"Özümüzü kəsən qılınc" Türkiyədə

 

Xəbər verdiyimiz kimi, Respublika Akademik Milli Dram Teatrı bu günlərdə Türkiyədə qastrol səfərində olmuşdur. Teatr türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşası ilə türk seyrcilərində böyük coşqu yaratmışdır.

 

Quruluşçu rejissoru xalq artisti Ağakişi Kazımov, bəstəkarı Cavanşir Quliyev olan bu uğurlu səhnə əsəri türklərin qədim Göytürk dövlətinin yaranmasından, fəaliyyətindən bəhs edir. Əsərdə ustad şair və dramaturq Bəxtiyar Vahabzadə fakt olaraq sübut edir ki, nə qədər öz qılıncımız düşməni yox özümüzü kəsəcək, türk böyük ola bilməyəcək. Türkün gücü, türkün böyüklüyü onun birliyindədir. Budur əsərin qayəsi.

Bu çağırış təbii ki, Türkiyədə coşqu ilə qarşılanmalı idi.

Akademik Milli Dram Teatrının aktyor heyəti isə tamaşanın öhdəsindən layiqincə gəlmiş və Türkiyənin Kayseri, Ankara şəhərlərində böyük tamaşaçı auditoriyası qarşısında məharətini və Bəxtiyar Vahabzadənin söz-sənət gücünü göstərmişdir.

...Maraqlı məqam ondan ibarətdir ki, hər tamaşadan qabaq ədəbiyyatımızın canlı klassiki Bəxtiyar Vahabzadənin çıxışı yazılmış lent göstərilmiş və ustad şair zalda əyləşən türk tamaşaçılarına birbaşa müraciət etmişdir... Müraciətində ustad şair səhhəti ilə bağlı Türkiyəyə gedə bilmədiyini, lakin qəlbinin onlarla birgə olduğunu və bütün türklərə sevgilərinin çatdırılmasını söyləmişdir. Bəxtiyar müəllimin çıxışı ayaqüstə alqışlarla qarşılanmışdır...

Bütün bu uğurların səbəbkarları- aktyorlarımızla, həmçinin Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadovla dünən görüşdük. Söhbətimiz zamanı birgə tamaşa etdiyimiz həmin təsirli görüntülər qədər maraqlı və qüruryaradan idi ki, bir anlığa özümüzü türk seyrciləri ilə birgə hiss etdik.

Beləliklə, həmsöhbətimiz teatrın direktoru Maqbet Bünyatov, truppa müdiri Elmar Məmmədov və aktyorlardır...

- Maqbet müəllim, Türkiyədə Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşası ilə böyük uğur qazanmısınız. Maraqlıdır, niyə məhz Bəxtiyar Vahabzadə yaradıcılığına müraciət etdiniz? Nəhayət, niyə məhz həmin əsərlə türk tamaşaçılarına hesabat verəsi oldunuz?

- Teatrımızın qastrol səfərləri barədə bir az məlumat vermək istərdim. Biz hələ ötən ilin yayından Türkiyədə keçirilən açıq teatr festivalında Elçin Əfəndiyevin "Qatil" tamaşası ilə iştirak elədik. Yenə də Elçin Əfəndiyevin "Arılar arasında" və Əli Əmirlinin "Mesenat" əsəri ilə Kazan şəhərində qastrolda olduq. Daha sonra yenə də Türkiyənin Trabzon şəhərində 16 ölkənin iştirakı ilə keçirilən beynəlxalq festivalda iştirak elədik. Burada güclü dramaturq İlya İossilyevin "Kaş araba aşmayaydı" tamaşasını nümayiş etdirdik, sonra Konya şəhərinə dəvət olunduq. Bunların ardınca Ankaraya dəvət aldıq.

Bu şəhərlərdə Elçin Əfəndiyevin"Arılar arasında" tamaşası ilə çıxış etdik və çox uğurlu alındı. Repertuarımızda olan 30 tamaşadan 5-ni türkdilli respublikalara və dövlətlərə disk şəklində göndərdik. Yəni seçimi onların öhdəsinə buraxmışıq. Hansı tamaşanı seçsələr bizə məlumat verəcəklər və biz də bu dəvətləri qəbul edəcəyik... Biz internetdə belə bir məlumat da oxuduq ki, Kayserinin böyük şəhər bələdiyyəsi başkanı Mehmet bəydən soruşublar ki, bu ili necə başlamaq istəyirsiniz? O, da belə cavab verib: ...Bizim arzumuz budur ki, Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşası ilə öz mədəniyyət işlərimizi quraq."

Biz də həmin saytdan istifadə edib, ora bir faks göndərdik ki, bizim repertuarımızda Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" və "Fəryad" tamaşaları var. Onlar da "Özümüzü kəsən qılınc" əsərini istədiklərini bildirdilər...

