"Azərbaycan bayrağı yüksəkliyə qaldırılanda sevincimizdən gözlərimiz yaşarır"

 

Bu sözləri bizimlə söhbətində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov dedi

 

- Elçin müəllim, son vaxtlar ölkəmizdə idmana, o cümlədən yunan-roma güləşinə və sərbəst güləşə gənclərimiz arasında maraq daha da artıb. Axı, həmişə dədə-babadan görmüşük ki, mərd oğullar bir-birilə güləşib, güclərini bilib sonra da dostlaşıblar.   

- Birincisi, onu deyim ki, yunan-roma güləşi çox qədim bir tarixə malikdir. Yəni bu qədim güləş növü min illərin sınağından çıxaraq bu günümüzə gəlib çatıb.   

- Təbii ki, idmançı üçün yaxşı şərait yaradılanda o da öz istedadını və gücünü ortaya qoya bilir...   

- Əlbəttə, bu gün mən deyərdim ki, məmləkətimizdə idmana ölkə prezidenti İlham Əliyev tərəfindən böyük diqqət göstərilir. Biz bu böyük diqqəti gündəlik həyatımızda fəaliyyətimizdə hiss eləyirik. Eyni zamanda Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov da məmləkətimizdə regionlarda güləşin inkişafı üçün çox əlverişli şərait yaradıb. Birinci, idmançı üçün yaxşı şərait lazımdır. Bundan sonra hər şey öz nəticəsini göstərəcək.  

- Elə bəlkə də bu şəraitin nəticəsidir ki, bu gün Bakı İdman Sarayında bu cür möhtəşəm güləş yarışı keçirilir. Eşitdiyimizə görə, yunan-roma və sərbəst güləş üzrə yeniyetmə, gənclərin respublika birinciliyi fevralın 13-dən start götürüb və bu yarış fevralın 20-si başa çatmalıdır.   

- Siz özünüz də görürsünüz ki, Bakı İdman Sarayında hər gün bu yarışa baxmaq üçün nə qədər güləşsevər gəlir. Elə onların alqışları altında istedadlı yeniyetmələrimiz gənclərimiz döşək üzərinə çıxaraq bir-birilə yarışırlar. Təbii ki, yarışda da güclülər qalib gəlir.   

- Son vaxtlar Azərbaycan güləşində çox böyük müsbət dəyişikliklər olub. Bunu ilə izah etmək olar?   

- Əvvəlcə onu qeyd edim ki, bayaq dediyim kimi, Güləş Federasiyasının prezidenti Fazil Məmmədov cənabları bütün regionlarda idmanın bu növünə qayğını artırmağı tövsiyə edib. Elə bu dəyişikliklərin nəticəsidir ki, bu gün idman sarayında möhtəşəm bir respublika birinciliyi keçirilir. Bu birinciliyin keçirilməsində əsas məqsəd odur ki, 2009-cu ildə keçiriləcək yeniyetmələrin Avropa birinciliyində, gənclərin isə Avropa Dünya birinciliklərində iştirakını təmin edək. Yığmada birinci, ikinci, üçüncü yeri tutan güləşçilər yığma komandanı formalaşdıracaq onlar 2009-cu ildə 2010-cu ildə Sinqapurda keçiriləcək yeniyetmələrin ilk Olimpiya oyunlarında ölkəmizin idman şərəfini qoruyacaqlar.   

- Elçin müəllim, həmişə xalqı onun idmançısı, şairi, yazıçısı və məşhur insanları ilə tanıyırlar. Amma şair, yazıçı, məşhur şəxslər hansısa xarici ölkədə çıxış edəndə dövlət himni səslənir, Azərbaycan bayrağı qaldırılır. Ancaq bir idmançımız Olimpiya çempionu olanda, beynəlxalq turnirlərdə qızıl medal qazananda, bax, onda Azərbaycanın dövlət himni səslənir, bayrağı qaldırılır.  

- Bizim Olimpiya və Dünya çempionu olan neçə-neçə güləşçimiz var. Mən baş məşqçi işləyəndə həm Olimpiya çempionatında eləcə Dünya çempionatında qalib gələn güləşçimizin necə sevindiyinin sevinçimizdən göz yaşı axıtdığının şahidi olmuşam. Həmin vaxtı sevinən göz yaşı axıdan həm biz məşqçilər olub. Bax, o bizim himnimizi səsləndirən bayrağımızı qaldıran güləşçilərimiz bu cür ölkə birinciliyində keçirilən yarışlarda üzə çıxıb.

- Bu yarışlar həmin yeniyetmə gənclər arasında böyük maraq doğurur. Bəs onda onlara bu yarışlarda birincilik əldə etməsi üçün hansı şərait yaradılır?   

- Mən onu demək istəyirəm ki, ilk əvvəl idmançıya yaxşı şərait yaratmaq lazımdır. Bizim bu gün respublika birinciliyində iştirak edən güləşçilərimizə demək olar ki, hər cür diqqət göstərilib. Onara təlim-məşq toplantısının keçirilməsində, idman formaları ilə təminatında, beynəlxalq yarışlarda iştirakına, hətta güləşçilərimizin vitaminləşdirilməsinə qədər bütün köməkliklər edilib. Bircə qalır bu cür gənclərimizin günbəgün öz təcrübələrini artıraraq yüksək nəticələr əldə eləməsinə. Bundan sonra həmin gənclərimiz öz qüvvələrini beynəlxalq yarışlarda sınayacaq, onlar nəyə qadir olduqlarını ölkənin idman şərəfini necə qoruyacaqlarını yarışlarda göstərəcəklər. Bu yarışlarda ölkəmizin əksər şəhərlərindən rayonlarından gələn güləşçilər öz qüvvələrini sınayırlar. Yunan-roma güləşində məmləkətimizin 50-yə yaxın rayon şəhərindən 400-ə qədər idmançı yarışa qoşulub. Özü onların hamısı o qədər böyük maraqla həvəslə döşək üzərinə çıxıb mübarizə aparırlar ki, bütün bunlar bizi sevindirir.  

