TARİX HƏQİQƏTİ SEVİR

 

 Paytaxtdakı heykəllər sökülür. İndi əhali arasında maraqlı sualar gəzir. Bəziləri bu heykəllərin əvələki yerinə qaytarılacağını, bəziləri isə tarixi abidə kimi hansısa bir küncə sıxışdırılacağını fikirləşirlər. Mədəniyyət Nazirliyinin nümayəndəsi isə heykəlləri müvafiq yerlərdə yerləşdiriləcəyini əminliklə bildirir.   

Əslində elə belə olmalı idi. Sovet imperiyasının süqutu ilə həmin ideologiyanın liderlərinin, siyasi xadimlərinin portiretlərinin, bütlərinin, heykəllərinin vaxtsa götürüləcəyini hamı yaxşı dərk edirdi. Düzü, bu heykəllərin indi götürülməsi heç kəsdə təəccüb doğurmur. Qəribə olanı budur ki, o heykəllər hələ 10 il, 15 il bundan əvvəl götürülməli idi. Lakin görünür müvafin orqanlar həmin prosesi paytaxtın parklarının abadlaşdırılacığı günə saxlayıblar. İndi bu işlər həyata keçirilərkən heykəllərin Bakıdan yığışdırılan inqilab xadimlərinin qohum-əqrabası buna öz narazılığını bildirir.   

Ancaq bu proseslərdə xoşu gəlməyən məsələlər ortaya çıxır. İndi biz bilmirik həmin söz-söhbət ayrı-ayrı adamlar arasında gedir, yoxsa müvafiq dövət qurumlarından qəsdən dövriyyəyə buraxılıb əhalinin ictimai rəyini öyrənməyə yönəldilib. Məsələ bundadır ki, indi bir çox qəzetlər Nəriman Nərimanovun heykəlinin götürülməsi ətrafında müxtəlif yazılar çap etdirirlər. Ancaq hər iki hal əgər həqiqətdirsə, bu çox pi sbir əlamətin başlanğıcıdır. Bəri başdan deyək ki, heykəl sökmə əməliyyatında mütləq çeşidlənmə əməliyyatı aparılmalı, hansının sökülüb, hansının qalacağı mütəxəssislərin, tarixçi ədəbiyyatşünasların rəyindən sonra mümkündür. Bolşeviklər hakimiyyətə gələndə tarixi abidələri, böyük sənət əsərlərini kapitalzmin çar hökumətinin qalığı kimi məhv etdilər. Hətta bu nadan insanlar Sankt-Peterburqdakı elmitaca da əl uzatdılar. Qış sarayına hücum edənlər elmitaja da soxularaq bəzi sənət əsərlərini dağıtdılar, məhv etdilər. AXCP hakimiyyətində az ya çox dərəcədə bu cür hallara təsadif olundu. Proletar düşüncəsi ilə hərəkət edənlər on illər boyu vəzifədə olan peşəkar dövlət işçilərinin işdən çıxartdılar, yerinə AXCP-nin heç bir dövlət quruculuq məktəbi keçməyən cavan uşaqları qoydular. Nəticə göz qabağında oldu. Hakimiyyət heç bir il davam gətirə bilmədi. İndi Nərimanov kimi böyük bir ictimai xadimin, yazıçının heykəlinin sökülməsi haqqında düşünməyin özü qəbahətdir, yol verilməzdir. Çünki o siyasi xadim kimi , yazıçı kimi , dövlət adamı kimi unikal bir şəxsiyyət idi. Keçmiş SSR məkanında yüksək dövlət vəzifəsi tutan iki şəxsiyyət var idi. Biri Nərimanov, digəri isə Ümummilli liderimiz Heydər Əliyev. O mərtəbəyə bu iki tarixi şəxsiyyətdən başqa heç kəs yüksələ bilmədi. Təkcə onu qeyd edək ki, Bakıda Nəriman Nərimanovun heykəlinin açılışı zamanı Heydər Əliyev parlaq bir nitq söyləyib. ""un ədəbi ictimai, tarixi fəaliyyəti haqqında ətraflı bəhs edib. Hakimiyyətinin bütün dövrlərində o Nəriman Nərimanov şəxsiyyətinə hörmət bəsləyib. Əsərlərinin dəfələrlə nəşr olunmasına şərait yaradıb.   