- Türkiyənin Bəxtiyar Vahabzadəyə böyük sevgisinin olduğunu bilirik. Elə bu sevginin nəticəsidir ki, ötən ilin noyabrında İzmir şəhərində böyük bir prospektə ustad şairin adı verilib. İndi siz Bəxtiyar Vahabzadəyə türklərin sevgisinin canlı şahidi olmusunuz. Xahiş edirik, həm də bu tamaşadan qaynaqlanan və şairə olan böyük türk sevgisi barədə təəssüratlarınızı bölüşəsiniz.

- Məlumat üçün deyim ki, Türkiyəyə getməmişdən qabaq biz video operatorla Bəxtiyar müəllimgilə qonaq getdik. Bildirdik ki, sizin əsəri Türkiyəyə aparırıq və türk tamaşaçılarına arzu və istəklərinizi söyləyin. Bəxtiyar müəllim də türk tamaşaçılarına ona göstərdikləri sevgi və sayğılara görə minnətdarlığını bildirərərək qeyd etdi ki, bu əsərlə mən də sizin yanınızdayam və bu əsərin arxasında mən dayanıram, teatrın kollektivi dayanır.

Bu müraciəti orada, özü də hər tamaşadan qabaq səsləndirmişik və türklər onu ayaqüstə, alqışlarla qarşılayırdılar. Mən bir daha əmin oldum ki, Bəxtiyar Vahabzadə türk dünyasının əvəzedilməz ustad şairidir. Bəxtiyar müəllimin çıxışına ayaqüstə o qədər əl çalıb alqışladılar ki, onları əyləşdirə bilmirdik ki, tamaşaya başlayaq.

Bəxtiyar Vahabzadənin o zəif vücudu ilə etdiyi çıxış türklərin milli ruhunu elə coşdurmuşdur ki, alqış sədalarından zal titrəyirdi. Tamaşa başa çatandan sonra türk seyrçiləri yenə də belə gurultulu alqışlarla aktyorlarımıza təşəkkürlərini bildirirdilər. Verilən gül-çiçək dəstələrindən aktyorlar az qala görünməz olurdu... Hər tamaşadan sonra isə bizə ziyafət verilirdi. Axşam saatlarında isə bir dəfə xahiş etdilər ki, Bəxtiyar Vahabzadənin şeirlərindən söyləyək. Burada aktyorlar Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, İradə Ağasıbəyli, Hacı İsmayılov Bəxtiyar müəllimin müxtəlif mövzulu şeirlərini elə məharətlə söylədilər ki, məclis iştirakçıları olan Kayseri bələdiyyəsinin başkanı, mədəniyyət müşaviri, Kayserinin prokuroru və digərləri dəhşətə gəldilər. Ziyayət məclisi Bəxtiyar Vahabzadənin şeir gecəsinə çevrildi. Ramiz Məlik isə canı və qanı ilə türkçülüyə bağlı olan və elə buna görə də Sibirə sürgün olub orada da dünyasını dəyişən Hüseyn Cavidin "İblis" əsərindən İblisin monoloqunu çox ustalıqla söylədi. Məclis iştirakçıları heyrətə gəldilər.

Açığı, onlar bizim ədəbiyyatımız barədə çox az bilgiyə malikdirlər. Bircə Bəxtiyar Vahabzadəni yaxşı tanıyırlar. Ancaq millətçilik və türkçülük yolunda can qoyan Mikayıl Müşfiqi, Cəfər Cabbarlını, Hüseyn Cavidi, Səməd Vurğunu, Məmməd Arazı, Xəlil Rzanı... yaxşı tanımırlar. Bilmirlər ki, belə qyrətli yazarları Sovet rejimi susdurub, məngənədə sıxıb... Rejimin əlindən salamat qalan və ədəbiyyatımızın indi sağ qalan canlı əfsanəsi- ustad Bəxtiyar Vahabzadədir. Onun 1961-ci ildə yazdığı və Azərbaycanın parçalanmasına həsr olumuş "Gülüstan" poemasının üstündə şairin başına nə oyunlar açdılar... Biz bütün bunlar barədə məclis iştirakçılarına müfəssəl məlumat verdik və çox təəssüfləndilər ki, belə yazarları indiyə qədər dərindən tanımayıblar... Bir sözlə, bu dəfəki səfərimiz Bəxtiyar Vahabzadə əsərinin qüdrəti ilə bir daha uğurlandı. Bunlara görə ustad şairimizə, görkəmli dramaturqumuza minnətdarıq. Türkiyədə isə deyirdilər: siz xoşbəxtsiniz ki, Bəztiyar Vahabzadə kimi dahi şairiniz var...

Müsahibəyə görə təşəkkürlərimizi bildiririk.

 

 

Elçin Məmmədli

 

Ədalət.- 2009.- 12 fevral.- S. 6.