BAYQUŞ

 

... Dünyanın ən müdhiş viranəlikləri aldadılmış atılmış tənha qadınların qəlbindədi

 

...Şairlər, yazıçılar, jurnalistlər, bir sözlə bütün yaradıcı şəxslər vərəqlərə köçürdükləri hadisələrin, əhvalatların əslində qatilləridirlər. Biz dünyanın, həyatın təbii ilkinliyini xırdalamaqla, hər kəsin başa düşəcəyi hala gətirməklə hansısa möcüzəni adiləşdirib bir dəfəlik məhv etmirikmi? Füzuli aşiqanə qəzələriylə, "Leyli və Məcnun"u ilə sirli, əsrarəngiz məhəbbətin, sevginin fatihəsini oxumadımı? Hər şeir kitabı, daşdan yonulmuş abidə ilahi hikmətlərin qəbiristanlığı deyilmi?... Bəlkə doğrudan da olumu, ölümü, nifrəti, sevgini, xeyiri, şəri simvollaşdırmağa, nəyəsə bənzətməyə, oxşatmağa lüzum yoxdu, heç...  

   ... Bir vaxtlar yarpaqlarını töküb çılpaqlanmış ağacların arası ilə keçib gedən qadınlar yaşmaqlanardılar...  

   ... Mənim yaşıdlrımın uşaqlığı, gəncliyi müharibədən on il, on beş il sonralara təsadüf etdi. O vaxtlar müharibənin qanlı-qadalı illərini görənlər və əllərini, oynaqlarını itirənlər sanki bizim xoş günlərimizə, salamat əllərimizə və ayaqlarımıza paxıllıq edirdilər. Verdikləri öyüd-nəsihətlər, aldıqları bir köynək və yaxud bir cüt ayaqqabı adətən eyni sonluqla bitərdi:  

   - Bəxtəvər başına. Qara çıraq, rezin çarıq, yalın ayaq, cındır əyin-baş görmədiniz...  

   Qərbədi, bütün bu "baş qaxıncları"nı yadlardan deyil, ən yaxınlardan, doğmalardan eşidirdik. Mən bu qənaətimlə demək istəmirəm ki, at-ana öz övladının xoşbəxtliyinə, sevincinə çəpər olmaq istəyirdi. Qətiyyən yox... Bu yanaşma tərzi güman ki, qismət üçün yaradana şükür etməli olduğumuzu bizə xatırlatmaq cəhdi idi...  

   ... Mən on beş il qara çırağı da, tökülmüş əyin-başı da, özüm qazanmdığım çörəyi də gördüm...  

   ... Bayquş Allahın yaratdığı adi quşlardan biridi. Qanadı olan hər bir canlı ömrü boyu göy üzündə qala bilməz. Əvvəl axır bir yerə qonmalıdı. Torpaq təki insan üçün deyil ki... İnsandan böyük bayquş elə insan özüdü... "Biz xərabət əhliyik, viranələrdən çıxmışıq"...  

   ... Deyə bilmərəm, bayquşlar dünyanın hər yerində yaşayırlar, yoxsa müəyyən ərazilərdə?... Bir onu dəqiq bilirəm ki, bu məmləkətə yerli bayquşlar bəs etməyib, heç vaxt. Zaman-zaman yad, gəlmə bayquşlar ya özləri uçub gəliblər, ya da özümüz öz əlimizlə gətirmişik...  

   ... Sovetlər dövründə elə bir kənd, elə bir şəhər yox idi ki, orada Leninin heykəli olmasın. Həm də bu heykəllərin ətrafında adətən gözəl, yaraşıqlı bağ, park salınardı. Ən qəribəsi o idi ki, bu bağlarda, parklarda yerli meyvə ağacları əkilməzdi. Mütləq şam, küknar ağacları da... Lenin də barsız, meyvəsiz idi, şam, küknar ağacları da... Bilmirəm Leninlə bu ağacların uyğunlaşdırılması, doğmalaşdırılması qanunauyğunluq idi, yoxsa təsadüf?...  

   Belə bir söz var ki, bayquşun cirəsi, yəni yemi gündə bir sərçədi. On il çadırda bayquş görməmişəm, amma sərçələrlə çox rastlaşmışam... Görünür çadırlar elə bir yaşayış yeri olub ki, orda bayquşlara ehtiyac olmayıb. Bəlkə çadırlar özü bir dəstə bayquş idi məmləkətimizin başının üstə?...

    

   ... Oğlanlar var, papaq altda,  

   Söz qaynadır papaq altda.

   Bircə qarış torpaq altda,  

   Qazıb, dünya düzəldirlər.

     

   Əldən çıxan daş yiyəsiz,  

   Daş axıdan yaş yiyəsiz.  

   Kəndir ucuz, baş yiyəsiz,  

   Asıb, dünya düzəldirlər...

    

   Çoxaldıqca kal adamlar,  

   İtdi, batdı bal adamlar...  

   Kar adamlar, lal adamlar,  

   Susub, dünya düzəldirlər...

    

   Arxa divar, ön pəncərə,  

   Bir qapıdı, on pəncərə.

   Son ağacdan son pəncərə,  

   Kəsib, dünya düzəldirlər.

  

  

   ... Horadizdə taxta-şalban satışı bazası var idi. Tikdirdiyimiz evlərin tirlərini, aldığımız ağaclardan düzəltdirirdik. Ağaclar isə Rusiyadan gəlirdi... Özü şam, küknar, ağcaqayın...  

   ... 1994-cü ildə bizim kəndimiz işğaldan azad edilmişdi. Kənddə qədər ev, tikili vardısa hamısı yandırılmışdı, dağıdılmışdı. Klubu bünövrəsinə qədər söksələr , qarşısındakı Lenin heykəli heykəli əhatə etmiş şam, küknar bağı salamat idi... Bir aydan sonra kənd təzədən işğal olundu...  

   ... Quruçayın üstündəki təpədən kənd açıq, aydın görünür. Kəndin yerində tək-tük daş topalarından on beş il əvvəl olduğu kimi şam, küknar bağından başqa heç yoxdu... Şübhə etmirəm ki, heykəl yerindədi...  

   ... Bayquşların bütün canlarından fərqlənən öüznəməxsüs, adamda bədbin matəm hissləri oyadan səsi var. yüz quşun səsinin içindən bu səsi ayırmaq, eşitmək çox asandır...  

   ... Annam ovçudan bir çimdik duz, bir tikə duz çıxardı həyətə, əlini irəli uzadıb deyərdi:  

   - Səni and verirəm bu duz-çörəyə, get. Bizim   

   Həyət-bacamıza qonma...  

   Soruşanda ki, ay anna, kiminlə danışırdın? Deyərdi ki, bayquş gəlmişdi, and verdim çıxıb getdi...  

 

   P.S. Yazının girişində qadın qəlbinin viranəliklərindən danışdım, amma yazı başqa istiqamətdə getdi. Çünki viranəlik təkcə atılmış, aldadılmış qadınların qəlbində deyil, həm atılmamış, aldadılmamış Qarabağ qadınlarının qəlbindədi. həm qadın qəlbinin hakimi kişilərdi... On illərlə viranəlikdə hakimlik etmək sizi bayquşa çevirmədi ki, kişilər?...

  

  

Vahid ƏLİFOĞLU 

 

Ədalət.- 2009.- 14 fevral.- S. 21.