"YOL XƏRİTƏSİ"NDƏN QARABAĞ GÖRÜNÜRMÜ?

 

Prezident İlham Əliyev Türkiyədən konkret cavab istəyib

 

Belçikada işgüzar səfərdə olan dövlət başçısı aprelin 28-də Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə toxunub.   

İlham Əliyev Azərbaycanın bu məsələyə münasibətinin dəyişmədiyini vurğulayıb: "Sərhədi açıb-açmamaq ölkələrin öz işidir". Türkiyənin Ermənistanla sərhədi 1993-cü ildə Qarabağın işğalına görə bağladığını yada salan İ.Əliyev işğalın davam etdirildiyini xatırladıb. O bildirib ki, Azərbaycan bölgədəki siyasi dəyişikliklərə uyğun reaksiya vermək hüququnu özündə saxlayır.  

Prezident daha sonra bildirib ki, indi bizə müxtəlif informasiyalar çatır: "Bəzi mənbələr Türkiyə-Ermənistan sərhədinin açılmasının Qarabağ münaqişəsi ilə bağlı olacağını xəbər verir. Bəzi mənbələr isə bildirir ki, sərhədlərin açılmasının Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur. Məncə, dəqiq cavab alıb əsl vəziyyətin necə olduğunu bilməyin vaxtı çatıb".  

Verilən açıqlamaya rəsmi Ankaradan gözlənilən cavab özünü çox gözlətməyib.Türkiyə prezidenti Abdulla Gül Azərbaycanın dövlət başçısı İlham Əliyevin Brüsseldəki açıqlamalarına münasibət bildirib.   

"Mediaforum"un verdiyi məlumata görə Praqaya gedərkən Ankaradakı "Esenboğa" hava limanında jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti iki ölkə arasında tam qarşılıqlı dialoq məsləhətləşmə olduğunu deyib: "Azərbaycan Türkiyə münasibətləri hər hansı iki ölkə münasibətlərinin çox üstündədir. Bir-birimizə verdiyimiz önəm iki qonşu, dost ölkənin bir-birinə verdiyi önəmin çox-çox üstündədir. Bu yanaşmada hər hansı dəyişiklik olmayacaq".  

Abdulla Gül hər bir müstəqil ölkənin öz daxili xarici siyasətini təyin etməkdə azad olduğunu vurğulayıb: "Biz hər zaman Azərbaycanı düşünürük. Azərbaycan da bizi düşünər. Aparılan diplomatiya həm Türkiyə, həm Azərbaycan üçündür. Günü gəldiyi zaman hər kəs bunu təqdir edəcək".   

Prezident İlham Əliyev aprelin 28-də Brüsseldə Türkiyə hökumətinə ünvanladığı"Dağlıq Qarabağ nizamlanması Ermənistanla yaxınlaşma kontekstindən çıxarılıb, yoxsa yox" sualına da Türkiyədən cavab gəlib.  

"İlham Əliyev Türkiyə hökumətinə istədiyi sualı ünvanlaya bilər. Əminəm ki, bizim hökumətimiz qardaş ölkənin rəhbərinin sualına uyğun cavabı verəcək".  

Bu sözləri Türkiyə Böyük Millət Məclisi Avropaya uyğunlaşma komissiyasının sədri, keçmiş xarici işlər naziri, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Yaşar Yakış "Media forum" saytına açıqlamasında deyib.   

Yaşar Yakış bildirib ki, Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır: "Dağlıq Qarabağ məsələsində irəliləyiş olmadan, sərhəd açıla bilməz, heç bir paket həyata keçirilməz. Mən Ermənistanla yol xəritəsinə Dağlıq Qarabağın nizamlanması şərtinin ayrıca bənd olaraq əlavə edilib-edilmədiyini bilmirəm. Çünki bu işlə Xarici İşlər Nazirliyi məşğul olur. Amma hətta bir anlıq Dağlıq Qarabağ məsələsinin yol xəritəsində göstərilmədiyini fərz etsək belə, bu, Türkiyənin şərtlərinin dəyişməsi anlamına gəlməz.   

Dağlıq Qarabağ məsələsi yol xəritəsinin irəliləməsində bağlayıcı şərtdir. Bu məsələdə irəliləmə olmadan Ermənistanla normallaşma istiqamətində heç bir paket irəliləməz. Heç bir Türkiyə hökuməti Dağlıq Qarabağ problemi bu halda durarkən, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ciddi addım ata bilməz".  

Prezident İlham Əliyev açıqlamalarına Türkiyə mətbuatı da geniş şərhlər verib.Qonşu ölkə dövlət başçımızın çox sərt danışdığına diqqət çəkib. "Azəri liderdən sərt mesaj" başlıqlı yazısında Türkiyənin "Sabah" qəzeti qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə yönəlik verdiyi mesajlar Türkiyə-Ermənistan danışıqları üzündən iki ölkə arasında soyuq küləklərin əsdiyini bir daha ortaya qoyub.

   

 

ÖMƏR

 

Ədalət.- 2009.- 30 aprel.- S. 6.