"KİQ-BOKSİNQ GƏNCLƏRİ ""AĞ ÖLÜM""DƏN DƏ XİLAS ELƏYİR""

 

Bu fikri bizimlə söhbətində "Fortuna" idman klubunun rəhbəri Hacı Elşən Abdulrəhimov dedi.

 

- Elşən müəllim, sirr deyil ki, bu gün cəmiyyətimizi böyük bir təhlükə - "ağ ölüm" zaman-zaman öz ağuşuna alır. Bir tərəfdə gənclər bu cür pis vərdişlərin axarına düşür, digər tərəfdən isə cavanlarımız böyük idmana gedən yolla addımlayırlar.

- Mənim fikrimcə, "ağ ölüm"dən qurtarmağın müxtəlif yolları var. Onun ən başlıca yollarından biri isə yeniyetmələrin və gənclərin boş vaxtlarını asudə keçirmələri ilə bağlıdır. Yəni hər hansı gəncin başı yaxşı işlərə qarışanda o da belə pis vərdişlərdən uzaq olur.

- Yəni deyirsiniz ki, böyük idmana gəlmək pis vərdişlərdən uzaqlaşmağın çıxış yoludur?

- Bəli, kim ki, fiziki cəhətdən sağlam olmaq istəyirsə, mütləq yolunu böyük idmanla bağlamalıdır. Şükürlər olsun ki, məmləkətimizdə dövlət səviyyəsində idmanın inkişafına diqqət daha da artırılıb. Əgər belədirsə, niyə gənclərimiz sağlam həyat tərzini seçməkdə çətinlik çəkməlidirlər?

- Sirr deyil ki, bu gün ölkəmizdə 20 mindən çox narkotika qəbul edən insan var. Qeyri-rəsmi məlumata görə isə onların sayı 350 mindən çoxdur. Özü də ilbəil narkotika qəbul edənlərin yaşı daha da cavanlaşır. Məsələn, əgər əvvəllər o yaş səviyyəsi 19-25 yaş arasında idisə, artıq indi 14 yaşında yeniyetmələr də belə pis vərdişlərin qurbanı olurlar.

- Mən həcci ziyarət eləmiş insanam. Müqəddəs kitabımız olan "Qurani-Kərim"də araq içmək, narkotikaya qurşanmaq haram buyurulub. Həzrəti Əlinin bir kəlamı var: "İmanı kamil olan, həm də fiziki cəhətdən kamil olan insan basılmazdır, qüdrətlidir". Deməli, o insan sağlam insandır ki, onun mənəviyyatı və əxlaqı təmizdir.

- Biz bilirik ki, siz kiq-boksinq üzrə Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim, idman ustasısınız. İxtisasınız isə həkimlikdir. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmisiniz. Sözümün canı odur ki, bu gün ölkəmizdə idmanın digər növləri ilə yanaşı, kinq-boksinqin inkişafı sizi qane edirmi?

- Bayaq söhbətimizin əvvəlində dedim ki, ölkəmizdə idmanın bütün növlərinin inkişafına dövlət səviyyəsində önəm verilib. Təsadüfi deyil ki, Azərbaycanda Kiq-boksinq Federasiyası fəaliyyət göstərir. Bu federasiyaya isə rəhbərliyi millət vəkili Adil Əliyev edir. Deyə bilərəm ki, kiq-boksinq döyüş növü indi tək Bakıda deyil, məmləkətimizin bütün yerlərində geniş yayılıb.

- Hacı, boks döyüşlərində belə bir qayda var ki, idmançının çəkisi normadan artıq olanda məşqçilər ona çəkisini aşağı salmağı tövsiyə edir. Bəs kiq-boksinqdə necədir? Yəni orda da idmançının çəkisinin normadan artıq olması qəbahət sayılırmı?

- Kiq-boksinq döyüş növü çox çətin və mübariz bir idman növüdür. Bəli, burda da çəkisi normadan artıq olan idmançıların çəkisinin aşağı salınması əsas məsələdir. Ona görə də bizim kinq-boksinqlə məşğul olan gənclərimiz həmişə öz üzərlərində ciddi işləyir, döyüşə başlayana qədər çəkisini normal saxlamağa çalışırlar. Kiq-boksinq üzrə Avropa və Dünya çempionu, üçqat dünya çempionları Kamal Şərifov, Hafiz Baxşəliyev həmişə döyüşlərdə rəqibini üstələyib. Ramil Səlimov dünya çempionatının mükafatçısı və Avropa çempionudur. Hafiz Baxşəliyev isə yuxarıdakı titulları qazanmaqla yanaşı, peşəkarlar arasında Avropa kəmərinin sahibidir. Mənim yetişdirmələrimdən olan Babək Bayramov dünya çempionatının mükafatçısı, beynəlxalq turnirin qalibidir.

- Yanılmırıqsa, sizin başqa bir yetirməniz də var...

- Yəqin peşəkar kiq-boksinq üzrə dünya kubokunun, həm Avropa, həm də Asiya kəmərinin sahibi Anar Lalayevi nəzərdə tutursunuz. Tək Anar deyil, ümumiyyətlə, yuxarıda adını çəkdiyim döyüş növü üzrə idmançıların hamısı beynəlxalq yarışlarda Azərbaycanın adını şərəflə qoruyublar. Bu o deməkdir ki, Azərbaycanda bu döyüş növü günbəgün inkişaf eləyir.

- Elşən müəllim, eşitmişik ki, Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzində "Fortuna" idman klubu öz fəaliyyətini daha da genişəndirib. Burda tək kiq-boksinq üzrə deyil, həm də boks, cüdo və güləş növləri də gənclər arasında daha geniş təbliğ olunur.

