ŞAİR ÜÇÜN DÜNYANIN ÖZÜ QÜRBƏTDİR

 

Məmməd İsmayıl: "İçimdə bir iddia var"

 

Həmişə də deyirəm ki, mənim ruhum qılıncdır, bədənim qındır.

 

Hər dəfə şeir dünyası məni özünə çəkəndə özümü kitab rəfimin qarşısına çatdırıram və adət etdiyim qaydada bir-bir kitabaları gözdən keçirirəm. Özü də qəribədir ki, hər dəfə oxumaq üçün iki-üç kitabı birdən götürürəm: Məmməd Araz, Nüsrət Kəsəmənli, Bəxtiyar Vahabzadə... Məmməd İsmayıl. Elə sonuncu dəfə Məmməd müəllimin şeir dünyası ilə baş-başa qalanda hardansa içimə bir həmsöhbət olmaq istəyi doldu. Sanki Allah səsimi eşitdi və bu günlərdə doğma Bakısına tətilə gəlmiş Məmməd müəllimlə görüşmək mənə nəsib oldu.  

   - Məmməd müəllim, xoş gördük , necəsiniz?  

   - Çox sağ olun, təşəkkür edirəm ki, yenə də məni arayıb-axtarmısınız.  

   - Məmməd müəllim, siz Azərbaycan ədəbiyyatında sözün həqiqi mənaısnda adı böyük həriflə yazılmış və oxucuların daim imzasının sorağında olduğu şairlərimizdən birisiniz. Bu gün Siz qürbətdə yaşayırsınız. Əslində vətənin qürbəti olmur, amma Azərbaycanın hüdudlarından kənarda olduğunuzdan sizin üçün qürbət nə deməkdir?  

   - Əbülfət bəy, öncə bir təşəkkürümü sizə çatdırım ki, bundan əvvəlki görüşümüzdə də məni "Ədalət"in oxucuları ilə həmsöhbət elədin. O ki, qaldı qürbət məsələsinə... Qürbəti böyük anlamda götürsək, mən şerimdə də demişəm:  

   Dünya sürgün yeridir  

   ...Ölüm ölmək deyil ki.  

   Vətənə qayıdışdı.

   Bizim vətənimİz bura deyil. Mən filosofluq eləmirəm. Bura keçici, sınaq, mübarizə və əzab meydanıdır. Bizim Vətənimiz gəldiyimiz yerdir. Hardan gəlmişiksə, oradır. Onu nə sən bilirsən, nə mən bilirəm. Biz anamızın bətnindən gəlmişik, bəs anamızın bətnindən o yanda nə var? Bunu bəzi adamlar bilir. Yəni həmin adamlara millətinin kodu - gizli bilgisi məlumdur. Onlar kitab, roman oxumadan, yəni biliklərə yiyələnmədən də atmosferin özündən gələn informasiya onların canına hopur və onlar bu dünyanın nədən ibarət olduğunu dərk edirlər. Bu dünya nədir? Ən böyük dilemma da elə budur. Gözümüzün önündə nə varsa onun hamısı şeytan əməlidir. Və hamısı da bizim arzumuza, istəyimizə, həzzimizə köklənibdir. Bax, elə bu anlamda dünyanın özü qürbətdir. Deməli, dünyanın özü qürbətdisə, onun göbəyinin basdırıldığı yerdən harasa getmək və yaxud da qapıdan bayıra çıxmaq özü də qürbətə getmək kimi bir şeydir. Hətta bunu poetik ifadə etsəm, içimdəki sözün dilimə gəlib səslənməsi də artıq qürbətdir. Bax, bütün bu anlamlardan çıxış etsək, zatən şairlər elə doğuşdan qürbətdədirlər. Bunu sən özün də bilirsən və sualı da məni danışdırmaq, oxucularla üz-üzə gətirmək üçün ortaya atdın.   

   - Məmməd müəllim, bu fikirləriniz həqiqət duyumlu, sözlə yaşayan insanların içindən gəlib keçir. Amma bir az da konkret desəniz...  

   - Yaxşı, bir də təkrar deyirəm. Bugün sənin üçün, bu yer kürəsinin seçilmiş olan torpaq, dünyaya gəldiyin ocaq artıq konkretləşib və özün də fikirləşirsən ki, niyə məhz Tovuz rayonu, onun dağlar arasındakı Əsrik kəndi? Bax, bundan sonra canın qədər sevdiyin coğrafi məkan sənin üçün müqəddəsləşir və sən ona istedadını, bacarığını, hər nəyin varsa onu həsr eləyirsən. Amma təəssüf ki, bəzən səni həmin o yerdə qalmağa gözə görünən və görünməyən güclər imkan vermir. Tale səni başqa bir səmtə atır. Ordan isə bura tamam fərqli görünür. Doğrudur, Türkiyə bizlər üçün qürbət deyil. Amma şair üçün dünyanın özü qürbətdirsə, ora da bir qürbətdir. Lakin mən gündə yüz kərə şair taleyim üçün Tanrıya dua eləyirəm. Mövlanənin bir fikri var. Deyir ki: "Bədənimdəki tüklərin sayı qədər hər gün sənə dua etsəm, yenə də azdır!" Mən də Allahıma nə qədər dua etsəm, yenə də azdır. Göbəyimizin kəsildiyi yer doğulduğumuz ünvan olsa da, biz şairlər zatən qürbət çəkirik.   

