ANANIN KİTABI

 

    Gülbahar:  

   - Ay hambal qardaş, bir mənə de görüm, axır adamlar niyə hərə bir yana gedir?

      Hambal:  

   - Xanım, pəs, hara getsinlər?  

   Gülbahar:  

   - Necə hara getsinlər? Mən axır səndən söz soruşuram kim, niyə hamısı bir yerə getmir, niyə hərə bir tərəfə gedir? Bax, görürsən, o adamlar o tərəfə gedir, bu adamlar bu tərəfə gedir, mən bu işi başa düşmürəm. Yəqin ki, dəli olublar.  

   Hambal:  

   - Hərənin bir yanda işi var, hərənin evi bir tərəfdədi: biri evinə gedir, biri işinə gedir.  

   Gülbahar (hövsələsiz):  

   - Eh, mən səndən söz soruşuram, sən bilmirəm mənə nə cavab verirsən. Nə səbəbə, axır, hamı bir tərəfə getmir?  

   Yox, yox, bu pis işdi, vallah, pis işdi. Bir yaxşı fikir elə.

     Cəlil Məmmədquluzadə   

   "Anamın kitabı"

      Əhvalat vaqe olur tarixi-miladinin 2009-cu ilinin başlanğıcında, Azərbaycan şəhərlərinin birində, müstəqillik əsrində.

      Böyük bir otaq. Divan. Divanın qabağındakı mizin üstündə qəzetlər qalaqlanıb. İşıq yönəlir qəzetlərə tərəf. Bir əl qəzetləri götürür, səhifələyir, sonra yenidən qatlayıb qoyur yerinə. Mizin üstündə televizor pultu var. Əl pultu götürüb düyməni basır. İşıq mizin qarşısındakı televizora yönəlir. Ekranda danışan başlar görünür:

    - Filankəs müəllim, siz xoş gəlmək bizim proqrama.   

   - Sağ olun, sizi də xoş görmək.  

   - Mən xoçu poblaqodarit sizin kanal, vaşeqo genialnoqo rukovoditelya...  

   İşıq yönəlir pulta. Əl yenə düyməni basır. Ekranda danışan başlar dəyişir:  

   - Filankəs müəllim, deyirlər siz verdiyiniz siyasi proqnozlar üçün, yəni Şimal qonşumuzun zəiflədiyini söyləmək üçün çox, lap çox, çox, çox uzaq ölkədən qalın zərflər göndərirlər sizə.  

   - Ah, əzizim, həmin zərfi kim görübsə, mən ona bağışla...  

   Əl pultun düyməsini basır. Ekranda bir qrup qara paltar adam deyişir:  

   - Fala baxmaq günahdı.  

   - Bizim ocaqda ilanlar heç kimə dəymir.  

   - Ay camaat, bunlar yalan danışır.   

   - Mən şər qüvvələri qovuram.   

   - Sən fırıldaqçısan.  

   Pult yuxarı qalxır. Ekranda oxuyub-oynayanlar qarışır bir-birinə. Kadr arxasından aparıcının səsi gəlir:  

   - Biz bu qitənin musiqi yarışmalarında birinci onluğa düşmək üçün...  

   Əl əsəbi hərəkətlə pultun düyməsini basır:  

   - İqtisadiyyatımızın görünməmiş templərlə inkişafı...  

   Əl pultu qaldırır. Ekranda döyüşən TV-nin döyüşkən aparıcısı görünür:  

   - Səs verin, SMS göndərin. Toyumuzun kralını seçmək sizin əlinizdədir...  

   Pult qalxıb-enir, kanal dəyişir:  

   - Şahid müəllim, sizin fikrinizcə...  

   - Mən zatən düşüncələrimi hər zaman açıq söylədim. Yapacağımız böhrandan çıxma yollarını aramaq. Yalnız bu halda qlobal toy problemini həll etmək mümkün.

   - Şahid müəllim, toydakı yeməklər...  

   - Az yemək lazım.   

   - Bəs geyimlər...  

   - Söylədim ya.

  

   İşıq yönəlir əlin üstünə. Bir müddət havada qalandan sonra ehmalca enir aşağı. Pultun düyməsi basılır. Ekran qaralır. İşıq düşür otağın bir tərəfindəki pəncərəyə. Əl yavaş-yavaş pərdəni çəkir, pəncərənin o tayında küçə, yolayrıcı və adamlar görünür. Döyükə-döyükə sağa-sola baxırlar.