- Biz özümüz də neçə gündür maraqlı və gərgin keçən bu yarışa baxırıq. Sözün düzü, bir-birindən istedadlı güclü güləşçiləri görəndə qürur keçiririk. Qürur keçiririk ki, bu cür güləşçilər gələcəkdə Azərbaycan idmanının şərəfini beynəlxalq yarışlarda qoruya biləcəklər.  

- Əvvəlki vaxtlarla müqayisədə bu gün güləşə ölkəmizdə böyük maraq yaranıb. Elə bunun nəticəsidir ki, bu gün güləşlə tək şəhərlərdə deyil, əyalətlərdə belə məşğul olan idmançılar çoxdur. Respublika birinciliyinin ilk günlərində ən yaxşı nəticələri Respublika Olimpiya Litseyi, "Neftçi" İdman Sağlamlıq Mərkəzi, "Dinamo" İdman Cəmiyyəti eləcə Gəncənin, Qazağın, Balakənin güləşçiləri göstərirlər. Ona görə ki, artıq regionlarda belə, federasiya prezidentinin tövsiyəsi ilə güləşçilər üçün hər cür şərait yaradılıb. Eyni zamanda idmanla bağlı regionlarda böyük proqram həyata keçirilir.  

- Elçin müəllim, döşək üzərinə çıxan yeniyetmə və gənc qızları görəndə sevindik. Çünki uzun müddət bizdə qadın güləşi zəif inkişaf edib.  

- Elə buna bizim özümüz də çox sevinirik. Çünki o döşək üzərinə çıxan qızlarımız bizim ilk güləşçi qadın qaranquşlarımızdır. Bu ilk qaranquşlar onu göstərir ki, Azərbaycanda qadın güləşi inkişaf edir. Təbii ki, gələcəkdə bizim qadın güləşçilərimiz öz qüvvələrini nəinki Azərbaycan birinciliyində, beynəlxalq yarışlarda Dünya çempionatında da göstərəcək. Qadın güləşinin inkişafı üçün hər cür şərait yaradılır.  

- Azərbaycan güləşçilərinin səsinin Fransadan gəldiyini eşitmişik. Zəhmət olmasa, bu barədə bir balaca açıqlama verərdiniz?   

- Yığma komandamız ilk dəfə olaraq Dünya kuboku uğrunda iştirak etmək hüququ qazanıb. Bu hüququ komandamız Olimpiadada ilk altılığa düşməklə əldə edib. Fransada fevralın 20-dən 21-nə kimi keçiriləcək bu yarışda 8 komanda - Rusiya, Çin, Azərbaycan, Qazaxıstan Ermənistan, Gürcüstan, Fransa iştirak edir. Bu yarışda yığmamızın yüksək yerlərdən birini tutacağına hamımız böyük ümid bəsləyirik. Hələ yanvar ayının 30-dan yığmamız Fransanın paytaxtı Paris şəhərindədir. Əvvəlcə orda yığmamız beynəlxalq turnirdə iştirak etmiş eləcə təlim-məşqləri keçmişlər. Bu da ona dəlalət edir ki, Dünya kubokuna yığmamız çox ciddi hazırlaşır.   

- Bu günlərdə bir xəbər də eşitdik ki, bəs bizim güləşçilərimiz İranın paytaxtı Tehran şəhərinə gedəcək. Tehrana getməkdə, xeyir ola?  

- Martın 7-si və 8-də sərbəst güləşçilərimiz Dünya kuboku uğrunda yarışa qoşulacaq. İranın paytaxtı Tehranda keçiriləcək Dünya kuboku uğrunda yarışda yığmamızın layiqli qələbə qazanacağına hamımızın ümidi böyükdür. Ona görə ki, sərbəst güləşçilərimiz yunan-roma üzrə güləşçilərimiz kimi beynəlxalq yarışlarda həmişə uğur qazanıb.   

- Elçin müəllim, bir daha Azərbaycan bayrağını yüksəkliklərə qaldıran və yarışlarda birinciliyi əldə edərək dövlət himnini səsləndirən güləşçilərimizə və eləcə də sizə gələcək beynəlxalq yarışlarda uğurlar arzulayırıq. 

- Mən çox sevinirəm ki, "Ədalət" qəzeti Azərbaycan Güləş Federasiyasının keçirdiyi tədbirlərə, yarışlara böyük diqqət verir. Çünki sizin qəzet yeniyetmə gənclərimizin pis vərdişlərdən uzaqlaşıb sağlam həyata qayıtması üçün öz maarifçilik ideyasını təbliğ edir. Əgər biz gəncliyimizi sağlam həyata apara biliriksə, bu işdə hamımız öz xalqımıza vətənimizə xidmət eləmiş oluruq.

 

 

Söhbəti yazdı: Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2009.- 17 fevral.- S. 4.