   Bulağın çay olduğu, çayın irmağ, irmağın dənizə qovuşub adını itirir. Mənim dediyim kimi:

   Xəzərə çatdımı Kür Xəzər olur, 

   Dənizdə itirir adını çaylar.

      Yəni mən də kənddən Tovuza, Tovuzdan Bakıya, ordan da türk dünyasına çıxmağımla həmin bulağın dənizə qovuşması taleyini yaşayıram.

      - Məmməd müəllim, siz Azərbaycan aurasından kənarda yaşayıb işləsəniz də, amma ədəbiyyatımızın içərisindəsiniz. Və mən sizin ölkə mətbuatında, o cümlədən "525-ci qəzet"dəki yazılarınızı maraqla izləyirəm. Siz bütün bunları necə çatdırırsınız?   

   - Mən əvvəlki məsəli təkrar etmək istəmirəm. Çünki bulaqdan tutmuş dənizə qədər hamısı bir-birinin içərisindədir. Təsəvvürünə gətir ki, daşı dələn suyun gücü nədədir? Sabiq qədərliyində, davamlığında və səbrindədir. Bu anlamda mənim içimdə bir iddia var. Özü də bunu gizləmirəm. Bizim kəndimizdə hamı şer yazır, saz çalır. Mən də hamı kimi şer yazırdım və hamıdan fərqli olaraq mən şerimi rayon qəzetinə göndərirdim. Ordan da mənə cavab gəldi. Sinif yoldaşlarım və bəzi adamlar mənə kobud şəkildə lağ da etdilər ki, biz də şeir yazırıq, sən də. Niyə sən şeirlərini qəzetə göndərirsən? Özünü niyə biabır eləyirsən? Sonra bütün kənd başladı danışmağa ki, Gülzarın oğlu şair çıxıb. Atam müharibəyə gedib qayıtmamışdı, ona görə anamın adını deyirdilər. Mən bircə atamın qanını görmüşəm, o da damarlarımda axır, üzünü görməmişəm. Qan elə bəlkə də Allahın özüdür. Qısası mən özüm öz qarşımda məqsəd qoydum ki, mütləq şair olacam və kəndə də özümü sübut edəcəm. Şeirlərim rayon qəzetində çıxdı. Bir az da rayonda lağ etdilər, sonra Bakıda. Mənim gəlişim fərqli bir şey oldu. Mənim 19 yaşımda yazdığım

  

   Dağların başına düşən qardımı, 

   Dumandan xəbərsiz, çəndən xəbrsiz.  

   və yaxud  

   Yarpaqlar düşdükcə öz budağından,   

   Ömür günlərini bir-bir sayırdı,   

   Qışın gəlişini sanki bu zaman,   

   Yerin qulağına pıçıldayırdı. 

 

   Bu kimi şeirlərlə artıq kimliyimi ortaya qoymuşdum. Düzdür, onda da, elə indi də ədəbiyyatda, dəstəbazlıq, yerlibazlıq var idi, bu gün də var. Hətta bir bölgənin qəzeti həmin bölgənin şairini qaldırıb qoyurdu dağın başına, digərlərinə meydan vermirdi və sairə. Əslində bu rəzalətdir. Bakıda isə iddiam bu oldu ki, Azərbaycanın önəmli şairlərindən biri olmalıyam. İndi də dünyanın önəmli şairlərindən biri olmaq iddiası ilə yaşayıram. Bunu niyə gizlətməliyəm ki? Həmişə də deyirəm ki, mənim ruhum qılıncdır, bədənim qındır. Qılınc da iti olmalıdır və mənim bədənimin anasını ağlatmalıdır ki, özünü sübut eləsin, iddiasını təsdiqləsin. Şükürlər olsun ki, bu gün hər şeyi bir anda görmək mümkündür. İnternetdə saytı açmaqla Məmməd İsmayılın Moskvada, Parisdə, Türkiyədə və digər məmləkətlərdə kim olduğunu görsün. Bax, bütün bunları deməklə onu vurğulamaq istəyirəm ki, Məmməd İsmayılın borcudur yazıb-yaratmaq. Heç vaxt sızıldayıb deməsin ki, məni unudublar. Əksinə, deməlidir ki, mən varam və olacam da. Və mənim arxamda mənim iddiam dayandığından mənim şeirimin, sözümün enerjisi həmişə hardansa vurub çıxacaqdır. Deməli, mənim Azərbaycanda qoyub getdiyim boş qalan yerim var. Mən qayadan bir parça kimi qopub getmişəm. Həmin o boş qalan yerim kənardan da olsa, mənim öz tərəfimdən doldurulmalıdır. Necə ki, mən bunu edirəm. Allaha qurban olum, o məni bu yaşımda da 16-17 yaşlı Məmməd İsmayılın enerjisi ilə yaşadır. Sadəcə o vaxtın ilhamı və indki Məmmədin təcrübəsi birləşibdir.