  

***

  

        Mənim dramaturqluğum bura qədər. Gücüm ancaq remarkalar yazmağa çatdı. Eybi yox, finalda bir sonluq da yazaram. Gör ha, Şərqdə ilk teatrı yaradan sələflərin övladı olan bizlər indi... İndi döyükə-döyükə qalmışıq. Baş bilənlərin də hərəsi bir söz deyir - çünki hərənin dəyirmanının suyu bir ayrı tərəfdən gəlir. Yaxşı, biz kimik? Dilimiz hansı dildi? Və məlum qərardan sonra TV-lərdən eşitdiklərimiz ədəbi dilin normalarına cavab verirmi? Söhbət tərcümədən, dublyajdan gedirsə, çox uzağa getməyək, elə 25 il əvvəlki nümunələrə nəzər salaq. Böyük əksəriyyəti yüksək peşəkarlıqla görülmüş işlər idi. Bu zəncirin halqalarını özümüz qırıq-qırıq elədik. Dağıtmaq çox asandı. Yenidən bir araya gətirmək isə...   

       Ötən əsrin 30-cu illərindən sonra bu gün danışdığımız ədəbi dil formalaşmağa başlayıb. Heç kəsin haqqını itirməyək - bu gün hərəsinə bir damğa vurduğumuz yazıçılar formalaşdırıblar bu dili. Özü də bizim ədəbi dilimiz xalqın danışıq dilindən köklü surətdə fərqlənmir. Deyək ki, neçə yüz il əvvəldən gələn bayatılar, aşıq şerləri eynən anlaşılır. Qurbaninin qoşmalarını bir də oxuyun, görün Yunus İmrədən fərqlənirmi? Və bizim bu gün danışdığımızdan fərqlənirmi? Amma üstündə dava düşən türk seriallarının dili hansı vəziyyətdədi - bərbad. 50-ci illərdə çəkilmiş türk filmlərinə baxmışam, hətta onların dili bizə daha yaxındı. Bu gün İstanbulda böyüyən gənclər həmin filmlərin dilini anlamır. Bir vaxtlar Türk Dil Qurumuna rəhbərlik edənlər bu uçurumu böyütmək üçün əməlli "zəhmət" çəkiblər. Həmin eksperimentləri indi doğma TV-lərin köməyi ilə biz aparırıq. Əvvəllər, heç olmasa, xalqın öz dilini qoruyub saxlayacağına əminlik vardı. Bu gün artıq buna da inanmaq olmur. Seriallar, cizgi filmləri kəndlərdə yaşayan uşaqların da dilini zibilləyib. Deməli, çox yaxın gələcəkdə Səməd Vurğunun saf dilini anlayanlar qalmayacaq. Çünki yazdıqları "enteresan" görünəcək. Rus dili yad dil idi, bizim dilimizə təcavüz imkanları aşağıydı, amma Anadoluda yaşayanların da çətinliklə anladığı serial dili daha qorxuludu. Çünki bizə doğma kimi sırınır.

        ...Məmləkət qaynar qazana dönüb. Qazanı qarışdıran çömçələrin sayı da günbəgün artır. Bizlər buralarda serialları potensial türk vasitəsi hesab edərkən, oralarda "ulus" sözünü işlədənləri həbsxanaya salırlar. Oralarda Türk birliyi yox, xilafət haqqında düşünürlər. Yəqin yaxın zamanlarda saray dilləri ərəb-fars tərkibləri ilə dolacaq. Serialların da dili yenə dəyişəcək. (Bu yaxınlarda Oqtay Salamov öz yazısında Türkiyənin Kütləvi İnformasiya Vasitələrinə təklif eləmişdi ki, Hrant Dinkin cırıq ayaqqabılarını Topqapı sarayına qoysunlar ki, gəlib-gedən tamaşa eləsin. Bu yazıyla bağlı elektron poçtuma zırıltı bir məktub göndərmişdilər. Çox xətirlərinə dəymişdi. Deməli, özlərinə bir söz deyə bilmirlər, bizi günahkar tuturlar).   

         Təzə dayılarımız demişkən, "durum yaş". Öz fikrimi deyim. Televiziya Şurasının qərarını alqışlayıram. Amma hansı çərçivədə? Tərcümə vasitəsilə heç bir düyün açılmayacaq. Peşəkarları TV-lərə qaytarıb öz istehsalımızı yaratmalıyıq. Televiziya Şurası indiyə kimi hansı TV aparıcısının, jurnalistin haqqını qoruyub? Yoxsa Şura ancaq qadağalar üçündürmü? Heç bir kanalın rəhbəri öz padşahlıq iddiasından əl çəkib ümumi qaydalara tabe olmaq istəyində deyilsə, Şuranın hansı səlahiyyətləri var? Hər müctəhid din kitablarını özü bildiyi anlamda təfsir elədiyi kimi hər məmur da böyük şəxslərin dediklərini istədiyi kimi yozur. Hələ ki dava gedir, iddiaların davası. Yüz il əvvəl anamızın kitabını oxumadıq, bu gün kitabı əvəz eləyən TV-lərdə anamızın dili yoxdu. Çox balacayıq ey. Hansı tərəfdən bir arx gəlirsə qoşuluruq ona.

