İşləyən pensiyaçılara
tam həcmdə pensiya
2006-cı il yanvarın 1-dən məcburi dövlət sosial sığorta haqları hesabına müəssisə və təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin idarə olunması Dövlət Sosial Müdafiə Fonduna verilib. Bunun nəticəsində işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin iş yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən sosial ödənişlər üzrə borc yaranması halları aradan qaldırılıb. Hazırda bu ödəmələrin yeni əsaslarla təşkili və plastik kartlarla həyata keçirilməsi təmin edilib.
DSMF-in ictimaiyyətlə əlaqələr
sektorundan verilən məlumata görə, bu barədə fondun sədri Səlim Müslümov ötən ilin yekunlarına dair kollegiya iclasında bildirib. Fond rəhbəri deyib
ki, bu dəyişikliklərdən
sonra 100 min nəfərdən
çox işləyən
pensiyaçıya yaşa
görə əmək
pensiyasının 50 faizi
həcmində ödənilməsi
praktikası aradan qaldırılıb və
onlar öz pensiyalarını tam məbləğdə
almağa başlayıblar.
Səlim Müslümov bildirib ki, 2006-cı ilin yanvarın 1-dən sonra pensiyaların əməkhaqqına məhdudiyyət qoyulmadan hesablanması qaydası tətbiq olunub. 2007-ci il yanvarın 1-dən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və həmin şəxslərin, həmçinin dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilməsi nəticəsində ölkədə vahid sığorta-pensiya sisteminin qurulması başa çatdırılıb. İndi isə həmin sistemin üstünlüklərindən hər kəsin istifadə etməsinə imkan yaradılıb.
Yeni sistemdə sığorta olunanlar üçün ödənilən sığorta
haqlarının da fərdi uçotu qurulub və vətəndaşların pensiya
təminatının həmin
uçotun məlumatlarına
əsasən aparılması
intensivləşib. Fondun sədri
bildirib ki, 2009-cu ilin 1 yanvar tarixinə
1 milyon 490 minə yaxın sığorta olunana sosial sığorta nömrəsi
verilib və onlar üçün fərdi hesab açılıb. 1 milyon
477 min nəfərə
isə sosial sığorta şəhadətnaməsi
təqdim edilmişdir.
Bundan başqa, islahatların mühüm həlqəsi kimi 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunub. Səlim Müslümov bildirib ki, 2008-ci ilin nəticələrinə əsasən, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 84 faizi, ümumilikdə ödənişdə olan pensiyaların 92,4 faizə yaxın, yəni 1 milyon 30 min nəfəri pensiyalarını plastik kartlarla alırlar. Bu məqsədlə ümumilikdə 417, o cümlədən kənd və qəsəbələrdə 51 bankomat qurularaq istifadəyə verilib.
TOĞRUL
Ədalət.- 2009.- 13 fevral.- S. 5.