BSU İLƏ ALMANİYANIN MAYNS UNİVERSİTETİ ARASINDA SAZİŞ

 

Görkəmli yazıçı, Bakı Slavyan Universitetinin rektoru AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev Almaniyanın Mayns Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Onun sözügedən Universitetin tələbə müəllimləri qarşısında oxuduğu birinci mühazirə Azərbaycan mədəniyyətinin tarixi bu günü haqqında olmuşdur. İkinci mühazirəsində isə Kamal Abdullayev "Kitabi-Dədə Qorqud"la yunan mifologiyasının müqayisəli təhlilini aparmış, "Dədə Qorqud" almanların "Nibelunqlar haqqında nəğmə" dastanları arasında paralellərdən danışmış, dinləyicilərin çoxsaylı suallarını cavablandırmışdı.  

Xatırladaq ki, hələ 2007-ci ilin oktyabrında professor Kamal Abdullayevin təşəbbüsü ilə Bakıda Bakı Slavyan Universiteti və Mayns Universiteti arasında "Dədə Qorqud" və "Nibelunqlar" dastanlarının müqayisəli öyrənilməsi haqqında beş illik proyekt imzalanmışdı.  

Səfər zamanı K.Abdullayevlə Mayns Universiteti arasında bu proyektin reallaşması istiqamətində atılacaq addımlar müzakirə edilmişdir. Bundan başqa iki ali məktəb arasında müəllimlərin mübadiləsini həyata keçirmək barədə razılığa gəlinmişdir. Bu razılaşmaya əsasən Mayns Universitetinin müəllimləri Bakı Slavyan Universitetinin tələbələrinə alman dilini, Bakı Slavyan Universitetinin müəllimləri isə alman tələbələrə Azərbaycan dilini öyrədəcəklər.   

Volkenşteyn Cəmiyyətinin sədri, professor Z.Hartman Mayns Universitetinin Türkologiya İnstitutunun müdiri, professor H.Busxotenlə aparılan danışıqlar zamanı universitetin Türkologiya İnstitutunda "Azərbaycan dili mədəniyyəti" Mərkəzinin yaradılması da qərara alınmışdır. Bakı Slavyan Universitetinin təşəbbüsü bilavasitə iştirakı ilə belə bir mərkəz artıq Moskvada Dövlət Linqvistik Universitetində fəaliyyət göstərməkdədir.

  

 

VÜSAL

 

Ədalət.- 2009.- 28 aprel.- S. 7.