"Turistlərin sayında artım müşahidə olunur"

 

Əbülfəs Qarayev: "Azərbaycan körpü rolunu oynamasını bir daha təsdiqləyəcək"

Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev 2008-ci ildə ölkəmizə gələn turistlərin sayında ciddi artım olduğunu deyib, dünyadakı maliyyə böhranına baxmayaraq, turistlərin sayında artımın olmasını sevindirici hal kimi qiymətləndirib: "2007-ci illə müqayisədə 2008-ci ildə ölkəmizə gələn əcnəbi turistlərin sayında ciddi artım müşahidə olunub. Əlbətdə ki, bu da sevindirici bir haldır. Ümumiyyətlə, bütün bu göstəricilər Azərbaycanda əsasən paytaxtda gedən inkişafla bağlıdır".   

   Jurnalistlərə açıqlamasında Ə. Qarayev bildirib ki, 2006-cı ildə Azərbaycana 1 milyon 193 min 742 nəfər əcnəbi vətəndaş (903 min 889 nəfəri turist), 2007-ci ildə 1 milyon 332 min 701 əcnəbi vətəndaş (1 milyon 10 min 792 nəfəri turist), 2008-ci ildə isə 1 milyon 898 min 939 əcnəbi vətəndaş (1 milyon 408 min 908 nəfər turist) gəlib. Ötən il ərzində turistlərin sayında 39,4 faiz artım olub. Artım əsasən Ukrayna, Qazaxıstan, Qırğızıstan, Belarus, İran, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Almaniya, Avstriya, Bosniya Herseqovina, Finlandiya, Hindistan digər ölkələrin hesabına baş verib.   

   Maliyyə böhranı ilə əlaqədar turistlərin sayının 15-18 faiz azalmasını istisna etməyən Ə. Qarayev 5-6 il ərzində Azərbaycana gələn turistlərin sayının 5-6 milyona çatdırılmasının da nəzərdə tutulduğunu bildirib.  

   Nazir bu gün Bakıda keçiriləcək "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılış mərasimi haqqında da jurnalistlərə məlumat verib. Ə. Qarayev açılış tədbirlərinə bir sıra Avropa və islam ölkələrindən şəhər merlərinin, dörd ölkənin nazir və nazir müavinlərinin, eyni zamanda mədəniyyət nazirlərinin dəvət edildiyini bildirib. Açılışda İSESCO-nun baş direktoru da iştirak edəcək.   

   Ə. Qarayev fevralın 18-də Heydər Əliyev Sarayında xüsusi tədbirin, iki gün müddətində şəhərin mərkəzi meydanlarında şənliklərin keçiriləcəyini, "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" vebsaytının və "Qədim Bakı" kitabının təqdimatının olacağını deyib: "Ümumiyyətlə, il ərzində yüzdən çox milli və beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur. Bu il həmçinin islam ölkələri mədəniyyət nazirlərinin VI konfransı olacaq. Azərbaycan tərəfi ənənəsinə sadiq qalaraq "Bakı prosesi" çərçivəsində həmin konfransa bir sıra Avropa dövlətlərini də dəvət etməyi planlaşdırır. Keçiriləcək tədbirlər Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət etməklə yanaşı, müxtəlif mədəniyyət və sivilizasiyaların qovşağında unikal çoğrafi mövqeyi, dözümlülük və icmalararası sülh ənənələri, mədəni və etnik rəngarənglik şəraitində yaşayan Azərbaycanın sivilizasiyalar arasında körpü rolunu oynamasını bir daha təsdiqləyəcək".

     

 

V.Məmmədli

 

Ədalət.- 2009.- 18 fevral.- S.4.