Elmira Süleymanova necə işlədi?
Suala cavab tapmaq üçün sorğuya yox, ciddi
araşdırmaya ehtiyac var
Azərbaycanda ombudsman
institutunun fəaliyyətə başlamasından 7 il
keçir. İyulda insan hüquqları üzrə ilk müvəkkil
(ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti
başa çatır. "Media forum" saytı bu yeddi il ərzində
ombudsman institutunun və ombudsman Elmira Süleymanovanın fəaliyyətinin
qiymətləndirilməsi üçün maraqlı, amma
bizim düşüncəmizə görə
yarımçıq sorğu keçirib. Milli Məclisin insan
hüquqları daimi komissiyasının sədri Rəbiyyət
Aslanovaya, həmin komissiyanın üzvü İqbal Ağazadəyə,
QHT-lərə Dövlət Dəstəyi Şurasının
sədri Azay Quliyevə və politoloq Hikmət Hacızadəyə
müraciət edən saytın əməkdaşı
haqqı tapdanan, ancaq Ombudsman Aparatının belə işə
qarışmasına baxmayaraq, hüquqlarının bərpasına
nail ola bilməyən beş-altı nəfərdən də
münasibət öyrənsəydi yerinə düşərdi.
Hələlik adları
çəkilən şəxslərin Ombudsman
Aparatının fəaliyyəti barədə dediklərinə
nəzər salaq:
Rəbiyyət Aslanova: "Elmira Süleymanova sübut
etdi ki, Azərbaycan qadını hər zaman haqqın
yanında olub"
- Ombudsman institutu 7 il ərzində
Azərbaycanın ictimai-siyasi həyatına öz təsirini
göstərdi. Vətəndaşların
hüquqlarının təmin olunmasında, qanunvericiliyin təkmilləşdirilməsində,
beynəlxalq əlaqələrin qurulmasında uğurlu fəaliyyət
göstərdi. Elmira Süleymanova Azərbaycanın ilk
ombudsmanı olaraq bu işin öhdəsindən ləyaqətlə
gəldi və sübut etdi ki, Azərbaycan qadını hər
zaman haqqın yanında olub. Elmira xanım olduqca obyektiv
insandır və ombudsman kimi də neytrallığını
qoruyub saxladı. O, bu institutun gələcək
inkişafı üçün də möhkəm
özül qurdu.
İqbal
Ağazadə: "Bu posta kimi qoysan, işləyə bilməyəcək"
- Mən hesab edirəm ki, prinsipcə,
Azərbaycanda insan hüquqları üzrə müvəkkilə
ehtiyac var. Amma mövcud şərtlər və yanaşmalarla
bu institutun ciddi iş gördüyü və ya görə
biləcəyi qənaətində deyiləm. Ona görə
yox ki, ombudsman pisdir. Ona görə ki, hakimiyyətin yuxarı
eşelonunda Azərbaycanda ombudsman institutuna, onun müstəqilliyinə
yanaşma fərqlidir. Bu baxımdan da həmin posta kimi qoysan,
işləyə bilməyəcək. Şəxsən
ombudsmanın özünün də fəaliyyətində
ciddi nöqsanlar olub və biz bunları Milli Məclisdə də
dilə gətirmişik. Amma mənə elə gəlir ki,
bunlar düzələn məsələlərdir. Əsas odur
ki, hakimiyyətdə bu instituta münasibət dəyişsin.
Münasibət dəyişməyincə, bir institut kimi
ombudsman təsisatından müstəqillik və ya fayda
gözləmək mümkün deyil. Təsəvvür edin,
ombudsman institutu 2003-cü ilin oktyabr hadisələri - baş
verməsinə görə müxalifətin
günahlandırıldığı, müxalifətçilərin
həbs edilməsi və işgəncələrə məruz
qalması ilə nəticələnmiş bir hadisələrlə
bağlı istintaqa videokaset təqdim etmişdi. Yəni
söhbət müxalifətçilərə qarşı
ittiham və işgəncələri gücləndirən
kasetdən gedir. Bu yanaşma ilə ombudsman olmaq olmaz. Vəkil
hətta cinayətkarı da müdafiə edir. Ombudsmanın da
cəmiyyətdə vəzifəsi budur ki, bütün vətəndaşların
hüquqlarını qorusun. Amma asılı olduğu
üçün bu institut dediyimiz şəkildə fəaliyyət
göstərə bilməz.
