"Tarix saxtalaşdırılıb"

 

Yaqub Mahmudov: "Mediada 26-larla bağlı həddən artıq yanlış materiallar dərc edilir"

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnistutunun genişləndirilmiş Elmi Şurası keçirilib. Şurada elmi araşdırmalar nəticəsində Stepan Şaumyanın 1918-ci ildə Ağcaqum çölündə güllələnmədiyini təsdiqləyən sənədin o cümlədən, Bakı Xalq Komissarları Sovetinin rəhbərinin 1919-cu ilin martında hərbi əsir olduğunu təsdiqləyən sənədlərin aşkarlandığı bildirililib.

Yanvarın 24-dən 26-dək "Sahil bağı"nda aparılan qazıntı işləri ilə əlaqədar məlumat verən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Milli Arxiv İdarəsindən tapılan həmin sənəddə 1919-cu il martın 8-də Tiflisdə Gürcüstanın hökumət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndəsinə göndərdiyi məlumat əksini tapıb: "26-lar" 1918-ci ilin sentyabrın 20-də güllələniblər. Həmin sənəddə isə Stepan Şaumyanın hərbi əsir olduğu barədə qeyd var".

Arxivdən aşkarlanan sənədin tam mətni belədir: "Cənab Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəsi! Bizim nümayəndəmiz bu il fevralın 26-da 894 nömrəli məktubla hökumətin başçısına aşağıdakıları bildirir: Tiflis radiostansiyası Həştərxandan Sokolovun adına göndərilən bir məlumat qeydə alıb. Teleqram hərbi əsirlərin dəyişdirilməsi ilə bağlıdır. Teleqramda göstərilib ki, müttəfiqlər missiyasının həbs olunmuş nümayəndəsi ilə Stepan Şaumyan digər hərbi əsirlərin dəyişdirilməsi məsələsi müzakirə olunub". Teleqram bu sözlərlə bitir: "Tezliklə Bakıda görüşənə qədər".

Y. Mahmudov bildirib ki, sözügedən sənəd çox ciddi tapıntıdır. İnstitut direktoru teleqramda adıçəkilən Sokolovun kimliyinin araşdırılması ilə bağlı institut əməkdaşlarına göstəriş verdiyini qeyd edib. Onun sözlərinə görə, Bakı Sovetinin arxivində saxlanılan başqa bir sənəddə isə qeyd olunur ki, 1934-cü ildə Ermənistan hökuməti Krasnovodskda "26-lar"a abidə qoyulması üçün 150 min manat vəsait ayırıb: "Bu faktlar dolayısı ilə sübut edir ki, "26-lar"la bağlı tarixin dolaşdırılması üçün Ermənistan tərəfindən həmişə aparılıb. İlkin araşdırmalarımız sübut edir ki, bu işi dolaşdırmaq üçün Moskvada böyük işlər görülüb".

Y. Mahmudovun sözlərinə görə, məzarlıqdan tapılan 23 cəsədin 20-50 yaş arasında olması ilə tarixi ədəbiyyatda "26 Bakı komissarları" kimi təqdim olunan şəxslərin yaş hədləri uyğun gəlir: ""Sahil bağı"ndan tapılan 23 cəsəddən 11-nin yaş həddi 20-29, 11-nin yaş həddi 30-39, birinin yaş həddi 40-49 yaş arasındadır. Çatışmayan üç nəfəri 26-ların siyahısı ilə tutuşdurduqda isə məlum olub ki, bunlardan 2-i 40-49 yaş həddində, 1-i isə 30-39 yaş həddində insanlar olub. Yəni "26-lar"ın siyahısından aydın oldu ki, onların içərisində 39-dan yuxarı yaş həddində 3 nəfər var idi: Şaumyan (40 yaş), Əzizbəyov (42 yaş), Amiryan (45 yaş). Ekspertlər fotomateriallar da nəzərə alınmaqla apardıqları araşdırmalardan sonra bildiriblər ki, həmin yaş həddində olan bir nəfərin cəsədinin Əzizbəyova aid edilməsi inkar edilmir".

İnstitut direktoru kütləvi informasiya vasitələrində "26-lar"la bağlı həddən artıq yanlış məlumatların dərc edildiyini bildirib: "Mediada hətta Sovet Ensiklopediyasından götürülmüş məlumatları dərc edirlər. Bu isə əksəriyyəti Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən cəlladlardan ibarət olan 26-larla bağlı yanlış təsəvvür yaradır: "Sahil bağı"ndan 26 yox, 23 cəsədin çıxarılması artıq onu göstərir ki, tarix saxtalaşdırılıb. "26-lar"ı "26 Bakı komissarı" kimi təqdim etmək doğru deyil. Bizdə cəmi 12 komissarın siyahısı var".

Sonda "Sahil" bağındakı məzarlığın açılması, aparılan ekspertiza aşkar olunmuş 23 cəsədin qalıqlarının şəhər qəbiristanlığında dəfn olunmasını əks etdirən çəkiliş materialları nümayiş etdirilib.

 

 

V.Məmmədli

 

Ədalət.- 2009.- 5 fevral.- S. 3.