     

   Kəndim, balacasan, çox balacasan...  

   Sənin qayğıların yuxuluq deyil,  

   Mənim yuxularım yuxuya sığmaz.

  

   Elə qorxular var, qorxulu deyil, 

   Elə qorxular var, qorxuya sığmaz.

   Kəndim, balacasan, çox balacasan...  

   Siyasət çayları boy verməz sənə.  

   Özləri bələdçi, özləri azan,  

   Göydələn şəhərlər hay verməz sənə. 

   Bu oğul səsidi! Götür dəftəri:  

   Danışmaq da yükdü,   

   Susmaq da yükdü!  

   Böyük dünyamızın kiçik dərdləri  

   Böyük dərdlərindən daha böyükdü.

   Kəndim, balacasan!  

   Çox balacasan!.. 

  

***

"Heç belə deyil, bağışlayasınız, zakon bu sluçayları tamamən predusmatret eləyibdir. Əgər raznoreçiye elə bir sluçayda oldu ki, onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o vədə smetni statyaları o qədər sokratit edirlər ki, il axırında hesab düz gəlir. Amma bizim smetanın poqreşnostları o barədədir ki, biz, naprimer, təyin eləmişik aclara ildə yüz manat paylayaq, amma biz yüz manat əvəzinə paylamışıq yüz doqquz manat on dörd şahı iki qəpik".   

   Yüz il əvvəl yazılsa da bu gün hansı TV-yə aid edə bilərsiz bu sözləri? Amma həmin TV-nin rəhbərinin həmin bu əsərdən, nəinki bu əsərdən, heç müəllifindən də xəbəri yoxdu. Tanımır. Ancaq nə dəxli var - əlində ideoloji silah, haranı istəyir nişan alır. 

    

***

        "Möhtərəm əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim edib, mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim. Arkadaşlar, şimdi həpimiz tanrımızın buyruğu ilə iştə köyümüzdə torpağa borcunu ödəməkdən qaçacaq tək bir kişi olmaz; onu hay cift sürərkən tər olaraq əlimizdən dökmüşüz, yetər! Az əvvəl alçaqca buraxıb savuşduğumuz torpaqlar yetər! Hay və ya düşmənlə savaşarkən qan olaraq damarlarımızdan axıtmışız, yetər! Akıl irməz tanrı hikmətləri ilə əvət, yarın qəddar və murdar əlləri qafalarımızı ənsəmizdən kəsərək bizi vəhşət şeytanlarına qurban edəcək, zənn ediyorum, əfəndim. Yetər, az əvvəl alçaqca buraxıb savuşduğumuz torpaqlar, yetər!"  

Bu TV-nin də ünvanı məlum. Heç ordakılar da Mirzə Cəlili tanımırlar. Heç ordakılar da "Anamın kitabı" oxumayıblar. Nə qoyub, nə axtarıram. Zəhrabəyimin bugünkü oğulları o kitabı oxuyub ki?

    

***

Məsələ bundadır ki, indi Zəhrabəyimin ingiliscə, fransızca və daha necə danışan oğulları da var. Gülbahar indi hansı kitabları yandırsın? Bu nə boyda tonqal olmalıdır ki, onun külünün içindən bir Simurq quşu kimi yenidən qalxaq. Çox, çox uzaq ölkədən bura göndərilmiş senzorlar arxayın olsunlar - biz qardaşlar birimiz rus lüğəti yazırıq, birimiz xüsuf-küsufla məşğuluq, birimizdə də həpsi əşardı. Öz hökumətlərinə ərzi-hal etsinlər ki, biz ümənayi-dövlət yanında ən səlamət və zərərsiz bəndələr cümləsindəyik. Bizi əfv buyursunlar. Amma yazımın əvvəlində demişdim, tamaşaya bir sonluq vermək lazımdı.

  

***

Böyük bir otaq. Divan. Divanın qarşısında miz. Projektorun şüası pultu fırladan əlin üstündən ehmalca yönəlir divanda oturan adamın üzünə. Divanda oturan qadındı. Yan otaqlardan səslər gəlir. Qadın üzünü sağa çevirir: "Ergenekon operasyonunda son durumla bağlı flaş-haber". Qadın üzünü sola çevirir: "Qazprom udovletvoril prosbu..." Ekran sönüb. Qadın əlindəki pultu mizin üstünə qoyur və qarşısındakı kitabı açıb oxuyur.   

   Pərdə salınır.

 

 

İradə TUNCAY

 

Ədalət.- 2009.- 7 fevral.- S. 6.