Vahid Əlifoğlu: "Bakıda
havam çatmır"
Şair Vahid Əlifoğlunun
imzası "Ədalət" qəzetinin oxucularına
yaxşı tanışdır. Bu dəfə isə onun
özü ilə söhbət etmək, həyatı,
yaradıcılığı, hazırda işğal
altında olan yurdu, yazılarının əsas mövzusu olan
çadır həyatı və bugünkü ünvanı
barədə fikirlərini öyrənmək istədik. Ancaq
özü haqqında danışmağa o qədər meyli
yox idi:
- Hə, nədən
söhbət eləyək, ay qağa? Mənim
üçün ən çətini odur ki, adama deyəsən,
səndən müsahibə alıram. Ondan çətini
yoxdur.
Söhbətə
körpü salmaq üçün öz tərcümeyi-halından
başlamağı xahiş etdik.
- Mən 1952-ci il aprelin
2-də Füzuli rayonunun Seyidəhmədli kəndində
müəllim ailəsində anadan olmuşam. İnşaat
İnstitutunu qurtarmışam. Ən çox tikinti idarələrində
fəhlə işləmişəm. Füzulidə hamı
təəccüb qalırdı ki, ali təhsilli mühəndis
gedib fəhlə, çilingər, rəngsaz işləyir. Məni tanıyan adamlar deyir
ki, "voobşe" məndə bir anormallıq var. Yeməyi
kağıza bükürdüm, gedirdim rayonda paltarımı
dəyişirdim, uşaqlara qoşulub işləyirdim. Deyirdilər
ki, sən "injiner" adamsan, sən vəzifədə
olmalısan, sənə nə düşüb ki, gəlib fəhlə
işləyirsən.
- Anormal adamların heç
birindən eşitməmişəm, desin ki, mən
anormalam.
- Heç kim öz
ayranına turş deməz. Mən o mənada anormal deyirəm,
baxıram ki, ətrafımda olan adamların heç biri o
cür yaşamırlar.
- Vahid müəllim, Aqil
Abbas aprelin 1-də doğulub, Siz aprelin 2-də
- (Sözümü kəsir)
Bəli, Aqil Abbas və Zamin Hacı aprelin 1-də doğulub. Mən aprelin 2-də. Onlar
aldatma günü doğulublar ey, əslində
onlarınkı düz deyil.
- Həm də Aqil Abbas
deyir ki, mən aprelin 1-də dünyanı aldadıb
dünyaya gəlmişəm. Sonra da belə
- (Sözümü kəsir)
Nə bilim, bəlkə mən də aprelin 1-də
doğulmuşam. Amma
pasportumda aprelin 2-dir.
- Siz də kimisə
aldadıb gəlmisiniz dünyaya, yoxsa
- Yox qardaş, mən
heç kimi aldatmamışam. Heç aldatmaq
üçün gücüm də yoxdur (Ürəkdən
gülür). Aqil müəllim də ona görə kimisə
aldadıb ki, aldatmağa məcburdur. Onun vəziyyətində
başqa cür mümkün deyil. Mənim həyatımda elə
də çox qeyri-adi heç nə yoxdur. Adi kənd
adamıyam dag Yəni sən yağlıvəndli olduğun
kimi, mən də seyidəhmədliyəm. Şerə,
yaradıcılığa qalanda, Bakı səviyyəsinə
hardasa 80-cı illərin ortalarında
çıxmışam. 1985-ci, ya da 1986-cı ildə xalq
şairi Bəxtiyar Vahabzadə "Ulduz" jurnalında mənə
"Uğurlu yol" yazıb. Ondan sonra da uşaqlar sağ
olsunlar, yaxşı kömək ediblər. "Ulduz"
jurnalında Ələkbər Salahzadə mənim çox
şerlərimi verib. Sonra "Gənclik" jurnalında.
Sonra da Aqil Abbas "Ədalət" qəzetində. Cəmi-cümlətanı
da 3 kitabım çıxıb indiyədək. 1997, 2001 və
2004-cü illərdə. Birinci kitabımın adı
"Çadırda yazılan şerlər"dir, ikinci
"Mən çadırda doğulmamışam",
üçüncü isə "Əhatə dairəsindən
kənarda" adlanır. Dördüncünün də əlyazması
hazırdır, amma heyf ki, pul yoxdur.
- İnşallah, yəqin
ki, əvvəlkilərin çıxmasına yaxşı
kişilər köməklik etdikləri kimi, buna da bir
yaxşı kişi çıxıb kömək edəcək
və dördüncü kitabınız da çap
olunacaq.
