Kamal Abdulla "Parisin seçimi" ilə bir daha
diqqət mərkəzində
Ölkə hüdudlarından kənarda
işıq üzü
görən hər bir sanballı əsər yalnız müəllifini tanıtmaq,
sevdirmək missiyasını
yerinə yetirmir, eyni zamanda onun
mənsub olduğu ölkənin, xalqın əsrlər boyu topladığı ədəbi-bədii,
elmi, publisistik, fəlsəfi dəyərləri
barədə bilgilər
verir. Məhz bu baxımdan
sərhədləri aşan
nümunələr iddiası
ilə arzunun əyani reallaşması arasındakı kəskin fərqlər məntiqi cəhətdən başa
düşüləndir.
Fərəhli haldır
ki, Azərbaycan ictimaiyyətinin ilk növbədə
görkəmli dilçi-alim
kimi tanıdığı
Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Kamal Abdullanın zəngin bilik, zəka, duyumdan, geniş axtarış və yaradıcılığından
qaynaqlanan Türkiyədə,
Fransada, Rusiyada və digər ölkələrdə oxucu
rəğbəti qazanan
əsərləri də
belə xeyirxah məramın xidmətçiləridir.
Maraqlıdır ki, vaxtılə
Rusiyanın beynəlxalq
miqyasda tanınmış
"İnostrannaya literatura"
jurnalı MDB-də olan yazarların əsərlərinin nəşrini
qərarlaşdıranda belə
cığırın açılması
etimadını Kamal müəllimə göstərib.
Bü günlərdə
isə Rusiya yazıçılarının nüfuzlu mətbu orqanı "Literaturnaya qazeta" yazıçının
"Parisin seçimi"
romanından parçaları
oxucularına ərməğan
edib. Əsər mifoloji qəhrəman
Parislə bağlansa da, hadisələrin inkişafı, surətlərin
səciyyəsi və
sair onun müasirliyi qənaətinə
gətirir. Buna görə
də redaksiya məqaləsindəki aşağıdakı
sitatların təqdimatı
Kamal Abdulla romanına
müraciətin nə
dərəcədə əsaslılığına,
oxucu auditoriyasına verə biləcəyi faydaya aydınlıq gətirir:
"Paradoksal", "zamanın axarını
özünə tabe edən yazıçı",
"özünü dünya mədəniyyəti məkanında
sərbəst hiss edən", "bu günlə ən qədim
tarixi və mifoloji qatlar arasındakı sirli əlaqələri
kəşf edən müəllif" - bütün bunlar, indilərdə
öz ölkəsinin hüdudlarından kənarda da geniş
şöhrət tapmış Azərbaycan
yazıçısı Kamal Abdullanın
yaradıcılığının müzakirələri
zamanı tənqidçilər tərəfindən səsləndirilən
fikirlərin heç də hamısı deyil. Bu müzakirələrin
harada - Bakıda, Parisdə, İstanbulda, Moskvada və ya Rusiya
Pen-klubunda, yaxud "İnostrannaya literatura"
jurnalının redaksiyasında keçirilməsindən
asılı olmayaraq, Kamal Abdullanın kitabları həmişə
canlı polemika yaradır və böyük oxucu
marağına səbəb olur. Təsadüfi deyil ki,
"İnostrannaya literatura" jurnalı MDB ölkələrinin
yazıçıları içərisində ilk dəfə
məhz onun əsərlərinə yer verdi. Kamal Abdullanın
artıq Rusiyada, Fransada, Türkiyədə, Yaponiyada və
Braziliyada nəşr olunmuş "Yarımçıq əlyazma"
poeziya-esse-romanı, eləcə də rus dilində çapa
hazırlanan "Sehrbazlar dərəsi" roman-fantaziyası,
hər şeydən öncə, qeyri-adi yazıçı
baxışı rakursu ilə diqqəti cəlb edir. Müəllif
sanki adi dünyəvi süjetlərə səmavi meyarlar gətirir,
onun qəhrəmanları, eləcə də onun özü,
elə bil, eyni vaxtda reallığın həm bu, həm də
o biri tərəfində yaşayırlar. İstər hər
kəsə bəlli, istərsə də tanış olmayan
ştamplardan və təfsirlərdən uzaq, insanın
qeyri-kamil varlıq olmasına üzülərək və
insan əzab-əziyyətlərinin sonunda dəyişilmələrin
olacağına inanaraq. Natamamlıq, qeyri-kamillik intransendent nəsnələrin
işığında, nəhayət, əriyib, yox olacaq... Yoxsa
- insan tarixinin gedişatı dəyişiləcək?...
"Literaturnaya qazeta"nın təqdim etdiyi bu romandakı
"yunan mifologiyası" mövzusunda variyasiyalar da, bu mənada
istisna deyil. Burada da müəllif həminki,
"mümkünsüz şeylərə ağlayan dərviş",
"dolanışığın, güzəranın nəfsi"nə
gülən müdrikdir və o, öz
"nağıllar"ını hər kəsə,
oradakı işarələri və eyhamları isə -
anlayanlara təqdim edir".
"Fikrimcə, Kamal Abdulla müasir Azərbaycanın ən
kəskin və "provakativ" yazıçısı
olaraq, alternativ qərarı sınaqdan çıxarır: qoy
Paris bu qalmaqallı almanı Heraya versin! Və əvəzində
şərq dünyasının əsas şəhəri -
Troyaya sahib olsun! O şəhərə ki, bu oğlanın
onlara dərd-bəla gətirəcəyindən (elə gətirdi
də!) ehtiyatlanan mövhumatçı qohum-əqrəbası,
falçıların sözünə əsaslanaraq, onu həmin
şəhərdən didərgin salmışdılar. Bəs
o, Troya taxtına qalxsaydı necə? Dünya sonrakı fəlakətlərdən
qurtula bilərdimi?" Bu sözlər isə məşhur
Rusiya ədəbiyyatşünası və ədəbiyyat tənqidçisi
Lev Anninskiyə məxsusdur.
Ədalət.- 2009.- 7 fevral.- S. 17.