SARI SİMƏ TOXUNANDA...
Hər milləti millət
kimi tanıtdıran onun qədim köklərə malik milli mədəniyyəti,
irsi, tarixi kökləri, adət-ənənələridir. Bizim
simvolumuza çevrilən, musiqimizin milli atributu hesab edilən
musiqi alətlərindən biri, bəlkə də elə birincisi
tardır.
Milli musiqi mədəniyyətimizin
nadir incisi sayılan tar milyonların marağına səbəb
olmuş, unudulmaz tarzənlər - Azərbaycan tarının
"atası" Sadıqcan, görkəmli tarzənlər
Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Əhsən
Dadaşov, Ramiz Quliyev, Baba Salahov, Möhlət Müslümov,
Zamiq Əliyev, Firuz Əliyev və başqaları Azərbaycan
tar ifaçılığı məktəbinin ənənəsini
qoruyub sağlamağı gənc həmkarlarına tövsiyə
etmişlər. Bu gün də həmin insanların
davamçıları var və Azərbaycan mədəniyyətinin,
musiqisinin inkişaf etdirilməsində, dünya xalqlarına
tanıdılmasında xidmət göstərirlər. Onlardan
biri də Əməkdar artist, istedadlı tarzən Elçin
Həşimovdur.
Həşimov Elçin
Ləzgi oğlu 5 sentyabr 1973-cü ildə anadan olmuşdur. O,
1980-ci ildə Bakı şəhər 201 saylı orta məktəbin
birinci sinfinə getmiş, 1988-ci ildə orta məktəbi
bitirmişdir. Orta məktəbdə oxumaqla yanaşı
1984-1988-ci illərdə 8 saylı musiqi məktəbində
tar ixtisası üzrə təhsil almışdır.
- İlk
müəllimim Fikrət
Manafov olub. Sonra da taleyim
elə gətirdi ki, muğamın sirlərini Azərbaycanın
ən tanınmış
pedaqoqları olan Kamil Əhmədovdan, Akif Novruzovdan öyrəndim. Amma sənət elədir ki, onu tək
tədrislə öyrənmirlər.
Mən Şövkət
Ələkbərovaya, Gülağa
Məmmədova, Rəşid
Behbudova, Habil Əliyevə qulaq asıram - mənim üçün əsl sənət məktəbi
budur. Mizrabı tutmağı isə mənə adını çəkdiyim müəllimlərim
öyrədib, - bu sözləri ustadlara böyük məhəbbətlə
tarzən Elçin Həşimov deyir.
O, 1988-ci ildə Asəf
Zeynallı adına musiqi texnikumuna daxil olmuş, 1992-ci ildə
həmin texnikumu fərqlənmə diplomu ilə bitirərək,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında
təhsilini davam etdirmiş, təcrübəli pedaqoqlardan dərs
almışdır. 1997-ci ildə akademiyanı bitirən
Elçin Həşimov tara olan sevgisi, sənətə gəlişi
barədə bunları bildirdi:
- Mən
Bakıda anadan olmuşam. Amma valideynlərim Füzuli rayonunun Əhmədbəyli
və Mahmudlu kəndlərindəndirlər. Babam
kəndin ziyalısı
olub - məktəbdə
fizika müəllimi işləyib. Xan Şuşinski, Əbülfət
Əliyev, Yaqub Məmmədov dəfələrlə
bu kəndlərdə
konsert veriblər. Kənddə ilk dəfə
tar dərnəyini də
babam yaradıb, ilk tarı da kəndimizə
babam gətirib. Anamın da o vaxtdan arzusu olub ki, mən
tarçalan olum. Atam da həvəskar
tar ifaçısı olub.
Gözümü açıb
evimizdə tar görmüşəm.
Xalq musiqisinə sevgi mənə valideynlərimdən keçib.
Mənim birinci müəllimim də elə atam olub.
O, mənim çalğımdan
heç vaxt razı qalmırdı. Həmişə məni sıxırdı. Ancaq, deyəsən, son beş ildə razı qalmağa başlayıb. Muğamlarımızın hamısını
əzbər bilir. Bütün dərslərimə
mənimlə birgə
gedirdi. Axırda Kamil müəllim dedi ki, gəl,
bir dənə də tar sənə verim.
Elçin Həşimov
1993-cü ildə Asəf Zeynallı adına musiqi texnikumunda əmək
fəaliyyətinə başlamışdır. O, həm
də Opera və Balet Teatrının solisti vəzifəsində
çalışır. 1999-cu ildən bu vəzifəni
daşıyan Elçin
Həşimov "Leyli
və Məcnun",
"Gəlin Qayası",
"Natəvan", "Tomris"
və s. əsərlərdə
bir-birindən gözəl
solo partiyaları ifa etmişdir.
O, 2000-ci ildən
hal-hazıra kimi Milli Konservatoriyada baş müəllim vəzifəsində
əmək fəaliyyətini davam etdirir.
Elçin Həşimov
yalnız Azərbaycan dinləyicilərini deyil, dilindən,
dinindən, milliyyətindən asılı olmayaraq
bütün dünyada tara meyl göstərən və
göstərməyənləri mahir ifası ilə heyrətə
gətirir. Çünki dili ilə deyə bilmədiyini mizrabla, zərif simlərlə, könül
oxşayan notlarla səsləndirir. Elçin
Həşimov dəfələrlə
ABŞ-da, İngiltərədə,
Fransada qastrol səfərlərində olmuş,
Azərbaycan musiqisini,
incəsənətini layiqli
təbliğ etmişdir.
Hollandiyada dünya orkestrinin tərkibində Azərbaycanı təmsil
etmiş, Norveçdə,
İsveçdə, Avstriyada,
İsveçrədə, BMT-nin Qurultay Sarayında
çıxışlar etmişdir.