Azay
Quliyev: "Bu 7 ildə Elmira Süleymanova kifayət qədər
fədakarlıq göstərib"
- Mən ombudsman institutunun fəaliyyətini
yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu 7
ildə Elmira Süleymanova kifayət qədər fədakarlıq
göstərib. Hər bir yeni başlanan iş olduqca çətin
mərhələlərdən keçir. Elmira xanım bu
qurumun özünü təsdiq etməsi üçün
ciddi səy göstərdi və işinin öhdəsindən
gəldi. Digər tərəfdən, insan hüquqları sahəsi
çox ağır sahədir. Bu sahədə iş görmək
bütün qurumlarla sıx əməkdaşlıq tələb
edir. Üstəlik, hüququ pozulan hər kəs ombudsmana
müraciət edir. Bunun öhdəsindən gəlmək
olduqca çətindir. Amma mən hesab edirəm ki, Elmira
xanım bu sahədə də kifayət qədər iş
görə bildi. Neytrallığını qorudu və
düşərgə fərqi qoymadan hamının yanında
oldu. Demirəm ki, hamıya kömək etdi, amma hamının
yanında olmağı bacardı.
Hikmət
Hacızadə: "Prinsipcə, Azərbaycanda belə bir
institut yoxdur"
- Prinsipcə,
Azərbaycanda belə bir institut yoxdur, yalnız onun
imitasiyası var. Necə ki Milli Məclis, məhkəmələr
imitasiyadır, eyni şəkildə də ombudsman institutu. Azərbaycanda
yalnız Prezident Aparatı var. Ona görə də
ayrı-ayrı qurumların fəaliyyətini dəyərləndirmək
mümkün deyil. Bir institut kimi müstəqil
olmadığı üçün ona kim
başçılıq edirsə-etsin, fəaliyyəti səmərə
verməyəcək.
Mövzunu daha tutarlı
hazırlaması üçün yuxarıda qeyd etdiyimiz təklifə
cavab olaraq, həmkarlarımız deyə bilər: Bəs
"Ədalət" qəzeti niyə haqqı tapdanan vətəndaşlara
müraciət etməyib?" Müraciət etmişik.
Onlardan aldığımız cavabları bilgisayara da
köçürüb yaddaşda saxlamışıq. Sadəcə,
"Media Forum"un sorğusuna əlavə etmək istəmədik.
Əks təqdirdə deputatların fikirlərindəki
bayağılıq arxa plana keçər və oxucular bundan xəbər
tutmazdı. Azca diqqətli olmaq yetər ki, saytın
sorğusunda iştirak edən şəxslərin Elmira
Süleymanovanın fəaliyyətinə verdikləri qiymətdə
ümumi söz yığınının bolluğu
anındaca nəzərə çarpsın. Halbuki, Ombudsman
Aparatının necə işlədiyini faktlarla göstərmək
olardı. Məsələn, filankəsin hüququnu filan polis
idarəsinin əməkdaşı filankəsov filankəs
pozub və filankəs iki ildir hüquqlarını bərpa
etdirməyi bacarmır. Ombudsman Aparatı isə şikayət
ərizəsini qəbul etsə də, ortada heç bir nəticə
yoxdur.
Elmira Süleymanova 7 il ərzində
necə işlədi? Bu suala cavab tapmaq üçün
sorğuya yox, ciddi araşdırmaya ehtiyac var.
Anar İsaoğlu
Ədalət.- 2009.- 5 fevral.- S. 2.