Göründüyü kimi olan, olduğu kimi yazan
Bariz Əsədov - 70
... Ezamiyyətdə
olan jurnalistə xəbər verirlər ki, evində oğurluq
olub. Başıalovlu qayıdıb evin
qapısından içəri girən kimi özünü təngnəfəs
şəxsi kitabxanasına salır. Oğrunun gecə
alt-üst elədiyi otaqlarda vurnuxan polislər ev
sahibinin kitab rəflərinə diqqətlə baxaraq razı
halda gülümsündüyünü görüb məəttəl
qalırlar. Jurnalist onlara arxayın tərzdə:
- Narahat olmağa dəyməz,
cənablar, - deyir, - mənim varım-dövlətim bu
kitablardır. Necə düzmüşəmsə,
eləcə də qalıb. Təəccüblənirəm
ki, ən nadir nüsxələrə belə
toxunmayıblar...
Xəstələndiyi üçün evinə
yoluxmağa gəldiyim qələm dostumun kitabxanasını
görəndə hələ tələbəlik illərində
eşitdiyim bu lətifəni xatırlayıb ona
danışdım. Söhbət kitablardan,
mütaliədən düşdü. Ötən
illəri yada saldıq. Onu tələbə
vaxtından - universitetin jurnalistika şöbəsində
oxuduğumuz zamandan kitabı, mütaliəni sevən kimi
tanıyırdım. Sonralar mətbuatda
çalışanda, bölgə müxbiri işləyəndə,
biz bir-birimizə daha yaxından bələd olanda zənnimdə
yanılmadığımı yəqin etdim. O vaxt, sovet
dönəmində dünya ədəbiyyatı klassiklərinin
külliyyatları abunə yolu ilə yayılırdı. Bu, ölkənin bütün rayonlarında mərkəzləşmiş
qaydada, müəyyən olunmuş limitdə təşkil
edilirdi. Raykom katibi kimi Cəlilabadda bu
işə mən baxırdım. Limit az,
abunəyə tələbat (indi qəribə görünsə
də!) çox idi. Bakıdan, başqa yerlərdən
də xahiş edənlər olurdu. Əlbəttə,
hamını razı salmaq mümkün deyildi. Ancaq o vaxt
rayonumuzdakı bölgə müxbiri Bariz Əsədovun
adı məhdud abunəçilər siyahısında hər
il mütləq olurdu. Və qələm
dostumun kitab rəflərində klassiklərin çox qiymətli
külliyyatlarının, müxtəlif ensiklopediyaların,
lüğətlərin, nadir nüsxələrin sayı ildən-ilə
artırdı...
...
Söhbət edə-edə səliqə ilə
divar boyu sıralanan, tavana "baş vuran" kitab rəflərinin
önündə dayanırıq. Bariz deyir
ki, kitabların bir qismini rəfləri ilə birlikdə gəlin
köçürdükləri həkim qızlarına - Nigara
və Fidana cehiz veriblər. Bu, onun
xanımı Rəfiqə müəllimənin təşəbbüsü
ilə olub. "Kaş adət-ənənəyə
çevriləydi, qızlarımızın cehizləri
içində həmişə kitablar da olaydı" - Rəfiqə
ananın arzusu belədir.
Rəflərdən
birində ev sahibinə müxtəlif
vaxtlarda töhfə verilən, müəlliflərin
avtoqrafı olan kitablar düzülüb. Diqqətimi
"Azərbaycan" jurnalında maraqla oxuduğum, məni
bir vətəndaş kimi həyəcanlandırıb dərindən
düşündürən, ədəbi ictimaiyyətdə
böyük əks-səda doğurub hadisəyə
çevrilən "Dolu" romanının kitab şəklində
çapdan çıxan nüsxəsi cəlb edir.
Kitabı götürüb müəllifin avtoqrafını
oxuyuram: "Jurnalistikamızın ağsaqqalı, müəllimimiz
Bariz bəyə ən xoş arzularla. Hörmətlə, Aqil
Abbas, 21.01.2008"
Bariz deyir ki, romanı oxuyandan sonra müəllifə
zəng edib təşəkkürünü bildirib. Aqil Abbas cavabında - "Mən də, jurnalist
yaşıdlarım da Sizə minnətdarıq. Siz auditoriyada yox, mətbuatda yazılarınızla
bizlərə əyani dərs vermisiniz" - deyib.
"Aqilin sözləri
məni yaman tutdu. Arxada qoyduğum illərimin ən
unudulmaz çağları ilə bağlı olan, mənə
təhsil, tərbiyə verən müəllimləri, dayaq-dəstək
olan insanları - Mir Cəlal Paşayevi, Bəxtiyar Vahabzadəni,
Nurəddin Babayevi, Şirməmməd Hüseynovu, İsrafil Nəzərovu,
Ağababa Rzayevi, Rəşid Mahmudovu, Əlövsət
Quliyevi, Əliağa Kürçaylını, Cəmil Əlibəyovu,
Vəli Məmmədovu, Bayram Tahirbəyovu, Hidayət Zeynalovu,
Xəlil Mütəllibovu xatırladım. Atalardan qalma
sözdür: insan ol, insanlar cərgəsində ol. Sayəsində uğur qazandığım insanlar
qarşısında baş əyirəm, bu gün
sayılanlar cərgəsində olduğuma görə onlara
minnətdaram".