O, Ukraynada, Rusiyada, Belarusda, Özbəkistanda,
Türkmənistanda keçirilən
beynəlxalq musiqi müsabiqələrində iştirak
etmiş, "Şərq
təranələri" beynəlxalq
musiqi müsabiqəsinin
laeuratı olmuşdur.
Xarici səfərlərin
birində baş vermiş bir epizodu xatırlayan Elçin Həşimov
Azərbaycanda əsl sənətə olan marağın
davamlı olmasının zəruriliyini vurğuladı:
- Bir epizod
danışım sizə, çox böyük mənası
var. Amerikada bizimlə
birgə ermənilər
də konsert verirdilər. Festival günlərində
konsertlərdən sonra
hamı bir masanın arxasına yığışıb, milli
musiqisindən, çalğı
alətlərindən danışır,
parçalar ifa edirdi. Söhbət edirdik, alətlərlə
maraqlanırdıq. Hər
kəs öz folklorundan danışırdı.
Festivalda bizim rəsmi təmsilçimiz
Cefri Veyrbax idi. O, özü də folklorşünasdır.
Belə məclislərin
birində Cefri kamançanı götürüb
başladı çalmağa.
Bir tərəfdə də Nyu-Yorkda yaşayan, İrandan gəlmiş erməni əyləşmişdi. Elnur
da oturmuşdu Cefrinin yanında. Cefrinin çalğısı
hamının diqqətini
cəlb etdi. Birdən çalğının
şirin yerində Cefri dedi ki,
mən heç nə çalmıram, indi görün ustad nə çalacaq
və kamançanı
Elnura uzatdı. Hamı da diqqət
kəsilmişdi. Elnur
həm öz musiqimizdən, həm də dünya bəstəkarlarının əsərlərindən
parçalar çaldı.
Elnur çalanda anadolu türkləri durub oynadılar, əl çalıb yallı getməyə başladılar. Bütün
məclis dönüb
bizə tamaşa etməyə başladı.
Elə bu vaxt Cefri yenə
qəfildən kamançanı
Elnurun əlindən alıb uzatdı erməniyə. Və erməni dilində ona: "Sən də çal" - dedi. Erməni əvvəlcə tutuldu, sonra: "yox" - dedi. Cefri təkid
etdi ki, yox, çalacaqsan. Erməninin yoldaşları
da dedilər ki, dur, çal,
bizi pərt eləmə, o, çalmadı.
Bu, kiçik bir epizod olsa da,
mən burada bizim, Azərbaycan sənətinin qələbəsini
görürəm. Amma
bu qələbəni qoruyub saxlamaq üçün Elnurun arxasınca da gələn olmalıdır
axı. Erməni bu gün qabağımızda
duruş gətirə
bilmədi, bəs sabah?
Bütün konsertlərimizi
videolentə yazırdılar.
İfaçıların özləri
də bizə qulaq asmaqdan ötrü çıxışlarından
sonra tez paltarlarını dəyişib
salonda əyləşirdilər.
Söhbət bizdən
yox, milli musiqimizdən gedir. Bu, bir faktdır ki, bizim sənətkarlarımız
güclüdür. Amma,
əfsuslar olsun ki, indi sənətdə
bəzən başqa maraqlar da yaranıb.
Əvvəllər də
rəqabət olub, bu rəqabətin, çaxnaşmanın içindən
Əhsən Dadaşov,
Hacı Məmmədov
parlayıb çıxıb.
Ramiz Quliyev öz-özünə Ramiz
Quliyev olmayıb, rəqabətdən yaranıb.
İndiki rəqabətsə
başqadır. Götürüb
bir dənə mahnı yazıram, pul qoyub qəşəng
bir klip də çəkdirirəm.
Sonra da reklam edirəm. Beləcə, oluram məşhur.
Müqayisələr
aparanda, özümü xoşbəxt sayıram ki, mən
Niyazinin orkestrində çalmışam, Şövkət
xanımı görmüşəm, Yaqub Məmmədovu, Arif
Babayevi, Alim Qasımovu, Ağaxan Abdullayevi müşayiət
eləmişik. Bu,
çox böyük xoşbəxtlikdir. Adlarını
çəkdiyim sənətkarlar
bizim mədəni sərvətimizdir. Xaricdə
belə insanlara heykəl qoyurlar, dəfələrlə onları
ziyarət edirlər ki, belə insanlar
bizim müasirlərimizdir.
Amerikada üçüncü
konsertimizdən sonra festivalın direktoru haqqımızda film çəkilməsinə
qərar verdi. Azərbaycan musiqisindən
20 dəqiqəlik xüsusi
buraxılış hazırladılar.
Niyə məhz Azərbaycan musiqisindən?
O, gördü ki, bizim musiqimiz necə təsir gücünə malikdir. Sonuncu konsertdə biz çıxış etmək
istəmirdik. "İpək
yolu" festivalının
təşkilat rəhbəri
şəxsən özü
çıxış etməyimizi
bizdən xahiş etdi.
Elçin Həşimov
milli musiqimizin inkişafında göçstərdiyi xidmətlərə
görə "Humay" mükafatına layiq
görülmüşdür. O, bir sıra müsabiqələrdə,
xüsusən Üzeyir Hacıbəyovun 120 illik yubleyi
münasibəti ilə keçirilən televiziya musabiqəsində
gəncləri müşayiət etmiş,
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanmışdır.
O, 2007-ci ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə Əməkdar artist adına layiq görülmüşdür.
T. KƏRİMLİ
Ədalət.- 2009.- 23 aprel.- S.8.