BİR AİLƏNİN QƏMLİ
TALEYİ
Azərbaycanda detektiv
janrda kitablar yazan müəlliflər o qədər də
çox olmayıb. Vaxtı ilə Cəmşid Əmirov "Qara volqa"nı yazanda bu kitab
əl-əl gəzirdi. Yəni oxucular, bu cür
detektiv janrda yazılan kitablara çox böyük maraq göstərirdi. Bir müddət bu janrda kitablar
yazılmadı. Sonradan
Çingiz Abdullayev detektiv janrına yeni rənglər gətirərək onu dünya oxucusuna çatdıra bildi. Bu gün isə
Azərbaycanda detektiv janrda romanlar qələmə alan bir müəllif də var. Bu müəllif
uzun müddət məhkəmə orqanlarında
çalışan, Ali
Məhkəmədə və
Ağır Cinayətlərə
Dair İşlər üzrə məhkəmədə
hakim işləyən
Ənvər Seyidovdur.
Ənvər müəllimin
birinci romanı olan "Təlatüm"
oxucular tərəfindən
çox böyük
maraqla qarşılandı.
Roman çıxmamışdan
öncə kino-ssenari
əsasında film çəkildi və bu film tamaşaçıların
yaddaşında iz qoydu.
Müəllif "Təlatüm"
romanından sonra, bir xeyli keçmiş "Gürzə"ni
qələmə aldı. "Gürzə" romanı əsasında
da beşserialı televiziya filmi çəkildi və həmin
televiziya filmi Azərbaycan Dövlət Televiziya və Radio
Verilişləri Qapalı Tipli Səhmdar Cəmiyyətinin
ekranlarında nümayiş etdirildi. Film
tamaşaçıların çox böyük
marağına səbəb oldu. Təbii ki, serialın çəkilişində
rejissor və müəllif işi uğurlu
alındığından nəticə də böyük maraq
doğururdu.
Bu günlərdə isə
"UniPrint" nəşriyyatı tərəfindən Ənvər
Seyidovun "Gürzə" romanı və kinossenarisi kitab
şəklində işıq üzü görüb. Öncədən
deyək ki, bu kitab poliqrafiya baxımından çox yüksək
keyfiyyətlidir və böyük maraq doğurur. Kitabın
gözəlliyi həm də ondan ibarətdir ki, o qrifli nəşr
olunub. Romanda bir ailənin - özü də təmiz və zəhmətkeş
bir ailənin başına gələn faciədən söhbət
açılır. Əsərin baş qəhrəmanı Həsənağa,
atası Əhməd kişi, anası Nigar və Həsənağanın
həyat yoldaşı Gürzə (Gülsüm) romanda
bütün incəliyinə qədər təsvir olunur. Təsvir
olunur ki, Gürzə kimi bir əxlaqsız, məişət
pozğunu olan bir qadının belə bir zəhmətkeş
ailəyə düşməsi ilə onların tifaqı
dağılır. Əlbəttə, yaxşı ailəni
qorumaq, onu yaşatmaq hər kişinin işi deyil. Amma nə
etmək olar ki, bəzən elə şər qüvvələr
olur ki, gəlib bir ailənin sevincini aparır,
özünün pis və əxlaqsız hərəkətləri
ilə onların ömrünü zəhərləyir. Əsərdə
təsvir olunan digər surətlər - Şərif, Ziba, Rəhim,
Rəci, Hafiz, Əsəd, Murad, Umud, Xosrov, Mənzər, Zəminə
və başqa obrazlarda yazıçı fikrinin
açılmasında böyük əhəmiyyət kəsb
eləyir.
Əsərdə əxlaqi
dəyərlərə söykənmək, mənəvi
gözəlliklərə xələl gətirən pis
duyğulardan uzaqlaşmaq əsas fikir kimi qabardılır. Narkomaniyanın,
əyyaşlığın və digər ağır cinayətlərin
insan ömrünə vurduğu ağır zərbələr
incə detallarına qədər obrazlı və şirin bir
dildə romanda təsvir olunur. Romanda o da təsvir olunur ki,
insan nə qədər özünü şər qüvvələrdən
qorumaq istəsə belə, yenə onun alın yazısı
qarabaqara onu izləyir. Əgər belə olmasa idi romanda
falçının Həsənağanın anasına dediyi
fikirlər sonradan doğru çıxmazdı. Yəqin burda
bir ilahinin yazdığı ömür yolu da var. Yəni
Allah-Təala əvvəlcədən sənin alnına nə
yazırsa, onu görməli və yaşamalısan.
Bu günlərdə Azərbaycan
Yazıçılar Birliyində "Gürzə"
romanının təqdimetmə mərasimi olub. Təqdimetmə
mərasimində Elçin Hüseynbəyli, Rəşad Məcid,
Mahirə Abdullayeva, Aydın Ağazadə, Aydın Xan, Ramiz
Muxtar, Xeyrəddin Qoca və tanınmış
hüquqşünas Sabir Hüseynov çıxış edərək
romanın bədii dəyərindən və onun müəllif
tərəfindən orijinal bir dillə qələmə
alınmasından söhbət açıblar. Təqdimetmə
mərasimində çıxış edən həmin
yazıçı və şairlər, eləcə də
hüquqşünaslar bildirblər ki, Ənvər Seyidov
"Təlatüm"dən sonra "Gürzə"
romanını qələmə almaqla sübut etdi ki, o detektiv
janrda oxunaqlı bir əsər qələmə alıb. Çıxış
edənlər bir fikri də xüsusilə vurğulayıblar
ki, Ənvər Seyidovun qələmə aldığı
romanlar konkret məhkəmə materialları əsasında
yazılıb. Bəlkə elə buna görə də onun
romanları daha inandırıcı və daha səmimidir. Müəllif
dilinin şirinliyi və bədii təxəllünün rəngarəngliyindən
də təqdimetmə mərasimində ətraflı söhbət
açıldı. Əlbəttə, indi ktab bolluğunda
heç də hər oxucunun roman oxumağa o qədər həvəsi
çatmır. Oxucu görəndə ki, bu romanın dili
şirindi və orada təsvir olunan hadisələr onun
üçün çox doğmadır, istər-istəməz
həmin oxucu o kitabı axıra qədər oxuyacaq.
İndiki kitab
bolluğunda oxucunu təəccübləndirmək və ona nəyisə
sevdirmək çox çətindir. Çünki heç
kimə demək olmaz ki, mənim yazdığım romanı
al, oxu. Amma Ənvər Seyidovun qələmə
aldığı "Gürzə" romanını hansı
oxucusa götürüb oxusa, o vaxtının itməsinə
heyfslinməyəcək. Çünki bu romanını
oxuyandan sonra oxucunun qazandığı çox şey olacaq. Ən
azından detektiv janrında qələmə alınan
romanın nə qədər inandırıcı və səmimi
olduğunu hiss edəcək. Səmiyyət və
inandırıcılıq olan yerdə isə oxucu heç
vaxt darıxmır.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2009.- 10 fevral.- S. 6.