- Bir çoxları çalışırlar ki, övladları kiq-boksinqlə daha erkən yaşlarda məşğul olsunlar. Amma biz klubumuza gələn 12-14 yaşlı uşaqları bu döyüş növünü öyrənməyə cəlb eləyirik. Çünki burda həddindən çox çeviklik, döyüşkənlik və seçim rol oynayır. Ona görə də gənclər, siz də görürsünüz ki, təlim-məşq mərkəzinə çox böyük həvəslə gəlirlər. Bunun da bir səbəbi ondan idarətdir ki, onlar istəyirlər sağlam bədəndə sağlam ruh olsun. Bunun üçün isə gərək yeniyetmə və gənclər pis vərdişdən uzaqlaşıb sağlam həyat tərzi seçməyə üstünlük versinlər.

- Siz həm də həkimsiniz. Narkotikanın insan sağlamlığına nə qədər böyük bəlalar gətirdiyini çoxlarından yaxşı bilirsiniz. Elə bəlkə buna görə siz yeniyetmə və gəncləri idmanın ən ağır döyüş növlərindən birinə - kiq-boksinqə cəlb eləyirsiniz.

- İxtisasım həkim olduğuna görə mən yaxşı bilirəm ki, "ağ ölüm"ün fəsadları nə ilə bitir. Bunun tək bir insana deyil, bütün cəmiyyətə böyük təhlükəsi var. Elə ona görə də fevralın 27-də Bakı kuboku uğrunda keçirilən döyüşlər bu deviz altında olacaq: "Kiq-boksinq narkomaniyaya "yox" deyir". Bunun özü isə hər bir gəncin sağlam həyata qayıtmasında böyük rol oynayır. Eyni zamanda başqa bir yarışımızı isə "Kiq-boksinq terrorizmə "yox" deyir" həsr edəcəyik. Əlbəttə, bu gün biz yeniyetmə və gənclərimizi böyük təhlükənin ağzından almalı, onları sağlam həyata qaytarmalıyıq. Sağlam olan insan ailəsinə, vətənə və dövlətinə də yüksək səviyyədə xidmət eləyə bilir.

- Biz onu da eşitmişik ki, kiq-boksinqçilərimiz və sizin yetirmələriniz Honq-Konqda və Rusiyada keçirilən beynəlxalq yarışlarda və eləcə də Macarıstanda, Polşada təşkil olunan görüşlərdə Azərbaycanın şərəfini çox yüksək səviyyədə qoruyublar.

- Bu döyüş növü hər bir idmançıdan həm də möhkəm xarakter, dözümlülük və psixoloji hazırlıq tələb edir. Əgər hər hansı idmançı döyüşün ilk anlarında rəqibin zərbəsindən büdrəyib ruhdan düşürsə, bu onun məğlubiyyəti deməkdir. Çünki kiq-boksinqdə həm əllər, həm də ayaqlar sürətlə işləməlidir ki, rəqibi üstələyə biləsən. Ona görə də son ana qədər hər bir döyüşçü psixoloji və fiziki cəhətdən mübarizə aparmağı yaddan çıxarmalı deyil.

- Sizin elə yetirmələriniz də var ki, onlar universal döyüş üzrə dünya çempionu adını qazanıblar. Bu döyüş növü də idmançıdan çox böyük iradə və güc tələb eləyir.

- Mən yetirmələrimin hər qələbəsini görəndən sonra elə vaxt olub ki, sevincimdən səhərə qədər yata bilməmişəm. Çünki onların qələbəsi bir idmançının uğuru deyil, hər hansı xarici ölkədə Azərbaycanın bayrağının qaldırılması deməkdir. Bundan da böyük xoşbəxtlik olarmı? Universal döyüş üzrə Rizvan Sərkərov, Mehdi Mehdiyev, Kənan Mehdiyev, Əli Mirələkbərli, Babək Məmmədov həmişə bizi sevindirib. Məşqçilərin və özlərinin zəhmətini itirməyiblər. Kiq-boksinq üzrə başqa bir yetirməm Araz İsmayılov da Avropa çempionatının mükafatçısıdır. Yəni bütün bunlar onu göstərir ki, sağlam həyat tərzi insanlara fiziki rahatlıq gətirməklə yanaşı, onlara mənəvi bir ucalıq da bəxş eləyir.

- Hacı, sonda yeniyetmə və gənclərimizə nə arzulayardınız?

- Onlara ən böyük arzum sağlam həyat tərzidir. Qoy yeniyetmələr və gənclər boş vaxtlarında gedib küçədə veyillənərək siqaret çəkib, araq içib, narkomaniyaya qurşanmasınlar. Onlar haqqın və Allahın yoluna qayıtsınlar. Haqqın və Allahın yoluna qayıdan adamlar heç vaxt həyatda büdrəmir, büdrəsələr də tez qalxır, ailə, el-oba və ölkə üçün gərəkli vətəndaşa çevrilirlər. Müqəddəs "Quran"da da buyurulub ki, hər bir insan yuxarıda adını sadaladığımız pis əməllərdən uzaq olsa, o, daha sağlam və daha yaxşı həyat tərzi sürə bilər. Qoy gənclərimiz boş vaxtlarını çayxanalarda, barlarda və digər mənasız əyləncə yerlərində deyil, idman meydançalarında maraqlı idman növləri ilə məşğul olmaqla keçirsinlər. Belə olarsa, insan, daha doğrusu, yeniyetmə və gənclər sağlam həyat tərzi sürə bilər, cəmiyyətimiz üçün gərəkli insanlara çevrilərlər.

 

 

Faiq Qismətoğlu

 

Ədalət.- 2009.- 5 fevral.- S. 4.