Bariz Əsədov Bakı
Dövlət Universitetini bitirəndən sonra vaxtilə
respublikanın ən nüfuzlu mətbuat orqanı sayılan
"Kommunist" qəzetində işə başlayıb və
20 ildən çox bir şöbədə
çalışıb, burada sayılıb seçilən qələm
sahibi Hidayət Zeynalovdan öyrənib,
görüb-götürüb, imzası ilə qəzet səhifəsinə
"vəsiqə alan" hər bir yazısı
üçün özünü sənət müəlliminin
qarşısında imtahan verən tələbə kimi hiss
edib.
Hidayət müəllimin məsləhəti ilə
sadə zəhmət adamlarına həsr olunmuş
yazılarında hər şeyi necə var elə, həyatda
olduğu kimi göstərməyə, onların daxili aləmini
açmağa çalışıb. Özünün
dediyi kimi kənddə suçudan şəhərdə nazirədək
çoxları ilə ünsiyyət saxlayıb, müxtəlif
mövzularda yazıb. Yazdıqlarına
görə təmənna güdməyib, mükafat ummayıb,
amma bir xoş söz eşidəndə fərəhlənib.
İyirmi il əvvəl Moskvada nəşr
olunan "Jurnalist" dərgisində Rüstəm Arifcanovun
və Rauf Talışinskinin "Minus işarəli plyus"
adlı məqaləsini oxuyanda çox sevinib. Məqalədə
söhbət Sosialist Əməyi Qəhrəmanı, Bakı
Elektrik Maşınqayırma Zavodunun briqadiri Ömər
Ağayevdən gedirdi. Müəlliflər
yazırdılar: "Onun haqqında çox jurnalist yazıb.
Lakin Ömər Ağacan oğlu iyirmi beş
il qabaq Azərbaycan mətbuatında onun haqqında
çıxmış ilk yazının müəllifi Bariz Əsədovun
adını indiyədək unutmayıb. Respublika
Ömər Ağayevin yaxşı işləməsindən
ilk dəfə bu yazı vasitəsilə xəbər tutub.
Sonra o öz əməyinə görə
yüksək dövlət mükafatlarına layiq
görülüb, jurnalistlərin sevimli qəhrəmanına
çevrilib. Ancaq Ömər Ağayev
bizimlə söhbətində Bariz Əsədovdan başqa
onun barəsində kimin harada, nə vaxt və nə
yazdığını yadına sala bilmədi".
Bariz mənimlə söhbətində
dedi ki, bu, 50 illik fəaliyyəti
dövründə mətbuatda haqqında yazılmış
çox qiymətləndirdiyi sözdür. Bir də
"Qızıl qələm" mükafatına layiq
görüləndə onun barəsində Hidayət müəllimin
çox səmimi yazısından fərəhlənib.
Azərbaycan Jurnalistlər
İttifaqının nəşri olan "Müxbir"də
Hidayət Zeynalov istedadlı jurnalist, təvazökar, sadə
insan kimi Barizin portretini özünəməxsus ustalıqla
yaradıb: "Çaylar iki cür olur. Biri
qıcıltı ilə axıb ətrafa səs salır.
Digəri lal axır. Səthinə
baxanda elə bil sakit dayanıb. Əslində
dibi dərin olan belə çaylar daxilən qaynayıb
coşur. Bariz də təbiətən belədir.
İlk nəzərdə sakit görünür.
Adətən, görərsən ki, yazı
stolunun arxasında başıaşağı, dinməz-söyləməz,
nə iləsə məşğuldur. Sakit
keçən belə anların səsi sonralar
çıxır. Özü də qəzet
səhifəsində. Onun imzası ilə
dərc olunan əksər yazılar, istər oxucular, istər
qələm yoldaşları tərəfindən sakit
qarşılanmır. Mütləq
söz-söhbətə səbəb olur. Əlbəttə,
yaxşı mənada".
Sanki mahir rəssam
fırçasından çıxan bu portret cizgiləri Barizi
bir jurnalist kimi incəliklərinə qədər xarakterizə
edir. O, bütün yaradıcılığı boyu əsl
İnsan, Şəxsiyyət, Vətəndaş olaraq öz
masasına, öz qələminə, öz əqidəsinə,
vicdanına sadiq qaldı, dəyişmədi. Başqa cür ola da bilməzdi. Onu yaxından tanıyanlar da təsdiq
edərlər: Bariz göründüyü kimi olan, olduğu
kimi yazan curnalistdir.