- Mən də hesab edirəm
ki, Allah yetirəcək. Ona görə
dördüncünü də hazırlayıb qoymuşam
qovluğun içinə ki, üçünü yetirən,
dördüncünü də yetirəcək. O üç
kitabın birinə də bir qəpik xərcim
çıxmayıb. Hamısını xeyirxah insanlar maliyyələşdirib.
Birinci kitabımın pulunu bizim kənddən bir fabrik direktoru
var, İlqar Kazımov, o verib. İkincini Rəşad Məcid
çap etdirib, üçüncünün də xərcini
Elçin İsgəndərzadə çəkib. Hər
üçünə Allah kömək olsun.
- Kitablarınız əsasən
harada yayılıb, Bakıda, yoxsa rayonda?
- Bakıda da yayılıb,
elə rayonda da. Bakıda əsasən Əbülfət Mədətoğlu
və qardaşım oğlu yayıb. Burda da özüm. Necə
ki, o kitabların heç birinə 1 manat xərcləməmişəm,
eləcə də 1 manat pul da istəməmişəm. Pulsuz
yayılıb hamısı. İndi də kim istəyirsə,
bağışlayıram. Heç kim deyə bilməz ki, mən
o kitabın birinə ya 3 manat, ya 5 manat pul vermişəm. Yox,
and olsun Allaha!
- Hamının,
xüsusilə də yaradıcı adamların bir axına
düşüb gözəl həyata, yaxşı
yaşayışa, daha çox çap olunmaq, daha da məşhurlaşmaq
imkanına tərəf - Bakıya tərəf can
atdığı bir vaxtda siz elə bil ki, geri gəlmisiniz. Hamının
daha geniş əhatəyə - dünya ölkələrinə
çıxmaq, təqdim olunmaq və yaxud ən azı Azərbaycanın
digər məşhur mətbuat orqanlarında da çap
olunmaq və daha çox oxucu tərəfindən tanınmaq və
sevilmək imkanları axtardığı bir vaxtda siz
yaradıcılığınızın ən gözəl
nümunələrini "Ədalət" qəzetinə
vermisiniz.
- Mən elə çox da
iddialı adam deyiləm. Məsələn, "Ədalət"
qəzetində verdiyim məqalələrin axırında həmişə
yazırdım ki, "Xalq şairi" adını gözləyirəm.
O qədər vermişdim ki, artıq lağlağıya
çevrilmişdi. Mən çadırda 10 il
yaşamışam. "Nəsimi" kinosunda bir gözəl
yer var, şair cəmi 48 yaşının olduğunu qeyd edərək
yatdığı həbsxanaları da sadalayır. O, hesabdan
çox uzun ömür yaşadığını deyir. Mənim
də çadırda keçən 10 ilimin bir
gününü üç gündən hesabla. Füzulidən
çıxandan 3-4 ay bir az məktəbdə, bir az onun-bunun
qapısında yaşamışam, bir az
tanışlarımın həyətində, artıq 5 il də
bu yeni qəsəbədə. Bunları da üstünə gəl,
gör indi mənim yaşım neçə eləyir.
Nəvahidən o tərəfə
keçəndə elə bir havam çatmır. Həm də
mənə elə gəlir ki, az-çox təmizlik, saflıq
bu rayonlarda qalıb. Birdən darıxanda uşaqlarla gedib
otururuq odeeyy, Əhmədbəylinin dördyolunda
çayxanada. O uşaqların əksəriyyətini
tanıyıram. yağlıvəndli seyidəhmədlini
tanıyır, seyidəhmədli kərimbəylini
tanıyırg oturub orada qəşəng söhbət eləyirik,
çay içirik. Sakitlik, təmiz hava, amma bir dəfə
İçərişəhərdən - Qoşaqala
qapısından içəri girəndə sağ tərəfdə
dayanıb iki saata yaxın siqaret tüstülətdim. Bir adam
görmədim ki, ya bir-birinə salam verə, ya da kimsə mənə
salam verə. Mən tələbə vaxtı Bakıda
oxumuşam, tələbəlikdən sonra 5-6 il də
Bakıda yaşamışam. Heç Bakıdan ayrılmaq istəməmişəm.
Amma indi Bakıya gedəndə elə bilirəm ki, mənim
üzümə 5-6 il iş oxuyub aparırlar Bayıla. Mənim
Bakıdan xoşum gəlmir. Biz tələbə olanda
"Eksperimentalni" xəstəxanadan kinostudiyaya qədər
bağ, böyük bir xiyaban idi. İndi həmin xəstəxananın
reanimasiya şöbəsinin pəncərəsindən əlini
uzadırsan yaşayış evinə gedir. Özü də
iyirmi neçə mərtəbəli. Xəstəxana
alınıb mühasirəyə. Hamısı da belə uzun-uzun
binalardı. Amma mənim burada qazancım da çox olub.
