüseynzadəyə ölümündən
13 il sonra verdilər, Həzi Aslanova ikinci Sovet İttifaqı Qəhrəmanı adını
50 ildən çox gizlətdilər. Cəmil
Əhmədli bu adı, bax, beləcə qazanmışdı.
Sabir Əhmədlinin
oğlu Məhəmməd
də bu torpağa qurban getdi. Qarabağ savaşında əmisi kimi Vətən torpağı uğrunda şəhid oldu. Qəribə bir mənzərəni deyim. Məhəmməd Toğanadan
yuxarıda (taleyə bax, Sabir Əhmədlinin
ən möhtəşəm
əsərlərindən birinin
adı "Toğana"dı)
qızğın döyüşlərdə
şəhid olarkən
yazıçı özü
həmin döyüş
bölgəsində əsgərlərə
həm yardım aparmışdı, həm
də onlara mənəvi dayaq üçün özü
səngərdəydi. Bakıya
qayıtdıqdan sonra
bilmişdi oğlu şəhid olub. Yardımı da oğlunun qulluq etdiyi hərbi hissəyə utandığından
aparmayıb ki, deyərlər oğlu burdadı deyin yardım gətirib.
Bəli, Allah Məhəmmədi
də bu torpağa, bu millətə qurban göndəribmiş.
Sabir Əhmədli
də bu torpağa, bu millətə Allah tərəfindən
qurban göndərilmişdi.
Və qurbanı olduğu bu millətə, bu torpağa da elə qardaşı kimi, elə övladı kimi qurban da getdi.
Yox, ona güllə dəymədi,
döyüşdə ölmədi.
Bu millət üçün,
bu torpaq üçün şam kimi əridi, əridi, əridi və Vaqifin dediyi kimi, su
kimi çəkilib torpağa getdi.
Dünən səhər gördüm Sabir Rüstəmxanlı
başı alovlu ora-bura qaçır. Sordum Sabir müəllim,
nə olub, bu nə haldı? Dedi ki, Sabir Əhmədlini dəfn
eləməyə qəbiristanlıq tapa bilmirik.
Mən də dedim ki, Sabir Əhmədliyə torpaq
darlıq eləyər, o, 300 milyonluq bir xalqın ürəyinə
həkk olunub, bu azdırmı?!
Aqil ABBAS
Ədalət.- 2009.- 18
aprel.- S.1-2.