Xalq şairi Sabir Rüstəmxanlının
dediyi kimi Zamanı bütün ağrı-acılarıyla
içindən və qələmindən keçirmiş
Barizin son on beş ildə Vətən təəssübkeşliyi,
Vətəndaş yanğısı ilə qələmə
aldığı, bir qismi mətbuatda ("Azərbaycan",
"Xalq qəzeti", "Panorama", "Vedibasar")
işıq üzü görən araşdırmaları,
müsahibələri, şərhləri və
bütövlükdə yenicə tamamlayıb çapa
hazırladığı "Erməni - türkün
düşməni" kitabı bu mövzuda yazılanlar
arasında zəngin həyat materialı, real faktlar
baxımından özünəməxsus yer tutur.
Azərbaycan Milli Elmlər
Akademiyası Beynəlxalq Münasibətlər İnstitutunun
direktoru, filologiya elmləri doktoru, professor
Vaqif Arzumanlı kitaba ön söz yazıb. "Vətəndaş
və curnalist qəlbinin döyüntüləri" sərlövhəli
məqaləsində müəllif yazır ki, Bariz Əsədovun
həyat yolu Azərbaycan-Ermənistan münasibətləri
tarixinin bir parçasıdır. Ermənistan-Azərbaycan
münaqişəsinin bir çox səhifələri Bariz Əsədovun
və onun Qərbi Azərbaycandan olan həmyaşıdlarının
keçdikləri ağrılı-acılı həyat
yolları ilə birbaşa bağlıdır.
Azərbaycanlılarla ermənilər
arasındakı münasibətlərə vətəndaş
və jurnalist gözü ilə baxan, bunları
araşdıran Bariz Əsədov maraqla, həyəcanla, qəlb
ağrısı ilə oxunan bir kitab yazıb.
Müəllif erməni məkrini, xislətini,
xəbisliyini, qəddarlığını həqiqətdə
olduğu kimi, bütün çılpaqlığı ilə
göstərmişdir.
Kitabda oxuyuruq: "Erməninin Mikoyanına da lənət,
Şaumyanına da, Baqramyanına da... Marşal Baqramyan Azərbaycanda
doğulub, böyüyüb... Hər dəfə
Azərbaycana gələndə fəxri qonaq təki
qarşılanır, hörmət-izzətlə yola
salınırdı. Çardaqlı kəndində
onun ev-muzeyini təşkil etmişdik. Amma, görün,
bu İvan Xristoforoviç kim imiş, nə
mənsəbə qulluq edirmiş, hansı arzularla
yaşayırmış.
Baqramyan Gümrüdə olarkən üzünü Ermənistan
KP MK-nın I katibi Karen Dəmirçiyana tutaraq üzüm
arağı doldurulmuş stəkanı alqışlar
altında birnəfəsə başına çəkib
demişdir: "1918-1922-ci illlər arasında Gümrüdə,
bax, bu Leninakanda türklərə
qarşı apardığım müharibəni - türk
qanını axıtdığım günləri
ömrümün ən xoşbəxt anları sayıram... Dəmirçiyan!
Bu, mənim etdiklərimdir, mənim
açdığım yoldur. Bu yolu sən
davam etdirməlisən".
Erməni yazıçısı M.Nalbandyan 1959-cu ildə
buraxılmış "Seçilmiş əsərləri"ndə
yazıb: "Ey erməni! Küçədə
zəhərli ilan görüb öldürməsən eybi
yoxdur. Lakin türk görüb
öldürmürsənsə, sən satqınsan, əclafsan,
millətin düşmənisən".
Müəllif oxucunun qəlbində erməni
faşizminə nifrət hissi aşılayır, onu unutqan
olmamağa, düşmənə qarşı həmişə
ayıq-sayıq, mübariz olmağa çağırır.
"Erməni -
türkün düşməni (araşdırmalar, müsahibələr,
şərhlər)" kitabı öz dili, təhkiyəsi,
tarixi faktların şərhi, müəllifin vətəndaş
mövqeyi baxımından çox qiymətli, qan
yaddaşını, milli mənliyi oyadan, vətənpərvərlik
hisslərini alovlandıran diqqətəlayiq əsərdir.
70 yaşının yarım əsrini bütün ağrı-acıları ilə içindən və qələmindən keçirmiş dəyərli həmkarımız, Azərbaycan mətbuatında öz dəst-xətti olan görkəmli jurnalist Bariz Əsədov böyük Səməd Vurğunun təbirincə desək, "boyaqsız, rəngsiz, əmmasız" yazmış və elə buna görə də həmişə mətbuat aləmində öz haqq sözünü deyə bilmişdir.
70 yaşın mübarək, yastığın yüngül olsun, əziz dost!
Əlövsət Bəşirli
Alət.- 2009.- 7 fevral.- S. 22.