Heç cür təsəvvür eləyə bilmərəm
ki, mən vəziyyətdə yaşayan adamlardan kiminsə bir
belə dostu ola bilər. Çox və həddindən
artıq yaxşı dostlar qazanmışam. İkincisi də
demirəm ki, mən dahiyanə şerlər yazmışam,
amma Azərbaycanda çadır şəhərcikləri
haqqında məndən çox şer, publisistik yazı və
hekayə yazan bir adam yoxdur. Yəni mən onu yazıb, elə
bil o tarixi qoymuşam. Çadır şəhərcikləri
haqqında 50-60 hekayə, 300-dən çox şer, 350-dən
çox publisistik yazı yazmışam. Mütəxəssislər
də bəyənib. Bu, lap zəif yazsam da tarixdir. Bunun
özü də qazancdır.
- Elə isə Siz
özünüzü daha çox hansı peşənin sahibi
hesab edirsiniz? Siz
kimsiniz - şair, yazıçı, publisist, müəllim,
mühəndis?
- Tofiq Abdin deyir ki, bədii
publisistikanı ancaq Vahid Əlifoğlu yazır. Tofiq müəllimin dediyindən
belə çıxır ki, mən yaxşı publisistəm.
Vallah, şerlərimi də oxuyanlar deyirlər ki, şedevr
olmasa da, hər halda normal şerlərdi. Deməli, mən
özümə şair də deyə bilərəm. Amma mənə
elə gəlir ki, mən nə şairəm, nə də
publisist. Mən adi adamam və mənim ən böyük
adım onda ola bilər ki, Seyidəhmədli kəndi,
Füzuli rayonu, Şuşa şəhəri ermənidən
alınacaq.
- Vahid müəllim,
"Ədalət" qəzetində çıxan
yazılarınızın əksəriyyətini oxuyuram. Niyə
fikirlərinizi daha çox lağlağı ilə deməyə
çalışırsınız?
- Mənim qəbul elədiyim
tarixi Azərbaycan içində iki şəxsiyyəti dahi
hesab edirəm. Biri
Sabirdi, biri də Mirzə Cəlil. Tutaq ki, şadlıq evində
toy gedir. Tamada məni təqdim edir, "Qarabağın igid
oğlu, gözəl şairg" Ə, mən
Qarabağın igid oğluyamsa, nə gəzirəm
Haramıda? Onda adam başlayır ancaq lağlağı
şeylər fikirləşməyə. Bir də ki, nə
danım, bizim kəndə lağlağı əvvəldən
güclü olub. Amma çox qiymətli sözlər də
olurdu, mən özüm onlardan çox istifadə eləmişəm.
Heç mən yazdıqlarımın çoxunu özüm
yazmıram ha, olan hadisələrin götürüb
böyrün-başın bəzəyirsən, elə gözəl
hikmətli şeylər alınır ki, dəhşət. Məsələn,
bizim kənddə bir Bayram kişi olub. Oğluna toy etməyə
hazırlaşırmış. Qızın atası ilə
razılaşıblar ki, bir həftədən sonra toy eləsinlər
(gülür). Bir gün kişi evə gələndə
görür ki, oğlu, beş-altı nəfər də
özü yaşda adamı yığıb qapıdakı
ağacları kökündən çıxardıb
tökürlər yerə. Deyir ə, bala, nə edirsiniz? Cavab
verirlər ki, mağar üçün yer hazırlayırıq.
Kişi də baməzə kişiymiş. Arvadını
çağırır ki, arvad çölə çıx.
Arvad çıxır çölə. Kişi deyir. Get o
qızın dədəsinə denən ki, səhər gəlirik
qızı gətirək. Arvad soruşur ki, niyə əşi?
Deyir aaz, bir həftə keçsə, bu gədə qoymayacaq
bu kəndin ortasında bir ağac qala, bu karıxıbdı
(qəhqəhə çəkib gülür).
- Vahid müəllim,
söhbətimizin sonunda daha nəyisə demək istərdinizmi?
- Sənin
sağlığın. Sizə və kollektivinizə, başda
Aqil Abbas olmaqla təşəkkürümü bildirirəm. Mən
çox kobud adamam, bunu Əbülfət müəllim
çox gözəl bilir, bir az da yonulmamış adamam. Sən
bu söhbəti ki məndən aldın, böyük
şeydi. Daha nə olacaq ki?!
Kərim KƏRİMLİ
Ədalət.- 2009.- 24 aprel.- S. 7.