   - Məmməd müəllim, bu günkü türk ədəbi mühiti necədir, o nə ilə yaşayır?  

   - Əbülfət, nə yazıq ki, Türkiyədə, bütövlükdə isə kapitalizmdə ədəbiyyat bir növü gözdən çıxarılmış bir şeydir. Mundar kapitalizm özü ilə bərabər özünün "izmlərini" də yaradıb. Yəni modernizm, postmodernizm, atalar-oğullar problemi və sairə. Bu da sənəti kütləviləşdirib. Həmin o "izmlər" bütün sənətlərin gözünə qırılmış ayna parçaları kimi batmağa başlayıb. Türkiyə bu mənada payını bölgədə hamıdan çox aldı. Biz Avropa ədəbiyyatını ruslar vasitəsilə əldə etdik. Yəni Avropa rüzgarları Rusiyanın başı üzərindən bizə doğru əsdi. Türkiyə isə zatən Avropanın içərisində idi. Lakin Avropa Türkiyəni öz içərisinə buraxmır. Ona görə ki, Türkiyə yeganə toplumdur ki, Avropadan torpaq alıb və bu gün də onun üzərində yaşayır. Düzdür, ruslar da Napaleonu, Hitleri qovanda Avropanı gəzdilər, amma torpaq alıb sahib çıxa bilmədilər. Türkiyə Anadolu boyda bir imza atıb Avropanın sinəsinə. Bunun qarşılığında da Avropa başqa bir şey edə bilmədiyindən türkün qafasını öz "izmləri" ilə qarışdırmağa çalışır. Öz övliyaları, müqəddəs insanları ilə, mövlanələri ilə, Yunus imrələri ilə, dədə Hasanları ilə, Dadal oğulları ilə, hətta Aşıq Veysələri ilə dünyaya meydan oxuyan Türkiyə əvvəlcə ərəbdən əruzu, sonra da Avropadan sərbəsti götürməklə bir növ sənəti kütləviləşdirdi. Bu mənada nə yazıq ki, türk ədəbiyyatı nə ilə nəfəs aldığını özü də bilmir. Sənət mücərrədləşibdir. Yəni fransız şerini fransız rəssamlığı yedi. Türk şerini isə nə yeyi-bitirdi onu hələ də başa düşə bilmirəm. Doğrudur, Nazim Hikmət, Orxan Vəli türk sərbəst şerinin başında dayanır. Hanı bu gün onlar? Bunun hamsı Avropanın zərri kağızlara büküb bizlərə göndərdiyi şirniyyat kimi bir şeydir, baş qatır. Konkret desəm, topu-tüfəngi ilə edə bilmədiyini, belə-belə şeylərlə gerçəkləşdirir. Və bütün "izmlərin" hamısı özünün bic anasına bənzəyir. Bu mənada Türkiyədə nəsr şeirdən daha üstündür. Nə yazıq ki, biz də həmin "izmləri" Türkiyədən götürürük, bizə də suyun suyu gəlib çıxır.  

   - Məmməd müəllim, bu gün internet imkanları bizim dünya mətbuatı ilə tanış olmağımıza şərait yaradır. Lakin biri var kənardan hansısa bir yazını bir qəzeti oxuyasan, biri də var həmin o yazının qəzetin işıq üzü gördüyü məmləkətdə yaşayıb o mətbəxdən xəbərdar olasan. Bu mənada Türkiyə mətbuatında vəziyyət nə yerdədir. Türk mətbuatı nə ilə yaşayır?    