Tarixi şəxsiyyətə bolşevik təfəkkürü ilə qiymət vermək, ancaq subyektiv nəticələrə gətirib çıxara bilər. İndi bəzi siyasətçilər, jurnalistlər Məmməd Əmin Rəsulzadə ilə Nəriman Nərimanov arasında müqayisələr aparır bu paralel qiymətləndirmədə birinciyə daha çox üstünlük verirlər. Onların dediyindən belə çıxır ki, Məmməd Əmin Rəsulzadə Azərbaycan xalqının xoşbəxtliyi, gələcəkdə yaxşı yaşaması naminə çalışır. Nəriman Nərimanov isə Sovet ideologiyasına xidmət edib. Hətta bəzən ifratlar o dərəcəyə gəlib çatır ki, Nəriman Nərimanovu Dağlıq Qarabağın Muxtar quruma çevrilməsind mənfi rolunu daha çox qabardırlar. Guya o, Naxçıvanı da ermənilərə təslim etməyə hazırlaşırmış. Həm Nəriman Nərimanov, həm Məmməd Əmin Rəsulzadə öz tarixi rollarını müəyyən zaman çərçivəsində həyata keçiriblər. Hətta mən deyərdim ki, xalqa, millətə xidmət etmək mənasında Nəriman Nərimanovun vəzifəsi, missiyası daha böyük, daha ağır olub. Məmməd Əmin Rəsulzadə müstəqil Azərbaycan Cümhuriyyətinin yaradıcılarındandır. Ömrünü bu işə sərf edib. Lakin tarixi şərait bu şəxsiyyətin uzun müddət hakimiyyətdə qalmasına imkan verməyib. Cümhuriyyətin süqutu ilə çox şeyə son qoyulub. Xalqımızın tarixi taleyində yeni bir mərhələ açılıb. Yeni bolşevik hakimiyyətində Azərbaycan xalqının milli maraqlarını qorumaq taleyi Nəriman Nərimanova qismət olub. Şübhəsiz ki, o siyasi fəaliyyətində o qədər müstəqil deyildi. Ona bu imkanı heç yaratmamışlar da. Nəriman Nərimanov sovet hakimiyyəti illərində imkan daxilində Azərbaycan xalqının dövlətinin suveren hüquqlarının qorunmasına çalışıb. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan Respublikasına xarici siyasətdə müstəqil olmaq imkanları yaratmaq üçün böyük əzim mübarizə aparıb. Digər bir arzusu isə Azərbaycan neftinin xaricə satılmasının respublikanın öz suveren hüquqları kimi görməsi olub. Lakin bu iki arzunun heç birini reallaşdıra bilməyib. V.İ. Leninə, İ.V.Stalinə yazdığı şikayət dolu məktublarda bunu asanlıqla görmək mümkündür. Nəriman Nərimanov sovet hakimiyyəti illərində Azərbaycanın bir çox ziyalılarını, elm xadimlərini, böyük sahiblərin repressiyaya uğramasının qarşısını alıb. Günlərin birində iki nəfər çekist, milyonçu Hacı Zeynalabdinin otağına girib, onunla getməsini əmr ediblər. Hacı çevrilib stola keçirdiyi kostyumunu götürmək istəyəndə, çekstlər imkan verməyib. Elə beləcə onunla getmələrini istəyiblər. Bu zaman Nəriman Nərimanov öz həyat yoldaşını araba ilə Hacının evinə göndərib Hacının ailəsi Nəriman Nərimanovun həyat yoldaşı ilə birlikdə Mərdəkana gediblər. Çekistlər görüblər ki, Nəriman Nərimanov öz həyat yoldaşını Hacının evinə göndərib, bundan sonra Hacıya, ailəsinə toxunublar. Hacı Zeynalabdin Tağıyevin ömrünün axırına kimi Mərdəkanda yaşamasına Nəriman Nərimanov şərait yaradıb.   

Bundan başqa Məmməd Əmin Rəsulzadə həbs olunarkən Nəriman Nərimanov bu barədə Stalinə məlumat verib, onun azadlığa çıxmasına imkan yaradıb. Əlimərdan bəy Topçubaşovu mart qırğınlarından qurtarıb. Nəriman Nərimanov represiyadan, qırğınlardan xilas etdiyi adamların siyahısı çox uzundur. Bunu bir qəzet məqaləsi ilə oxuculara çatdırmaq mümkün deyil.   

Nəriman Nərimanov təkcə ictimai, siyasi xadim deyildi. O həm böyük dramaturq yazıçı idi. Heç yazmasaydı, heç bir siyasi fəaliyyətdə olmasaydı belə, təkcə "Nadir şah" əsəri onu ədəbiyyat tariximizdəki ədəbi mövqeyini müəyyənləşdirərdi. Halbuki müxtəlif illərdə Nəriman Nərimanov "Nadanlıq", "Şamdan bəy", "Bahadır Sona" kimi böyük hekayələr yazıb. günün aktual problemləri ilə bağlı dövrü mətbuatda onlarca məqaləsi dərc olunub. Nəriman Nərimanovun bütün əsərləri bu gün aktualdır.   

Heç bir hakimiyyət, heç bir iqtidar Nəriman Nərimanovu Azərbaycan xalqının taleyindəki roluna kölgə sala bilməz. Nəriman Nərimanov elə bir böyük qüdrəti şəksiyyətdir ki, bütün tərəflərdən, zamanlardan o böyük əzəmətli görünür. Əgər Ümummilli Liderimiz Heydər Əliyev Nəriman Nərimanov şəxsiyyətinə həmişə diqqətlə yanaşırdısa, biz bu gün bu böyük yazıçımıza, ictimai xadimimizə necə arxa çevirə bilərik. Hələ heykəlinin sökülməsini demirəm.

 

 

Məhəmmədəli MUSTAFA

 

Ədalət.- 2009.- 30 aprel.- S.6.