   - Türk mətbuatında bir sahiblik var. Yəni mətbuatın arxasında sahib sərmayəsi dayanır. Üzdə bu türk sərmayəsi kimi görünür. Çünki onun sahibinin türk olub-olmaması hələ onun ikinci tərəfidir. Məsələn, orda mətbuat qruplaşıb. Tutaq ki, Aydın Doğan qrupu. Onun qrupuna "Hürriyyət" də daxildir. Eləcə də digər qruplar. Bir neçə telekanalda Aydın Doğan qrupuna aiddir. "Zaman" qəzeti, "Saman yolu", "Kanal-7" bunlar isə Fətullah Güləncilərindi. Bu anlamda həm fiziki şəxs baxımından, həm də ideoloji baxımdan, o cumlədən də arxasındakı sərmayə baxımından sanki bir xor yaranıb. Özü də "xoruz" buraxan xor. Son dönəmlərdə hökumətin əli qəzetlər üzərində bir qədər uzanıb. TRT kanalları bir növü bizim ictimai televiziyanı xatırladır. Lakin Ərdoğan dövründə müəyyən rəhbərlik dəyişikliklərindən sonra müəyyən müxalif qəzetlər, kanallar satın alındı... Amma bir şeyi də vurğulayım ki, iqtidar tərəfindən satın alınmasına baxmayaraq, onlarda köşə yazarlarının yeri və fikri bu gün də qalır. Bu yazarlar həmin qəzetlərlə özünə pəncərə açanlardır. Yəni onlar qəzetin ümumi istiqamətindən fərqli olaraq öz yerlərində sabitdilər. Bir şeyi də unutmaq lazım deyil ki, Türkiyədə dövlət başqadı, hökumət başqa. Hökumətlər gəlib, gedir, dəyişir, dövlət isə qalır. Burada həm demokratiya var, həm də demokratiya oyunu. Mənim fikrimcə, demokratiya ulus dövlətinin yıxılması üçün bir oyundur. Gözləri bağlayır, sonra da ortaya bir şey çıxara bilmir, şüar olaraq qalır.   

   - Bu gün cismən bizdən bir az uzaqda, yəni türk dünyasının daha böyük bir guşəsində yaşayan Məmməd İsmayılın yaradıcılığında işlər nə yerdədir? 

   - Öz yaradacılığımdan danışmaq... Aşağı, yuxarı götür-qoy edəndə yaxşı yerdədir. Ona görə çox yaxşı demirəm ki, torpağın altında bir çox qatlar var, süxurlar var. Bakı kəndlərində su quyusunu qazanda daşa çıxana kimi qazıntı aparırlar. Şairin, yazıçının böyüklüyü də ondadır ki, o özünəməxsus olan qatı tapa bilir. Həmin qata enəndən sonra o şairin, o yazıçının dərdi olmur. 

   - Niyə? 

   - Ona görə ki, həmin yerdəki şirə heç vaxt kəsilmir, tükənmir. Çətini onu tapmaqdır. Bizlər hamımız birlikdə həmin öz qatımızın axtarışındayıq. O şair xoşbəxtdir ki, ona lazım olan həmin qata enə bilib. Bu mənada mənim nə gecəm var, nə gündüzüm. Az qala saçımın tükü qədər kitab oxumuşam. Özü də sizə bir şey deyim. Mənim orada qazancım yalnız aldığım məvacibdir. Orada rüşvət adlı bir şey yoxdur. Mən ora çörəkpulu qazanmağa gedərkən, sanki Allah mənə dedi ki, sənin ilhamına qanad verdim, şairsən, sənin nə işin var vəzifələrdə? Sən şairsən, axşamdan sabahacan səninlə birlikdə olacam, yaz, yarat. Və mən də gedib özümü ona həsr etdim, ona tapındım və özümü də tapdım. Bu 13 ildə mən öz yaşıdlarım içərisində bəlkə də hamıdan çox yazdım. Onların çoxu çap olunmayıb. "Azərbaycan" jurnalında "Fikir çırpıntılarım"ın bir hissəsi çap olunub, ardı da hazırdır. İki romanım var, hekayələrim var, çoxlu sayda həyat hekayələrim, xatirələrim, şeirlərim var və özümün ən dəhşətli tənqidçim də elə özüməm. Səmimi deyirəm, mənim özümün də çatışmayan cəhətlərim var. Amma özümün özümə ləzzət verən o qədər şeirlərim var ki, öz-özümə fikirləşirəm ki, görəsən bunu mən yazmışam? Allaha qurban olum ki, mənə bu imkanı verib. Elə səninlə həmsöhbət olmağımın, sənin məni aramağının da kökündə Allahın mənə olan sevgisi dayanır. Şükürlər olsun, Tanrıma!  

   ...Mən ustadımla bir xeyli sözün yaxşı mənasında dərdləşdim. Bir-birindən maraqlı fikirlərini dinlədim və elə bir oxucu olaraq da sevindim ki, Məmməd İsmayılın şeir bulağı yenə də əvvəlki təbi-təravəti ilə çağlamaqdadır. Şükürlər Tanrıya və İlahi sözə!

 

 

Əbülfət Mədətoğlu

 

Ədalət.- 2009.- 7 fevral.- S. 12-13.